Məhkəmə qərarları › İş №2-1(114)-236/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-236/2020

19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-236/2020 19.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi ilə İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi qulluqçular haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin ləğv edilərək öz işinə bərpa edilməsi barədə qərar verilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(83)-2094/2019 nömrəli qərardadı ilə iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsi ilə N il müddətinə əsgər-çavuş vəzifəsində xidmət etmək üçün bağlaşma bağlamışdır. 2 il 4 ay xidmət etdikdən sonra atasının xəstəliyinə görə xidmətinə maneçilik törətdiyindən, ərizə ilə hərbi hissə komandirinə müraciət edərək vaxtından əvvəl ehtiyata buraxılmışdır. Lakin şəxsi işində “Hərbi qulluqçular haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə xidmətdən azad edildiyi qeyd edilmişdir. Cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən əmrin ləğv edilməsi və işə bərpa edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasına gəlməmiş, cavabdeh N saylı hərbi hissə isə nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - iddiaçıya məxsus AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında xx.xx.2016-cı il tarixli bağıaşmanın surəti; - xx.xx.2012-ci il tarixli, ******* nömrəli hərbi biletin surəti; - Tərtər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1040 nömrəli məktubu; - Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(098)-135/2018 nömrəli hökmünün təsdiqlənmiş surəti; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2017-ci il tarixli, 5 və 6 nömrəli, xx.xx.2017-ci il tarixli, 289 nömrəli, xx.xx.2017-ci il tarixli, 290 nömrəli, xx.xx.2017-ci il tarixli, 305 nömrəli, xx.xx.2018-ci il tarixli, 184 nömrəli, xx.xx.2018-ci il tarixli, 185 nömrəli, xx.xx.2018-ci il tarixli, 193 nömrəli, xx.xx.2018-ci il tarixli, 195 nömrəli, xx.xx.2018-ci il tarixli, 239 nömrəli, xx.xx.2018-ci il tarixli, 241 nömrəli, xx.xx.2018-ci il tarixli, 245 nömrəli, xx.xx.2018-ci il tarixli, 246 nömrəli, xx.xx.2018-ci il tarixli, 251 nömrəli, xx.xx.2018-ci il tarixli, 252 nömrəli, xx.xx.2018-ci il tarixli, 262 nömrəli,xx.xx.2018-ci il tarixli, 264 nömrəli, xx.xx.2018-ci il tarixli, 303 nömrəli və digər əmrindən çıxarışları; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Məhkəmə tərəfindən işin tam və hərtərəfli araşdırılması üçün iddiaçının ehtiyata buraxılmasına dair əmrin verilməsinə əsas olmuş sənədlər sorğular əsasında əldə edilmişdir. İş materialları və işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan bir il ərzində təkrarən on gündən az, lakin üç gündən çox olmaqla xidmət yerini özbaşına tərk etmiş və xidmət yerinə vaxtında qayıtmamışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(098)-135/2018 nömrəli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinmiş və aylıq pul təminatından 10% məbləğində pul tutulmaqla 09 ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, İddiaçı cəzasını xidmət yerində çəkməklə cəza çəkmənin başlanğıcı onun aylıq pul təminatından ilk məbləğin dövlət nəfinə tutulduğu gündən hesablanması, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədın saxlanılması hökm edilmiş və hökmün icrası N nömrəli hərbi hissə komandanlığına həvalə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa)Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinin tələblərinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinin tələblərinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edildiyindən, yəni xidmətə uyğun olmadığından, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, inzibati orqanlar tərəfindən daxil olmuş cavab məktublarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan N saylı hərbi hissənin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı əmrin ləğv edilməsi və işə bərpa barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı əmrin ləğv edilməsi və işə bərpa barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar