Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2376/2024 02.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı 1.2 həcmdə artım əmsalının əmək haqqına tətbiq edilməklə yaranmış fərq məbləğinin ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı xx.xx.2002-ci il tarixdən xx.xx.2023-cü il tarixədək yalnız aylıq vəzifə maaşına tətbiq edilən 1.2 həcmdə artım əmsalının həmin dövr üzrə əmək haqqına tətbiq edilməklə, yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı 1992-ci ildən xx.xx.2023-cü il tarixədək Cavabdehndə dövlət qulluqçusu olaraq işləmişdir.
2. İddiaçı Cavabdehndə işlədiyi dövrdə aldığı əmək haqqına 1.2 həcmdə artım əmsalının düzgün tətbiq edilməməsi nəticəsində formalaşmış 25222 manat vəsaitin ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş və ona xx.xx.2024-cü il tarixli 5-44/2- 221/2024 nömrəli məktubla cavab verilmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdəki yaşayış məntəqələrində fəaliyyət göstərən dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşlarına 1.2 həcmdə yerli əmsal müəyyən edildiyi bildirilmişdir.
3. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-23/2-1320/2024 nömrəli məktubda bildirilmişdir ki, Cavabdeh 2024-cü il 1 yanvar tarixinə təsdiq edilmiş ştat cədvəlinə Azərbaycan Respublikası Maliyyə Nazirliyində baxılmışdır. İcra Hakimiyyəti başçısı aparatının təqdim edilmiş ştat cədvəlində vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilən 1.2 həcmdə əmsal vəzifə maaşlarına deyil, əmək haqqına tətbiq edilməklə müəyyənləşdirilmişdir. “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 335-İİQ nömrəli Qanununa əsasən Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdəki yaşayış məntəqələrində fəaliyyət göstərən dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşlarına 1.2 həcmdə yerli əmsal müəyyən edilir. Qeyd olunanlar nəzərə alınaraq, Cavabdeh başçısı aparatının ştat cədvəlində yerli əmsalın mövcud qanunvericiliyə uyğun olaraq aylıq vəzifə maaşlarına tətbiq edilməsi və yeni ştat cədvəlinin Maliyyə Nazirliyinə təqdim edilməsi zəruridir.
4. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-23/2-3142/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 335-İİQ nömrəli Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdəki yaşayış məntəqələrində fəaliyyət göstərən dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşlarına 1.2 həcmdə, bu yüksəklik 2000 metrdən artıq olduqda isə 1.3 həcmdə yerli əmsal müəyyən edilmişdir. Qeyd edilən ödənişlərin maliyyə təminatı üçün hər il dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulur. II. Məhkəmədə icraat
5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 2002-ci ilin sentyabr ayının 1-dən 2023-cü ilin dekabr ayının 17-dək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli Qərarına əsasən əmək haqqına əlavələrə edilən 20 faizin, yəni 30010.72 manat pulun Cavabdehndən alınıb ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildən 17 dekabr 2023-cü il tarixinə kimi fasiləsiz olaraq Cavabdeh başçısı aparatında Hüquq şöbəsinin müdiri vəzifəsində işləmişdir. 17 dekabr 2023-cü il tarixindən yaşa görə pensiyaya çıxmış, işlədiyi müddət ərzində rəhbərlik tərəfindən mükafatlandırılmışdır. Yaşadığı və işlədiyi Gədəbəy rayonu dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli Qərarının (əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsinin təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında) 10-cu bəndində qeyd edilmişdir ki, bu qərarın 3-cü və 5-ci bəndlərində göstərilən artım əmsallarının işəgötürən tərəfindən tarif (vəzifə) maşına, vaxta muzd və işə muzd əməkhaqqına, qanunvericiliklə tarif (vəzifə) maşına müəyyən edilmiş əlavələrə və "məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün əməkhaqqının əmsallaşdırılması qaydasının təsdiqlənməsi barədə" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli qərarının 1 nömrəli əlavəsinin üçüncü abzasında nəzərdə tutulan mükafatlara tətbiq edilsin. Onun Nazirlər Kabinetinin qeyd edilən qərarından 2023-cü ilin arxında xəbəri olmuşdur. Qeyd edilən qərarın icrası ilə bağlı Cavabdehnə müraciət etmiş, ona həmin təşkilatdan imtina verilmişdir, ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
7. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2002-ci il tarixdən xx.xx.2023-cü il tarixədək yalnız aylıq vəzifə maaşına tətbiq edilən 1.2 həcmdə artım əmsalının həmin dövr üzrə əmək haqqına tətbiq edilməklə, yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
10. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
11. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
12. Cavabdeh orqanın qeydiyyat ünvanı olan Gədəbəy şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
16. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh orqanın nümayəndəsi heç bir üzrlü səbəblər olmadan gəlməmiş və gəlməməsinin mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
17. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir.
18. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdur. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
19. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Cavabdeh xx.xx.2024-cü il tarixli 5-44/2-221/2024 nömrəli məktubu; - Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-23/2-1320/2024 nömrəli məktub; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-23/2-3142/2024 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
21. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı 1992-ci ildən xx.xx.2023cü il tarixədək Cavabdehndə dövlət qulluqçusu olaraq işləmişdir. Gədəbəy şəhəri dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşdiyindən İddiaçı Cavabdehndə işlədiyi dövr ərzində aldığı aylıq vəzifə maaşına 1.2 həcmdə yerli əmsal tətbiq edilmişdir.
22. Hazırda iddiaçı “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli Qərarına istinadla, Cavabdehndə işlədiyi dövrdə 1.2 həcmdə artım əmsalının düzgün tətbiq edilmədiyi iddia edir və cavabdeh orqandan tələb edir ki, 1.2 həcmdə yerli əmsal onun aylıq vəzifə maaşına deyil, əmək haqqına tətbiq edilsin və xx.xx.2002-ci il tarixdən pensiyaya çıxdığı xx.xx.2023-cü il tarixədək yaranmış fərq məbləği ona ödənilsin.
23. Bununla bağlı İddiaçı Cavabdehnə etdiyi müraciətə xx.xx.2024-cü il tarixli 5- 44/2-221/2024 nömrəli məktubla cavab verilmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdəki yaşayış məntəqələrində fəaliyyət göstərən dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşlarına 1.2 həcmdə yerli əmsal müəyyən edildiyi bildirilmişdir.
24. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə Gədəbəy şəhərinin dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşməsi ilə əlaqədar 1.2 həcmdə artım əmsalının Cavabdehndə işləyən iddiaçıya aylıq vəzifə maaşına yoxsa əmək haqqına tətbiq edilməsi ilə bağlıdır.
25. İddiaçının istinad etdiyi iddiaçı “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli Qərarı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinin icrası ilə əlaqədar qəbul edilmişdir.
26. Lakin iddiaçı Cavabdehndə Hüquq şöbəsinin müdiri olmaqla, dövlət qulluqçusu olduğundan, ona ödənilən məvacib və yerli əmsalın tətbiqi əmək qanunvericiliyi ilə deyil, “Dövlət qulluğu haqqında” Qanun və həmin Qanuna müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənməlidir.
27. Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə: Maddə 159. Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli Qərarına əsasən: Bənd 5. Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1.1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1.2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1.3 məbləğində müəyyən edilsin. Bənd 6. Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək, 1500 metrdən 2000 metrədək və 2000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı 1 və 2 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilsin. Bənd 10. Bu qərarın 3-cü, 5-ci hissələrində göstərilən artım əmsalları işəgötürən tərəfindən tarif (vəzifə) maaşına, vaxtamuzd və işəmuzd əmək haqqına, qanunvericiliklə tarif (vəzifə) maaşına müəyyən edilmiş əlavələrə və "Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli, 137 nömrəli qərarının 1 nömrəli əlavəsinin 3-cü abzasında nəzərdə tutulan mükafatlara tətbiq edilsin.
29. Həmin Qərara 1 saylı Əlavəyə əsasən Gədəbəy şəhəri Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısında verilmişdir.
30. “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əməyinin stimullaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2006-cı il tarixli 461 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əməyini stimullaşdırmaq və sosial müdafiəsini daha da gücləndirmək məqsədilə aşağıdakılar qərara alınmışdır: Bənd 1. Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarına aşağıdakı artımlar (əmsallar) tətbiq edilsin: dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşdiyinə görə -1.1; dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdə yerləşdiyinə görə - 1.2; dəniz səviyyəsindən 2000 metr və daha çox yüksəklikdə yerləşdiyinə görə - 1.3. Bənd 2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci bəndi ilə təyin edilən əməkhaqlarına artımlar (əmsallar) Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərə büdcə vəsaiti hesabına, başqa müəssisə, idarə və təşkilatlarda çalışan işçilərə isə onların öz vəsaitləri hesabına ödənilir. Bənd 5. Bu Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.
31. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 22.4. Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsal müəyyən edilir. Əmsalın müəyyən edilməsi qaydası, onun təyin edilməsi üçün əsas və onun məbləği Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Maddə 22.5. Dövlət qulluqçularının vəzifə maaşlarına Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə yerli əmsallar müəyyən edilir.
32. “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının 31 may 2002-ci il tarixli 335-İİQ nömrəli Qanuna görə: Maddə 1. Qanunun məqsədi Bu Qanun Azərbaycan Respublikasının təbii-iqlim şəraiti nəzərə alınmaqla, dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalları müəyyən edir. Maddə 2. Yerli əmsalların müəyyən edilməsi Azərbaycan Respublikasının dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdəki yaşayış məntəqələrində fəaliyyət göstərən dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşlarına 1.2 həcmdə, bu yüksəklik 2000 metrdən artıq olduqda isə 1.3 həcmində yerli əmsal müəyyən edilir. Maddə 3. Yerli əmsalların tətbiqi Dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yerli əmsallar dövlət qulluqçusunun həmin məntəqələrdə fəaliyyət göstərən dövlət orqanlarında faktiki qulluq keçdiyi dövr üçün tətbiq edilir. Maddə 4. Yerli əmsalların ödənilməsi mənbəyi Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların tətbiqi dövlət qulluqçusunun qulluq keçdiyi müvafiq dövlət orqanı üçün dövlət büdcəsində nəzərdə tutulmuş əmək haqqı fondu həddində həyata keçirilir. Maddə 5. Qanunun qüvvəyə minməsi Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
33. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi normativ hüquqi akt (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli Qərarı) Əmək Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq qəbul edilmişdir.
34. Qanunvericiliyə görə isə Əmək Məcəlləsindəki normalar yalnız dövlət qulluqçularının hüquqlarını (hazırkı halda əmək) tənzimləyən normalar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında nəzərdə tutulmadıqda tətbiq edilə bilər.
35. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə: Maddə 5.2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.
36. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 34. Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
37. Hazırkı işdə dövlət qulluqçularına Azərbaycan Respublikasının təbii-iqlim şəraiti nəzərə alınmaqla yerli əmsalların tətbiqi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu (maddə 22) və “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının 31 may 2002-ci il tarixli 335-İİQ nömrəli Qanunu ilə tənzimləndiyindən və həmin Qanunda yerli əmsalın əmək haqqına deyil, dövlət qulluqçularının vəzifə maaşlarına tətbiqi nəzərdə tutulduğundan cavabdeh orqan iddiaçının tələbini təmin etməməkdə haqlı olmuşdur.
38. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh tərəfindən İcra Hakimiyyəti başçısı aparatının 2024-cü il 1 yanvar tarixinə təsdiq edilmiş ştat cədvəlində 1.2 həcmdə əmsal işçilərin vəzifə maaşlarına deyil, əmək haqqına tətbiq edilməklə müəyyənləşdirilərək, ştata cədvəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilmiş, lakin Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-23/2-1320/2024 nömrəli məktubda bildirilmişdir ki, İcra Hakimiyyəti başçısı aparatının təqdim edilmiş ştat cədvəlində vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilən 1.2 həcmdə əmsal vəzifə maaşlarına deyil, əmək haqqına təqtbiq edilməklə müəyyənləşdirilmişdir. “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 335-İİQ nömrəli Qanununa əsasən Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdəki yaşayış məntəqələrində fəaliyyət göstərən dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşlarına 1.2 həcmdə yerli əmsal müəyyən edilir. Qeyd olunanlar nəzərə alınaraq, Cavabdeh başçısı aparatının ştat cədvəlində yerli əmsalın mövcud qanunvericiliyə uyğun olaraq aylıq vəzifə maaşlarına tətbiq edilməsi və yeni ştat cədvəlinin Maliyyə Nazirliyinə təqdim edilməsi zəruridir.
39. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır.
40. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən iddia tələbini qanunsuz və əsassız sayaraq, hesab edir ki, iddia təmin edilməməlidir.
41. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva