Məhkəmə qərarları › İş №2-1(114)-2344/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2344/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2344/2025 21.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2024-cü il tarixdən səhhətindəki xəstəliklərə müvafiq olaraq orqanizmin funksiyalarının pozulmasının faiz və müddətinə uyğun əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. “Respublika Psixiatriya Xəstəxnası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4005 nömrəli rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, deprressiv epizodlar, cari ağır depressiv epizod F07.0” kimi qeyd edilmişdir.

2. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixli yeni göndəriş rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmiş və “Diaqnoz öz təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.

3. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz - F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, Ağır (Kəsgin) dərəcədə ifadə olunmuş üzvi (İİ-ci Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində), Şəxsiyyət pozuntusu, depressiv epizodlar, cari ağır depressiv epizod; Yanaşı xəstəliklər – H93.3 – Eşitmə sinirinin xəstəlikləri, ikitərəfli xroniki nevrit; Yanaşı xəstəliklər – H90.4 – Eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan bir tərəfli neyrosensor tipli itirilməsi, ikitəfli neyrosensor ağır eşitmə pıçıltı nitqinin hər iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə.

4. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, “Diaqnozun öz təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.

5. Həmin göndərişdən və xəstəlik tarixindən çıxarışlardan müəyyən olunur ki, İddiaçı “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu üzrə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ambulator, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində stasionar müalicədə olmuşdur.

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həri Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli 88/179 nömrəli cavab məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxivində vətəndaş İddiaçı barəsində xx.xx.2024-cü il tarixli 8334 nömrəli “Xəstəlik haqqında şəhadətnamə” (qərar) vardır və hal-hazırda qüvvədədir. II. Məhkəmədə icraat

7. İddiaçı cavabdeh Azəbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xəstəlik çıxarışları ilə bağlı əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdi.

8. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Qarabağ döyüşlərinin iştirakçısı olmuşdur. Qarabağ döyüşləri gedəndə döyüş əmrini yerinə yetirərkən, qarın nayhiyyəsindən yaralanmışdır. Qarabağ uğrunda gedən döyüşlərdə xüsusi xidmətlərinə görə orden və medallarla təltif olmuşdur. Bərdə SHXÇDX-nin yerli şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. O, döyüşdə yaralandıqdan sonra, Naftalan şəhərinə koma vəziyyətində çatdırılmışdır. O, döyüşdə güclü travma aldığı üçün , özündə olmamışdır. Bütün əsəbləri gərgin olmuşdur. Azərbaycan Respublikasının Tibbi arayışında "0000215"saylı arayışında bütün diaqnozlar qeyd edilmişdir. Xəstəlik haqqında şəhadətnamədə "27 avqust 2024-cü ildə Müdafiə Nazirliyinin Hərbi Poliklinikasında xx.xx.2024 - cü il tarixli 3- 43-9\1- 93612024 nömrəli göndərişi ilə həkim komisiyyasının qeydiyyatından keçmişdir. Diaqnozda xəsarəti ( yaralanmanın , travmanın , kontuziyanın ) xəstələyin səbəb əlaqəsi haqqında hərbi həkim komisiyyasının qərarı vardır. Həmin qərarda qeyd edilmişdir ki, onun dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız olduğu qeyd edilmişdir. Onu da əlavə edir ki, qərarda qeyd edilmişdir ki, " Hərbi Travmadı, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Bundan əlavə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublikasının Psixiatiriya xəstəxanası həkim psixatır komisiyyasının rəyi xx.xx.2024- cü il arayışında qeyd edilmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin arxiv arayışında (xx.xx.2024) İddiaçı xəstəlikləri barəsində qeydiyyat kitabında qeyd aparılmışdır. Aldığı travmalardan yaddaşında ciddi problemlər var, nə hərəkət etdiyini bəzən bilmir. Döyüşdə yaralandığı barədə Müdafiə Nazirin Baş Klinik Hospitalında travmaları barəsində qeyd edilmişdir. Azərbaycan Respublikasının Neyrocərrahiyyə Səhiyyə Nazirliyinin Xəstəxanasında xəstəliyi ilə bağlı müalicə almışdır. Səhhətində çox ağırlaşmalar var, yadaşsızlıq var. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X1 Komissiyasının rəyi verilmişdir. Diaqnoz belə verilmişdir: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində ) şəxsiyyət pozuntusu, depressiv epizodlar , cari ağır depressiv epizod F 07.0. O, çox vaxt özunü idarə edə bilmir, yaddaşı tez-tez itir, kənar şəxslərin köməyinə ehtiyacı olur. Onun əlində xəstələliyi ilə bağlı maddi sübutları var. O, dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiyyə Nazirliyinin Əlillərin Reabilitasiya Mərkəzinə müraciyyət etmiş, əlillik ala bilməmişdir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

10. Məhkəmənin hüquqi yardımından sonra İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ünvanlayaraq, cavabdeh qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsini qeyd edərək, əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və xx.xx.2025-ci il tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

11. Daha sonra məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2024-cü il tarixdən səhhətindəki xəstəliklərə müvafiq olaraq orqanizmin funksiyalarının pozulmasının faiz və müddətinə uyğun əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir.

15. Belə ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş (əyani müayinə zamanı) və Tibbi-Sosial ekspert komissiyasının qərarı ilə ona əlillik təyinatından imtina edilmişdir. Həmin imtina qərarı barədə məlumat iddiaçıya xx.xx.2024-cü il tarixli sms-bildiriş göndərilməklə, bildirilmişdir. İddiaçı isə hazırkı tələblə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyi üçün iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.

16. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

20. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

21. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

22. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - “Respublika Psixiatriya Xəstəxnası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4005 nömrəli rəyi; - 056 nömrəli hərbi hissənin travma haqqında xx.xx.2021-ci il tarixli 210 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həri Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli 88/179 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna əsasən iddiaçının tibbi-sosial ekspertiza sənədləri.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

25. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

26. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixli yeni göndəriş rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmiş və “Diaqnoz öz təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.

27. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz - F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, Ağır (Kəsgin) dərəcədə ifadə olunmuş üzvi (İİ-ci Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində), Şəxsiyyət pozuntusu, depressiv epizodlar, cari ağır depressiv epizod; Yanaşı xəstəliklər – H93.3 – Eşitmə sinirinin xəstəlikləri, ikitərəfli xroniki nevrit; Yanaşı xəstəliklər – H90.4 – Eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan bir tərəfli neyrosensor tipli itirilməsi, ikitəfli neyrosensor ağır eşitmə pıçıltı nitqinin hər iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə.

28. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, “Diaqnozun öz təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.

29. Həmin göndərişdən və xəstəlik tarixindən çıxarışlardan müəyyən olunur ki, İddiaçı “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu üzrə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ambulator, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində stasionar müalicədə olmuşdur.

30. Göründüyü kimi, iddiaçıya ilkin əlillik təyinatının aparılması üçün tibb müəssisəsi tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Hansı ki, ilkin əlillik təyinatı zamanı göndərişin rəsmiləşdirilməsi üçün iki şərt vardır (göndəriş verildiyi zaman qüvvədə olan qanunvericilik normalarına əsasən): 1) şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 2) şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir).

31. Yəni, normanın məzmunundan göründüyü kimi, şəxs barəsində tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsi üçün ya eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması, lakin həmin müalicəyə baxmayaraq orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması tələb olunur.

32. Hazırkı işdə isə iddiaçının barəsində rəsmiləşdirilmiş göndərişə nəzər saldıqda iddiaçının ambulator müalicəsinin 4 gün, stasionar müalicəsinin isə son 12 ay ərzində (xx.xx.2024-cü il tarixdən əvvəlki son 12 ay) “F07.0” diaqnozu üzrə cəmi 44 gün (28 gün + 16 gün) olması müəyyən edilir ki, bu da 6 aydan azdır.

33. Hansı ki, qanunvericinin həmin normanın müəyyən edilməsində məqsədi ondan ibarət olmuşdur ki, şəxs reabilitasiya (yaxşılaşma, sağalma) üçün müalicə imkanlarından istifadə etmiş və tükətmiş olsun, yəni həmin xəstəlik üzrə uzun müddət müalicə olunmasına baxmayaraq, həmin xəstəlik onda sağalmamış və davam edən vəziyyətdə olsun.

34. Lakin hazırkı vəziyyətdə iddiaçının barəsində göndəriş rəsmiləşdirilərkən həmin şərtə əməl edilmədiyi, başqa sözlə bütün müalicə imkanlarından istifadə etməsi və tükətmiş olması müəyyən edilmir.

35. Eyni zamanda, iddiaçının barədə rəsmiləşdirilmiş göndərişdə ona qoyulmuş diaqnozlar Əsas diaqnoz - F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, Ağır (Kəsgin) dərəcədə ifadə olunmuş üzvi (İİ-ci Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində), Şəxsiyyət pozuntusu, depressiv epizodlar, cari ağır depressiv epizod; Yanaşı xəstəliklər – H93.3 – Eşitmə sinirinin xəstəlikləri, ikitərəfli xroniki nevrit” və “H90.4 – Eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan bir tərəfli neyrosensor tipli itirilməsi, ikitəfli neyrosensor ağır eşitmə pıçıltı nitqinin hər iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə” olmuşdur. Hansı ki, həmin xəstəliklərin heç bir müddət gözlənilmədən göndəriş rəsmiləşdirilməsi nəzərdə tutulan (Qaydaya 1 nömrəli əlavədə qeyd olunan) xəstəlik deyildir.

36. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na görə:

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na görə: Bənd 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Bənd 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.

39. Yekunda, məhkəmənin qənaətinə görə, iddiaçıda adıçəkilən Qaydaya 1 nömrəli əlavədə qeyd olunan (müddət gözlənilmədən göndəriş verilən) xəstəliklərin olması müəyyən olunmadığından ona göndərişin verilməsi üçün yuxarıda qeyd edilən Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddətlər (şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması) gözlənilməlidir. Xəstəliklər və onun ağırlaşmaları ilə əlaqədar iddiaçının müalicə müddətinin az olması ona əlillik dərəcəsinin təyini üçün yetərli deyildir.

40. İddiaçının özü tərəfindən yuxarıda qeyd olunan müddətlərdə ambulator və stasionar müalicə alması barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir.

41. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

42. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

43. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar