Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2387/2025 25.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Göygöl rayon Göygöl Bələdiyyəsi) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Göygöl rayon Göygöl Bələdiyyəsi) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:
1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-13351/2024 nömrəli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş”ə əsasən, aparılan araşdırma zamanı torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına (DWG) əsasən kənd təsərrüfatı təyinatlı bələdiyyənin ehtiyat fondu (BEF) əkin torpaqlarına düşdüyü aşkar edilmiş, bu səbəbdən ərizənin icrası mümkün olmamışdır; - 133080000 nömrəli hesab nömrəsinin əks olunduğu qəbzə əsasən, X7 tərəfindən Xanlar Bələdiyyəsinin hesabına “Kapital Bank”ın Xanlar rayon Filialına 520 manat torpaq alqı-satqısı təyinatı məqsədi ilə ödənilmişdir; - Göygöl rayon Göygöl Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 35 nömrəli arayışa əsasən, İddiaçı Hüseyn Arif küçəsi, 27 saylı ünvanda yerləşən 0.12 torpaq sahəsi onun istifadəsindədir.
2. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Göygöl Rayon İcra Hakimiyyəti Göygöl rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - Azərbaycan Respublikası Xanlar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 114a nömrəli qərara əsasən, Xanlar Bələdiyyəsinin perspektiv inkişaf fond torpaq sahəsindən cəmi 0.42 ha ayrılıb İddiaçı 0.12 ha fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqısatqı yolu ilə satılması qərara alınmışdır; - xx.xx.2007-ci il tarixli DT və XK-nin Xanlar rayon şöbəsinin mütəxəssisi, Xanlar Bələdiyyəsinin üzvü və mülkiyyətçilər tərəfindən imzalanmış akta əsasən, yaradılmış komissiya yerinə baxış keçirərək Xanlar Bələdiyyəsinin perspektiv inkişaf fond torpaq sahəsindən 0.42 ha hektar ayrılıb İddiaçı 0.12 ha olmaqla fərdi yaşayış evinin tikinti üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılmasını məqsədə uyğun hesab edilmişdir; - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Xanlar rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 287 nömrəli rəyə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin bildirmişdir ki, İddiaçı 0.12 ha satılması nəzərdə tutulan torpaq sahəsi Xanlar Bələdiyyəsinin mülkiyyətinə aiddir. Satılması nəzərdə tutulan torpaq sahəsi PİF olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Həmin torpaq sahəsi Xanlar rayonunun (şəhərinin) zona bölgüsündə 1-ci zonaya aiddir; - Xanlar rayon Xanlar şəhər Bələdiyyəsinin yerquruluşu planında çıxarış (Miqyas 1:10 000) Xanlar şəhər Bələdiyyəsinin sədri tərəfindən imzalanaraq möhürlənmişdir; - Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin aparıcı mütəxəssisi və Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin mütəxəssisi tərəfindən imzalanaraq möhürlənən 103 nömrəli arayışa əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 158 nömrəli Qərarına müvafiq olaraq Xanlar rayonu Xanlar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 114a saylı qərarı ilə İddiaçı 0.12 ha olmaqla fərdi yaşayış evinin tikinti üçün həyətyanı torpaq sahəsinin alqı-satqı qaydasında satılması nəzərdə tutulmuşdur. Torpaq sahəsi Gəncə-Qazax zonasına aiddir. Həmin torpaq sahəsi 1-ci keyfiyyət qrupu PİF-ə aiddir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla ilk dəfə satılır; - xx.xx.2007-ci il tarixli, 1258 nömrəli “torpaqların alqı-satqısına dair akt”a əsasən, Xanlar şəhəri ərazisində yaşayan İddiaçı Xanlar Bələdiyyəsinə xx.xx.2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmiş, bələdiyyə orqanının iclasında baxılmış və Xanlar Bələdiyyəsi ərazisində 0.12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli, 114a nömrəli qərar qəbul edilmişdir. Bu müqavilədə İddiaçı tərəfindən Xanlar rayon “Kapital” Bankının ********* hesabına əvvəlcədən 520.0 manat ödənilmişdir. (qəbz № 3)
3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2- 1045/2025 nömrəli “sənədlərin məhkəməyə göndərilməsi barədə” məktuba qoşma şəklində əlavə edilmiş xx.xx.2013-cü il tarixli, 724 uçot nömrəli (A 445152) “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən, Xanlar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 127 saylı qərarı ilə X3 Göygöl şəhəri ərazisindən 600 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün verilmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2- 10250/2025 nömrəli “mütəxəssis rəyinin təqdim edilməsi barədə” məktuba qoşma şəklində əlavə edilmiş mütəxəssis rəyinə əsasən: 1-ci suala cavab: Daxil olmuş iş materiallarında, Göygöl şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 114a nömrəli qərarı əsasında İddiaçı satılmış torpaq sahəsinin naturada yerləşmə vəziyyəti (konfiqurasiyası və koordinatları) əks olunmuş plan və ölçü sənədi aşkarlanmadığından, qərardad suallarının cavablandırılması mümkün deyildir. Bu səbəbdən də, tərəflərindən aparılan araşdırma zamanı, naturada təqdin olunan torpaq sahəsinə və İddiaçı Göygöl şəhərində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 3 saylı Gəncə Ərazi İdarəsinə xx.xx.2025-ci il tarixli müraciət ərizəsinə qoşma edilmiş sənədlərə dair arxiv qovluğunda mövcud olan, 0.12 ha torpaq sahəsinə dair Göygöl Bələdiyyəsinin sədri tərəfindən təsdiqlənmiş, yerquruluşu planında göstərilən korrdinatlara istinad olunmuşdur. Yerquruluşu planında göstərilən 0.12 ha torpaq sahəsinin yerləşdiyi ərazi torpaq islahatı əsasında tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsində bələdiyyə mülkiyyətində olan ehtiyyat fond torpaqları kateqoriyasına (BEF) aid sahə olaraq göstərilmiş, məqsədli istifadə təyinatı barədə məlumat qeyd olunmamışdır. Həmin ərazi Göygöl şəhəri Göygöl bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların 2009-cu il tarixli yerquruluşu planında bələdiyyə mülkiyyətində olan ehtiyat fond torpaqları kateqoriyasına aid kənd təsərrüfatı (əkin) məqsədləri üçün nəzərdə tutulan sahə olaraq göstərilmişdir. Həmin ərazi torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaqlar altında olan sahə olaraq göstərilmiş, islahat uqodiyası (təsərrüfat yeri) əkin olaraq qeyd edilmişdir; 2-ci suala cavab: İddiaçının naturada təqdim etdiyi torpaq sahəsinin ölçüsü 0.12 ha təşkil edir. Həmin torpaq sahəsilə yerquruluşu planında göstərilən torpaq sahəsi eynilik təşkil edir; 3-cü suala cavab: Əraziyə keçirilən baxış zamanı, naturada təqdim olunan torpaq sahəsi üzərində tikili mövcud deyildir; 4-cü suala cavab: Sözügedən torpaq sahəsinin mühafizə və qorunma zonalarında yerləşməsi halı aşkarlanmadı; 5-ci suala cavab: Sözügedən torpaq sahəsinin, başqa şəxslərin hüquqlarını təsdiq edən sənədlərdə göstərilən torpaq sahələrilə üst-üstə düşməsi halı aşkarlanmadı; 6-cı sauala cavab: Rəy hazırlanarkən torpaq islahatı əsasında tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə, Göygöl şəhəri Göygöl bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların 2009-cu il tarixli yerquruluşu planına, torpaqların elektron kadastr uçotu informasiya sisteminə və hüquqmüəyyənədici sənədlərdə göstərilən torpaq sahələrinin öz əksini tapdığı elektron kadastr məlumat bazasına istinad olunmuşdur.
5. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 114a saylı qərarı ilə ona satılmış və hazırda Göygöl şəhəri, Hüseyn Arif küçəsi ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir.
6. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 114a saylı qərarı ilə Göygöl Bələdiyyəsinin perspektiv inkişaf fond torpağından fərdi yaşayış evi tikmək üçün 0.42 ha torpaq sahəsi ayrılaraq 5 nəfər şəxsə satılmış, həmin qərarla ona 0.12 ha həyətyanı torpaq sahəsi verilmiş, qeyd olunan torpaq sahəsi hazırda ünvan 2 ünvanında yerləşir. İddiaçı qeyd edir ki, torpaq sahəsi 17 ildir fasiləsiz olaraq onun sahibliyində və istifadəsindədir. Bələdiyyənin qərarı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü çəkilmiş, bütün sənədləri tam olaraq qanunidir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir.
7. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Göygöl rayon Göygöl Bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
8. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına (DWG) əsasn kənd təsərrüfatı təyinatlı bələdiyyənin ehtiyat fondu (BEF) əkin torpaqlarına düşdüyü, həmçinin iddia olunan (faktiki) torpaq sahəsinin bir hissəsinin X2 adına keçmiş DT və XK tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli, A 445152, **********1195 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.
9. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsində qeyd edilənlərə oxşar izahat vermiş, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilən etiraza uyğun izahat vermiş, təmsil etdiyi inzibati orqanın mövqeyinin hüquqi cəhətdən əsaslı olduğunu və bu səbəbdən də iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Göygöl Rayon İcra Hakimiyyəti Göygöl rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-1045/2025 nömrəli “sənədlərin məhkəməyə göndərilməsi barədə” məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-10250/2025 nömrəli “mütəxəssis rəyinin təqdim edilməsi barədə” məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər.
Əsaslandırma hissəsi:
12. İddia mümkün iddiadır. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.
13. İddiaçılar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır.
14. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.
15. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Azərbaycan Respublikası Xanlar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 114a nömrəli qərarı ilə Xanlar Bələdiyyəsinin perspektiv inkişaf fond torpağından İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha həyətyanı torpaq sahəsinın ayrılması nəzərdə tutulmuşdur. Eyni zamanda DT və XK-nin Xanlar rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, satılması nəzərdə tutulan torpaq sahəsi PİF olmaqla həmin məqsəd üçün satılmasının qanunamüvafiqliyi, həmin torpaq sahəsi Xanlar rayonunun (şəhərinin) zona bölgüsündə İ zonaya aid olması barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 520 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Xanlar rayon torpaq şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2007-ci il tarixdə 1258 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda, DT və XK-nın Xanlar rayon şöbəsinin mütəxəssisi, Xanlar Bələdiyyəsinin üzvü və mülkiyyətçilər iddiaçıya ayrılmış torpaq sahəsinə yerinə baxış keçirmiş və baxış zamanı Xanlar Bələdiyyəsinin şəhərdaxili ərazisindəki perspektiv inkişaf fond torpağından 0.42 ha ayrılıb 5 nəfər vətəndaşın 3 nəfərinə 0.06 ha, 2 nəfərinə 0.12 ha olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılmasını məqsədə uyğun hesab edilmişdir.
16. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına (DWG) əsasən kənd təsərrüfatı təyinatlı bələdiyyənin ehtiyat fondu (BEF) əkin torpaqlarına düşür.
17. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış, torpaqların alğı-satqısına dair akt, DT və XK Xanlar rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 287 nömrəli rəyi ilə də təsdiq edilir.
18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
20. Mübahisəli torpaq sahəsi iddiaçıya Xanlar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 114a saylı qərarı və Torpaqların alğı-satqısına dair xx.xx.2007-ci il tarixli akta satılmış və həmin torpaq sahəsinin iddiaçıya həyətyanı məqsəd ilə satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin rəyi ilə də etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi Xanlar Bələdiyyəsinin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır.
21. Cavabdeh orqanın iddiaya qarşı dəlillərindən biri ondan ibarət olmuşdur ki, torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına (DWG) əsasən kənd təsərrüfatı təyinatlı bələdiyyənin ehtiyat fondu (BEF) əkin torpaqlarına düşür.
22. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.
23. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Göygöl Bələdiyyəsinin 19 oktyabr 2007ci il tarixli, 114a saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün Göygöl şəhərində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasında ibarətdir.
24. İlk öncə qeyd edək ki, müvafiq mütəxəssis rəyində qərardadda göstərilən 1-ci sual üzrə verilmiş cavabda həmin ərazinin torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaqlar altında olan sahə olaraq göstərildiyi, islahat uqodiyası (təsərrüfat yeri) əkin olaraq qeyd edildiyi göstərilmişdir.
25. Cavabde hesab edir ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi məqsədi üçün satılmış torpaq sahəsi kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi olduğundan həmin torpaq xüsusi mülkiyyətə verilə bilməz.
26. Qeyd edilən mövqeylə razılaşmayan məhkəmə bildirir ki, iş materialında olan iddiaçıya torpaq sahəsinin satılması barədə qərar qəbul edilərkən həmin torpaqların təyinatını, islahat uqodiyası (təsərrüfat yeri) barədə müvafiq ixtisaslaşdırılmış dövlət orqanı olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 287 nömrəli rəyinə əsasən iddiaçıya satılması nəzərdə tutulan 0,12 ha torpaq sahəsi Xanlar Bələdiyyəsinin mülkiyyətinə aid olması, satılması nəzərdə tutulan torpaq sahəsinin PİF olmaqla həmin məqsəd üçün satılması məqsədəmüvafiq olması qeyd edilmişdir.
27. Qeyd etmək hazımdır ki, sözügedən rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin rəy verilən zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
28. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
29. Yuxarıda da qeyd edildiyi kimi hazırki iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Xanlar rayon şöbəsi tərəfindən verilmişdir.
30. İşdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçıya satılması barədə iddiaçı ilə bələdiyyə arasında bağlanmış 05 noyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsi, müqavilənin rayon torpaq şöbəsində qeydə alınması barədə məlumat, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, kənd daxili olmaqla satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planı mövcud olmuşdur.
31. Odur ki, 2007-ci ildə torpaq sahəsinin satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin əkin sahəsi olması barədə verilən mütəxəssis rəyi əsaslı hesab edilə bilməz.
32. Məhkəmə əlavə olaraq bildirir ki, fərmanda sadəcə olaraq torpaq sahə ilə bağlı rəy verən orqanların adı dəyişdirilmişdir. Həmin fərmanda, eləcə də başqa bir normativ hüquqi aktda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları tərəfindən verilmiş rəylərin etibarsızlığı və ləğv edilməli olması ilə bağlı müddəa mövcud deyildir. Odur ki, iddiaçının mübahisə edilən torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edilməsi üçün zəruri sənədlərə (torpaqların alqı-satqısına dair akt, mübahisəli torpaq sahəsinin yerləşdiyi yerə uyğun yerquruluşu haqqında plan, həmçinin torpaq sahəsinin satılmağa uyğunluğu barədə səlahiyyətli orqanın rəyi) malik olduğundan onun tələbi əsaslıdır.
33. Cavabdeh orqanın iddiaya qarşı digər bir dəlili ondan ibarət olmuşdur ki, mübahisəli torpaq sahəsi başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşür.
34. İddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi 0.12 ha torpaq sahəsinin mülkiyyət növünün, digər şəxslərin mülkiyyətində olan torpaq sahələr ilə üst-üstə düşübdüşməməsinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyi təyin edilmiş və əldə edilmiş rəydə qeyd edilmişdir ki, daxil olmuş iş materiallarında, Göygöl şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 114a nömrəli qərarı əsasında İddiaçı satılmış torpaq sahəsinin naturada yerləşmə vəziyyəti (konfiqurasiyası və koordinatları) əks olunmuş plan və ölçü sənədi aşkarlanmadığından, qərardad suallarının cavablandırılması mümkün deyildir. Bu səbəbdən də, tərəflərindən aparılan araşdırma zamanı, naturada təqdin olunan torpaq sahəsinə və İddiaçı Göygöl şəhərində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 3 saylı Gəncə Ərazi İdarəsinə xx.xx.2025-ci il tarixli müraciət ərizəsinə qoşma edilmiş sənədlərə dair arxiv qovluğunda mövcud olan, 0.12 ha torpaq sahəsinə dair Göygöl Bələdiyyəsinin sədri tərəfindən təsdiqlənmiş, yerquruluşu planında göstərilən korrdinatlara istinad olunmuşdur. Yerquruluşu planında göstərilən 0.12 ha torpaq sahəsinin yerləşdiyi ərazi torpaq islahatı əsasında tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsində bələdiyyə mülkiyyətində olan ehtiyyat fond torpaqları kateqoriyasına (BEF) aid sahə olaraq göstərilmiş, məqsədli istifadə təyinatı barədə məlumat qeyd olunmamışdır. Həmin ərazi Göygöl şəhəri Göygöl bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların 2009-cu il tarixli yerquruluşu planında bələdiyyə mülkiyyətində olan ehtiyat fond torpaqları kateqoriyasına aid kənd təsərrüfatı (əkin) məqsədləri üçün nəzərdə tutulan sahə olaraq göstərilmişdir. Həmin ərazi torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaqlar altında olan sahə olaraq göstərilmiş, islahat uqodiyası (təsərrüfat yeri) əkin olaraq qeyd edilmişdir. İddiaçının naturada təqdim etdiyi torpaq sahəsinin ölçüsü 0.12 ha təşkil edir. Həmin torpaq sahəsilə yerquruluşu planında göstərilən torpaq sahəsi eynilik təşkil edir. Əraziyə keçirilən baxış zamanı, naturada təqdim olunan torpaq sahəsi üzərində tikili mövcud deyildir. Sözügedən torpaq sahəsinin mühafizə və qorunma zonalarında yerləşməsi halı və başqa şəxslərin hüquqlarını təsdiq edən sənədlərdə göstərilən torpaq sahələrilə üst-üstə düşməsi halı aşkarlanmamışdır. Rəy hazırlanarkən torpaq islahatı əsasında tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə, Göygöl şəhəri Göygöl bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların 2009-cu il tarixli yerquruluşu planına, torpaqların elektron kadastr uçotu informasiya sisteminə və hüquqmüəyyənədici sənədlərdə göstərilən torpaq sahələrinin öz əksini tapdığı elektron kadastr məlumat bazasına istinad olunmuşdur.
35. Məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən mütəxəssis rəyinin 5-ci bəndinə əsasən, sözügedən torpaq sahəsi üzərində başqa şəxslərin hüquqlarını təsdiq edən sənədlərdə göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsi halının aşkarlanmadığını qeyd edilmişdir.
36. Göründüyü kimi cavabdehin imtinada qeyd etdiyi əsas da əsassız olmuşdur.
37. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-416/2024 nömrəli qərarında da əks etdirilmişdir.
38. Qeyd edilənlərdən əlavə məhkəmə həmçinin bildirir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
39. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə İİ. Bələdiyyə torpaqlarının ayrılması qaydası
10. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. İİİ. Torpaq sahəsinin ayrılmasına dair müraciətə baxılması qaydası
16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. İV. Torpaqayırma sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi
22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.
23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.
40. Sadalanan normalardan göründüyü kimi, bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.
41. Lakin müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur.
42. Hazırkı iş materialları, o cümlədən icraat iddiaçının nümayəndəsinin (vəkilinin) izahatı ilə isə müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda son beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır.
43. Göründüyü kimi, iddiaçının üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə aldırmaq istədiyi və tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın - bələdiyyənin qərarı əsasında ayrılmış və həmin qərar hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da, İddiaçı inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır.
44. Yəni, iddiaçı təxminən 18 ilə yaxındır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
45. Eyni zamanda, cavabdeh inzibati orqanın statusu baxımından torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olub-olmamasına nəzarəti isə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
46. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
47. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
48. Həmçinin, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, etimadın qorunması prinsipi mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin”.
49. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
50. Hazırkı işdə isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir.
51. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9in nizamnaməsinə görə: Bənd 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək...
52. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
53. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov