Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2375/2021 01.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Samux rayon Sərkar bələdiyyəsinə (üçüncü şəxs X7) qarşı Samux rayonu Sərkar kəndi ərazisindən 0.13 ha torpaq sahəsinin satılması barədə Samux rayon Sərkar bələdiyyəsinin 28.09.2011-ci il tarixli 09 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdehlər Samux rayon Sərkar bələdiyyəsinə (bundan sonra mətndə cavabdehə) və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 Samux rayonu Sərkar kəndi ərazisindən 0.13 ha torpaq sahəsinin satılması barədə Samux rayon Sərkar bələdiyyəsinin 28.09.2011-ci il tarixli 09 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 01.12.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı «iddia tələbinin dəqiqləşdirilməsi barədə» ərizə təqdim edərək, X3 cavabdeh siyahısından çıxarılaraq üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 01.12.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Samux rayon Sərkar kənd İcra nümayəndəliyinin 1996-2000-ci illərə dair 06 nömrəli təsərrüfatbaşına kitabında mərhum atası X4 adına 465 nömrəli şəxsi hesabda 0.22 ha torpaq sahəsi, mərhum əmisi X2 adına 462 nömrəli şəxsi hesabda 0.28 ha torpaq sahəsi qeydə alınmışdır. X10 adına qeyd olunmuş 0.28 ha torpaq sahəsi ataları İbrahimdən qaldığı üçün əmisi həmin torpaq sahəsinin 0.8 ha hissəsini atası Qədir Səfxanova vermiş və atasına məxsus torpaq sahəsi 0.30 ha təşkil etmişdir. Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 saylı qərarı ilə atasının adına qeyd edilmiş torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş, lakin «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə atasının və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi səhvən 0.17 ha göstərilmişdir. Atası 24 noyabr 2012-ci ildə vəfat etmiş, vəfat edənədək 0.30 ha torpaq sahəsi onun istifadəsində olmuşdur. Lakin vəfat etməmişdən təxminən 2-3 il əvvəl atası özünün 0.30 ha torpaq sahəsinin bir hissəsini ayırıb qardaşı Fəzahir Səfxanovun istifadəsinə vermiş, cavabdeh 28 sentyabr 2011-ci il tarixli qərarı ilə atasına məxsus 0.30 ha torpaq sahəsinin 0.13 ha hissəsi bələdiyyə mülkiyyəti kimi üçüncü şəxsə satmışdır. Atası özünə məxsus Samux rayonu Sərkar kəndində yerləşən həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən yaşayış evini ona vəsiyyət etmiş, cavabdehin atasına məxsus torpaq sahəsinin 0.13 ha hissəsini qanunsuz olaraq satmışdır. Üçüncü şəxs atasının verdiyi torpaq sahəsi ilə kifayətlənməyərək hazırda torpağın digər, yəni şəhadətnamə üzrə olan 0.17 ha hissəsindən 0.12 ha hissəsini pay olaraq istəyir. Cavabdehin atasına məxsus torpağın 0.13 ha hissəsini hansı qaydada mülkiyyətinə keçirməsi ona məlum deyil. Cavabdeh öz mülkiyyətinə keçirmiş olduğu torpaq sahəsini qanunsuz olaraq satmışdır. Ona görədə göstərdiklərini nəzərə alaraq cavabdehin 28.09.2011-ci il tarixli 09 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirdi ki, mübahisələndirilən torpaq sahəsi iddiaçının atası tərəfindən zəbt edilmiş və ona pay torpağı verilən zaman 0.08 ha torpaq sahəsi zəbt edilmiş torpaq sahəsi miqdarından çıxarılaraq, bələdiyyənin 28.09.2011-ci il tarixli 09 nömrəli qərarı ilə üçüncü şəxsə satılmışdır. İddia tələbini qəbul etməyərək mümkün sayılmamasını xahiş etdi. Şifahi məhkəmə baxış iclasında üçüncü şəxs iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi üçüncü şəxsə cavabdeh tərəfindən satılmışdır. İddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, habelə iddia müddəti ötürülməmişdir. Belə ki, mübahisələndirilən qərarın iddiaçıya təqdim edilməsi iş materialları ilə müəyyən olunmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 62.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür (Qanunun 62.3-cü maddəsi). Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik hüquq sahəsində qüvvədə olan) qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlmişdir. Qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Başqa sözlə iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır. Hazırki işin araşdırılan hallarından isə görünür ki, iddiaçının hazırki tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı mübahisələndirilən qərarla üçüncü şəxsə satılmış torpaq sahəsinin mərhum atası X4 istifadəsində olan 0.30 ha torpaq sahəsinin bir hissəsi olduğunu, həmin torpaq sahəsinin Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 saylı qərarı ilə atasının adına qeyd edilərək, ailə üzvlərinin mülkiyyətinə verildiyini və torpaq sahəsinə dair sahiblik hüququna malik olduğunu bildirmişdir. Lakin iş materiallarında olan Samux rayon Sərkar bələdiyyəsinin 28.09.2011-ci il tarixli 09 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Sərkar kənd sakini X3 ərizəsi nəzərə alınaraq Sərkar bələdiyyəsinin alqı-satqı predmeti olan 0.13 ha torpaq sahəsinin ona satılması qərara alınmışdır. İş materiallarında olan Samux rayonu Sərkar bələdiyyəsinin 05.08.2021-ci il tarixli 272 nömrəli arayışından görünür ki, iddiaçının atasına pay torpağı verilərkən onun ailəsinə düşən torpaqdan 0.08 ha həyətyanı torpaq sahəsində zəbt edilmiş torpaq sahəsi miqdarından çıxarılmışdır. Göründüyü kimi sözügedən torpaq sahəsi üçüncü şəxsə satılarkən iddiaçının artıq həmin torpaq sahəsinə hər hansı bir hüququ mövcud olmamışdır. Artıq subyektiv hüquq mövcud olmadığından məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayıla bilməz. Beləliklə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: İddiaçı cavabdeh Samux rayon Sərkar bələdiyyəsinə (üçüncü şəxs X7) qarşı X6 Samux rayonu Sərkar kəndi ərazisindən 0.13 ha torpaq sahəsinin satılması barədə Samux rayon Sərkar bələdiyyəsinin 28.09.2011-ci il tarixli 09 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-2375/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2375/2021
01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver