Məhkəmə qərarları › İş №2-1(114)-238/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-238/2023

31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-238/2023 31.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 205 nömrəli sərəncamı ilə ayrılmış 1,0 ha və Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 69 nömrəli sərəncamı ilə Xanlar rayon heyvandarlıq sovxozunun torpaq sahəsindən ayrılmış 6,0 ha torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı "Kiçik dövlət müəssisələrinin təşkili və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1990-cı il tarixli 480 nömrəli qərarına əsasən Xanlar (indiki Göygöl) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 205 nömrəli sərəncamına əsasən qeydiyyata alınmışdır. Xanlar rayon heyvandarlıq sovxozunun yerli Aqrar İslahat Komissiyasının 8 fevral 1998-ci il tarixli 3 nömrəli iclasının protokolundan çıxarışa əsasən sovxozun torpaq sahəsindən 20 hektar (o cümlədən 6 ha əkin, 14 ha örüş) ayrılıb "Göyçə" kiçik müəssisəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmişdir. Xanlar Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1997-ci il tarixli 70 saylı sərəncamı ilə yaradılmış komissiyaya "Göyçə" kiçik müəssisəsindən daxil olmuş məktub üzrə komissiya tərəfindən təqdim olunmuş yerquruluşu sənədləri əsasında Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 69 nömrəli sərəncamı ilə Xanlar rayon heyvandarlıq sovxozunun torpaq sahəsindən 20 ha (o cümlədən 6 ha əkin, 14 ha örüş) ayrılıb "Göyçə" kiçik müəssisəsinə daimi olaraq kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmişdir. Sərəncama Xanlar rayon heyvandarlıq sovxozunun yerquruluşu planından çıxarış əlavə edilmiş, çıxarış Xanlar rayon Torpaq Şöbəsinin aparıcı mütəxəsisi İ.Q.Mustafayev və heyvandarlıq sovxozunun direktoru K.Əbdüləzimov tərəfindən müvafiq möhürlər vurulmaqla təsdiq edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Göygöl Rayon İcra Hakimiyyəti Göygöl rayon Dövlət Arxivinin İddiaçı müraciətinə 31 iyul 2020-ci il tarixdə verdiyi 14 saylı Arxiv Çıxarışından müəyyən olunur ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının 04 may 2001-ci il tarixli 56 saylı sərəncamı ilə İddiaçı kiçik müəssisəsinə Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 69 nömrəli sərəncamı ilə verilmiş 20 ha torpaq sahəsindən 6 ha əkin sahəsi saxlanılmaqla 14 ha örüş sahəsi geri qaytarılıb Xanlar Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Qeyd olunan 6 ha əkin torpaq sahəsi üzərində müəssisənin hüquqlarının qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqan Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Müraciəti ilə əlaqədar həmin inzibati orqan Göygöl rayon İcra Hakimiyyətinə sorğu göndərərək Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 69 nömrəli sərəncamı ilə ayrılmış 20.0 ha torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi ilə bağlı texniki sənədlərin, sərəncamın verilməsinə əsas olmuş sənədlərin Ərazi İdarəsinə göndəriməsini, həmçinin həmin torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasına münasibət bildirilməsini xahiş etmişdir. Müraciətlə əlaqədar olaraq Göygöl Rayon İcra Hakimiyyəti lazımi sənədləri təqdim edərək, sərəncam əsasında verilmiş 6.0 ha əkin sahəsi üzərində İddiaçı çoxsahəli xüsusikiçik müəssisəsinin hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasına digər hüquqi və fiziki şəxslərin mənafeyinə toxunmadığı halda, etiraz etmədiklərini bildirmişdir. Lakin buna baxmayaraq cavabdeh orqan 31 avqust 2022-ci il tarixli cavab məktubu ilə əsassız olaraq müəssisənin hüquqlarını Dövlət reyestrində qeydiyyata almaqdan imtina etmişdir. Bundan başqa "Kiçik dövlət müəssisələrinin təşkili və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1990-cı il tarixli 480 nömrəli qərarına əsasən Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 205nömrəli sərəncamına əsasən İddiaçı qeydiyyata alınmış və həmin sərəncamla müəssisənin tikintisi ilə əlaqədar olaraq heyvandarlıq sovxozunun torpaq sahəsindən 1 ha torpaq sahəsinin ayrılıb yerində təhvil verilməsi (Torpaq ayırma sənədləri əlavə olunur) rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti üzrə şöbəsinin müdiri E.M.Məmmədova tapşırılmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Rayon Dövlət Arxivinin İddiaçı müraciətinə 06 iyul 2022-ci il tarixdə verdiyi 38 saylı Arxiv Çıxarışı ilə qeyd olunan sərəncamın arxivdə saxlanıldığı müəyyən olunur. Torpaq sahəsi müəssisəyə ayrılandan və Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti üzrə şöbəsinin müdiri E.M.Məmmədov tərəfindən yerində ölçülərək təhvil veriləndən dərhal sonra üzərində tikililər inşa olunmuş, artezian qazılmış, elektrik çəkilmiş və müəəssisə həmin ünvanda fəaliyyətə başlamışdır. Bu günkü tarixədək həmin torpaq sahəsi müəssisənin sahiblik və istifadəsindədir. Qeyd olunan 1 ha torpaq sahəsi üzərində müəssisənin hüquqlarının qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Müraciəti ilə əlaqədar həmin inzibati orqan Göygöl Rayon İcra Hakimiyyətinə sorğu göndərərək Xanlar Rayon İcra Hakimiyyəti başçısının 11 may 1992-ci il tarixli 205 nömrəli sərəncamı ilə ayrılmış 1.0 ha torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi ilə bağlı texniki sənədlərin, sərəncamın verilməsinə əsas olmuş sənədlərin Ərazi İdarəsinə göndəriməsini, həmçinin həmin torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasına münasibət bildirilməsini xahiş etmişdir. Müraciətlə əlaqədar olaraq Göygöl Rayon İcra Hakimiyyəti cavab məktubunda bildirmişdir ki, Göygöl rayon Dövlət Arxivinin verdiyi məlumata əsasən qeyd olunan sərəncamın verilməsi üçün əsas olmuş sənədlər və torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi ilə bağlı texniki sənədlər mövcud deyildir və arxivdə ancaq sərəncam vardır. İddiaçı qeyd olunan sərəncam əsasında verilmiş 1.0 ha əkin sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasına digər hüquqi və fiziki şəxslərin mənafeyinə toxunmadığı halda etiraz edilmir. Lakin buna baxmayaraq inzibati orqan 31 avqust 2022-ci il tarixli cavab məktubu ilə torpaq sahəsinin sənəd üzrə yerini və ölçülərini göstərən yerquruluşu palınının təqdim edilməməsi əsası ilə müəssisənin 1.0 ha torpaq sahəsi üzərində hüquqlarını Dövlət reyestrində qeydiyyata almaqdan imtina etmişdir. Halbuki torpaqayırma sənədlərinin İcra Hakimiyyətində, yaxud arxivdə saxlanmaması müəssisənin təqsiri deyildir. xx.xx.1992-ci il tarixli 205 nömrəli sərəncamda müəssisəyə verilən 1 ha torpaq sahəsinin torpaqayırma sənədlərinin əlavə olunduğu xüsusi qeyd edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 69 nömrəli sərəncamı ilə Xanlar rayon heyvandarlıq sovxozunun torpaq sahəsindən ayrılmış 6,0 ha torpaq sahəsi üzərində İddiaçı istifadə hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dəyişdirilmişdir. İddiaçı nümayəndəsi X2 və vəkili X3 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********06 nömrəli etirazda bildirilmişdir ki, aparılan araşdırma zamanı Göygöl rayonu ərazisində yerləşən 6.0 və 1.0 ha torpaq sahələrinin sənəd üzrə yerini və ölçülərini göstərən yerquruluşu planının müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir. Həmçinin iddiaçının ərizələrinə əlavə edilmiş Xanlar Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 69 nömrəli və xx.xx.1998-ci il tarixli, 205 nömrəli sərəncamlarının "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən torpaq sahələri üzərində istifadə hüququnun qeydiyyata alınması üçün əsas hesab edilmir. Həmçinin, torpağın naturada müəyyən edilməsi ilə bağlı torpaq sahəsinin yerini və ölçülərini ölçülərini göstərən texniki sənədlər müraciətə əlavə edilməmişdir. Təqdim olunmuş sənədlərin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı Xanlar Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 69 nömrəli Sərəncamının 2-ci bəndində "ayrılmış torpaq sahəsinə dair müvafiq qərar qəbul etməklə Dövlət Xəritəçəkmə Komitəsindən xahiş edilməsi" və 3-cü bəndində "tapşırılsın rayon Torpaq şöbəsinə ayrılmış torpaq sahəsinin yerində ölçüb təhvil verilməsi" nin nəticələri bağlı hər hansı bir sənəd aşkar olunmamışdır. Xanlar Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 69 nömrəli Sərəncamı ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətinə sorğu yazılmış, sorğuya verilmiş xx.xx.2022-ci il tarixli, 11/533 nömrəli cavab məktubunda həmin Sərəncamın verilməsinə əsas olmuş sənədlərin, eləcə də texniki sənədlərin mövcud olmaması qeyd olunmuşdur. Göygöl Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 53 nömrəli məktubunda da Xanlar Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 69 nömrəli Sərəncamına əsas olmuş sənədlər, eləcə də texniki sənədlərin sərəncama əlavə edilmədiyi və arxivdə olmadığı bildirilmişdir. Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 69 nömrəli və xx.xx.1998-ci il tarixli, 205 nömrəli Sərəncamı ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətinə sorğu yazılmış, sorğuya verilmiş 11/534 nömrəli cavab məktubunda texniki sənədlərin mövcud olmaması, yalnız Sərəncamın əslinin olduğu bildirilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********76 nömrəli cavab məktubu ünvanlanmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 205 nömrəli sərəncamından çıxarışdan görünür ki, İddiaçı dövlət qeydiyyatına alınması və müəssisənin tikintisi ilə əlaqədar heyvandarlıq sovxozunun torpaq sahəsindən 1 hektar ayrılıb yerində təhvil verilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş Xanlar rayon heyvandarlıq sovxozunun yerli Aqrar İslahat Komissiyasının 08 fevral 1998-ci il tarixli 3 nömrəli iclasının protokolundan çıxarışdan görünür ki, sovxozun torpaq sahəsindən 20 hektar (o cümlədən 6 ha əkin, 14 ha örüş) ayrılıb İddiaçı kiçik müəssisəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 69 nömrəli sərəncamından görünür ki, Xanlar rayon heyvandarlıq sovxozunun torpaq sahəsindən 20 hektar (o cümlədən 6 ha əkin, 14 ha örüş) ayrılıb "Göyçə" kiçik müəssisəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilməsi qərara alınmışdır. surəti işə əlavə edilmiş Göygöl Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 14 nömrəli məktubundan görünür ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 56 nömrəli sərəncamı ilə İddiaçı kiçik müəssisəsinə Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 69 nömrəli sərəncamı ilə verilmiş 20 ha torpaq sahəsindən 6 ha əkin sahəsi saxlanılmaqla 14 ha örüş sahəsi geri qaytarılıb Xanlar bələdiyyəsinin mülkiyyətinə verilmişdir. -surəti işə əlavə edilmiş Göygöl rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 52 nömrəli məktubundan görünür ki, İddiaçınə 1.0 ha torpaq sahəsinin ayrılmasına dair Xanlar Rayon İcra Hakimiyyəti başçısının 11 may 1992-ci il tarixli 205 saylı sərəncamına əsas olmuş sənədlər, eləcə də texniki sənədlər sərəncama əlavə edilməmişdir və arxivdə yoxdur. -surəti işə əlavə edilmiş Göygöl Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 11/533 nömrəli məktubundan görünür ki, Göygöl (keçmiş Xanlar) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 69 nömrəli sərəncamı ilə keçmiş heyvandarlıq sovxozunun torpaq sahəsindən 20,0 ha (o cümlədən 6,0 ha əkin, 14,0 ha örüş) ayrılıb "Göyçə" çoxsahəli kiçik müəssisəsinə daimi olaraq kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş, Göygöl (keçmiş Xanlar) Rayon İcra Hakimiyyəti başçısının 04 may 2001-ci il tarixli, 56 saylı sərəncamı ilə Heyvandarlıq sovxozunun ərazisindən ayrılıb fiziki və hüquqi səxslərə verilmiş örüş sahələri "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü, 7-ci maddəsinə, Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsaslanaraq və heyvandarlıq sovxozunun X5 Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 saylı qərarını əldə rəhbər tutaraq 6,0 hektar əkin sahəsi müəssisədə saxlanılmaqla 14,0 hektar örüş sahəsi geri qaytarılaraq Göygöl (keçmiş Xanlar) bələdiyyəsinin mülkiyyətinə verilmişdir, Göygöl Rayon Dövlət Arxivinin verdiyi məlumatda qeyd olunan sərəncamın verilməsi üçün əsas olmuş sənədlər və torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi ilə bağlı texniki sənədlər mövcud deyildir, hazırda Göygöl Rayon Dövlət Arxivində ancaq sərəncam vardır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********76 nömrəli məktubundan görünür ki, iddiaçının təqdim etdiyi sənədlərdə olan çatışmazlıqlara görə torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********05 nömrəli məktubundan görünür ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli sərəncamı əsasında İddiaçınə ayrılmış 1 ha torpaq sahəsinin yerləşmə yeri, planı və koordinatlarını müəyyən edən sənədlər idarəini arxiv qovluğunda aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 205 nömrəli sərəncamı ilə İddiaçı dövlət qeydiyyatına alınmış və Xanlar rayon heyvandarlıq sovxozunun yerli Aqrar İslahat Komissiyasının 08 fevral 1998-ci il tarixli 3 nömrəli iclasının protokoluna, eləcə də Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 69 nömrəli sərəncamına əsasən sovxozun torpaq sahəsindən 6 ha əkin sahəsi ayrılıb İddiaçı kiçik müəssisəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilməsi qərara alınmışdır. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi Xanlar Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə iddiaçının istifadəsinə verilmişdir və sonuncu tərəfindən həmin torpaq sahəsi təyinatı üzrə istifadə edilir. Cavabdehin imtinasının əsası kimi sözügedən torpağın naturada müəyyən edilməsi ilə bağlı torpaq sahəsinin yerini və ölçülərini ölçülərini göstərən texniki sənədlərin müraciətə əlavə edilməməsi, təqdim olunmuş sənədlərin Ərazi İdarəsinə təhvil verilməməsi və arxivdə olmaması, eləcə də Xanlar Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 205 nömrəli sərəncamının "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən torpaq sahələri üzərində istifadə hüququnun qeydiyyata alınması üçün əsas hesab edilməməsi qeyd olunmuşdur. Lakin işə əlavə edilmiş Xanlar rayon heyvandarlıq sovxozunun yerquruluşu planından çıxarışın surətindən görünür ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 69 nömrəli sərəncamına əsasən sovxozun torpaq sahəsindən 6 ha əkin, 14 ha örüş, cəmi 20 ha sahənin koordinatları və miqyası əks olunmuşdur. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin formal əsasla imtina etməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun prinsiplərinə ziddir. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Odur ki, sözügedən torpaq sahəsi üzərində iddiaçının istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 69 nömrəli sərəncamı ilə Xanlar rayon heyvandarlıq sovxozunun torpaq sahəsindən ayrılmış 6,0 ha torpaq sahəsi üzərində İddiaçı istifadə hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar