Məhkəmə qərarları › İş №2-1(114)-237/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-237/2022

10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-237/2022 10.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə Ağahüseyn qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “01.04.1978-ci il tarixdən 20.01.1981-ci il tarixədək Şəmkir rayonu Sosializim adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilərək pensiya təyin olunması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1957-ci il tarixdə Şəmkir rayonun Keçili kəndində anadan olmuşdur. İddiaçı 20.06.1975-ci ildən 01.04.1978-ci ilədək, 10.01.1980ci ildən 28.12.2000-ci ilədək əmək fəaliyyəti məşğul olmuşdur. İddiaçıya 26.04.2016-cı il tarixdə 29 saylı Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə 26.04.2021-ci il tarixədək İİ dərəcə əlillik təyin edilmişdir. Bundan sonra iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən 26.04.2016-cı il tarixdən 01.05.2021-ci il tarixədək İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün 23.07.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialına müraciət etmiş, həmin orqan tərəfindən vətəndaşın pensiya növünün dəyişdirilməsi bağlı tələb olunan sənədləri 27.07.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına (bundan sonra məntdə - cavabdeh) təqdim olunmuşdur. Cavabdeh iddiaçıya ünvanladığı 20.09.2021-ci il tarixli **********8 nömrəli məktubunda bildirmişdir ki, iddiaçının təqdim etdiyi 15.11.1994-cü il tarixdə tərtib olunmuş ИТ-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən ümumi sığorta stajı 23 il 08 ay 29 gün olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı sığorta stajına uyğun olaraq 18.091,54 manat olmaqla, qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı 31.10.2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01.04.1978-ci il tarixdən 20.01.1981-ci il tarixədək Şəmkir rayonun Sosializm adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və işlədiyi illərə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Şəmkir rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı “tələbin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək cavabdeh kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının göstərilməsini xahiş etmişdir. Məhkəmənin 17.12.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair 09.02.2022-ci il tarixli **********0 nömrəli etirazla münasibət bildirmiş və etiraz qeyd etmişdir ki, “Sosializm” adına kolxozun kolxozçularına aid şəxsi hesab kitablarında müəyyən olunmuş minimum adan günü norması barədə qeydlər yoxdur. Lakin müvafiq dövrdə Şəmkir rayonunda fəaliyyət göstərən digər kolxozlarda minimum adam günü norması 180 gün müəyyən edilmişdir. 02.07.2021-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı 1975, 1976, 1977, 1978, 1979, 1980 və 1981-ci illərdə minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin illər əmək stajı kimi hesablana bilməz. Sözügedən illər iş stajına yalnız faktiki müddət nəzərə alınmaqla daxil edilməlidir. Bunları nəzərə alaraq iddiaçı kolxozda ümumilikdə 2 il 05 ay 09 gün işləmişdir. 10.01.1980-01.01.1980-ci il tarixədək (etirazda olduğu kimi köçürülmüşdür) olan dövr arxivdə öz əksini tapdığı üçün əmək kitabçasında qeyd edilməyən dövr faktiki müddət üzrə hesablanmalıdır. Belə ki, 87:180x12=5 ay 8 gün. Vətəndaşın əmək kitabçasına əsasən ümumilikdə 23 il 08 ay 29 gün əmək stajı vardır. Beləliklə, üst-üstə düşən dövrdən biri nəzərə alındığı üçün işlədiyi ümumilikdə müddət 24 il 02 ay 7 gün təşkil edir. Beləliklə, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. İddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan: - İddiaçıya məxsus 15.11.1994-cü il tarixdə tərtib olunmuş ИТ-İ ******* nömrəli əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surətinə əsasən sonuncu 20.06.1975- 01.04.1978-ci illərdə məktəbdə (xadimə olaraq) və 10.01.1980-28.12.2000-ci illərdə Plankənd sovetliyində xidmətçi kimi əmək fəalliyyəti ilə məşğul olmuşdur. - Azərbaycan Respublikası X1 filialının 02.07.2021-ci il tarixli k-1-309 nömrəli arxiv arayışına əsasən iddiaçı 1975, 1976, 1977, 1978, 1979, 1980 və 1981-ci illərdə “Sosializm” adına kolxozda işləmişdir. -Azərbaycan Respublikası X1 filialının 29.11.2021-ci il tarixli k-1-21 nömrəli məktubuna əsasən “Sosializm” adına kolxozun əmək haqqına dair şəxsi hesab kitablarında 1975-1981-ci illər üçün, eyni zamanda kolxoza aid heç bir kitabda müəyyən edilmiş norma qeyd edilməmişdir. -Şəmkir rayonun “İnqilab” adına kolxozun arxiv sənədinin çıxarışından görünür ki, 1977-1982-ci illər üzrə minimum norma 180 gün müəyyən edilmişdir. -29 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 26.04.2016-cı il tarixdə verilmiş müayinə haqqında çıxarışdan görünür ki, iddiaçıya 26.04.2016-cı il tarixdən 26.04.2021-ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir. -cavabdehin 20.09.2021-ci il tarixli **********8 nömrəli məktubuna əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil edir. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxs: 1) Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış olsun; 2) 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. İddiaçının inzibati orqana müraciət etdiyi vaxt pensiya yaşına çatması işin mübahisəsiz halıdır (24.04.2018-ci il tarixdə 60 il 06 ay yaşına çatmışdır). İddiaçının əmək kitabçasında göstərilmiş əmək stajı arxiv arayışında qeyd edilən dövr ilə birlikdə 25 ildən çoxdur. Yəni iş materialları ilə iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcud görünür. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edilmir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Hazırkı iş üzrə inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan 20.06.1975-01.04.1978-ci və 20.01.1978-28.12.2000-ci illər üzrə 23 il 08 ay 29 gün iş stajı dövrü sosial sığorta stajına daxil edilsə də, iddiaçının 01.04.1978-20.01.1981-ci illərdə Sosializm adına kolxozda işlədiyi müddət nəzərə alınmır. X1 filialının 02.07.2021-ci il tarixli k-1-309 nömrəli arxiv arayışdan görünür ki, iddiaçı 1975-ci ildə 20, 1976-cı ildə 38, 1977-ci ildə 95, 1978-ci ildə 69, 1979-cu ildə 87, 1980-ci ildə 66, 1981-ci ildə 74 adam günü normasını yerinə yetirmişdir. İddiaçı hazırda yalnız 1978-1981-ci illər üzrə “Sosializm” adına kolxozda işlədiyi müddətin sosial sığorta stajına daxil olunmasını tələb etdiyindən məhkəmə tərəfindən yalnız həmin illər üzrə qiymət verilir. Məhkəmə əvvəl qeyd edir ki, arxiv arayışında qeyd edilən 1980 və 1981-ci illər üzrə dövr isə iddiaçının əmək kitabçasında göstərilən və inzibati orqan tərəfindən mübahisələndirilməyən əmək fəaliyyəti dövrü ilə üst-üstə düşdüyü üçün həmin müddət təkrar olaraq sosial sığorta stajına daxil edilə bilməz. Buna görə də, yalnız 1978 və 1979cu illərdəki dövr iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Lakin, iddiaçı 1978 və 1979-cu illərdə minimum əmək iştirakı norması tam ödənilməmişdir. Odur ki, bu illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçı tərəfindən təqdim olunan arxiv arayışına nəzər yetirilərkən müəyyən olunur ki, arayışda iddiaçının faktiki yerinə yetirdiyi adam günü qeyd olunsa da, kolxoz üçün həmin dövrdə müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumu norması göstərilməmişdir. Buna baxmayaraq, məhkəmə sözügedən kolxozla eyni təyinatda olan digər analoji kolxoza (İnqilab adına kolxoza) dair məlumatlar əldə edərək minimum adam günü norması müəyyən olunmuşdur (180 gün). Bu qaydada hesablama ilə iddiaçının faktiki işlədiyi müddət 1978 və 1979-cu illər üzrə (69 faktiki gün +87 faktiki gün)x 12ay/180min.norma=10 ay 12 gün təşkil edir. Beləliklə, iddiaçının cəmi kolxozda iş stajı üzrə 10 ay 12 gün hesablanmalıdır. Göründüyü kimi, iddiaçı kolxozda işlədiyi 10 ay 12 gün və cavabdeh tərəfindən mübahisələndirilməyən 23 il 08 ay 29 gün iş stajı ilə birgə, ümumilikdə 24 il 07 ay 11 gün sosial sığorta stajı toplamışdır ki, bu da tələb olunan 25 il stajdan azdır. İddiaçının 24 il 07 ay iş stajına görə hesablanan məbləğ isə ona yaşa görə əmək pensiyası təyin olunması üçün lazım olan pensiya kapitalını ödəmir. Göründüyü kimi, inzibati orqan haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin etməmişdir. Beləliklə, iddiaçı pensiya təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajını toplamadığından qanunvericiliyin tələblərinə əsasən, cavabdehin pensiya təyinatından imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “01.04.1978-ci il tarixdən 20.01.1981-ci il tarixədək Şəmkir rayonu Sosializim adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilərək pensiya təyin olunması” tələbinə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar