Məhkəmə qərarları › İş №2-1(114)-236/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-236/2022

14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-236/2022 14.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə 11.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-ci il tarixdə anadan olmuş, 26.02.2021-ci il tarixdə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçı 65 yaşı olanadək fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmuş, Dövlət Sosial Müdafiə Fonduna tələb olunan məbləğdə sosial sığorta ödəmişdir. 2013-cü ilədək əmək kitabçası özündə olmuş, bundan sonra Gəncə Tikinti Quraşdırma ASC-yə işə qəbulla bağlı müraciət etmiş, cəmiyyət onunla 10.09.2013-cü ildə müqavilə bağlayaraq 3-cü dərəcəli betonçu vəzifəsinə işə qəbul etmiş, əmək kitabçasını həmin cəmiyyətə təhvil vermiş, bu cəmiyyətdə 7 ay betonçu vəzifəsində işləmişdir. Cəmiyətdə iş dayandığına görə işçilərlə birgə iddiaçı da işdən azad edilmiş, iddiaçı əmək kitabçasını tələb edəndə axtarıb tapmamışlar. Bundan sonra iddiaçının əvvəlki iş yerindən əmək kitabçasının təsdiq olunmuş surəti təsdiq edilərək ona verilmişdir. İddiaçının 07.08.1976-ci il tarixdən 13.01.1992-ci il tarixədək iş stajı əmək kitabçasında öz əksini tapmışdır, belə ki, 02.02.1978-ci il tarixdən 01.07.1992-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Aerogeodeziya Müəssisəsində fəhlə vəzifəsində işləmiş, eləcə də 31.05.2017-ci ildən 2021-ci ilin mart ayınadək icarə müqaviləsi əsasında Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 17-ci binanın başında yerləşən mövsümi fəaliyyət göstərən çayxananı icarəyə götürmüşdür. İddiaçı 25 ildən artıq sığorta stajı olduğuna görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmənin 25.01.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ”Birlik- 4” xüsusi kiçik müəssisəsindən arayışı 2017-ci ildə müəssisə rəhbərindən almış, bundan əlavə müəssisədə təmir işləri ilə məşğul olmuşdur, həmin müəssisə “erməni qəbirstanlığı ”adlanan ərazidə yerləşirdi. Məlumat əldə etmişdir ki, həmin müəssisə sənədləri arxivə təhvil verməmişdir. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının müraciəti ilə bağlı inzibati icraatı apararkən iddiaçının tələb olunan həcmdə iş stajının olmadığı müəyyən olunmuşdur. Bu səbəbdən də ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -01.08.1976-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 07.08.1976-ci il tarixdən 02.01.1992-ci il tarixədək müxtəlif müəssisələrdə işləmişdir. -əmək müqaviləsindən görünür ki, Gəncə Tikinti Quraşdırma ASC ilə İddiaçı arasında 10.09.2013-cü il tarixdə müqavilə bağlanmış, işçi 3-cü dərəcəli betonçu vəzifəsinə təyin edilmişdir. -X1 02.12.2014-cü il tarixli 48-385/1 nömrəli arayışından görünür ki, İddiaçı 02.02.1978-ci il tarixdən 01.07.1992-ci il tarixədək Dövlət Geodeziya və Kartoqrafiya İdarəsinin 16 saylı Müəssisəsinin 323 nömrəli ekspedisiyasında müxtəlif vəzifələrdə işləmişdir. -Xanlar rayonu ”Birlik-4” Xüsusi kiçik müəssisəsinin arayışından görünür ki, İddiaçı 07.02.1992-ci il tarixli 17R saylı əmrlə Xanlar rayonu “Birlik-4” Xüsusi kiçik müəssisəsinə fəhlə qəbul edilməsi və 13.04.2000-ci ildə 44B əmrlə işdən azad olunması qeyd edilmişdir. -surəti işə əlavə edilmiş 18.06.1979-cu il tarixli BO 076911 nömrəli hərbi biletdən görünür ki, İddiaçı 02.05.1974-cü ildən 09.05.1976-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -surəti işə əlavə edilmiş 31.05.2017-ci il tarixli icarə müqviləsindən görünür ki, X2 tərəfindən Gəncə şəhər, 4-cü mikrorayon 1 saylı binanın qarşısı 31.05.2017-ci il tarixdən 31.05.2022-ci il tarixədək İddiaçı icarəyə verilir. -Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının 14.10.2021-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. -"xxxx" ASC-nin 09.03.2022-ci il tarixli 41 nömrəli arayışından görünür ki, İddiaçı 10.09.2013-cü il tarixli 17 nömrəli əmrlə fəhlə qəbul edilmiş, 28.01.2014-cü ildə 24 nömrəli əmrlə işdən azad olunmuş və işlədiyi aylar üzrə əmək haqqı almışdır. -12 saylı Ərazi Vergilər İdarəsinin 29.12.2021-ci il tarixli **********269400 nömrəli məktubunda bildirilir ki, fərdi sahibkar İddiaçı tərəfindən 2018-ci il üzrə mdss üzrə hər hansı ödəniş həyata keçirilməmişdir. -Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 11.01.2022-ci il tarixli **********6 nömrəli məktubunda bildirilir ki, MEİS-in “Sığorta” (Hesabat) altsistemində İddiaçı 2017-ci ilin məcburi dövlət sosial sığortası üzrə hesabatları öz əksini tapmamışdır. -Göygöl rayon statistika idarəsinin 29.11.2021-ci il tarixli 147 nömrəli məktubunda bildirilir ki, Dövlət statistika komitəsinin statik vahidlərinin dövlət reyestrındə “Birlik 4 ” Xüsusi kiçik müəssisəsinə dair məlumat aşkar edilməmişdir. -Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 30.11.2021-ci il tarixli **********277000 nömrəli məktubunda bildirilir ki, ”Birlik-4” Xüsusi kiçik müəssisəsinin vergi ödəyicisi kimi vergi uçotuna alınması barədə heç bir məlumat aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı iş stajını təsdiq edən sənədlərlə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının iş stajını təsdiq edən əmək kitabçası olmadığı üçün ona pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; -3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının:- -3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd olunmuş 02.02.1978-ci il tarixdən 31.07.1992-ci il tarixədək müddətlər üzrə əmək haqqı alması "xxxx" MMC-nin müvafiq arayışları ilə öz təsdiqini tapmışdır. Qeyd olunan müddətlər üzrə iddiaçının 14 il 5 ay 29 gün sığorta stajı öz təsdiqini tapır. Həmçinin qeyd olunan əmək kitabçasında onun 07.08.1976-cı il tarixdən 10.05.1977ci il tarixədək işləməsi öz təsdiqini tapır. Həmin müddət üzrə onun 9 ay 3 gün stajı müəyyən olunur. Eyni zamanda işə əlavə edilmiş hərbi biletlə müəyyən olunur ki, iddiaçı 02.05.1974cü ildən 09.05.1976-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Odur ki, həmin müddətlər üzrə onun 2 il 7 gün sığorta stajı təsdiq olunur. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı 31.05.2017-ci ildən 2021-ci ilin mart ayınadək məcburi dövlət sosial sığortası üzrə ödəniş etdiyini bildirsə də, iş üzrə aidiyyəti orqanlara verilmiş sorğulara cavablarla müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2017- 2018-ci il üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Bu səbəbdən də həmin müddətlər onun sığorta stajında daxil edilə bilməz. Cavabdeh tərəfindən iddia ərizəsi üzrə verilmiş etirazda iddiaçının 2018-2019-cu il tarixlərdə fərdi hesabın sığorta hissəsində nəzərə alınmış 1 il sığorta stajı onun mübahisələndirilməyən sığorta stajına daxil edilmişdir, bu səbəbdən də həmin müddətlər də onun sosial sığorta stajına daxil edilməlidir. İddiaçının 07.02.1992-ci il tarixdən 13.04.2000-ci il tarixədək “Birlik-4” Xüsusi kiçik müəssisəsində işlədiyini iddia etdiyi sığorta stajı ilə bağlı qeyd olunur ki, onun həmin müddətlərdə işləməsinə dair əmək kitabçası mövcud deyil, eyni zamanda həmin müddətlər müəssisənin özünün möhürü ilə təsdiq edilmiş tarixi və nömrəsi bəlli olmayan arayışı ilə təsdiq olunsa da, məhkəmə həmin arayışı mötəbər sübut kimi qəbul etmir. Belə ki, məhkəmə tərəfindən verilmiş aidiyyəti sorğulara cavablarla müəyyən olunur ki, həmin müəssisənin fəaliyyəti ilə bağlı hər hansı məlumat mövcud deyil. Odur ki, məhkəmə hesab edir ki, 07.02.1992-ci il tarixdən 13.04.2000-ci il tarixədək olan müddət iddiaçının sosial sığorta stajı kimi nəzərə alına bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 7-ci maddəsinin qeyd hissəsində müəyyən olunmuşdur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddələrin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı bu qanunda göstərilən yas həddinə çatmalıdır; 2) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçıya nəzərən birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iddiaçı xx.xx.1956-ci il tarixdə anadan olduğundan onun yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 26.02.2021-ci il tarixində yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının 02.05.1974-cü ildən 09.05.1976-ci il tarixədək hərbi xidmətdə olduğu dövr -2 il 7 gün, 07.08.1976-cı il tarixdən 10.05.1977-ci il tarixədək - 9 ay 3 gün, 02.02.1978-ci il tarixdən 31.07.1992-ci il tarixədək -14 il 5 ay 29 gün, eləcə də 2018-2019-cu il tarixlərdə fərdi hesabın sığorta hissəsində nəzərə alınmış 1 il sığorta stajı nəzərə alındıqda onun ümumilikdə 18 il 3 ay 9 gün sığorta stajının olması müəyyən olunur. Göründüyü kimi iddiaçının sosial sığorta stajını təsdiq edən sənədlərə əsasən onun ümumilikdə 18 il 3 ay 9 gün sığorta stajı mövcuddur və bu staj ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli deyil. Eyni zamanda 07.02.1992-ci il tarixdən 13.04.2000-ci il tarixədək “Birlik-4” Xüsusi kiçik müəssisəsində işləməsi ilə bağlı arayış mötəbər sübut kimi qəbul edilmədiyindən həmin dövr iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. Beləliklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçıya yaşaa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sosial sığorta stajı tələb olunduğuna və iddiaçı həmin tələbi ödəmədiyinə, eləcə də onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona pensiya təminatına imkan vermədiyinə görə onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın ona pensiya təyin etməklə bağlı imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar