Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2362/2023 26.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin müddətsiz təyin edilməsi tələbinə dair işə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, 01 yanvar 2022-ci il tarixdən müddətsiz olaraq 2 dərəcə əlillik verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətə görə xx.xx.1994-cü il tarixli 152 nömrəli arayışına, MN-nın həkim mütəxəssis cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə 2-ci dərəcəli əlillik almışdır. Onun xəstəliyinin nə qədər ağır olması iddia ərizəsinə əlavə etdiyi çoxsaylı tibbi müayinələrlə bağlı xəstəlik tarixləri ilə tam təsdiq olunur. İddiaçının 2 dərəcəli əlilliyinin səbəbi onurğanın osteoxondrozu, bel fəqərələrinin osteoxondrozu, L4-L5 fəqərəarası disk yırtığının cərrahi əməliyyatından sonrakı vəziyyət. Aşağı ətrafların monoplegiyası. Hərəkətin və yerişin pozulmaları. Dispensiya, həzm funksiyasının pozulması. On iki barmaq bağırsağın xorası. Qan itirmə nəticəsində yaranan ikincilik dəmir defisitli anemiya olmuşdur. Axırıncı müayinə ilə bağlı ona verilmiş xx.xx.2023-cü il tarixli məktubla bildirilir ki, ona əlillik verilməsindən imtina edilməsi göstərilmiş və qeyd edilmişdir ki, "Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir." İddiaçı bildiririr ki, onun əlilliyinin verilməsindən imtina edilməsi heç bir elmi dəlillərə istinad edilmir. Onun xəsarətlərinin bərpa edilməsi mümkün deyildir. Xəstəliyi daima həkim nəzarətində olmaqla mütəmadi müalicə olmalıdır. Belə bir vəziyyətdə əlilliyinin verilməsindən imtina edilməsi əsaslandırılmamışdır. Bu isə əlilliyinin ləğv edilməsinin əsassız olduğunu deməyə əsas verir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2022-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ona ilk dəfə 2007-ci ildə əlillik təyin edilmiş, əlilliyi fasiləsiz davam etmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının sağlamlıq durumu əlillik təyinatına əsas vermədiyinə görə təyinatdan imtina edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2007-ci il tarixili göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik. X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S30-S39 - Qarnın, arxanın aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları => S33 - Onurğa… Diaqnozun mətni: Bel fəqərələrinin osteoxondrozu L4-L5 fəqərəarası diskin sağtərəfli yırtığı cərrahi əməliyyatdan sonrakı vəziyyət…; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.12 ilə bağlı 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-ci il tarixli göndərişi əsasında baxılmış və eyni diaqnozla 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik. X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 -Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 – Onurğanın osteoxondrozu => M42.9 Onurğa…Diaqnozun mətni: Onurğanın osteoxondrozu.Bel fəqərələrinin osteoxondrozu.L4-L5 fəqərəarası diskin sağ tərəfli yırtığı cərrahi əməliyyatdan sonrakı vəziyyət.revmatizim fəal faza fəallıq İİİ dər.12 b.bağırsağın soğanağının çapıq deformasiyası,həzim funksiyasının pozulmaası.Anemiya ümumi qida toxumalarının əzilməsi. zəifliyi.Sol budun yumşaq İmtinanın əsas səbəbi: Tam reabilitasiya olması səbəbi ilə imtina olunmuşdur. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 – Döş qəfəsinin travmaları => S27 - Döş boşluğunun digər və dəqiqləşdirilməmiş orqanlarının travm…Diaqnozun mətni: Döş qəfəsinin sol yarısının hemopnevmotoraksla fəsadlaşmış dəlib keçən güllə yarasından sonrakı vəziyyət. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Döş qəfəsinin sol yarısının hemopnevmotoraksla fəsadlaşmış dəlib keçən güllə yarasından sonrakı vəziyyət və plevra qalınlaşması…;Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Döş qəfəsinin sol yarısının hemopnevmotoraksla fəsadlaşmış dəlib keçən güllə yarasından sonrakı vəziyyət. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Dö… səbəbi ilə bağlı 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik. X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 -Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 – Onurğanın osteoxondrozu => M42.9 Onurğa…Diaqnozun mətni: Onurğanın osteoxondrozu, bel fəqərələrinin osteoxondrozu.L4-L5 fəqərəarası disk yırtığının cərrahi əməliyyatından sonrakı vəziyyət.Aşağı ətrafların monoplegiyası.Hərəkətin və yerişin pozulmaları.Dispepsiya, həzm funksiyasının pozulması.Onikibarmaq bağırsağın xorası.Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya…; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Onurğanın osteoxondrozu.Bel fəqərələrinin osteoxondrozu.L4-L5 fəqərəarası disk yırtığının cərrahi əməliyyatından sonrakı vəziyyət. ilə bağlı 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Elektron təyinat əsasında xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik. X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.9 mətni: Onurğa…Diaqnozun Onurğanın osteoxondrozu, bel fəqərələrinin osteoxondrozu.L4-L5 fəqərəarası disk yırtığının cərrahi əməliyyatından sonrakı vəziyyət.Aşağı ətrafların monoplegiyası.Hərəkətin və yerişin pozulmaları.Dispepsiya, həzm funksiyasının pozulması.Onikibarmaq bağırsağın xorası.Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya…; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Onurğanın osteoxondrozu.Bel fəqərələrinin osteoxondrozu.L4-L5 fəqərəarası disk yırtığının cərrahi əməliyyatından sonrakı vəziyyət… ilə bağlı 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik. X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr…Diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Keçirilmiş onurğanın L4-L5 fəqərəarası disk yırtığının cərrahi əməliyyatla xaric edilməsindən sonrakı vəziyyət. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol bud və baldırın odlu silah yaralanmasından sonrakı çapıqları..; Diaqnoz əlillik əlaməti təyin etməməsi- Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir ilə bağlı imtina olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərarından görünür ki, İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı belindən ayaqlarına irradiasiya edən ağrılardan şikayətlənmiş, obyektiv baxış zamanı alında, sol baldırın orta 1/3-də, bel nahiyəsində (~3 sm əməliyyat) əməliyyat çapığı izlənilmiş, əlillk təyinatına əsas verən hərəki pozuntu aşkar edilməmişdir. Nevroloji statusunda ocaqlı patologiya aşkar edilməmiş, hər iki aşağı ətrafda əzələlər atrofiyasız, əzələ gücü, tonusu normal, Diz və Axil refleksi normal çağrılmış, ətraflarda iflic, parez aşkar edilməmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini ldarərtmə Birliyi" (TƏBİB) Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası xx.xx.2022-ci il tarixli 1334 nömrəli ambulator xəstənin Tibbi Vərəqində qeyd olunmuş diaqnoz "Keçirilmiş qapalı kəllə-beyin travmasının galıqları. Postravmatik ensepalopatiya.diskogen radikulopatiya.L4-L5 disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət, ifadəli kökcük ağrı sindromu ilə. Psixoorqanik sindrom. Astenonevrotik hal. Sol baldırın orta 1/3-nin qəlpə yaralanmasından sonrakı çapıqlar" kimi qeyd olunsa da, əyani müayinə zamanı öz təsdiqini tapmamış, təqdim edilmiş hərbi qərarda baş travması barədə heç bir qeydiyyat aparılmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Olilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. -surəti işə əlavə edilmiş tibbi-sosial ekspertiza alt sistemindən çıxarışlardan görünür ki, İddiaçı “Bel fəqərələrinin osteoxondrozu L4-L5 fəqərəarası diskin sağtərəfli yırtığı cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozuna əsasən xx.xx.2012-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə əlillik, eyni diaqnoza əsasən xx.xx.2014-cü il və xx.xx.2015-ci tarixlərdə 1 il müddətinə ikinci dərəcə əlillik, “Onurğanın osteoxondrozu.Bel fəqərələrinin osteoxondrozu.L4-L5 fəqərəarası disk yırtığının cərrahi əməliyyatından sonrakı vəziyyət…və.s” diaqnozuna əsasən xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş tibbi-sosial ekspertiza alt sistemindən çıxarışlardan görünür ki, İddiaçı əlilliyi ilə bağlı xx.xx.2022-ci il tarixli göndərişlərdən “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona qoyulmuş “Bel fəqərələrinin osteoxondrozu L4-L5 fəqərəarası diskin sağtərəfli yırtığı cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozuna əsasən xx.xx.2012-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə əlillik, eyni diaqnoza əsasən xx.xx.2014-cü il və xx.xx.2015-ci tarixlərdə 1 il müddətinə ikinci dərəcə əlillik, “Onurğanın osteoxondrozu.Bel fəqərələrinin osteoxondrozu.L4-L5 fəqərəarası disk yırtığının cərrahi əməliyyatından sonrakı vəziyyət…və.s” diaqnozuna əsasən xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik müddəti başa çatdığı üçün əlillik vəziyyətinə yenidən baxılmış, “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Keçirilmiş onurğanın L4-L5 fəqərəarası disk yırtığının cərrahi əməliyyatla xaric edilməsindən sonrakı vəziyyət. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol bud və baldırın odlu silah yaralanmasından sonrakı çapıqları” diaqnozu qoyulmasına baxmayaraq “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina edilmişdir. İddiaçı hazırki tələblə ona xx.xx.2022-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. -4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Belə ki, iddiaya dair cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçıya 2021-ci il tarixədək qoyulmuş diaqnozlar hər müayinə nəticəsində söz ifadəsi olaraq, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müvafiq kodları və X1 qeyd olunan kodlar baxımından eynidir. Həmçinin müəyyən edilir ki, iddiaçıya xx.xx.2022-ci il tarixədək artıq 10 ildən artıq müddətə fasiləsiz əlillik dərəcəsi təyin edildiyindən növbəti müayinə zamanı ona müddətsiz (ömürlük) təyin edilməli idi. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2362/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2362/2023
26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver