Məhkəmə qərarları › İş №2-1(114)-2352/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2352/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2352/2025 24.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı doğum akt qeydinə düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mərhum həyat yoldaşı X5 məxsus doğum akt qeydində yazılmış “Faxrəd” adının və xx.xx.1973-cü il tarixdə, 10 nömrə ilə qeydə alınmış nikah akt qeydində yazılmış “Fəhrad” adının “Fərhad” adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Ölüm haqqında xx.xx.2008-ci il tarixli AZ-1 № 262869 nömrəli şəhadətnaməyə əsasən X8 xx.xx.2008-ci il tarixdə ölmüş, bu barədə öülm haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 14 nömrə ilə qeyd edilmişdir.

2. Nikah haqqında xx.xx.1973-cü il tarixli AЗ № 222644 nömrəli şəhadətnamədən müəyyən olunur ki, X1 Şamba Musa qızı ilə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra kişiyə Zeynalov, qadına Zeynalova soyadı verilmişdir.

3. 02.12.1975-ci il tarixli İİİ-ЖГ № 460440 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X12 xx.xx.1975-ci il tarixində Xanlar rayonunda anadan olmuş, atası X11, anası İddiaçıdır.

4. Göygöl RİHB Qızılca kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, mərhum X8 xx.xx.2008-ci il tarixdə ölmüşdür və ölən günədək ünvan 2 ünvanında qeydiyyatda olub və yaşamışdır. Öləndən sonra onun arvadı-İddiaçı, oğlu-X12, qızı-X7, oğlu-X6 ibarət tərkibdə ailə üzvləri qalmışdır. Mərhum ölən günədək arvadı İddiaçı, X13 ilə birgə yaşamışdır. Digər vərəsələri X12 və X7 mərhumun sağlığından hal-hazıradək başqa ünvanda daimi yaşayır. Mərhumun valideynlərindən sağ qalanı yoxdur.

5. Göygöl rayonu Qızılca Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, iddiaçının mərhum əri X8 xx.xx.2008-ci il tarixdə vəfat edənədək ünvan 2i ünvanda qeydiyyatda olmaqla yaşamışdır. Onun sağlığından hal-hazıradək adına qalan ünvan 2 ünvanda yerləşən torpaq sahəsini arvadı İddiaçı faktiki idarə etmiş torpağa sahiblik etmiş və həmin torpaq sahəsini əkib-becərərək bütün dövlət vergilərini ödəmişdir. Mərhum ölən günədək arvadı ilə bir təsərrüfatda qeydiyyatda olmaqla yaşamışdır. Digər vərəsələri mərhumun sağlığından hal-hazıradək özlərinə məxsus başqa ünvanda qeydiyyatda olub yaşayıblar.

6. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/8-Z/1-152/2024 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, Cavabdeh tərəfindən nikah haqqında akt qeydinin kişi haqqında məlumat qrafasının adı bəndində "Fəhrad"dan "Fərhad"a düzəliş edilməsi barədə ərizəyə baxılmış, sənədlərdə və Cavabdeh arxivində saxlanılan akt qeydlərində ziddiyyət aşkar edilmişdir. Belə ki, doğum akt qeydində mərhumun adı "Faxrəd" kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik Qaydası"nın 1-ci müddəasına əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Odur ki, kifayət qədər əsaslar olmadığına görə müraciət təmin edilə bilməz. Bununla bağlı hüquqi yardım təklif edilərək müvafiq düzəlişlər aparılması üçün məhkəməyə müraciət olunması tövsiyyə olunur.

7. Məhkəmənin sorğusuna Göygöl rayon Polis Şöbəsinin xx.xx.2025-ci tarixli 77/2- 1935/25 nömrəli cavab məktubunda bildirilmişdir ki, X4 fərdi uçot kartoçkası Göygöl RPŞnin, Q və ŞVQ-nun arxivində aşkar edilməmişdir.

8. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli 3-16-5/8-xx-xx/2025 nömrəli məktubuna əlavə olunmuş akt qeydlərinə əsasən, iddiaçının mərhum ərinin adı doğum haqqında xx.xx.1944-cü il tarixli 9 nömrəli akt qeydində “Faxrəd”, nikahın bağlanması haqqına xx.xx.1973-cü il tarixli 10 nömrəli akt qeydində “Fəhrad”, ölüm haqqında xx.xx.2008-ci il tarixli 14 nömrəli akt qeydində mərhumun adı “Fərhad” kimi qeyd edilmişdir. II. Məhkəmədə icraat

9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı X5 məxsus doğum akt qeydində yazılmış “Faxrəd” adının və xx.xx.1973-cü il tarixdə, 10 nömrə ilə qeydə alınmış nikah akt qeydində yazılmış “Fəhrad” adının “Fərhad” adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X3 ünvan 2i ərazisində torpaq sahəsi miras qalıb. Həyat yoldaşı Fərhad xx.xx.2008-ci il il tarixdə vəfat edib. O, mərhum həyat yoldaşından miras qalmış əmlakı qəbul etmək üçün notariat orqanına müraciət etmiş, digər sənədlərlə yanaşı ondan həyat yoldaşının doğum haqqında şəhadətnaməsi də tələb olunub. Bununla bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, ona bildirilmişdir ki, mərhum həyat yoldaşı Fərhad Zeynalovun doğum akt qeydində adı "Faxrəd" kimi yazılmışdır, ona görə də təkrar doğum şəhadətnaməsinin verilməsindən imtina edilib və məhkəməyə müraciət etməyi tövsiyyə olunub. Eyni zamanda da onunla mərhum Fərhad Zeynalov arasında qeydə alınmış 03 noyabr 1973-cü il tarixli, 10 nömrəli nikah akt qeydində də Fərhad Zeynalovun adı səhvən "Fəhrad" kimi yazılmışdır. Hazırda mən qeyd olunan yanlışlıqlara görə vərəsəlik hüququmu həyata keçirə bilmir, mərhum X5 məxsus doğum akt qeydinə düzəliş edilərək "Faxrəd" adının Fərhad, nikah akt qeydində yazılmış "Fəhrad" adı isə Fərhad kimi yazılmalıdır.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdehin yerləşdiyi yer olan Göygöl rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. Cavabdeh orqanın hüquqi ünvanına və iddiaçının iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmişdir. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.

20. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir.

21. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. İddiaçı şifahi məhkəmə baxış iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

23. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Ölüm haqqında xx.xx.2008-ci il tarixli AZ-1 № 262869 nömrəli şəhadətnamə; - Nikah haqqında xx.xx.1973-cü il tarixli AЗ № 222644 nömrəli şəhadətnamə; - 02.12.1975-ci il tarixli İİİ-ЖГ № 460440 nömrəli doğum haqqında şəhadətnamə; - Göygöl RİHB Qızılca kənd inzibati ərazi dairəsi üzrə nümayədəliyinin xx.xx.2023-cü il tarixli arayışı; - Göygöl rayonu Qızılca Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışı; - Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/8-Z/1-152/2024 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli 3-16-5/8-xx-xx/2025 nömrəli cavab məktubu və ona əlavə olunmuş sənədlər; - Məhkəmənin sorğusuna Göygöl rayon Polis Şöbəsinin xx.xx.2025-ci tarixli 77/2- 1935/25 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

25. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

26. İş materiallarından müəyyən olur ki, İddiaçı mərhum həyat yoldaşı X5 məxsus doğum akt qeydində yazılmış “Faxrəd” adının və xx.xx.1973-cü il tarixdə, 10 nömrə ilə qeydə alınmış nikah akt qeydində yazılmış “Fəhrad” adının “Fərhad” adına düzəliş edilməsini Cavabdehndən xahiş etmiş, cavabdeh orqan isə imtina məktubu ilə buna kifayət qədər əsaslar olmadığına görə məhkəməyə müraciət etməli olduğunu bildirmişdir.

27. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.

28. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...

30. Məhkəmənin sorğusu əsasında Cavabdehndən əldə edilmiş sənədlərdən görünür ki, iddiaçının mərhum ərinin adı doğum haqqında xx.xx.1944-cü il tarixli 9 nömrəli akt qeydində “Faxrəd”, nikahın bağlanması haqqına xx.xx.1973-cü il tarixli 10 nömrəli akt qeydində “Fəhrad”, ölüm haqqında xx.xx.2008-ci il tarixli 14 nömrəli akt qeydində mərhumun adı “Fərhad” kimi qeyd edilmişdir.

31. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçının mərhum ərinin doğum və nikah haqqında akt qeydlərində səhvə yol verilmiş və iddiaçının adı barəsində məlumat düzgün qeyd edilməmişdir.

32. Buna görə də, cavabdehin hərəkətləri nəticəsində iddiaçının subyektiv hüququ pozulmuşdur.

33. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.

34. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. xx.xx.1944-cü il təvəllüdlü X5 məxsus doğum akt qeydində yazılmış “Faxrəd” adının və xx.xx.1973-cü il tarixdə, 10 nömrə ilə qeydə alınmış nikah akt qeydində yazılmış “Fəhrad” adının “Fərhad” adına düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar