Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-237/2021 21.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “Torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 15.10.2020-ci il tarixli, **********17 nömrəli məktubundan görünür ki, aparılan araşdırma zamanı, 24 nömrəli orta məktəb tərəfindən ayrılmış bağ sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi, həmçinin faktiki torpaq sahəsinin dövlət mülkiyyətinə aid əraziyə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. İmtinanı qanunsuz hesab edən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Göygöl rayonu, Üçtəpə qəsəbəsi ərazisində yerləşən Gəncə şəhər inzibati-vahid dairəsi ərazisinə məxsus torpaq sahəsində olan 400.0 kv.m torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 avqust 2019-cu il tarixli ********** saylı ərizə ilə Göygöl rayonu, Üçtəpə qəsəbəsi ərazisində yerləşən Gəncə şəhər inzibati-vahid dairəsi ərazisinə məxsus torpaq sahəsində 400.0 kv.m torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncunun 10 sentyabr 2019-cu il tarixli, **********54 nömrəli məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı bağ sahəsinin ayrılması barədə ilkin hüquqmüəyyənedici sənədlərinin və bağ sahəsinin yerini və ölçüsünü təyin edən heç bir texniki sənədin ərizəyə əlavə edilmədiyi, həmçinin təqdim edilmiş sənədlərdə torpaq sahəsinin ölçüsünün qeyd olunmadığı müəyyən edilmişdir. Bundan başqa torpaq sahəsinə müayinə baxışı keçirilən zaman, torpaq sahəsində heç bir mərzləmə işlərinin aparılmadığı, Ərazi İdarəsinin elektron baza və xəritə məlumatlarına əsasən faktiki istifadəsində olan torpaq sahəsinə dair Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən başqa şəxsin adına torpaq sahəsinin planı və ölçüsünün işləndiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. Bundan sonra, təkrar ərizə ilə cavabdehə müraciət edərək yuxarıda qeyd olunan daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlərin surətini təqdim etməklə daşınmaz əmlak üzərində hüquqları təsdiq edən reyestrdən çıxarış sənədinin ona verilməsini xahiş etmiş, 18 sentyabr 2019-cu il tarixli ********** A-0553/02 nömrəli məktubunda cavabdeh tərəfindən qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyətinə aid əraziyə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin məhkəməyə ünvanlandığı 21.05.2021-ci il tarixli **********95 nömrəli etirazdan görünür ki, İddiaçı 3 saylı Gəncə Ərazi İdarəsinə daxil olmuş müraciəti ilə bağlı aparılmış araşdırma zamanı Göygöl rayonu, Üçtəpə qəsəbəsi ərazisində bağ sahəsinin ayrılması barədə ilkin hüquqmüəyyənedici sənədlərin və bağ sahəsinin yerini və ölçüsünü təyin edən heç bir texniki sənədin müraciətə əlavə edilmədiyi, həmçinin təqdim edilmiş sənədlərdə torpaq sahəsinin ölçüsünün qeyd olunmadığı müəyyən edilmişdir. Bundan başqa torpaq sahəsinə müayinə baxışı keçirilən zaman, vətəndaş İddiaçı iddia etdiyi torpaq sahəsinin elektron baza materiallarına əsasən dövlət mülkiyyətinə aid torpaq sahəsi olduğu müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, əvvəldə məhkəməyə müraciət etsə də, torpaq sahəsinin yerini dəqiq xatırlamadığından iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Sonradan torpaq sahəsinin yerini dəqiq xatırlamış və cavabdehə yenidən müracət etmişdir. Lakin cavabdeh həmin sahənin dövlət mülkiyyətinə aid olması əsası ilə ərizəsinin icrasından imtina etmişdir. Bundan başqa həmin torpaq sahəsində heç bir tikinti və ya mərzləmə işi aparmamış, illərdir Rusiya Federasiyasında yaşadığından torpağını sənədləşdirə bilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə dair etiraz qeydləri ilə eyni məzmunda izahat verdi və iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Dövlət X3 07 dekabr 2009-cu il tarixli № 202/3- saylı Arxiv Arayışının surəti; - İddiaçı Gəncə şəhər 24 nömrəli tam orta məktəb Həmkarlar İttifaqı komitəsinin 05 iyul 1988-ci il tarixli 15 nömrəli protokoluna əsasən bağ-bostan sahəsi almaq üçün növbə qeydiyyatına durması barədə Gəncə şəhər 24 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin 01 fevral 2019-cu il tarixli, 1 nömrəli arayışın surəti; - İddiaçı Gəncə şəhər 24 nömrəli tam orta məktəb üzrə bağ-bostan təsərrüfatının üzvü olması barədə Gəncə şəhər 24 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin 01 fevral 2019-cu il tarixli, 2 nömrəli arayışın surəti; - İddiaçı torpaq sahəsi almaq üçün növbəyə qəbul edilməsi haqqında Gəncə şəhər 24 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin 05 iyul 1988-ci il tarixli, 15 nömrəli iclas protokolundan çıxarışın surəti; - Gəncə şəhər 24 nömrəli tam orta məktəbin sabiq əmək təlimi müəllimi İddiaçı adının bağ-bostan sahəsinə uçota durmaq üçün TİAHİ-nin Gəncə şəhər Komitəsinə göndərilməsi barədə 31.01.2019-cu il tarixli arayışın surəti; - Gəncə şəhər 24 nömrəli tam orta məktəbin 09.03.1988-ci il tarixli, 09 nömrəli məktubun surəti; - Gəncə şəhəri, Kəpəz rayonu 37 nömrəli orta məktəbin Kəpəz bağ bostan birliyinin 15.03.1994-cü il tarixli 21 nömrəli məktubunun surəti; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 15.10.2020-ci il tarixli, **********17 nömrəli məktubu; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Gəncə Layihə Tədqiqat İdarəsinin mühəndisi tərəfindən tərtib edilmiş 15 aprel 2021-ci il tarixli, 73 nömrəli mütəxəssis rəyi. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Göründuyü kimi iddiaçı Göygöl rayonu, Üçtəpə kəndində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, lakin həmin torpaq sahəsinin yerləşmə yeri və koordinantları barədə hər hansı bir sənədi istər inzibati orqana, istərsə də məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan layihə sənədindən məlum olur ki, Kəpəz RXTŞ 24№-li məktəb «Kəpəz» BBB 4-2-4 qeydi ilə X4 torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Gəncə Layihə Tədqiqat İdarəsinin mühəndisi tərəfindən tərtib edilmiş 15 aprel 2021-ci il tarixli mütəxəssis rəyindən də görünür ki, ekspertiza baxışı zamanı, İddiaçı naturada təqdim etdiyi 0,05 ha torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Qeyd olunan torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları daxilində yaşayış məqsədləri üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Mübahisəli torpaq sahəsi faktiki olaraq istifadəsizdir, üzərində heç bir tikili mövcud deyildir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd qeydə alınmamışdır. 2-1(114)185/2021 saylı inzibati iş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 10.09.2019-cu il tarixli məktubundan məlum olur ki, aparılan araşdırma zamanı bağ sahəsinin ayrılması barədə ilkin hüquqmüəyyənedici sənədlərin və bağ sahəsinin yerini və ölçüsünü təyin edən heç bir texniki sənədin ərizəsinə əlavə edilmədiyi, həmçinin təqdim edilmiş sənədlərdə torpaq sahəsinin ölçüsünün qeyd olunmadığı müəyyən edilmişdir. Bundan başqa torpaq sahəsinə müayinə baxışı keçirilən zaman, torpaq sahəsində heç bir mərzləmə işlərinin aparılmadığı, Ərazi İdarəsinin elektron baza və xəritə məlumatlarına əsasən faktiki istifadəsində olan torpaq sahəsinə dair Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən başqa şəxsin (X2) adına torpaq sahəsinin planı və ölçüsünün işləndiyi müəyyən edilmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» 22.05.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, digərləri ilə yanaşı, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi iddiaçı ona verilmiş torpaq sahəsinin yerinin dəqiq müəyyən edilməsi məqsədilə plan və ölçü sənədini inzibati orqana təqdim etməmiş, faktiki olaraq göstərdiyi torpaq sahəsi isə dövlət mülkiyyəti kimi qeydə alınmışdır (əvvəl göstərdiyi torpaq sahəsi isə digər üçüncü şəxsin adına işlənmişdir). Beləliklə, hazırda mübahisə predmeti olan (iddiaçının naturada təqdim etdiyi) torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, iddiaçıya verilmiş torpaq sahəsinin isə plan-ölçü sənədi təqdim edilmədiyindən cavabdeh inzibati orqanın hüquqların dövlət qeydiyyatından imtina etməsi qanuni və əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Göygöl rayonu Üçtəpə qəsəbəsi ərazisində yerləşən Gəncə şəhər inzibati-vahid dairəsi ərazisinə məxsus 400.0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbi təmin edilməsin. İş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair 311,00 (üç yüz on bir) manat xərc İddiaçı alınaraq müxbir hesab AZ37NABZ********************, SWİFT:AİİBAZ2X xxxx MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** saylı hesaba ödənilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-237/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-237/2021
21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver