Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-239/2021 10.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 18 saylı regional ərazi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 Gəncə şəhər Kəpəz rayon filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, onun 1993-cü il və 1996-cı illər Kirovabad şəhər X11 İcraiyyə Komitəsinin Əhaliyə Məişət Xidməti İdarəsi X1 işlədiyi illərin sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Hal-hazırda Gəncə şəhəri, Aydınbəyov küçəsi, 1-ci döngə ev 53, mənzil 24-də qeydiyyatda olmaqla yaşayır. İşlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 Gəncə şəhər Kəpəz rayon filialı ərizə ilə müraciət etmiş, lakin 1993-cü və 1996-ci illər Kirovabad şəhər X11 İcraiyyə Komitəsinin Əhaliyə Məişət Xidmət İdarəsi X1 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən imtina edilmişdir. Həmin Kombinatda işlədiyi illər xx xxxxxx 2020-ci il tarixli 769/4 nömrəli arayışda tam göstərilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 Gəncə şəhər Kəpəz rayon filialı yenidən təşkil edilərək onun əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 18 saylı regional ərazi filialı yarandığından cavabdeh onun hüquqi varisi olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 18 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 18 saylı regional ərazi filialı məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Gəncə şəhər Kəpəz rayon filialına müraciət etmiş, lakin filial tərəfindən onun 25 il sosial sığorta stajı yaranmadığı üçün imtina verilmişdir. İddiaçının Kirovabad şəhər X9 İcraiyyə Komitəsinin Əhaliyə Məişət Xidməti İdarəsi X3 işləməsinə dair təqdim etdiyi arxiv arayışında 1993 və 1996-cı illərdə işləməsinə dair əmək haqları qeyd edilmədiyindən həmin dövrlər sığorta stajına daxil edilməmişdir. İddiaçı hal-hazırda yaşa görə sosial müavinət alır. Sosial təminat qanunvericiliyi (“Sosial müavinətlər haqqında” Qanun və “Əmək Pensiyaları haqqında” Qanun) eyni anda həm əmək pensiyasının, həm də sosial müavinətin təyin edilməsini mümkünsüz hesab edir. Azərbaycan Respublikası Dövlət X8 xx.xx.2020-ci il tarixli 769/4 nömrəli arxiv arayışında iddiaçının 1990-1995, 1997-ci illərdə “Kirovabad” şəhər X9 İcraiyyə Komitəsinin Əhaliyə Məişət Xidməti idarəsi X1 işləməsi əməkhaqqı cədvəllərindən görünür. Lakin iddiaçının iddia ərizəsində qeyd etdiyi 1993 və 1996-cı illər Dövlət arxivinin Gəncə filialına təhvil verilmədiyindən iş stajına daxil edilməsi mümkünsüzdür. İddiaçının əmək kitabçasında qeyd edilən illər və hərbi xidmətdə olduğu illərlə birlikdə sosial sığorta stajı ümumilikdə 23 il 5 ay 8 gün təşkil edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək ona uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 1975-1976-cı illərdə “X14” ASC-də, 1978-1997-ci illərdə “Gözəllik” salonunda, 1999-2000-ci illərdə Kəlbəcər rayon 70 saylı tam orta məktəbdə gözətçi işləmişdir. Həmin illər nəzərə alınarsa ümumilikdə 25 ildən artıq sosial sığorta stajı vardır. Odur ki, tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 əvvəlki məhkəmə iclasında iddia ərizəsinin əsassız olduğunu bildirib cavabdeh tərəfindən məhkəməyə ünvanlanan etiraza uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğdən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi “Kirovabad şəhər X9 İcraiyyə Komitəsinin Əhaliyə Məişət Xidməti İdarəsi X5”nda işlədiyinə dair arxiv arayışında 1993-cü və 1996-cı illər üzrə əmək haqları göstərilmədiyindən həmin illər iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Ona görə də tələb olunan azı 25 il sosial sığorta stajı olmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 əvvəlki məhkəmə iclasında izahat verən nümayəndə ilə eyni məzmunlu izahat verdi əlavə olaraq bildirdi ki, iddiaçının “Kirovabad şəhər X9 İcraiyyə Komitəsinin Əhaliyə Məişət Xidməti İdarəsi X5”nda işlədiyi və arxiv arayışında qeyd olunan 1993-cü və 1996-cı illər də sosial sığorta stajına daxil edilsə belə ümumilikdə 24 il 05 ay 18 gün gün sosial sığorta stajı yaranır və bu da şəxsin pensiya hüququnun yaranmasına imkan vermir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğdən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddia tələbinin mahiyyəti ondan ibarətdir ki, iddiaçı işlədiyi illərinin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş edir. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 Gəncə şəhər Kəpəz rayon filialının xx xxxxxxxx 2020-ci il tarixli, **********6 nömrəli məktubundan məlum olur ki, İddiaçı Kirovabad şəhər X9 İcraiyyə Komitəsinin Əhaliyə Məişət Xidməti İdarəsi X3 işləməsinə dair təqdim etdiyi arxiv arayışında 1993 və 1996-cı illərdə işləməsinə dair əmək haqları qeyd edilmədiyindən həmin dövrlər sığorta stajına daxil edilməmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X8 xx.xx.2020-ci il tarixli, 769/4 nömrəli arxiv arayışından görünür ki, Kirovabad şəhər X9 İcraiyyə Komitəsinin Əhaliyə Məişət Xidməti İdarəsi X4 arxiv fondunun sənədlərinə əsasən fəhlə və qulluqçuların əmək haqqı cədvəllərindən məlum olur ki, İddiaçı həmin təşkilatda işləmişdir. Kirovabad şəhər X9 İcraiyyə Komitəsinin Əhaliyə Məişət Xidməti İdarəsi X4 arxiv fondunun 1993 və 1996-cı illərin əmək haqqı cədvəlləri Dövlət arxivinin Gəncə filialına təhvil verilməmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X8 xx.xx.2020-ci il tarixli, 768/4 nömrəli və xx.xx.2020-ci il tarixli 1021/3 nömrəli arxiv arayışlarından görünür ki, Gəncə şəhəri ƏMX “Tərəqqi” İB-nin “Gözəllik” k-tının xx.xx.1993-cü il tarixli 56-k nömrəli əmrinə əsasən İddiaçı xx.xx.1993-cü il tarixdən “Gözəllik” kişi salonunun maddi məsul şəxs vəzifəsinə təyin edilmişdir. Gəncə şəhəri ƏMX “Tərəqqi” İB-nin “Gözəllik” k-tının xx.xx.1996-cı il tarixli 69-k nömrəli əmrində İddiaçı məzuniyyətə çıxması qeyd edilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kəlbəcər Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 110 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Kəlbəcər rayon 70 saylı orta məktəbdə göğzətçi işləmişdir. - İddiaçıya məxsus NZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olmuşdur. - “X14” ASC-nin məktubuna əlavə edilmiş arayış və əmrlərdən görünür ki, dıgözəlov İsrəfil Əsəd oğlu xx.xx.1975-ci il də qəlibləmə sexinə 2-ci dərəcəli qəlibləyici vizəfisinə işə qəbul edilmiş, xx.xx.1976-cı ildə öz xahişi ilə işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. - 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının: - 2.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. - 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. - 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Məhkəmənin qənaətinə görə, pensiya təyin olunması barədə mübahisələrə baxılarkən məhkəmə araşdırması təkcə inzibati orqanın etiraz dəlilləri ilə kifayətlənməməli, İPM-nin 12-ci maddəsindən irəli gələn vəzifələrə uyğun olaraq, pensiya təyin olunması barədə qərar qəbul edilməsinə təsir edən digər hüquqi məsələlər də (iddiaçının pensiya yaşına çatması, sığorta stajı, şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği və s.) araşdırılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hisssəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki: 1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Bu şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur və 64 il 6 aylıq yaş həddinə xx.xx.2019-cu il tarixdə çatmışdır. Pensiya təyin edən orqana müraciət etdiyi vaxt ona pensiya təyin olunması üçün zəruri olan birinci şərt mövcud olmuş, ikinci şərt, yəni 25 il sığorta stajına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının Kirovabad şəhər X9 İcraiyyə Komitəsinin Əhaliyə Məişət Xidməti İdarəsi X3 işlədiyini qeyd etdiyi 1993 və 1996-cı illər nəzərə alınsa da, 25 il sığorta stajı tamam olmadığından iddiaçının pensiya almaq hüququ yaranmır. Belə ki, cavabdehin nümayəndəsi X7 tərəfindən İddiaçı iş stajının açıqlaması ilə bağlı məhkəməyə təqdim edilən arayışından görünür ki, iddiaçının iddia etdiyi bütün iş stajı nəzərə alınmaqla onun sosial sığorta stajı yekunda 24 il 05 ay 18 gün edir. Yəni iddiaçının “X14” ASC-də xx.xx.1975-xx.xx.1976-cı illərdə işlədiyi 01 il 02 ay 01 gün, xx.xx.1973-xx.xx.1975-ci illərdə hərbi xidmətdə olduğu 02 il 14 gün, xx.xx.1976xx.xx.1977-ci il illərdə işlədiyi 04 ay 28 gün, xx.xx.1977-xx.xx.1978-ci illərdə işlədiyi 01 il 23 gün, xx.xx.1978-xx.xx.1983-cü illərdə işlədiyi 04 il 10 ay 09 gün, xx.xx.1983-xx.xx.1997-ci illərdə Kirovabad şəhər X9 İcraiyyə Komitəsinin Əhaliyə Məişət Xidməti İdarəsi X3 işlədiyi 13 il 10 ay 13 gün, xx.xx.1998-xx.xx.1998-ci illərdə işlədiyi 04 ay 20 gün, xx.xx.1999xx.xx.2000-ci illərdə işlədiyi 08 ay müddət toplandıqda cəmi 24 il 05 ay 18 gün edir ki, bu da tələb olunan minimum 25 il sığorta stajından azdır. Nəzərə almaq lazımdır ki, iddiaçının pensiya almaq hüququ yoxdursa, müvafiq dövrün onun sosial sığorta stajına daxil edilməsindən imtina həmin şəxsin hər hansı hüququnun pozulması ilə nəticələnmir və bu halda iddianın mümkün sayılması üçün Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mümkünlük şərtləri də olmayacaqdır. Cavabdeh inzibati orqanın iddiaçıya pensiya təyin olunmasından imtina etməsi əsassız deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 18 saylı regional ərazi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-239/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-239/2021
10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver