Məhkəmə qərarları › İş №2-1(114)-2363/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2363/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2363/2023 20.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı peniyanın yenidən hesablanması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiya təyin olunduqdan sonra 6 il və daha çox işləyərək xx.xx.2022-ci il tarixə toplanmış sığorta kapitalına əsasən pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçıya xx.xx.2000-ci il tarixdə xidmət illərinə görə pensiya təyin edilmişdir.

2. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müraciət edərək, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanaraq əlavə edilməsini xahiş etmişdir.

3. İddiaçının əmək pensiyası xx.xx.2022-ci il tarixdən yenidən hesablanaraq, toplanmış 23503,79 manat pensiya kapitalı nəzərə alınaraq, pensiya hissəsinin sığorta hissəsi 397,93 manat, qulluq əlavəsi 366,33 manat olmaqla, cəmi 764,26 manat məbləğində müəyyən edilmişdir.

4. İddiaçı pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli imtina cavabı ilə bildirilmişdir ki, ona xx.xx.2000-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla onun əmək pensiyası 764,26 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: 1)əmək pensiyasının sığorta hissəsi-243,30 manat; 2)qulluq stajına görə əmək pensiyanıza əlavə 520,96 manat. İddiaçı Mərkəzi Filiala əmək pensiyasının yenidən hesablanması ilə bağlı xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 23503,79 manat pensiya kapitalı eydə alınmışdır. Həmin 23503,79 manat nəzərə alınmaqla "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının 37.3.1, 29.2 və 45-ci maddələrinə, "”Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə, Azəraycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 fevral 2022-ci il tarixli müvafiq Qərarına və “Konstitusiya Məhkəməsi” haqqında Azəraycan Respublikası Qanununun 65.1, 65.3.3 və 65.3.4-cü maddələrinin tələblərinə uyğun olaraq onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanmış, nəticədə əmək pensiyasının sığorta hissəsi – 397,93 manat, qulluq stajına görə əmək pensiyasına əlavə - 366,33 manat təşkil etmişdir. Göründüyü kimi, əmək pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonra topladığı pensiya sığorta kapitalına və həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanmış, yəni sözügedən pensiya sığorta kapitalı müraciətinə əsasən istifadə olunmuşdur. Buna görə də pensiyasının tərkib hissələrinin yenidən hesablandığı tarixədək topladığı pensiya sığorta kapitalına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. X2 mövcud olan məlumatlara əsasən əmək pensiyasının yenidən hesablanmasından sonra əmək pensiyaçısı kimi işləmədiyindən əmək pensiyasının sonuncu dəfə işdən azad olunduğu tarixə topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Əmək pensiyasının müraciətdə qeyd etdiyi əsaslarla yenidən hesablanması məsələsinə yenidən işlədikdən sonra işdən azad olunduğu təqdirdə və ya 6 il işlədikdən sonra baxıla bilər. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 840,69 manat müəyyən edilmişdir. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Prezidentinin) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2023-cü il tarixindən hesablanmaqla 964,27 manat məbləğində müvafiq kart hesabına köçürülür. II. Məhkəmədə icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, sosial sığorta kartında toplanılmış pullar nəzərə alınmaqla, pensiyasının yenidən ədalətli hesablanaraq pensiyasına əlavələr edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hərbçi zabit kimi orduda xidmət illəri nəzərə alınmaqla xx.xx.2000-ci il tarixdən pensiyaya çıxmışdır. Sonrakı artımlar nəzərə alınmaqla 764,26 manat pensiya alır. O, 2020-ci ildən dəfələrlə cavabdeh orqana sosial sığorta kartında toplanılmış 23503,79 manat pulun pensiyasına əlavə hesablanmaması barədə şikayətlər etməsinə baxmayaraq, tələbi qanunsuz olaraq yerinə yetirilmir. O, axırıncı dəfə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, sosial sığorta kartında toplanılmış pullar nəzərə alınmaqla, pensiyasının yenidən ədalətli hesablanaraq pensiyasına əlavələr edilməsini xahiş etsə də, cavabdeh orqan ona xx.xx.2023-cü il tarixdə anlaşılmayan imtina vermişdir.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III.İddianın növü və mümkünlüyü

8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

9. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

10. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

11. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Qazax şəhəri rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

12. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

13. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

14. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq icraatı iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir.

15. Həmin məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını qeyd edilməsini xahiş etmiş və ərizə məhkəmənin qərardadı ilə icraata qəbul edilmişdir.

16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

17. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər.

18. Həmin məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, pensiya təyin olunduqdan sonra 6 il və daha çox işləyərək xx.xx.2022-ci il tarixə toplanmış sığorta kapitalına əsasən pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin qərardadı ilə icraata qəbul edilmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

19. İddiaçı şifahi məhkəmə baxış iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

20. Cavabdehin nümayəndəsi X3 şifahi məhkəmə baxış iclasında iddiaya yazılı etiraz təqdim edərək, etirazda göstərilənlərə istinadla iddianın rədd edilməsini xahiş etmişdir.

21. Etiraz imtina məktubunda göstərilənlərlə əsaslandırılmışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş 002577 nömrəli vəsiqə; - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

24. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya ilkin olaraq xidmət illərinə görə xx.xx.2000-ci il tarixdə pensiya təyin edilmişdir. İddiaçı həmin vaxtdan sonra əmək fəaliyyətini davam etdirmiş və fərdi şəxsi hesabında 23503,79 manat pensiya kapitalı yığmışdır. İddiaçıya güzəştli şərtlərlə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası yenidən hesablanmış, hesablamaya qədər pensiya məbləği 764,26 manat (sığorta hissəsi 243,3 manat+qulluq əlavəsi 520,96 manat) olmuş, hesablamadan sonra yenə də 764,26 manat (sığorta hissəsi 397,93 manat +qulluq əlavəsi 366,33 manat) təşkil etmişdir.

25. İddiaçının isə hüquqi marağı mahiyyət etibarı ilə ona pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2022-ci il tarixədək olan dövr üzrə toplanan sığorta kapitalı əsasında qulluq stajına əlavələrin azaldılmamaqla pensiyanın yenidən hesablanmasından ibarətdir.

26. Göründüyü kimi, hazırkı mübahisə “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2019-cu il tarixədək qüvvədə olan 29.2, 37.3.1, 45-ci maddələrinin müddəalarına müvafiq olaraq pensiyanın sığorta hissəsinin, ona pensiya təyin edildikdən sonrakı dövr üzrə fərdi şəxsi hesabında toplanan sığorta kapitalı əsasında yenidən hesablanması ilə bağlıdır.

27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyasında deyilir ki: Maddə 29.2. 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Maddə 37.3.1. Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyasçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.

28. İddiaçı hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra 6 ildən çox işlədiyindən və mövcud qanunvericilikdə hərbi qulluqçuların əmək pensiyasının sığorta hissəsinə əsasən yenidən hesablanmasına hər hansı məhdudiyyət nəzərdə tutulmadığından, iddiaçının hazırki iddia tələbi əsaslıdır və təmin olunmalıdır.

29. İşin faktiki hallarına əsasən də, iddiaçıya xx.xx.2000-ci il tarixdə pensiya təyin edilmiş, o, həmin vaxtdan sonra əmək fəaliyyətinə davam etdirmiş və fərdi şəxsi hesabında pensiya kapitalı yığmışdır.

30. Belə olan halda, iddiaçının xx.xx.2022-ci il tarixədək toplanmış pensiya kapitalına əsasən (pensiya hüququ 2017-ci il iyulun 1-dək yarandığı üçün) əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalı idi.

31. Belə ki, iddiaçının pensiya hüququ 2017-ci il iyulun 1-dək yaranmış və “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin qeyd edilən yeni redaksiyası məhz qüvvəyə mindiyi xx.xx.2019-cu ildən tətbiq oluna bilər. Həmin tarixədək iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılması qanuni hesab oluna bilməz.

32. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh orqanın qeyd edilən normalara əsasən pensiyanın yenidən hesablanmaması nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

33. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2022-ci il tarixədək olan dövr üzrə toplanan sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar