Məhkəmə qərarları › İş №2-1(114)-236/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-236/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-236/2024 05.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.2005-ci il tarixdə İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, X1 Əlillik altsisteminə əsasən əlilliyin müddəti xx.xx.2021-ci il tarixindən bitdiyi üçün əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən dayandırılmışdır.

2. Daha sonra İddiaçı təqdim etdiyi sənədlərə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1974-cü il tarixindən xx.xx.1979-cu il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 26 il 3 ay 11 gün sığorta stajı və xx.xx.2019cu il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 1334,88 manat pensiya kapitalı əsasında ona (əlillik müddəti bitdiyi tarixdən) hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən təyin edilməklə, xx.xx.2021-ci il tarixindən 222,80 manat məbləğində yaşa görə əmək pensiyası təyin olunmuşdur.

3. İddiaçı əmək pensiyasının məbləği (222,80 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) aşağı olduğu üçün əmək pensiyası minimum məbləğə və eyni zamanda xx.xx.2022-ci il tarixindən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 248,16 manata, xx.xx.2023cü il tarixindən isə 264,82 manat müəyyən edilmişdir.

4. Daha sonra təhsil illəri də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 26 il 3 ay sığorta stajı və xx.xx.2006-cı il tarixdən 8 ay sığorta stajına uyğun olaraq 1668,93 (2023cü il tarixə) manat pensiya sığorta kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq, əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 303,75 manata çatdırılmışdır.

5. İddiaçı pensiyasının yenidən hesablanması üçün xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-47597/2/2023 nömrəli imtina cavabı ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Bildiririk ki, əlilliyə görə əmək pensiyanızın ödənişi xx.xx.2021-ci il tarixindən əlillik müddətinizin bitməsi səbəbindən dayandırılmışdır. Qanunun 34.1-ci maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Sözügedən Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək pensiya yaş həddi kişilər üçün 64 yaş 6 ay müəyyən edilmişdir. Təqdim etdiyiniz sənədlərə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən, xx.xx.1874-cü il tarixindən xx.xx.1979-cu il tarixinədək əyani təhsil aldığınız illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 26 il 3 ay 11 gün sığorta stajınız və xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınan 1334,88 manat pensiya kapitalınız əsasında sizə (əlillik müddətinizin bitdiyi tarixdən) xx.xx.2021-ci il tarixindən 222,80 manat məbləğində yaşa görə əmək pensiyası təyin olunmuşdur. Qanunun 6-1-ci maddəsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olan tələblərinə əsasən əmək pensiyasının minimum məbləği xx.xx.2022-ci il tarixindən 240 manat məbləğində müəyyən olunması ilə bağlı həmin tarixdən pensiyanız 240 manata çatdırılıb. Eyni zamanda xx.xx.2022-ci il tarixindən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyanızın sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 248,16 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən 264,82 manat müəyyən edilib. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən 303,75 manata çatdırılıb. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Əlavə olaraq bildiririk ki, adınıza aktiv VÖEN hesabı (**********) olduğu üçün (məşğul şəxs hesab edildiyinizdən) Qanunun 37.3.1-ci maddəsinə əsasən işləməyən əmək pensiyaçısı kimi pensiyanızın fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı əsasında yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

6. İddiaçının xx.xx.1974-cü il tarixindən xx.xx.1979-cu il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 26 il 3 ay 11 gün sığorta stajı və xx.xx.2020-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 1373,25 manat pensiya kapitalı, xx.xx.2023-cü il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 3157,11 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və Əmək pensiyasının yenidən hesablanması haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/1-Ə-248078/2023 nömrəli qərarı ilə iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 328,81 manat müəyyən edilmişdir. II. Məhkəmədə icraat

7. İddiaçı ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2019-2021-ci illərin vergi ödənilməsi ilə hesablanmış pensiyadan əlavə olaraq 1981-ci ildən 2001-ci ilə qədər işlədiyi və yüksək əmək haqqı alaraq vergi ödəməsinin nəzərə alınması və pensiyanın dəqiq hesablanmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib Bərdə rayon Moskva kolxozuna (sonradan adı X5 firması) təyinatla göndərilmişdir. 1981-ci ildə məni ixtisası üzrə maşın traktor parkının müdiri təyin edilmişdir. 1982-ci ildə Kənd Təsərrüfatının çətin sahəsi olan pambıqçılıq sahəsində briqadir təyin edilmişdir. 1989-cu ildə kolxozda inzibati işə keçirilmiş və 1998-ci ilə kimi orada işləmişdir. O, 1999-cu ildən kolxozun nəzdində olan LVS Kotton pambıq təmizləmə zavodunda texnika üzrə mexaniz vəzifəsində çalışmışdır. 2001-ci ildə həmin vəzifədən çıxmışdır. xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilə kimi Azərpambıq MMC-də böyük nəzarətçi işləmişdir. Ona xx.xx.2005-ci il tarixində İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. xx.xx.2021-ci ildə ona verilmiş pensiya kəsilmişdir. xx.xx.2019-xx.xx.2022-ci il tarixə kimi alınan 1327,68 manat pensiya kapitalı əsasında xx.xx.2020-ci il tarixində 222,80 manat yaşa görə əmək pensiyası təyin olunmuşdur. Yazılmış qanunlara uyğun onun pensiyası 248,0 manat təyin olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mənə göndərdiyi 03 mart 2023-cü il 3-17-1/2-Ə 44785/2023 nömrəli məktubuna əsasən mənim adına aktiv VÖEN hesabı (**********) olduğu üçün (məşğul şəxs hesab edildiyi üçün) onun 1981-ci ildən 2001-ci ilə kimi yüksək əmək haqqı və yüksək vergi ödədiyi halda ona 1981-2001-ci illərə aid sosial pensiya hesablanmamışdır. Onun əmək fəaliyyəti 28 il 8 ay olduğu halda ona 26 il 3 ay 11 gün hesablanıb. O, 1981-ci ildən 2001-ci ilə kimi yüksək əmək haqqı və yüksək vergi ödəmişdir. Onun VÖEN hesabı xx.xx.2023-cü il tarixdə **********039500 sənədinə əsasən bağlanmışdır.

9. Məhkəmənin hüquqi yardımından sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, onun işlədiyi dövrlərdə almış olduğu əmək pensiyasının düzgün hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və xx.xx.2023-cü il tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

10. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunması və işlədiyi dövrdə yüksək məbləğdə əmək haqqı alması və yüksək məbləğdə məcburi dövlət sosial sığorta haqqı ödəməsi nəzərə alınmaqla, təyin olunmuş əmək pensiyasının məbləğinin düzgün hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

21. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2005-ci il tarixdə İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, X1 Əlillik altsisteminə əsasən əlilliyin müddəti xx.xx.2021-ci il tarixindən bitdiyi üçün əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən dayandırılmış, daha sonra hüququnun yarandığı 11,06.2020-ci il tarixdən təyin edilməklə, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası ödənilməyə başlanmışdır. İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, müraciətin cavablandırılması barədə məktubda yaşa görə əmək pensiyasının təyin olunduğu tarixədək iddiaçının işlədiyi bütün illərin sığorta stajına daxil edildiyi, hal-hazırda isə işləyən əmək pensiyaçısı kateqoriyasına daxil olduğu üçün fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əsasında yenidən hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. İddiaçı təqdim etdiyi sənədlərə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, 01,09.1974-cü il tarixindən xx.xx.1979-cu il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla 01.01,2006-cı il tarixinədək 26 il 3 ay 11 gün sığorta stajı və xx.xx.2019-cu il tarixindən 01,04.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 1334,88 manat pensiya kapitalı əsasında ona (əlillik müddəti bitdiyi tarixdən) xx.xx.2021-ci il tarixindən 222,80 manat məbləğində yaşa görə əmək pensiyası təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 6-1 -ci maddəsinin 01,02.2023-cü il tarixinədək qüvvədə olan tələblərinə əsasən əmək pensiyasının minimum məbləği xx.xx.2022-ci il tarixindən 240 manat məbləğində müəyyən olunmuşdur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Bu səbəbdən vətəndaşın əmək pensiyasının məbləği (222,80 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) aşağı olduğu üçün əmək pensiyası minimum məbləğə və eyni zamanda xx.xx.2022-ci il tarixindən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 248,16 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği 01.01,2023-cü il tarixindən 264,82 manat müəyyən edilib. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 303,75 manata çatdırılmışdır. Həmin Qanunun 37.3.1 -ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmçinin, iddiaçının adına aktiv VÖEN hesabı (**********) olduğu üçün (məşğul şəxs hesab edildiyi) Qanunun 37.3.1 -ci maddəsinə əsasən işləməyən əmək pensiyaçısı kimi pensiyasının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əsasında yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göründüyü kimi, İddiaçı yaşa görə əmək pensiyası təyin edilərkən işlədiyi bütün dövrlər onun sosial sığorta stajına daxil edilmişdir və hal-hazırda yenidən hesablanması qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir.

22. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

23. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, onun hazırkı iddianı qaldırmaqda məqsədi 1981-2001-ci illərdə aldığı yüksək əmək haqqından yüksək məbləğdə məcburi sosial sığorta ayırması ödənişlərinin pensiya təminatında nəzərə alınmasıdır. Çünki hazırda ona təyin edilmiş əmək pensiyasının məbləği minimum məbləğdədir. Belə çıxır ki, o, yüksək məbləğdə sosial ödənişlərini boşuna ödəmişdir.

24. Cavabdehin nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, etiraz və etirazda əlavədə qeyd edilənləri müdafiə etdiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Vergi ödəyicilərinin fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə məlumat; - İddiaçıya məxsus xx.xx.1973-ü il tarixli əmək kitabçası; - İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli diplom; - 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********039500 nömrəli məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-47597/2/2023 nömrəli məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-26509/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş iddiaçının pensiya işi üzrə icraat materialları. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

27. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2005-ci il tarixdə İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. X1 Əlillik altsisteminə əsasən əlilliyin müddəti xx.xx.2021-ci il tarixindən bitdiyi üçün əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən dayandırılmışdır. Daha sonra İddiaçı təqdim etdiyi sənədlərə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1974-cü il tarixindən xx.xx.1979-cu il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 26 il 3 ay 11 gün sığorta stajı və xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 1334,88 manat pensiya kapitalı əsasında ona (əlillik müddəti bitdiyi tarixdən) hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən təyin edilməklə, xx.xx.2021ci il tarixindən 222,80 manat məbləğində yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı əmək pensiyasının məbləği (222,80 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) aşağı olduğu üçün əmək pensiyası minimum məbləğə və eyni zamanda xx.xx.2022-ci il tarixindən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 248,16 manata, xx.xx.2023cü il tarixindən isə 264,82 manat müəyyən edilmişdir. Daha sonra təhsil illəri də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 26 il 3 ay sığorta stajı və xx.xx.2006-cı il tarixdən 8 ay sığorta stajına uyğun olaraq 1668,93 (2023-cü il tarixə) manat pensiya sığorta kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq, əmək pensiyasının məbləği xx.xx.2023cü il tarixindən 303,75 manata çatdırılmışdır.

28. İddiaçı pensiyasının düzgün hesablanması üçün xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-47597/2/2023 nömrəli məktubla müraciətindən imtina edilmişdir.

29. Məhkəmə icraatı dövründə iddiaçı sahibkarlıq fəaliyyətini dayandırması ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə bağlı yenidən hesablama ilə bağlı cavabdehə müraciət etmiş, iddiaçının xx.xx.1974-cü il tarixindən xx.xx.1979-cu il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 26 il 3 ay 11 gün sığorta stajı və xx.xx.2020-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 1373,25 manat pensiya kapitalı, xx.xx.2023-cü il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 3157,11 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və Əmək pensiyasının yenidən hesablanması haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/1-Ə-248078/2023 nömrəli qərarı ilə iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 328,81 manat müəyyən edilmişdir

30. Hazırda iddiaçı 1981-2001-ci illərdə işlədiyi dövrdə yüksək məbləğdə əmək haqqı almasını və yüksək məbləğdə məcburi dövlət sosial sığorta haqqı ödəməsini əsas gətirərək pensiyasının yenidən hesablanmasını xahiş edir.

31. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanunsuz və əsassız hesab edir.

32. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək pensiya yaş həddi kişilər üçün 64 yaş 6 ay müəyyən edilmişdir.

33. Sözügedən Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır.

34. İddiaçının xx.xx.2022-ci il tarixli müraciəti əsasında pensiyasının növü əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyası növünə keçirilmişdir (əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən).

35. İddiaçının təqdim etdiyi təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1974cü il tarixindən xx.xx.1979-cu il tarixinədək təhsil aldığı müddət, əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1973-cü il tarixinədək, xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1981 -ci il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1999-cu il tarixindən xx.xx.2001 -ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə xx.xx.2006-cı il tarixinədək sığorta stajı 26 il 3 ay 11 gün təşkil edir.

36. “Əmək pensiyaları haqqında” Qanunun: 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.

37. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı əmək pensiyasının məbləği aşağıda göstərilən qaydada hesablanmışdır:

38. Belə ki, İddiaçı 2006-cı il tarixinədək 26 il 3 ay 11 gün sığorta stajına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (26+(11/30+3/12))x306=8041,85 manat müəyyən edilmişdir.

39. Eyni zamanda 2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan kapitalın pensiya yaşına çatdığı xx.xx.2020-ci il tarixinə indeksləşdirilmiş məbləği 8041,85 manat təşkil edir (2006-2020-ci illər üzrə cəmi 19481,97 manat).

2006 - 8041,85 2007 8,3 8709,32 2008 16,7 10163,78 2009 20,8 12277,84 2010 1,5 12462,01 2011 5,7 13172,34 2012 7,9 14212,96 2013 1,1 14369,30 2014 2,4 14714,17 2015 1,4 14920,16 2016 4,0 15516,97 2017 12,4 17441,08 2018 5,7 18435,22 2019 3 18988,27 2020 2,6 19481,97

40. Pensiyanın sığorta hissəsi 19481,97:144=135,29 manat hesablanmışdır.

41. Mərkəzləşdirilmiş X1 “Pensiya” altsisteminə əsasən İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək fərdi hesabının sığorta hissənində qeyda alınmış pensiya kapitalının 2020-ci il tarixinə indeksləşdirilmiş məbləği 1334,88 manat müəyyən edilmişdir (Pensiyanın sığorta hissəsi: 1334,88:144=9,27).

42. Pensiyanın ümumi məbləği: xx.xx.2020-135,29+9,27= 144,56 (Qanunun 6-1 -ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 200 manat müəyyən edilmişdir). xx.xx.2021-200+200x11,4%=222,80.

43. İddiaçı əmək pensiyasının məbləği (222,80 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) aşağı olduğu üçün əmək pensiyası minimum məbləğə və eyni zamanda xx.xx.2022-ci il tarixindən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 248,16 manata, xx.xx.2023cü il tarixindən, 264,82 manata, xx.xx.2023-cü il tarixindən 303,75 manata çatdırılmış, sonda “Əmək pensiyasının yenidən hesablanması haqqında” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/1-Ə- 248078/2023 nömrəli qərarı ilə əmək pensiyasının məbləği 328,81 manat müəyyən edilmişdir.

44. Göründüyü kimi, iddiaçıya əmək pensiyası təyin olunduğu xx.xx.2021-ci il tarixinədək onun fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı, habelə xx.xx.2006-cı il tarixədək mövcud olmuş iş stajına uyğun şərti çevrilmiş kapital ona pensiya təyin edilərkən istifadə olunmuşdur. İddiaçının təhsil illəri və faəliyyət göstərdiyi iş illərinin hamısı nəzərə alınmış, həmçinin toplanmış pensiya kapitalı istifadə olunmuşdur.

45. İddiaçının əsas gətirdiyi dəlilə münasibətdə, yəni 1981-2001-ci illərdə aldığı yüksək əmək haqqından yüksək məbləğdə məcburi sosial sığorta ayırması ödəmələrinin onun pensiya təminatında nəzərə alınması ilə bağlı qeyd edir ki, əmək pensiyaları haqqında qanunvericilikdə xx.xx.2006-cı il tarixinədək sığortaolunanların, o cümlədən iddiaçının qazandığı pensiya hüquqları pensiya kapitalına çevrilməklə onun fərdi şəxsi hesabında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır.

46. İddiaçı xx.xx.2006-cı il tarixinədək mövcud olan 26 il 3 ay 11 gün sığorta stajının çevrilməsi zamanı həmin illər onun fərdi hesabının sığorta hissəsində 8041,85 manat məbləğində kapital kimi qeydə alınmışdır.

47. Yəni, xx.xx.2006-cı il tarixinədək sığortaolunanlarının pensiya kapitalı onların ödədiyi məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələrin məbləğləri (yüksək və ya az olması) ilə deyil, iş stajının hər ili üçün 306 manat kimi müəyyən edilir.

48. “Əmək pensiyaları haqqında” Qanunun: 27.1-ci maddəsinə görə sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır.

49. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyası təminatının həyata keçirilməsində iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır.

50. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

51. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

52. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

53. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar