Məhkəmə qərarları › İş №2-1(114)-235/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-235/2022

07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-235/2022 07.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı yenidən imtahan keçirilməsi və ya göndərilməmiş müddətli müqavilə bağlamaq üçün müraciət etmə linkinin (imkanının) yenidən göndərilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı yenidən imtahan keçirilməsi və ya qanunla müəyyən edilmiş, lakin heç bir əsas olmadan ona göndərilməmiş müddətli müqavilə bağlamaq üçün müraciət etmə linkinin (imkanının) yenidən ona göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1991-ci ildə Tərtər rayonu, İrəvanlı kəndində anadan olmuşdur. Kəndin orta məktəbini yüksək qiymətlərlə bitirib imtahan verərək 505 balla 10 avqust 2009-cu il tarixdə “Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir” filialının “İngilis dili” müəllimliyi fakültəsinə daxil olmuş, 09 iyul 2013-cü ildə həmin İnstitutun bakalavr dərəcəsini bitirmişdir. Bakalavr təhsilini aldıqdan sonra magistr imtahan verərək 12 sentyabr 2014-cü ildə “Odlar Yurdu Universiteti”nin “Dil və ədəbiyyat müəllimliyi (İngilis dili), Dil və ədəbiyyatın tədrisi metodikası və metodologiyası” fakültəsinə daxil olmuş, həmin Universiteti 04 iyul 2016-cı ildə “Fərqlənmə” diplomu ilə bitirmişdir. Universiteti fərqlənmə ilə bitirdiyi üçün Universitet tərəfindən iş təklifi almış və xx.xx.2016cı il tarixli 182 A/K tarixli əmr ilə Universitetin “Dillər” kafedrasında müəllimlik fəaliyyətinə başlamışdır. Universitetdə işlədiyi vaxtla eyni zamanda özünü daha da təkmilləşdirmək üçün “Nadir” dil kurslarında müəllimlik fəaliyyəti ilə məşğul olmuş, bir müddət sonra eyni zamanda 2 işlə məşğul olmağının çox effektli olmadığı və təhsil keyfiyyətinin aşağı düşdüyü qənaətinə gələrək xx.xx.2016-cı il tarixli 187 A/K nömrəli əmrlə “Odlar Yurdu Universiteti” ilə olan müqaviləni uzatmayaraq Universitetdən ayrılmışdır. 2017-ci ilin mart ayında qədər “Nadir” dil kurslarında müəllimlik fəaliyyətimə davam etmiş və ailə qurmağı ilə bağlı olaraq həmin kursdan ayrılmışdır. Ailə qurduqdan sonra Bərdə rayonuna gəlmiş, az bir müddət sonra “Müəllimlərin işə qəbulu” müsabiqəsindən 46 bal toplamış və 15 sentyabr 2018-ci il tarixli, 22 nömrəli əmrlə Bərdə rayonunda yerləşən “Laçın rayon, Qaratəpə kənd orta məktəbinə” İngilis dili müəllimi vəfəzəsinə təyin edilmişdir. Həmin məktəbdə müəllimlik fəaliyyətini davam etdirir. Hazırda himayəsində 2 azyaşlı övladı var. Müəllimlik etdiyi məktəb yaşayış yerindən çox uzaqda olduğu (35 km-ə yaxın), 2 azyaşlı uşaqla birlikdə gedib-gəlmək çox çətin olduğu üçün fəaliyyət göstərdiyi yeri dəyişmək məqsədilə 2021-ci il tarixdə yenidən “MİQ” müsabiqəsində iştirak edərək 39 bal toplamış və Respublika üzrə imtahan verən ingilis dili müəllimləri arasından 16-cı yeri tutmuşdur. Təəssüflər olsun ki, imtahanda göstərilən mövzulardan əlavə mövzular salınması daha çox bal toplamağına maneə olmuşdur. Topladığı bala uyğun vakansiya seçimləri zamanı “Bərdə rayon 2 saylı orta məktəbi” ilk olaraq yazmış və həmin məktəb üzrə 2 vakant yer olduğu üçün Bərdə rayonu üzrə ən yüksək bal toplayaraq həmin vakant yeri tutmuşdur. Bundan sonra müsahibə mərhələsinə çağırılmış və bütün suallara cavab verməyinə baxmayaraq ədalətsiz olaraq müsahibədən ‘İstədiyiniz vakant vəzifəyə uyğun deyilsiniz” cavabını almışdır. Bu cavabdan Apelyasiya vermiş və yenidən verilən sualların əksəriyyətinə cavab versə də, yenə də göstərdiyi vəzifəyə uyğunsuz hesab edilmişdir. İmtahanla əlaqədar bildirirəm ki, iddiaçının 4 ildir “İngilis dili” müəllimliyi stajı var. İngilis dilini çox yaxşı bilir. Maraqlı tərəf odur ki, iddiaçı “Laçın rayonu, Qaratəpə kənd orta məktəbi”nə daxil olan zaman verdiyi imtahan ilə indiki imtahanı arasında sadəcə rus dili fərqi var, yəni iddiaçı əvvəlki imtahandan fərqli olaraq əlavə kimi rus dili üzrə imtahan vermişdir. Birinci müsahibə zamanı rus dilində heç bir sual verilməməsinə və bütün suallara ingilis dilində və səlis cavab verməyinə baxmayaraq iddiaçının çox ədalətsiz bir şəkildə uyğunsuz hesab etmişlər. İddiaçı iddia ərizəsinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair 24 yanvar 2021-ci il tarixli sərəncam göndərilərək, iddia tələbinin dəqiqləşdirilməsi təklif olunsa da, iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında işə məhkəməyə müraciət edilmiş iddia ərizəsində qeyd olunan iddia tələbi üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayənəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İlk öncə məhkəmə qeyd edir ki, iddia ərizəsi üzrə tələb qeyri-müəyyəndir. Belə ki, İddiaçı iddia ərizəsinin xahiş edirəm hissəsində “məhkəməyə yenidən imtahan keçirilməsi və ya qanunla müəyyən edilmiş, lakin heç bir əsas olmadan göndərilməmiş müddətli müqavilə bağlamaq üçün müraciət etmə linkinin (imkanının) yenidən göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması” ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir. Lakin iddiaçı inzibati orqana müraciətində “müsahibə mərhələsində çəkilmiş videolarına baxılaraq onun məqbul sayılmağına və ya onun üçün yenidən müsahibə keçirilməsinə və ya ona qanunla haqqı olan, lakin qanunsuz olaraq əlindən alınan müddətli müqavilə bağlamağı üçün seçim şəraitinin yaradılmasına göstəriş verilməsini” xahiş etmişdir. Göründüyü kimi, iddiaçı tələbinin nədən ibarət olmasını, qeyd olunan inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunması qeyd etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13. maddəsinin tələblərinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1. maddəsinin tələblərinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 3cü bəndində qeyd edilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13 və 48-ci maddələrinin tələblərinə əsasən iddiaçıya iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair sərəncam göndərilərək yardıma uyğun nöqsanların aradan qaldırılması təklif olunmuşdur. Məhkəmənin müraciəti xx.xx.2022-ci il tarixdə sonuncunun ünvanı üzrə təqdim olunsa da, iddiaçı məhkəmənin müraciətinə uyğun nöqsanları aradan qaldırmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı yenidən imtahan keçirilməsi və ya göndərilməmiş müddətli müqavilə bağlamaq üçün müraciət etmə linkinin (imkanının) yenidən göndərilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan tərəflər təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar