Məhkəmə qərarları › İş №2-1(114)-238/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-238/2022

20.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-238/2022 20.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs Goranboy bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uzun illər istifadə və sahibliklərində olan, Goranboy şəhər, Şəhriyar küçəsində yerləşən 0.42,2 hektar həyətyanı torpaq sahəsinin 0.28,2 hektar Goranboy Bələdiyyəsinin balansında çıxarıb həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçıya məhkəmə tərəfindən hüquqi yardım göstərildikdən sonra iddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə «iddianın dəqiqləşdirilməsinə dair» ərizə göndərərək, Goranboy şəhəri, Şəhriyar küçəsinə yerləşən 0.28,2 hektar həyətyanı torpaq sahəsinə dair mərhum atası X1 mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli Qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərardadı ilə Goranboy Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. 0.42,2 hektar həyətyanı torpaq sahəsi ona ata və babasından qalmış, yəni 1920-1930-cu ildən uzun illərdir ki, onların istifadə və sahibliklərindədir. Goranboy rayonunda 1999-cu ildə Aqrar İslahat aparılarkən istifadələrində olan həyətyanı torpaq sahəsinin ölçüsü 0.42,2 hektar olduğu halda 0.14 hektar göstərilmiş və həmin hissədə torpaq sahəsinə ona mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş 0.28,2 hektar həyətyanı torpaq sahəsi isə Goranboy rayon Aqrar İslahat Komissiyası və Xəritəçəkmə Komitəsi qanunsuz olaraq Goranboy şəhər Bələdiyyəsinin balansına keçirmişdir. Goranboy şəhərinin Şəhriyar (Firdovsi) küçəsində salınan yaşayış massivi 1960-cı ilə qədər salınmışdır. Həyətyanı torpaqlar əhaliyə paylanıb verilmiş və həmin yaşayış massivində bələdiyyənin mülkiyyətinə vermək üçün boş torpaq sahəsi qalmamışdır. Sovet Hakimiyyəti dövründə əhalinin həyətyanı torpaq sahələrinin evlərin sənədləşdirilməsində inventar- büro idarələri yaranana qədər Azkommunproyekt layihə idarəsi plan-layihə işlərini həyata keçirmişdir. 1983-1995ci il tarixdə Azərbaycan Respublikası Aerogedeziya və Geodeziya Kartoqrafıya müəssisəsi tərəfindən Goranboy-Gəncə zonasında yaşayış massivlərini torpaqların plana alınmasına nəzarət etmək üçün kosmosdan (havadan) aerofoto çəkilişlər aparılmışdır. Həmin foto şəkildə Goranboy şəhəri də plana alınmışdır. Mübahisələndirdiyi həyətyanı torpaq sahəsinin çəkilmiş fotoşəkili də mövcuddur. Həmin torpaq sahəsinin onların istifadələrində olma tarixi Goranboy Bələdiyyəsinin yaranma tarixindən əvvələdir. O, 23 ildir ki, bələdiyyənin balansında saxlanılan ata mülkiyyətinə hüqüq müəyyənedici sənədi əldə edə bilmir. Həmin torpaq sahəsində çoxillik meyvə ağacları, müxtəlif bitkilər, 1930-1946-cı illlərdə inşa edilmiş daş-kərpicdən 2 mərtəbəli ev, 1952-1953-cü ildə inşa edilmiş 30-32 metr uzunluğunda kərpic hasar, 1976-1988-ci illərdə inşası başa çatmamış 2 ev binası, su hovuzu, 2 dam, 1 hamam-tualet, dəmir darvaza mövcuddur. Həmin tikililər və yaşlı ağaclar kosmosdan çəkilmiş aeroşəkillərdə aydın şəkildə görünür. Sovet Hakimiyyəti illərində Goranboy şəhər Soveti əhaliyə verilən həyətyanı torpaq sahələrində nəzarət aparmaq üçün hər 3 ildən bir Təsərrüfatbaşına kitablar təzələnmiş, torpaqların zəbt edilməsi qeyri mümkün olmuşdur. O, sözügedən torpaq sahəsinə arxiv arayışı almaq üçün Goranboy rayon Dövlət Arxivinə müraciət etmış, lakin təsərrüfatbaşına kitablar olmadığına görə arayış verilməsi mümkün olmamışdır. 1999cu ildən Goranboy rayonunda aqrar islahat aparılan zamanı Sovet hakimiyyəti dövründən qalan Təsərrüfatbaşına kitablar Goranboy rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Qeyd olunanlara görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı dəqiqləşdirilmiş iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs iddiaya qarşı münasibət bildirməmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini JN-1224A (Kod ********) nömrəli şəhadətnamə, cavabdehin **********32 nömrəli, xx.xx.2021-ci il tarixli, **********26 nömrəli, xx.xx.2021-ci il tarixli və **********03 nömrəli, xx.xx.2021-ci il tarixli məktubları, Goraboy Rayon İcra Hakimiyyəti başçısının Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 222 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu, Goranboy Rayon Dövlət Arxivinin 89 nömrəli, xx.xx.2021-ci il tarixli arayışı və DƏDKR publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən hazırlanmış mütəxəssis rəyi təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən X2 verilmiş, 48 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1968-ci il tarixli pasportun torpaq sahəsinin planı üzrə eksplikasiya hissəsində torpaq sahəsinin ərazisinin 0.42.7 hektar olduğu və üzərində yaşayış evi və digər yardımçı təsərrüfat tikililəri yerləşdiyi qeyd olunmuşdur. Cavabdehin **********03 nömrəli, xx.xx.2021-ci il tarixli məkubunda qeyd olunmuşdur ki, Goranboy şəhəri, Şəhriyar küçəsində yerləşən 0.30 hektar həyətyanı torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və torpaq sahəsinə aid ilkin torpaq ayırma sənədləri arxiv materiallarında aşkar edilməmişdir. Goraboy Rayon İcra Hakimiyyəti başçısının Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 222 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, X4 xx.xx.1984-cü il tarixdə vəfat etmişdir. Ona məxsus 0.42,2 hektar torpaq sahəsi oğlu İddiaçı faktiki istifadəsindədir və 2018-2022-ci illər üçün olan 3 saylı ev təsərrüfatlarının uçotu kitabının 49 nömrəli vərəqində 0.42 hektar qeyd olunmuşdur. Goranboy Rayon Dövlət Arxivinin 89 nömrəli, xx.xx.2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, Goranboy şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayədəliyin Goranboy rayon Dövlət Arxivində mühafizə olunan 1977-1979, 1986-1990, 1991-1995, 1996-2000, 2001-2005 və 2006- 2010-cu illər üzrə Təsərrüfatbaşına kitablarda ünvan 2 ünvanda yaşamış X1 adına həyətyanı torpaq sahəsinin olması aşkar olunmamışdır. Lakin rayon Dövlət Arxivində mühafizə olunan (1980- 1982-ci illər) Təsərrüfatbaşına kitabın 28 nömrəli şəxsi hesabında (Şəhriyar küçəsi 26 nömrəli ünvan) ailə başçısı X3 olmaqla və (2006-2010-cu illər) Təsərrüfatbaşına kitabın 89 nömrəli şəxsi hesabında (Şəhriyar küçəsi 26 nömrəli ünvanda) ailə başçısı İddiaçı olmaqla təsərrüfatın şəxsi istifadəsində 0.14 hektar həyətyanı torpaq sahələri qeyd olunmuşdur. JN-1224A (Kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, İddiaçı Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 35 saylı qərarı ilə 0.14 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir. DƏDKR publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən hazırlanmış mütəxəssis rəyinindən görünür ki, Goranboy şəhəri, Şəhriyar küçəsində yerləşən 0.42 hektar torpaq sahəsi İddiaçı faktiki istifadəsindədir. Bundan Goranboy şəhər yaşayış məntəqəsinin xüsusi, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların yerquruluşu planına əsasən torpaqların mülkiyyəti hüququna dair JN-1224A saylı şəhadətnamə ilə 0.14 hektar xüsusi mülkiyyətə verilmiş, qalan 0.28 hektar həyətyanı torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqları olmaqla həyətyanı torpaq sahəsidir. İddiaçı faktiki istifadəsində olan Goranboy şəhəri, Şəhriyar küçəsində yerləşən 0.28 hektar torpaq sahəsinin koordinatları bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə düşür. Tətbiq olunan hüquq: «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamə: Bənd 1. vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı: Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ..; 2.4-cü bənd. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Yəni hər bir halda, ilkin qeydiyyat hüquq sahibinin adına aparılmalı, arayış və ya çıxarış da həmin qeydə uyğun verilməlidir. Qeyd edilən daşınmaz əmlaka dair vərəsəlik hüquqları isə daha sonra məhz həmin sənədlər əsasında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 11. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 2.3. daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ünvan 3 ünvanında yerləşən 0.28,2 hektar həyətyanı torpaq sahəsi üzərində mərhum X1 mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbə malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4.Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən 0.28,2 hektar həyətyanı torpaq sahəsi üzərində X1 mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar