Məhkəmə qərarları › İş №2-1(114)-237/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-237/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-237/2024 12.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Samux rayonu Lüksemburq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 nömrəli qərarı ilə bələdiyyənin şosse yolunun kənarında yerləşən torpaq sahəsindən kommersiyasahibkarlıq üçün 30 kv.m torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır.

2. Eyni zamanda DT və XK-nin Samux rayon şöbəsi ayrılmış torpaq sahəsinin 20 bonitet balla kənd təsərrüfatına yararsız olmaqla, bələdiyyə mülkiyyətinə aid olması barədə arayış vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.

3. Həmin tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi bələdiyyənin torpaq sahəsindən həmin 30 kv.m sahibkarlıq məqsədli torpaq sahəsinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etməsi barədə rəy vermişdir.

4. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 300 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2008-ci il tarixdə 324 nömrə ilə qeydiyyata alınmışdır.

5. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və X4 kitabında xx.xx.2008-ci il tarixdə A № 075411 nömrə ilə uçota alınmışdır.

6. Samux RİH başçısının xx.xx.2008-ci il tarixli 29 nömrəli sərəncamı ilə İddiaçı Samux rayonu Lüksemburq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 nömrəli qərarı ilə aldığı 30 kv.m torpaq sahəsində müasir memarlıq üslubunda mağaza tikmək üçün icazə verilmişdir.

7. Samux rayonu Qaraağaclı kənd bələdiyyəsi xx.xx.2023-cü il tarixli 04 nömrəli məktubla Samux rayonu Lüksemburq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 nömrəli qərarı ilə verilmiş 30 kv.m torpaq sahəsinə çıxarış verilməsinə etiraz etmədiyini bildirmişdir.

8. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 30 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş xx.xx.2007-ci il tarixli 11 saylı qərar və xx.xx.2008-ci il tarixli 324 nömrəli torpaqların alğı-satqısına dair aktın Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı (örüş) əraziyə düşdüyü aşkar edilmişdir.

9. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Samux rayonu Lüksemburq (indiki Köbər) bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 nömrəli qərarı ilə Samux rayonu Lüksemburq (indiki Köbər) kəndi ərazisindən İddiaçı satılmış torpaq sahəsinə dair tərtib olunmuş A 075411 plan və ölçü sənədində göstərilən 30.0 kv.m torpaq sahəsi, torpaq islahatına dair ərazinin kompleks yerquruluşu layihəsi və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən, bələdiyyə mülkiyyətinə aid, kənd təsərrüfatı təyinatlı örüş sahəsidir. 2) İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 1586.0 kv.m torpaq sahəsi olduğu müəyyən olundu. İddiaçının adına tərtib edilmiş A № 075411 nömrəli plan və ölçü sənədində göstərilmiş 30.0 kv.m torpaq sahəsi də, iddiaçının faktiki istifadəsində olan 1586.0 kv.m torpaq sahəsinin daxilində yerləşir. II. Məhkəmədə icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Samux rayonu, Köbər (köhnə Lüksemburq) kəndində yerləşən 30 kv.m torpaq sahəsinin (A 075411 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlara uyğun) daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. Tələb onunla əsaslandırılmışdır ki, Samux rayonu Köbər (köhnə Lüksemburq) bələdiyyəsi üzvlərinin ümumi yığıncağının 26 noyabr 2007-ci il tarixli 11 saylı protokol qərarına əsasən ona 30 kv.m torpaq sahəsi satılmışdır. Daha sonra səlahiyyətli orqanlarla arasında Torpaqların alğı-satqısına dair akt bağlanmış və adına torpaq sahəsinin koordinatlarını əks etdirən Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmin vaxtdan da fasiləsiz və maneəsiz olaraq sözügedən torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Onunla birlikdə həmin ərazidə digər şəxslərə satılmış torpaq sahələrinin xeyli hissəsi öz sahiblərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu səbəbdən o da ona satılmış torpaq sahəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdeh təşkilat olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh təşkilat torpaq sahəsinin adına qeydə alınmasından imtina edilmişdir. Səbəb kimi isə Torpaqların alğı-satqısına dair aktın Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığının müəyyən edildiyi, həmçinin faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron xəritə materiallarına əsasən kənd təsərrüfatı təyinatlı (örüş) bələdiyyə mülkiyyətinə aid torpağa düşdüyünün aşkar edildiyi göstərilmişdir. Hesab edir ki, cavabdeh təşkilatın imtinası tamamilə qanunsuz və əsassızdır.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.

15. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2023-cü il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

21. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

23. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 6-cı bəndi).

24. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək tələbin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Samux rayonu Lüksemburq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 nömrəli qərarı; - 25.02.2008-ci il tarixli qəbz; - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsinin 380 nömrəli arayışı və xx.xx.2008-ci il tarixli 332 nömrəli rəyi; - Torpaqların alqı-satqısına dair xx.xx.2008-ci il tarixli 324 nömrəli akt; - xx.xx.2008-ci il tarixli A 075411 nömrəli Torpaq sahəsinin planı və ölçüsü; - Samux rayonu Lüksemburq kəndinin yerquruluşu planından çıxarış; - Samux rayonu Qarağaclı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 04 nömrəli məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-3128/2023 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 8327/2023 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

27. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Samux rayonu Lüksemburq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 nömrəli qərarı ilə bələdiyyənin şosse yolunun kənarında yerləşən torpaq sahəsindən kommersiya-sahibkarlıq üçün 30 kv.m torpaq sahəsinin İddiaçı satılması qərara alınmış, eyni zamanda DT və XK-nin Samux rayon şöbəsi ayrılmış torpaq sahəsinin 20 bonitet balla kənd təsərrüfatına yararsız olmaqla, bələdiyyə mülkiyyətinə aid olması barədə arayış vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Həmin tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi bələdiyyənin torpaq sahəsindən həmin 30 kv.m sahibkarlıq məqsədli torpaq sahəsinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etməsi barədə rəy vermişdir.

28. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 300 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2008-ci il tarixdə 324 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və X4 kitabında xx.xx.2008-ci il tarixdə A № 075411 nömrə ilə uçota alınmışdır. Samux RİH başçısının xx.xx.2008-ci il tarixli 29 nömrəli sərəncamı ilə İddiaçı Samux rayonu Lüksemburq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 nömrəli qərarı ilə aldığı 30 kv.m torpaq sahəsində müasir memarlıq üslubunda mağaza tikmək üçün icazə verilmişdir.

29. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 30 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş xx.xx.2007-ci il tarixli 11 saylı qərar və xx.xx.2008-ci il tarixli 324 nömrəli torpaqların alğı-satqısına dair aktın Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı (örüş) əraziyə düşdüyü aşkar edilmişdir.

30. Məhkəmə aşağıdakılara əsasən cavabdeh orqanın imtinasını qanuni və əsaslı hesab edir.

31. Belə ki, məhkəmə iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi 30 kv.m torpaq sahəsinin bələdiyyənin kənd təsərrüfatı təyinatlı torpağına düşüb-düşməməsinin, yəni torpaq sahəsinin təyinatının və kateqoriyasının müəyyənləşdirilməsi məqsədilə mütəxəssis rəyinin alınmasını qərara almış və tərtib edilmiş mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir.

32. Həmin rəyə əsasən müəyyən edilir ki, Samux rayonu Lüksemburq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 nömrəli qərarı ilə Samux rayonu Lüksemburq kəndi ərazisindən İddiaçı satılmış torpaq sahəsinə dair təıtib olunmuş A № 075411 plan və ölçü sənədində göstərilən 30.0 kv.m torpaq sahəsi, torpaq islahatına dair ərazinin kompleks yerquruluşu layihəsi və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən, bələdiyyə mülkiyyətinə aid, kənd təsərrüfatı təyinatlı örüş sahəsidir. İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 1586.0 kv.m torpaq sahəsinin olduğu və iddiaçının adına tərtib edilmiş A № 075411 nömrəli plan və ölçü sənədində göstərilmiş 30.0 kv.m torpaq sahəsinin də iddiaçının faktiki istifadəsində olan 1586.0 kv.m torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir.

33. Göründüyü kimi, həm torpaq islahatına dair ərazinin kompleks yerquruluşu layihəsi, həm də torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən müəyyən edilir ki, iddiaçıya kommersiya-sahibkarlıq məqsədilə satılmış 30 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətində olan örüş sahəsidir.

34. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin xx.xx.2023-cü il tarixədək olan redaksiyasına görə: Maddə 11.1. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi - torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir. Maddə 11.4. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir. Maddə 12.1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Maddə 12.3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Maddə 16.1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. Maddə 16.3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Maddə 16.4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Maddə 86.2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz.

35. Torpaq qanunvericiliyinin sadalanan normalarından göründüyü kimi, bələdiyyənin ehtiyat torpaq fondunda qalan örüş sahələri vətəndaşlatın ümumi istifadəsi üçün nəzərdə tutulmuşdur, həmin sahələrin hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməsi nəzərdə tutulmamış, əksinə həmin torpaqların alğı-satqı obyekti olmaması imperativ qaydada təsbit olunmuşdur.

36. Məhkəmə həmçinin qeyd edir ki, kənd təsərrüfatı təyinatlı torpaqlar keyfiyyətlilik baxımından yararlı, az yararlı və yararsız dərəcələrinə bölünür. Növ müxtəlifliyi – istifadə məqsədi baxımından bu kateqoriyada əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar fərqləndirilir. Digər növlərə (əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar) münasibətdə az yararlı və yararsız kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü yolverilən olduğu halda, örüş, otlaq və biçənək torpaqlarına münasibətdə qanunverici torpağın yararlılığını fərqləndirmədən belə təyinatlı torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsini qadağan etmişdir. Belə torpaqlar fiziki şəxslərə yalnız istifadəyə və icarəyə verilə bilər.

37. İddiaçıya torpaq sahəsi ayrılan zaman DT və XK-nin Samux rayon şöbəsi ayrılmış torpaq sahəsinin 20 bonitet balla kənd təsərrüfatına yararsız olması barədə arayış versə də, məhkəmə qeyd edir ki, örüş, otlaq və biçənək sahələri zamanla məhsuldarlığı və münbitliyini itirsə belə, yəni az yararlı və ya ümumiyyətlə yararsız olsa belə, bu yenə də həmin torpaqların mülkiyyətə verilməsinə əsas vermir, ona görə ki, kənd təsərrüfatı təyinatlı örüş torpağının yararlı və ya yararsız olmasının fərqləndirilməsinə zərurət yoxdur və qanunvericilik keyfiyyət dərəcəsindən asılı olmayaraq belə torpaqların mülkiyyətə verilməsini istisna etmişdir.

38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır.

39. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;

40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.

41. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə:

43. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar