Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2346/2022 05.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********7485 nömrəli, xx.xx.2020-ci il tarixli **********6541 nömrəli, xx.xx.2020-ci il tarixli **********6545 nömrəli qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya cavabdehin xx.xx.2022-ci il tarixli, **********7485 nömrəli qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10. maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2022-ci il tarixli, **********160900 saylı məktubla təqdim olunan tələbnamə ilə büdcəyə ödənilməli olan 14000 manat vəsaitin 18 07.2022-ci il tarixə kimi Samux YXO-nun hesabına ödənilməsi tələb olunmuşdur. Belə ki, vergi yoxlayıcıları tərəfındən qeyd edilən 7 nəfər işçi onların işçiləri olmamışdır. İnzibati orqan orada olan hər kəsi işçi kimi qeyd edib barəsində cərimə yazmışdır. Yəni orqan tərəfindən heç bir araşdırma və yoxlama, çəkiliş aparılmamış, hər kəsdən izahat alınaraq onlara aidiyyəti olmayan işçiləri qeyd etməklə əsassız və qanunsuz qərar qəbul olunmuşdur. Odur ki, iddiaçının məsuliyyətə cəlb edilməsi haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, istixananı 3 ildir işlətməməsinə baxmayaraq, 7 nəfər şəxsi əmək müqaviləsi olmadan işlətdiyinə görə maliyyə sanksiyasına məruz qalmışdır. Vergi orqanı tərəfindən tərtib edilmiş aktda adları qeyd edilmiş şəxsləri, yəni fotoşəkillərdəki insanları tanımır, istixana isə ona məxsus istixana deyil. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının sahibkarlıq fəaliyyəti üzrə aparılmış operativ vergi nəzarəti cavabdehin xx.xx.2022-ci il tarixli, **********8919 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı əsasında həyata keçirilmişdir. Sözügedən qərar Vergi Məcəlləsinin 50.1.7-ci maddəsində əks olunmuş Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini əhatə etmişdir. Sözügedən operativ vergi nəzarəti tədbiri xx.xx.2022-ci il tarixli KY221741798 nömrəli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli, **********8919 nömrəli qərar əsasında cavabdeh inzibati orqanda vergi ödəyicisi kimi qeydiyyatda olan hazırki işdə İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Samux rayonu, Qarayeri ünvanında yerləşən “istixana”da xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixli, **********8919 nömrəli qərar və xx.xx.2022-ci il tarixli, KY221741798 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”lə sahibkarın nümayəndəsi tanış edilmişdir. Həyata keçirilmiş yoxlama nəticəsində 7 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərə cəlb edildiyi müəyyən olunmuş və yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli, DVX seriyalı 004634 nömrəli aktla rəsmiləşdirilmişdir. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən aşkar edilmiş 7 nəfər işçi izahat verməkdən, iddiaçının nümayəndəsi X2 həm izahat verməkdən, həm də aktı və aktın əlavəsini imzalamaqdan heç bir səbəb göstərmədən imtina etmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş, lakin iddiaçının nümayəndəsi həmin aktı da imzalamaqdan imtina etmişdir. İddiaçının dəlili bağlı bildiririk ki, iddiaçı xx.xx.2007-ci il farixdə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vergi orqanında qeydiyyatdan keçmiş, xx.xx.2019-cu il tarixdə AZ5116, Samux rayonu, Qarayeri ünvanında yerləşən obyektini “İstixana” adı ilə təsərrüfat subyekti kimi qeydiyyata aldırmışdır. Vergi orqanı tərəfindən operativ vergi nəzarəti iddiaçının qeyd olunan obyekti üzrə keçirilmişdir. Operativ vergi nəzarəti keçirilən zaman iddiaçının fəaliyyəti aktiv olmuş, lakin qüvvədə olan əmək müqaviləsi olmamışdır. Bundan əlavə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı çəkilmiş fotoşəkillərdən görünür ki, istixana fəaliyyət göstərmiş, operativ vergi nəzarətinin nəticələrinə dair aktın əlavəsində adları qeyd olunmuş fiziki şəxslər də istixanada olmuş və fərdi sahibkarın təsərrüfat subyektində işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Belə ki, həmin fotoşəkillərlə operativ vergi nəzarətinin nəticələrinə dair aktın əlavəsində adları yazılan şəxslərin iddiaçıya məxsus istixanada işlərin yerinə yetirilməsinə cəlb edilməsi təsdiq olunur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********8919 nömrəli qərarından görünür ki, İddiaçı məxsus obyektdə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi də daxil olmaqla) operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 004634 nömrəli operativ vergi nəzarətinin nəticəsi haqqında aktın məzmunundan görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı İddiaçı məxsus “İstixanada” əmək müqaviləsi bağlamadan 7 nəfər fiziki şəxsin işə cəlb edilməsi faktı qeyd edilmişdir. -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7485 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, iddiaçının səlahiyyətli nümayəndəsi X2 aktı imzalamaqdan imtina etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********8919 nömrəli, xx.xx.2022-ci il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarına əsasən İddiaçı məxsus obyektə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Yoxlama zamanı vergi ödəyicisi İddiaçı məxsus olduğu iddia olunan “İstixanada” keçirilən operativ vergi nəzarəti nəticəsində xx.xx.2022-ci il tarixli 004634 nömrəli akt tərtib edilmiş və sözügedən akt əsasında İddiaçı vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7485 nömrəli qərarı ilə 14000 manat maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə qeyd olunan qərarı mübahisələndirir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. -50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. -58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergi orqanı etirazında məhkəməyə təqdim etdiyi fotoşəkillərin operativ vergi nəzarəti tədbiri zamanı çəkildiyini və həmin fiziki şəxslərin İddiaçı məxsus istixanada işlərin yerinə yetirilməsinə cəlb olunduğunu bildirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, vergi orqanı fotoşəkillərdəki şəxslərin məhz iddiaçıya məxsus istixanada işləməsini, şəkillərin həmin istixanada çəkilməsini təsdiq edən sübut təqdim etməmişdir. İddiaçı da məhkəmə iclasında izahat verərəkən həmin şəxsləri tanımadığını, istixananın son 3 il ərzində fəaliyyət göstərmədiyini, habelə fotoşəkillərdəki istixananın ona məxsus olmadığını bildirmişdir. Bundan əlavə tərtib edilmiş akt və ona əlavələrdən görünür ki, iddiaçının səlahiyyətli nümayəndəsi həmin sənədləri imzalamaqdan imtina etmişdir. Həmçinin aktda adı olan şəxslərdən izahat alınması və akta onların imza etməsi vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin şəxslərin sözügedən obyektdə olması və işləməsi yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Ona görə də hazırki halda cavabdeh orqan iddiaçının əmək müqaviləsi olmadan 7 nəfər şəxsin işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir. Bu hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Bu səbəbdən də məhkəmə mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********7485 nömrəli qərarı əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, Vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və Vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında Vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar Vergi ödəyicisinin xeyrinə şərh olunur. -41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7485 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7485 nömrəli qərar ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2346/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2346/2022
05.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver