Məhkəmə qərarları › İş №2-1(114)-2372/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2372/2023

23.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2372/2023 23.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının atası olan nümayəndəsi X6, cavabdehin nümayəndəsi X4, üçüncü şəxsin nümayəndəsi X9 və X1nun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Gəncə şəhəri Kəpəz bələdiyyəsi və Göygöl rayonu Quşqara bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Xanlar rayonu Quşqara bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 50 nömrəli qərarı ilə bələdiyyənin kənd daxili ərazisindən 0.40 ha ayrılıb 6 nəfər vətəndaşa, 5 nəfərin hər birinə 0.06 ha, 1 nəfərə isə 0.10 ha olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alğı-satqı ilə satılması qərara alınmışdır. Həmin qərara əlavə edilmiş siyahıda İddiaçı adına 0.06 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir.

2. xx.xx.2006-cı il tarixdə Quşqara bələdiyyəsinin, DT və XK Xanlar rayon şöbəsinin mütəxəssisinin və 6 nəfər vətəndaşın, o cümlədən İddiaçı iştirakı ilə tərtib edilmiş aktda bələdiyyənin ehtiyat fond torpaq sahəsindən həmin həyətyanı torpaq sahələrinin ayrılaraq vətəndaşlara satılması məqsədəuyğun hesab edilmişdir.

3. DT və XK-nin Xanlar (Göygöl) rayon şöbəsinin xx.xx.2006-cı il tarixli rəyinə əsasən ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi müəyyən edilmiş və ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.

4. Bələdiyyə ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixdə torpaqların alğı-satqısına dair akt bağlanmış və İddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 103.64 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (Göygöl) rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2006-cı il tarixdə 850 nömrə ilə qeydiyyata alınmışdır.

5. İddiaçı yuxarıda göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş və cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-21- 3-33/2-2255/2023 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı ərizəyə torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənəd əlavə edillmədiyi, həmçinin, faktiki torpaq sahəsinin Göygöl rayonu Quşqara bələdiyyəsinin 50 saylı qərarın əsasən ayrılmasına baxmayaraq, həmin dövrdə torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Kəpəz rayonu ərazi vahidliyinə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

6. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Göygöl (Xanlar) rayonu Quşqara Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 50 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün satılması nəzərdə tutulan, Göygöl (Xanlar) rayonu Quşqara kəndində yerləşən torpaq sahəsinin məkan göstəriciləri (koordinatları (X,Y) və dəqiq yerləşmə mövqeyi) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından aparılan araşdırma zamanı naturada təqdim olunan faktiki sahəyə istinad olunmuşdur. Naturada təqdim olunan torpaq sahəsi, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, Gəncə şəhəri Kəpəz bələdiyyəsinin elektron xəritə materiallarına istinadən, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid digər təyinatlı torpaq sahəsidir. 2) Naturada təqdim edilən həmin torpaq sahəsi ölçülərək, faktiki olaraq 0.06 ha təşkil etdiyi müəyyən olunmuşdur. 3) Elektron baza materiallarına istinadən, naturada təqdim olunan 0.06 ha torpaq sahəsinin, hər hansı subyektin mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən torpaq sahələri ilə, üst-üstə düşməsi halı aşkarlanmamışdır. 4) Həmin torpaq sahəsi üzərindən yüksək təzyiqli qaz kəməri, hava məkanından isə yüksək gərginlikli elektrik xəttinin keçmədiyi müşahidə olunmuşdur. Həmin torpaq sahəsinin, qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı öbyektlərin mühafizə zonalarına düşməsi barədə, idarəmizin elektron baza materiallarında məlumat aşkarlanmamışdır. 5) Həmin torpaq sahəsi hazırda Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış Gəncə şəhəri Kəpəz bələdiyyəsinin elektron xəritə materiallarına istinadən, Gəncə şəhəri inzibati ərazi vahidinə aiddir. 2007-ci il tarixli, Göygöl (Xanlar) rayonu Quşqara bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2007-ci il tarixli yerquruluşu sxeminə (KOD ********) əsasən sözügedən torpaq sahəsi Göygöl (Xanlar) rayonu Quşqara bələdiyyəsinin ərazisində yerləşmir. 6) Həmin torpaq sahəsi "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli 518-İVQ nömrəli Qanununa əsasən Gəncə şəhərinin ərazisinə keçən ərazi deyildir. II. Məhkəmədə icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1i ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl rayonu Quşqara bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 50 nömrəli qərarı ilə ona ünvan 1ində yerləşən 0.06 ha torpaq sahəsi verilmiş və xx.xx.2006-cı il tarixdə tərələr arasında Torpaqların alğı-satqısına dair akt bağlanmışdır. Sonradan həmin torpaq sahəsinə dair çıxarış verilmədiyi üçün cavabdeh orqana müraciət olunmuşdur. Lakin cavabdeh müraciətinə imtina verərək, qeyd etmişdir ki, həmin dövrdə torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Kəpəz rayonu ərazi vahidinə düşdüyü müəyyən edildiyi üçün ərizənin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.

12. İPM-in: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

14. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2023-cü il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

17. Məhkəmənin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərardadları ilə müvafiq olaraq Göygöl rayonu Quşqara bələdiyyəsi və Gəncə şəhəri Kəpəz bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. İddiaçının nümayəndəsi, cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi, eyni zamanda məhkəmənin dəvəti ilə rəy vermiş mütəxəssis məhkəmə iclasına gəlmiş, digər üçüncü şəxs Göygöl rayonu Quşqara bələdiyyəsinin nümayəndəsi isə məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir.

20. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

21. İddiaçının nümayəndəsi X6 şifahi məhkəmə baxış iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

22. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı ərizəyə torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənəd əlavə edilmədiyi, həmçinin, faktiki torpaq sahəsinin Göygöl rayonu Quşqara bələdiyyəsinin 50 nömrəli qərarına əsasən ayrılmasına baxmayaraq, həmin dövrdə torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Kəpəz rayonu ərazi vahidliyinə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2023-cü il tarixli **********5 nömrəli cavab məktubu ünvanlanmışdır. Hesab edirlər ki, iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri punlik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilməməlidir.

23. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, tələbin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

24. Üçüncü şəxsin nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbinə dair qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

25. X1 məhkəmə iclası zamanı sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, rəy verən zaman Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış Gəncə şəhəri Kəpəz bələdiyyəsinin elektron xəritə materialları ilə yanaşı, 2007-ci il tarixli Göygöl (Xanlar) rayonu Quşqara bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2007-ci il tarixli yerquruluşu sxemi (KOD ********) üzrə də araşdırma aparmış və müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi 2007-ci il tarixə Göygöl (Xanlar) rayonu Quşqara bələdiyyəsinin mülkiyyətində olan torpaqlara aid deyil, eyni zamanda həmin torpaq sahəsi Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli 518- İVQ nömrəli Qanunu ilə Gəncə şəhərinin ərazisinə keçən ərazi olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Xanlar rayonu Quşqara bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 50 nömrəli qərarı; Xanlar rayonu Quşqara bələdiyyəsinin ərazisindən həyətyanı torpaq sahəsi alan vətəndaşların siyahısı; - xx.xx.2006-cı il tarixli akt; - Xanlar rayonu Quşqara bələdiyyəsinin yerquruluşu planından çıxarış; - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin xx.xx.2006-cı il tarixli 1876 nömrəli rəyi və 161 nömrəli arayışı; - xx.xx.2006-cı il tarixli 850 nömrəli torpaqların alqı-satqısına dair akt; - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu; - Mütəxəssis rəyi. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə proses iştirakçılarının və mütəxəssisin izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

28. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Göygöl rayonu Quşqara bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 50 nömrəli qərarı ilə bələdiyyənin perspektiv inkişaf fondu torpağından 0.40 ha ayrılıb fərdi yaşayış evinin tikintisi üçün 6 nəfər vətəndaşa, 5 nəfərin hər birinə 0.06 ha, 1 nəfərə isə 0.10 ha olmaqla, o cümlədən İddiaçı 0.06 ha torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi və Quşqara bələdiyyəsinin nümayəndələri bələdiyyənin ehtiyat fond torpaq sahəsindən həmin həyətyanı torpaq sahələrinin ayrılaraq vətəndaşlara satılmasını məqsədəuyğun hesab etmişlər. Eyni zamanda, DT və XK-nin Xanlar (Göygöl) rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 103.64 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (Göygöl) rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2006-ci il tarixdə 850 nömrə ilə qeydiyyata alınmışdır.

29. Cavabdeh orqanın imtinası və iddiaya yazılı etirazı ilə isə müəyyən edilir ki, mübahisəli 0.06 ha torpaq sahəsi Göygöl rayonu Quşqara bələdiyyəsinin 50 saylı qərarına əsasən ayrılmasına baxmayaraq, həmin dövrdə torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Kəpəz rayonu ərazi vahidliyinə düşür.

30. Üçüncü şəxs Gəncə şəhəri Kəpəz bələdiyyəsinin nümayəndəsi X11 xx.xx.2023cü il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, “Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli 518-İVQ nömrəli Qanununa əsasən Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində dəyişiklik edilmiş və Quşqara kənd inzibati ərazi dairəsi tərkibindəki Quşqara kəndinin ərazisindən 101.94 ha (bundan dövlət mülkiyyətində olan 7.87 ha, bələdiyyə mülkiyyətində olan 1.52 ha və xüsusi mülkiyyətdə olan 92.55 ha) torpaq sahəsi Gəncə şəhəri Kəpəz rayonunun inzibati ərazisinə verilmişdir. Həmin torpaqlar hazırda Aeroport yolunun qərb tərəfində yerləşir. İddiaçıya Quşqara bələdiyyəsi tərəfindən ayrılmış 0.06 ha torpaq sahəsi də həmin Qanuna əsasən sonradan Kəpəz bələdiyyəsinin ərazisinə verilmişdir.

31. Məhkəmə iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi 0.06 ha torpaq sahəsinin ona ayrıldığı vaxt hansı rayonun inzibati ərazi vahidinə aid olmasının müəyyənləşdirilməsi məqsədilə mütəxəssis rəyinin alınmasını qərara alımış və bununla bağlı tərtib edilmiş mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəyə əsasən müəyyən edilir ki, Göygöl (Xanlar) rayonu Quşqara Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 50 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün satılması nəzərdə tutulan, Göygöl (Xanlar) rayonu Quşqara kəndində yerləşən torpaq sahəsinin məkan göstəriciləri (koordinatları (X,Y) və dəqiq yerləşmə mövqeyi) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından aparılan araşdırma zamanı naturada təqdim olunan faktiki sahəyə istinad olunmuşdur. Naturada təqdim olunan torpaq sahəsi Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış Gəncə şəhəri Kəpəz bələdiyyəsinin elektron xəritə materiallarına istinadən bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid digər təyinatlı torpaq sahəsidir. Naturada təqdim edilən həmin torpaq sahəsi ölçülərək, faktiki olaraq 0.06 ha təşkil etdiyi müəyyən olunmuşdur. Elektron baza materillarına istinadən naturada təqdim olunan 0.06 ha torpaq sahəsinin hər hansı subyektin mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən torpaq sahələri ilə üst-üstə düşməsi halı aşkarlanmamışdır. Həmin torpaq sahəsi üzərindən yüksək təzyiqli qaz kəməri, hava məkanından isə yüksək gərginlikli elektrik xəttinin keçmədiyi müşahidə olunmuşdur. Həmin torpaq sahəsinin, qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı öbyektlərin mühafizə zonalarına düşməsi barədə, idarəmizin elektron baza materiallarında məlumat aşkarlanmamışdır. Həmin torpaq sahəsi hazırda Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış Gəncə şəhəri Kəpəz bələdiyyəsinin elektron xəritə materiallarına istinadən Gəncə şəhəri inzibati ərazi vahidinə aiddir. 2007-ci il tarixli Göygöl (Xanlar) rayonu Quşqara bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2007-ci il tarixli yerquruluşu sxeminə (KOD ********) əsasən sözügedən torpaq sahəsi Göygöl (Xanlar) rayonu Quşqara bələdiyyəsinin ərazisində yerləşmir. Həmin torpaq sahəsi "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli 518-İVQ nömrəli Qanununa əsasən Gəncə şəhərinin ərazisinə keçən ərazi deyildir.

32. Göründüyü kimi, cavabdeh orqanın hüquqların qeydiyyatından imtinasının əsasını Göygöl rayonu Quşqara bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 50 saylı qərarı ilə iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsinin həmin dövrdə Gəncə şəhəri Kəpəz rayonu ərazi vahidinə düşməsi halı təşkil etmişdir ki, məhkəmə tərəfindən aparılan araşdırma zamanı həmin hal mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır (bu qərarın 6 və 31-ci bəndləri).

33. Eyni zamanda X1 məhkəmə iclası zamanı sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, rəy verən zaman Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış Gəncə şəhəri Kəpəz bələdiyyəsinin elektron xəritə materialları ilə yanaşı, 2007-ci il tarixli Göygöl (Xanlar) rayonu Quşqara bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2007-ci il tarixli yerquruluşu sxemi (KOD ********) üzrə də araşdırma aparmış və müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi 2007-ci il tarixə Göygöl (Xanlar) rayonu Quşqara bələdiyyəsinin mülkiyyətində olan torpaqlara aid deyil, eyni zamanda həmin torpaq sahəsi Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli 518- İVQ nömrəli Qanunu ilə Gəncə şəhərinin ərazisinə keçən ərazi olmamışdır.

34. Bu isə o deməkdir ki, Xanlar (indiki Göygöl) rayonu Quşqara bələdiyyəsi sözügedən 0.06 ha torpaq sahəsinə dair qərar qəbul edən zaman da o, Gəncə şəhər ərazisinə aid torpaq sahəsi olmuşdur.

35. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən (m. 8.0.1) qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, yəni etibarlı inzibati aktlar hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

36. Hazırkı halda isə Xanlar (indiki Göygöl) rayonu Quşqara bələdiyyəsi səlahiyyəti olmadığı halda, mülkiyyətində olmayan torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixli 50 saylı qərar - etibarsız inzibati akt qəbul edərək, mübahisəli 0.06 ha torpaq sahəsini iddiaçıya satmışdır.

37. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt.

38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

39. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin iddiaçıya satılmasına dair Xanlar rayonu Quşqara bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 50 nömrəli qərarı etibarsız inzibati akt olduğundan həmin qərar mübahisəli 0.06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab edilə bilməz.

40. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.

42. Cavabdeh orqanın hüquqların dövlət qeydiyyatını həyata keçirməsi üçün isə ərizəçi tərəfindən ona “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci mddəsində göstərilən əsaslardan biri təqdim edilməlidir. Xanlar rayonu Quşqara bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 50 nömrəli qərarı isə etibarsız inzibati akt olduqğundan və iddiaçı tərəfindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab edilə bilən etibarlı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən məhkəmə hesab edir ki, cavabdeh orqanın daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinası əsaslı olmuşdur.

43. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə:

45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar