Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2353/2022 02.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1982-ci il tarixdən xx.xx.2003-cü il tarixədək X4 hissəsinin Tərtər rayonu Köçərli stansiyasında yük xəzinədarı və stansiya növbətçisi işlədiyi illər sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür, 65 yaşı tamam olduqdan sonra yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.1982-ci il tarixdən xx.xx.2003-cü il tarixədək X4 Hissəsinin Tərtər rayonu ərazisində yerləşən Köçərli dəmir yol stansiyasında yük xəzinədarı və stansiya növbətçisi vəzifələrində işlədiyi illəri sosial sığorta stajına daxil etməmiş və ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus əmək kitabçasına və hərbi xidmət haqqında arayışa əsasən mübahisəsiz sosial sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr) 7 il 1 ay 16 gün təşkil edir. İddiaçının mübahisəli sosial sığorta stajı 21 il 9 ay 17 gün (xx.xx.1982-xx.xx.2003) ümumi sosial sığorta stajı isə 28 il 11 ay təşkil edir. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Eyni zamanda Gəncə-Daşkəsən regional filialının Azərbaycan Dəmir Yolları QSC-nin Gəncə Arxiv bölməsində xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən xx.xx.1982-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək "xxxx" QSC-nin sənədlərində iddiaçının adı Rafael kimi qeyd olunduğundan və əmək haqqı məbləğləri barədə məlumat möhür və imza ilə təsdiqlənmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli və xx.xx.2022-ci il tarixli əmək kitabçalarının surətlərindən görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdə 07 nömrəli əmrlə X4 hissəsinin Tərtər rayonu Köçərli stansiyasında əmək fəaliyyətinə başlamış və xx.xx.2003-cü il tarixdə 144 nömrəli əmrlə öz ərizəsi əsasında işdən azad edilmişdir. -surəti işə əlavə edilmiş "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 68/3 nömrəli məktubunda bildirilir ki, mübahisəli dövr və ondan sonrakı illərdə digər şəxslərin də əmək haqqı cədvəlləri də Gəncə arxiv bölməsinə möhürsüz təhvil verilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktından görünür ki, iddiaçı 07 saylı əmrlə xx.xx.1982-ci il tarixdə 15 gün sınaq müddəti ilə Bərdə stansiyasına yükün qəbul-təhvilçisi vəzifəsinə qəbul edilib və xx.xx.2003-cü il tarixdə 144 saylı əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Bütün sənədlərdə vətəndaşın adı Rafael qeyd edilmişdir. Əmək haqqı məbləğləri tək-tək vərəqədə möhürsüz və imzasız təqdim edilmişdir. Bundan əlavə akta əlavə edilmiş əmək haqqı cədvəllərindən görünür ki, iddiaçıya sözügedən iş yerində 1982-ci ilin fevral ayından 2003-cü ilin dekabr ayınadək əmək haqqı ödənilmişdir. -cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli imtina məktubundan görünür ki, xx.xx.1982-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək "xxxx" QSC-nin sənədlərində iddiaçının adı Rafael kimi qeyd olunduğundan və əmək haqqı məbləğləri barədə məlumat möhür və imza ilə təsdiqlənmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etmişdir. Lakin iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1982-ci il tarixindən xx.xx.2003-cü il tarixədək işləmiş olduğu "xxxx" QSC-nin sənədlərində iddiaçının adı Rafael kimi qeyd olunduğundan və əmək haqqı məbləğləri barədə məlumat möhür və imza ilə təsdiqlənmədiyindən həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur ki, o, xx.xx.1982-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək "xxxx" QSC-də işləmişdir. Məhkəmə cavabdehin imtinasındakı əmək haqqı cədvəllərinə möhür vurulmaması ilə bağlı qeyd edir ki, xx.xx.2022-ci il tarixli, 68/3 nömrəli məktubda digər işçilərin də əmək haqqı cədvəllərinə möhür vurulmadığı bildirildiyindən məhkəmə 1993-2003-cü illərə dair əmək haqqı cədvəllərini mötəbər sübut kimi qəbul edir. Bundan əlavə yoxlama aktına əlavə edilmiş cədvəllərdən görünür ki, iddiaçıya "xxxx" QSC-də işlədiyi illər üzrə fevral 1982-ci il tarixindən dekabr 2003-cü il tarixədək əmək haqqı ödənilmişdir. İddiaçının xx.xx.1982-ci il tarixindən xx.xx.2003-cü il tarixədək "xxxx" QSC-də işləməsi əmək kitabçası və əmək haqqı cədvəllərində öz təsdiqini tapdığından əmək haqqı cədvəllərinə möhür vurulmaması iddiaçının həmin dövr üzrə əmək fəaliyyətinin olmamasını deməyə əsas vermir, eyni zamanda bu hal ona məxsus əmək kitabçasında olan qeydlərin doğruluğunu şübhə altına almağa əsas vermir. Məhkəmə iddiaçının adının "xxxx" QSC-nin sənədlərinə “Rəfail” əvəzinə “Rəfael” kimi yazılması ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə, o cümlədən əmək kitabçaları və yoxlama aktına əlavə edilmiş əmək haqları üzrə cədvəllərdən görünür ki, iddiaçı həqiqətən də mübahisəli dövrdə "xxxx" QSC-də işləmişdir. İddiaçının adının sənədlərdə “Rafael” kimi qeyd olunması onun ziyanına şərh edilə bilməz, əks halda onun hüquqları əsassız məhdudlaşdırılmış olar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İş materialları ilə müəyyən olunur ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı ümumilikdə 7 il 1 ay 16 gündür. Əmək kitabçasına əsasən onun xx.xx.1982-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək (21 il 9 ay 17 gün) işlədiyi müddət də nəzərə alındıqda iddiaçının ümumilikdə 28 il 11 ay 3 gün sığorta stajı yaranmış olur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla xx.xx.2022-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur. Deməli iddiaçının xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Tələb olunan müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) münasibətdə isə qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün azı 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması müəyyən edilmişdir. Beləliklə, iddiaçı pensiya yaşında olmaqla həm də tələb olunan sığorta stajına (ümumilikdə 28 il 11 ay 3 gün) malikdir. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1982-ci il tarixindən xx.xx.2003-cü il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona pensiya hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2353/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2353/2022
02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver