Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2389/2021 11.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı cavabdehlər Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinə qarşı hərracın və plan və ölçü sənədinin ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyən e t d i m: İddiaçı cavabdehlər Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 10.11.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsi ilə bağlı Daşkəsən rayon Xoşbulaq bələdiyyəsi tərəfindən keçirilmiş hərracın və plan və ölçü sənədinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın mümkünlük şərtləri mövcud olmadığına və bir sıra formal xətalara yol verildiyinə görə iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı hazırki mübahisənin plan və ölçü sənədinin ləğv edilməsi hissəsi ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etməsini təsdiq edən sübut təqdim etməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. Plan və ölçü sənədinin ləğv edilməsi tələbi öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan iddiaçı həmin sənədin ləğv edilməsi ilə əlaqədar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (hazırda belə qurum mövcud deyil) hüquqi varisi olan Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq Ərazi İdarəsinə müraciət etməli idi. Bundan əlavə iddiaçının diqqətinə çatdırılır ki, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi (hüquqi varis olaraq Əmlak Məsələləri Dövlət Xidməti) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə görə müştərək hüquqi maraqlara malik deyildir və hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənmir, ona görə də hazırki mübahisə üzrə prosessual həmiştirakçılar kimi çıxış edə bilməzlər. Odur ki, iddiaçı tələbin hansı hissədə hansı cavabdehə qarşı yönəlməli olduğunu dəqiqləşdirib həmin orqanı cavabdeh qismində cəlb etməklə ayrıca iddia ərizələri tərtib edərək məhkəməyə təqdim edə bilər. Bundan başqa, iddia ərizəsi imzalanmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1 maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinə qarşı hərracın və plan və ölçü sənədinin ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş tələblərə əməl etməklə yenidən məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2389/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2389/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver