Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2353/2024 04.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və sonuncunun həmin müraciətə xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-2671/2024 nömrəli cavab məktubundan görünür ki, İddiaçı tərəfindən ərizəyə əlavə edilmiş sənədlər mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmur. Aparılan araşdırma zamanı əmlakın bir hissəsinin təyinatına uyğun istifadə edilmədiyi, belə ki, qeyri-yaşayış sahəsi kimi istifadə edildiyi aşkar edilmişdir. Məlumat üçün bildirilir ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Bu səbəbdən ərizənin icrasından imtina edilmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-866/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddiası rədd edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(104)-652/2021 nömrəli qərarı ilə təmin edilməmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)- 866/2021 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan kassasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. II. Məhkəmədə icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 1 nömrəli Şərab zavodu tərəfindən 1994-cü ildə onun ailəsinə verilmiş, ünvan 2 ünvanında yerləşən 5 nömrəli evin onun adına dövlət reyestrində qeydiyyata alınması və özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda Gəncə şəhəri, Yaşar-Həsrət Əliyev küçəsi, 12 nömrəli evdə qeydiyyatda olmaqla,ünvan 2, mənzil 5-də yaşayır. Gəncə şəhəri Atatürk prospekti, 74 saylı evin 5 nömrəli mənzili 1994-cü ildə Gəncə şəhər 1 nömrəli Şərab zavodunun rəhbərliyi tərəfindən iddiaçının ailəsinə verilmişdir. O, ailə üzvləriylə birlikdə 1994-cü ildən hal-hazıra kimi ünvan 2 ünvanında yerləşən 5 nömrəli mənzildə yaşayır. 1994-cü ildən hal-hazıra kimi həmin evin kommunal xərclərini, işıq, su, çirkab suya görə ödənişlərini o edir. O, ünvan 3 ünvanında yerləşən 5 nömrəli mənzilin adına dövlət qeydiyyatına aldıraraq özəlləşdirilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixdə ona 3-21-3- 33/2-2671/2023 saylı məktubla imtina cavabı vermişdir. Həmin imtina cavabında göstərilir ki, ərizəyə əlavə edilmiş sənədlər mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmur. Araşdırma zamanı, əmlakın bir hissəsinin təyinatına uyğun istifadə edilmədiyi, belə ki, qeyri-yaşayış sahəsi kimi istifadə edildiyi aşkar edilmişdir. "Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən iddiaçının müraciətinin icrasından imtina edilir. O, cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Ona görə ki, onun iddia ərizəsinə əlavə etdiyi sənədlərlə də təsdiq olunur ki, həmin ev 30 ildir ki, onun istifadəsindədir, kommunal ödənişləri də özü ödəyir. Gəncə şəhəri 1 nömrəli Şərab zavodunun hüquqi varisi "xxxx" X2 Cəmiyyəti xx.xx.2007-ci il tarixli 66 nömrəli məktubunda göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən nömrəli mənzilin onun adına bütünlüklə özəlləşdirilməsinə etiraz etmir.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
Əsaslandırma hissəsi:
6. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
7. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bənd 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bənd 5.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
8. Hazırkı iş materialları, həmçinin məhkəmənin arxivindən götürülərək baxış keçirilmiş 2-1(114)-866/2021 nömrəli iş materialları ilə müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 2, mənzil 5 ünvanında yerləşən mənzilin onun adına özəlləşdirilməklə mülkiyyət hüququnun qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)- 866/2021 nömrəli qərarı ilə (hakim U.Osmanov) iddia təmin edilməmişdir. Həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(104)-652/2021 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini aldıqdan sonra iş birinci instansiya məhkəməsinə geri qaytarılmışdır.
9. Hazırda İddiaçı Gəncə şəhəri 1 nömrəli Şərab zavodu tərəfindən 1994-cü ildə onun ailəsinə verilmiş, ünvan 2 ünvanında yerləşən 5 nömrəli evin onun adına dövlət reyetsrində qeydiyyata alınması və özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair işlə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, hazırkı iddia tələbi mümkün sayıla bilməz.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78. maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
12. Həmin normaya görə, eyni tərəflər arasında olan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir inzibati icraatda təkrar mübahisələndirilə bilmək imkanını itirmiş olur. Yalnız o halda bu cür iddia mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni iddia predmeti yaranmış olsun.
13. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, işin faktiki və hüquqi əsasları dəyişməmiş, iddiaçının eyni faktiki və hüquqi əsaslarla qaldırdığı iddia üzrə qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəsini almışdır. İddiaçı isə yenidən analoji tələblə məhkəmədə iddia qaldıraraq məhkəmə qərarları ilə hüquqi qiymət verilmiş iddianı yenidən mübahisələndirmişdir. Bu səbəbdən də hazırki iddia mümkün sayılmamalıdır.
14. Məhkəmə onu da qeyd edir ki, məhkəmə qərarı qüvvəyə mindikdən sonra iddiaçı yeni sübutları və ya halları aşkar edəcəyi halda, yeni açılmış hallarla bağlı ərizə ilə məhkəməyə müraciət edə bilər.
15. Belə ki, İPM-in: Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
18. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva