Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2353/2025 10.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona büdcədənkənar vəsait hesabına toplanmış məbləğin pensiyasına hesablanıb əlavə olunması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona büdcədənkənar vəsait hesabına toplanmış məbləğin pensiyasına hesablanıb əlavə olunması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, məbləğin hesablanaraq pensiyaya əlavə olunması, əgər həmin tutulmalar qanunsuzdursa onda Dövlət Sosial Müdafiə Fondundan məcburi tutulan həmin məbləğin qaytarılmasını xahiş etmişsiniz.
2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 1995-ci ildən 2024-cü ilədək Tovuz Rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsində çalışmışdır. 2024-cü ilin oktyabr ayının 1-dən yaşa görə pensiyaya çıxmışdır. Son 3 ildə hər ay 515 manat büdcədənkənar pul vəsaiti almışdır. Bu zaman həmin məbləğdən DSMF-yə və digər sosial ödənişlər məcburi qaydada icra edilmişdir. Ona pensiya təyin edilərkən Fonda ödənilən həmin məbləğdən tutulan həmin məbləğ nəzərə alınmamışdır. Halbuki, daha çox pensiya əldə etmək üçün bütün əlavə ödənişlər nəzərə alınmalıydı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müraciətinə baxılması barədə ona göndərilən cavabda özləri etiraf edir ki, əmək pensiyası hesablanarkən büdcədənkənar vəsaitdən tutulan (DSMF-yə) məbləğ nəzərə alınmamışdır. II. Prosessual məsələlər
3. İddiaçıya xx.xx.2024-cü il tarixli qanunauyğunluq haqqında sərəncam ünvanlanaraq, iddia ərizəsində cavabdeh inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanlarının göstərilməli olduğu, hüquqi marağının büdcədənkənar vəsait hesabına ödənilmiş mükafatların nəzərə alınmaqla, pensiyanın yeniden hesablanması ilə bağlı olacağı halda, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialnın qeyd edilməli olması bildirilməklə, iddia tələbinin və cavabdehin dəqiqləşdirilməklə, İnzibati-Prosessual Məcəllənin 46.1.2-ci maddəsinin tələblərinə uyğun iddia ərizəsinin məhkəməyə təqdim edilməsi təklif olunmuş və həmin xətaların aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək vaxt verilmişdir.
4. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məbləğin hesablanıb pensiyasına əlavə olunması, belə olmadıqda DSMF-yə ödəmiş olduğu həmin pul vəsaitinin özünə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Bundan sonra iddiiaçıya xx.xx.2025-ci il tarixdə təkrar qanunauyğunluq haqqında sərəncam ünvanlanaraq, iddia ərizəsində tələbin düzgün qeyd edilmədiyi, hüquqi marağının “büdcədənkənar vəsait hesabına ödənilmiş mükafatların nəzərə alınmaqla, pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndan ibarət olduğu üçün tələbi həmin şəkildə qeyd etməklə, dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi təklif olunmuş, eyni zamanda iddiası İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirildiyi, lakin təqdim etdiyi materiallarda isə cavabdeh inzibati orqana müraciəti və bundan imtina edilməsi (və ya hərəkətsizlik göstərməsi) barədə yazılı sənəd mövcud olmadığı nəzərinə çatdırılmaqla, qeyd edilən xətaların aradan qaldırılması üçün ona xx.xx.2025-ci il tarixədək vaxt verilmişdir.
6. Bundan sonra iddiaçı xx.xx.2025-ci il tarixdə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı büdcədənkənar vəsait hesabına toplanmış məbləğin pensiyaya hesablanıb əlavə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə təkrar sərəncam göndərilərək, təkrarən bildirilmişdir ki, birincisi, hüquqi marağı “büdcədənkənar vəsait hesabına ödənilmiş mükafatların nəzərə alınmaqla, pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndan ibarət olduğu üçün tələb həmin şəkildə qeyd edilməlidir. İkincisi, həmin tələbə cavab verməli olan orqan isə Dövlət Sosial Müdafiə Fondu deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialıdır. Üçüncüsü, iddia İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. Məhkəməyə təqdim edilmiş materiallarda isə cavabdeh inzibati orqana müraciət və bundan imtina edilməsi (və ya hərəkətsizlik göstərməsi) barədə yazılı sənəd mövcud deyildir.
8. Sadalanan xətaların aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
Əsaslandırma hissəsi:
9. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
10. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
11. İddia ərizəsindən göründüyü kimi, iddiaçı hüquqi marağı “büdcədənkənar vəsait hesabına ödənilmiş mükafatların nəzərə alınmaqla, pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndan ibarətdir. Həmin tələbə cavab verməli olan orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialıdır. Həmin iddia İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir.
12. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya dəfələrlə sərəncam göndərilərək, iddia ərizəsində yol verilmiş xətalar ətraflı şəkildə izah edilmiş və yol verilən xətanın aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
13. Lakin həmin müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları aradan qaldırmamışdır.
14. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
15. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
16. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva