Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-235/2020 16.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı soyadın dəyişdirilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli, 467 nömrəli məktubu ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli, 495 nömrəli qərarına əsasən iddiaçının “Alşarlı” soyadının “Alışanov” soyadına düzəliş edilməsindən imtina etmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması, onun adının və soyadının «Alışanov Ağa» kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, soyadının «Alışanov» kimi qeyd edilməsinin Cavabdehnə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun adı Ağasəf, soyadı Alışarlıdır. Ona məxsus doğum haqqında şəhadətnamədə, tam orta təhsil attestatında, şəxsiyyət vəsiqəsində soyadı Alşarlı kimi qeyd edilmişdir. Lakin o soyadını dəyişib Alışanov etdirmək istəyir. Onun atasının, anasının, bacımın, qardaşının soyadı Alışanov kimi qeyd olunmuşdur. Soyadının «Alışanov» olması ilə bağlı Cavabdehnə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh onun soyadının «Alışanov» kimi qeyd etməkdən imtina etmişdir. İddiaçı xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara xx.xx.2019-cu il tarixli, 456 nömrəli arayış, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin və xx.xx.2011-ciil tarixli, A 050785 nömrəli attestatın təsdiqlənmiş surətləri, Cavabdeh xx.xx.2019-cu il tarixli, 467 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli, AZ-T 088648 nömrəli “Doğum haqqında” şəhadətnamənin və xx.xx.1993-cü il tarixli, 68 nömrəli “Doğum aqqında” akt qeydinin təsdiqlənmiş surətləri aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İnzibati-Prosessual Məcəlləsinin 33-cü maddəsi) mümkün iddiadır. Belə ki, hazırkı iddia tələbi ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir və onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1993-cü il tarixdə Kəlbəcər rayonu, Şaplar kəndində anadan olmuş və bu barədə xx xxxxxx 1993-cü il tarixli, 68 nömrəli “Doğum haqqında” akt qeydi tərtib edilmişdir. İddiaçının atasının soyadının “Alışanov”, anasının soyadının isə “Alışanova” olmasına baxmayaraq, iddiaçının soyadı valideynlərinin soyadına uyğun olmayaraq “Alşarlı” kimi qeyd edilmişdir. İddiaçı X2 rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək, soyadının «Alışanov» kimi qeyd edilməsini xahiş etmiş, şöbə tərəfindən isə xx xxxxxxx 2019-cu il tarixli, 467 nömrəli məktubla Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli, 495 nömrəli qərarına əsasən iddiaçının “Alşarlı” soyadının “Alışanov” soyadına düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ hissəsinə əsasən qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 26.1 və 26.2-ci maddələrinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Həmin Məcəllənin 158.2-ci maddəsində göstərilir ki, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyatdan keçirilməlidir. Qeyd olunan Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə görə adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydiyyata alınır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv” qaydalarını müəyyən edən müddəalarının 1-ci bəndinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin müddəaların 3-cü bəndinin tələblərinə əsasən vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdikdə vətəndaşlıq vəziyyəti aktlarında dəyişikliklər edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına görə: 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir; 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; Məhkəmə ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istisna olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, X8 Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıyaa hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Həmin icraatın gedişində cavabdeh həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının tələblərindən irəli gələn araşdırmanı aparmalı olduğu halda, bunu da etməmişdir. Belə ki, adıçəkilən Qaydalar cavabdehdən ərizə ilə bağlı araşdırmanın aparılmasını və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən bundan imtina edilməsi barədə Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərar çıxarılaraq, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verlməsini və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarılması nəzərdə tutulmuşdur. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X1 dəyişdirilərək “Alışanov” kimi qeyd edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı soyadının dəyişdirilərək “Alışanov” kimi qeyd edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-235/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-235/2020
16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver