Məhkəmə qərarları › İş №2-1(114)-2358/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2358/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2358/2023 06.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə Polis İdarəsinin X15 Şöbəsində xidmət edən zaman Gəncə şəhəri Nizami Rayonu İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən ünvan 2 ünvanda yerləşən binadan 12 nömrəli mənzil almışdır. İddiaçı həmin mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizəsi ilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Gəncə Şəhər İcra Hakimiyyəti iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 3504/2023 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı sözügedən mənzilə baxış keçirilmiş və məlum olmuşdur ki, mübahisə predmeti olan mənzilin yerləşdiyi bina yarımçıq tikili olmuş və istismara qəbul edilməmişdir. Binaya dair istismara qəbul aktı (2013-cü ildən sonra istismara icazə sənədi) tərtib olunaraq aidiyyəti orqana verildikdən sonra mənzilin özəlləşdirilməsi məsələsinə yenidən baxıla bilər, əks halda mənzilin qeydiyyata alınması mövcud qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən də iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Gəncə şəhəri Nizami Rayonu İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli,166 saylı orderdən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil İddiaçı və onun ailə üzvləri X5, X8 və X6 daimi istifadəsinə verilmişdir. -işə əlavə edilmiş X12 Filialının xx.xx.2022-ci il tarixli, 949(657)/4 nömrəli arxiv arayışından görünür ki, Gəncə şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli,785 nömrəli sərəncamı ilə Gəncə şəhər Polis İdarəsinin DYP-nin müfəttişinin 1989-cu il tarixli mənzil növbəsində dayanan sıra №-si 56 olan İddiaçı Abdulsəlim oğluna Gülüstan qəsəbəsi 3 mikrorayon 1 №-li binanın 12 №-li sahəsi 50, 15 kv.metr olan 4 (dörd) otaqlı mənzilinin verilməsi təsdiq edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizələrin məzmunundan görünür ki, X5, X8 və X1 şəhəri, Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, bina 1, mənzil 12 ünvanda yerləşən mənzilin İddiaçı adına bütövlükdə özəlləşməsinə etiraz etmirlər. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-1462/2023 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-4862/2023 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi 1 nömrəli binada 16 mənzilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 1 Gəncə şəhəri Nizami Rayonu İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli,166 saylı orderə əsasən iddiaçının və onun ailə üzvlərinin daimi istifadəsinə verilmişdir. İddiaçı qeyd olunan mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə mübahisə predmeti olan mənzilin yerləşdiyi binanın yarımçıq tikili olması və istismara qəbul edilməməsi təşkil etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:- -29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. -29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələblərinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinin tələblərinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinin tələblərinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Məhkəmə tərəfindən cavabdeh orqanın imtinasının əsaslı olub-olmamasının araşdırılması məqsədilə mübahisəli mənzilin yerləşdiyi binaya yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdehin imtina aktında qeyd etdiyindən fərqli olaraq sözügedən bina yarımçıq tikili deyil, vizual baxışla görünür ki, binanın bütün mənzillərində yaşayış var, bina qaz, su, elektrik təchizatı ilə təmin edilmişdir. Həmçinin qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən yaşayış sahəsinin verilməsinə dair müvafiq order əmlakın dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bundan əlavə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən iddiaçının ailə üzvləri sözügedən mənzilin iddiaçının adına bütövlükdə özəlləşməsinə etiraz etməmişdir. Həmçinin sözügedən Qanunun müvafiq normasının tələblərinə görə mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan qanunda qeyd olunmuş sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Eyni zamanda, məhkəmənin müvafiq sorğusuna cavabdeh orqan tərəfindən verilmiş cavabdan görünür ki, sözügedən mübahisəli binada ümumilikdə 16 mənzilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Beləliklə, müəyyən olunur ki, bununla da cavabdeh inzibati orqan eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarlar qəbul etmiş və beləliklə bərabərlik prinsipini pozmuşdur, halbuki hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunmalı idi. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci bəndinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Həmçinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. -12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar