Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-239/2022 02.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı və onun vəkili X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı torpaq sahəsinin özəlləşdirilməsi qaydasında ona satılması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə qərar qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə 11.11.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri H.Əliyev prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən «Gəncə Avtosalonu»nun qanuni istifadəsində olan 4695 kvm torpaq sahəsini özəlləşdirilmə qaydasında, qanuna və əvvəlki satışa, yəni 12.02.1998-ci il tarixli aparılmış özəlləşdirmənin qiymətinə uyğun qiymətlə, özü də 2 aydan gec olmayaraq ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının mübahisələndirən torpaq sahəsinin normativ qiymətə satmaq öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə dəqiqləşmə ərizəsi Gəncə İnzibati Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2-1(114)-239/2022 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə şəhərində yerləşən ofisinin rəhbəri 2021-ci ilin mart ayının 9-da onu ofisə dəvət edib, gözünün görməməsindən bəhrələnməklə aldadaraq, Gəncə şəhəri H.Əliyev prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən «Gəncə Avtosalonu»nun qanuni istifadəsində olan 0,48 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi üçün ilkin sənədə imza etdirmək adı ilə 2 səhifədə xırda hərflərlə yazılmış 26.02.2021-ci il tarixli 223 №-li icarə müqaviləsinə imza etdirmişdir. Müqavilədə yazılmışdır ki, guya iddiaçı obyektin 0,48 ha torpaq sahəsini aylıq 960 manat icarəyə götürür. Qeyd edir ki, əvvəla, obyektin torpaq sahəsi 4695 kv. metrdir, ikincisi, illik icarə haqqı olan 10.520 manat normal şüura sığışmayan məbləğdir, həmin torpaq sahəsinin mülkiyyət hüququnun dövlət qiymətindən də bahadır. Vaxtilə həmin torpaq sahəsi 5000 kvm hesablanıb Vəli Babbayev adlı birisinə, yəni obyekt sahibi olmayan kənar şəxsə 9.600 manata satılmışdı. Bunu həmin V.Babayevə verilmiş 30.07.2007-ci il tarixli 000567 №-li "...dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamə ”si təsdiq edir. İddiaçı həmin avtosalonu 12.02.1998-ci il tarixdə işlədiyi kollektivlə birlikdə özəlləşdirmiş, sonralar ona təkbaşına mülkiyyət hüququ əldə etmiş, qanuna görə obyektin torpaq sahəsini özəlləşdirmək hüququ onda olduğundan həmin torpağı almaq istəyən istənilən şəxs bu və ya başqa qaydada onun razılığını almalı, yaxud obyektini almalı idi ki, bir müqavilə ilə obyektimin 0,48 ha torpaq sahəsinə də sahibliyi əldə edə bilsin. Dövlət Xidməti onu kollektivin müəssisəni almaqda üstünlük hüququnu “unudub” bizdən xəbərsiz obyekti 5000 kvm torpağı ilə birlikdə ona əlaltılıq edən Goranboy sakini V.Babayevin adına keçirtdi (guya hərracda onunla özəlləşdirmə müqaviləsi bağladı), bundan dərhal da obyekti onun adından 28.01.2008-ci il tarixli alqısatqı müqaviləsi ilə «NAB Qroup of Kompanies» firmasına satmışdır. Bu cinayətdən mən 2008-ci ildə xəbər tutub, Xətai rayon məhkəməsinin gizli çıxarılmış qətnaməni mənə və obyekti özəlləşdirmiş kollektivə göndərməməsi, obyektimin torpaq sahəsi Vəli Babayevə satılmasını iddiaçı sonralar, özü də təsadüf nəticəsində bilib, öyrənmiş ki, obyekt kollektivin iştirakı olmadan gizli özəlləşdiriləndən sonra V.Babayevin adından «NAB Qroup of Kompanies» firmasına satılmışdır. İddiaçı 03.02..2022-ci il tarixdə məhkəməyə dəqiqləşdirmə ərizəsi ünvanlayaraq mübahisələndirən torpaq sahəsinin normativ qiymətə satmaq öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun vəkili X4 ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi X2 iddia tələbinin rədd olunmasına dair qərar qəbul olunmasını məhkəmədən xahiş etdi Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - 30.07.2007-ci il tarixli, 000567 nömrəli özəlləşdirilən müəssisə və obyektlərin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamənin surəti; - 16.07.2007-ci il tarixli, 692 nömrəli özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinin surəti; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16.02.2007-ci il tarixli, ******* nömrəli, 20.11.2019-cu il tarixli, ********** nömrəli, 17.05.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və 11.07.2013-cü il tarixli, ******* nömrəli çıxarışların surətləri; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətin iddiaçıya ünvanladığı 29.10.2021-ci il tarixli, **********63 nömrəli və 11.11.2021-ci il tarixli, **********62 nömrəli məktubların surətləri; - Qeyri-yaşayış binasına verilmiş 04.10.2021-ci il tarixli, **********28-06301 reyestr nömrəli texniki pasportun surəti; - Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 26.02.2021-ci il tarixli, 223 nömrəli müqavilənin surəti; - 11.07.2013-cü il tarixli torpaq sahəsinin plan və ölçüsünün surəti; - 12.02.1998-ci il tarixli müəssisənin alqı-satqı müqaviləsinin suərti; - 12.08.1997-ci il tarixli aktın və 07.02.1998-ci il tarixli auksion protokolunun surətləri; - 07.04.2007-ci il tarixli, 2-729/2007 nömrəli Xətai rayon Məhkəməsinin, 16.12.2008-ci il tarixli, 2(103)4209/2008 nömrəli Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin və 21.04.2009-cu il tarixli, 2(102)-1050/2009 nömrəli qərarının surətləri. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində hesab edirki, iddia təmin edilməməlidir. Baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı «Gəncə Avtosalonu»nun qanuni istifadəsində olan 4695 kv.m torpaq sahəsinin özəlləşdirilməsi qaydasında, qanuna və əvvəlki satışa, yəni 12.02.1998-ci il tarixli özəlləşdirilmə qiymətinə uyğun ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Cavabdeh orqan iş materiallarında olan iddiaçıya ünvanladığı məktubunda Əmlak Məsələləri Dövlət Xidmətinin 08.10.2021-ci il tarixli 157 nömrəli Sərəncamı ilə iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada Gəncə şəhəri, Kəpəz rayonu X6 prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsi ünvanında mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə müvafiq qərar qəbul edildiyi, bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə uyğun olaraq 563 400 manat dəyərində qiymətləndirilmiş adıçəkilən torpaq sahəsi satın alınması üçün ilk növbədə iddiaçıya təklif olunduğu və alqısatqı müqaviləsi hazırlandığı, lakin İddiaçı tərəfindən müqavilənin şərtlərinə əməl olunmadığı, bildirişin iddiaçıya təqdim olunduğu tarixdən 3 gün müddətində alqı-satqı müqaviləsinin imzalanmadığı və qeyd olunan hesab nömrəsinə ödənişin təmin edilmədiyi halda alqı-satqı müqaviləsinin ləğv olunaraq torpaq sahəsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görüləcəyi qeyd olunmuşdur. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı hesab edir və bunu aşağıdakılarla əsaslandırır. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı arasında bağlanılmış 26.02.2021-ci il tarixli, 223 nömrəli “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, X6 prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsi ünvanında qeyri-yaşayış binasının yerləşdiyi 4800 kv.m torpaq sahəsi İddiaçı icarəsinə verilmişdir. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.04.1998-ci il tarixli, 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə və Xidmətin 08.10.2021-ci il tarixli, 157 nömrəli sərəncamına uyğun olaraq torpaq sahəsi icarəçi İddiaçı 563 400 manata satın alınması üçün təklif edilmiş və bu barədə ona 11.11.2021 -ci il tarixli, **********62 nömrəli bildiriş göndərilmişdir. Lakin İddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə alqı-satqı müqaviləsinin imzalanması və torpaq sahəsinin dəyərinin ödənilməsi təmin edilmədiyindən, Xidmətin 07.12.2021-ci tarixli, 200 nömrəli sərəncamı ilə torpaq sahəsinin özəlləşdirilməsi barədə 08.10.2021-ci il tarixli, 157 nömrəli sərəncam Gəncə şəhəri, Kəpəz rayonu, X6 prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsi ünvanında erləşən qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi hissəsində ləğv edilmiş, icarə münasibətləri davam etdirilmişdir. İddiaçının həmin torpaq sahəsinin bazar dəyəri (563 400 manat) ilə razılaşmamasına, torpaq sahəsinin normativ qiymətlə özəlləşdirilməsinə dair tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2016-cı il tarixli 377 nömrəli Qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər ərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə yeni məzmunda 6-1-ci hissə əlavə edilmiş və həmin ormaya əsasən torpaq sahələrinin həmin Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi "Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qeyd edilən yeni norma 05.10.2016-cı il tarixdən sonra özəlləşdirilən bütün torpaq sahələrinə münasibətdə tətbiq olunur. İddiaçı ilə mübahisəli torpaq sahəsinə dair icarə müqaviləsi 2021-ci ildə bağlanılmış və 15.10.2021-ci ildə torpaq sahəsinin özəlləşdirilməsi üçün Xidmətə müraciət etmişdir. İddiaçı tərəfindən 05.10.2016-cı il tarixindən qabaq torpaq sahəsinin özəlləşdirilməsi üçün Xidmətə müraciət olunmasına və ya həmin tarixdən qabaq torpaq sahəsinin ona satılması ilə bağlı xidmətə qarşı məhkəmədə iddia qaldırılmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddiaçı ilə icarə müqaviləsinin bağlanıldığı və onun torpaq sahəsinin özəlləşdirilməsi üçün Xidmətə müraciət etdiyi zaman qüvvədə olan qanunvericiliyə uyğun olaraq torpaq sahəsi bazar dəyəri ilə özəlləşdirilməsi üçün iddiaçıya təklif edilmişdir ki, bu da qanunvericiliyə uyğun olmuşdur. Belə ki, Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasinin Qanununun: - 1.0.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; - 1.0.3-cü maddəsinə əsasən özəlləşdirmənin obyekti - özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir; - 1.0.4-cü maddəsinə əsasən (müəssisənin, obyektin) start qiyməti qanunvericiliklə nəzərdə tutulmuş qayda tətbiq edilməklə əmlakın hesablanmış və ilk hərraca çıxarılma qiymətidir;- - 24-cü maddəsinə əsasən özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Özəlləşdirmə prosesində qiymətləndirmənin beynəlxalq praktikada qəbul olunmuş üsullarından da istifadə edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə əsasən: - 2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. - 4. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. - 6. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır. - 8. Torpaq sahələrinin normativ qiymətinin müəyyən edilməsi haqqında Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. - 9. Azərbaycan Respublikası Nazirlər Kabineti yaşayış məntəqələrinin ayrıayrı ərazilərinin torpaq sahələrinin qiymətləndirilməsi məqsədilə, həmin torpaq sahələrinin yerləşdiyi yeri və ölçülərini, onların sosial əhəmiyyətini (dəniz sahilində, şəhər meydanlarında, əsas magistrallarda yerləşdiyini), nəqliyyat əlverişliliyini, habelə onlar üzərində yerləşən müəssisə və obyektlərin fəaliyyət növünü və s. nəzərə alaraq müvafiq əmsallar sistemini müəyyən edir. - 10. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektin) qiyməti və onun altında yerləşən torpaq sahəsinin qiyməti ayrılıqda müəyyənləşdirilir. - 11. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. - Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. - 13. Əmlak Məsələləri Dövlət Komitəsi ərizənin daxil olduğu andan 20 gün müddətində özəlləşdirilmiş müəssisənin (obyektin) mülkiyyətçisinə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətində alqı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafiq şəhadətnamə verir. - Torpaq sahəsi üzərində alıcının mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi andan yaranır. - 14. Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahələrinin satışından əldə edilən vəsaitlər Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə əsasən: - 2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələri iki hissəyə bölünür: texniki pasportlarında göstərilmiş bina və əsaslı tikililərin altında yerləşən torpaq sahələri (bundan sonra - tikinti altındakı torpaq sahələri) və bu kateqoriyaya aid edilməyən torpaq sahələri (bundan sonra sərbəst torpaq sahələri). - Özəlləşdirilən tikintisi yarımçıq qalmış obyektlərə ayrılmış dövlət torpaq sahələri də iki hissəyə bölünür: üzərində tikintisinə başlanılmış və tikintisi yarımçıq qalmış bina və əsaslı tikililərin altındakı torpaq sahələri (bundan sonra - tikinti altındakı torpaq sahələri) və bu kateqoriyaya aid edilməyən torpaq sahələri (bundan sonra - sərbəst torpaq sahələri) - 6-1. Torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli, 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”nin 4-cü bəndinə əsasən torpaqların alqı-satqısı, ipoteka qoyulması, bağışlanılması və irsən verilməsi və s. zamanı onun normativ qiyməti barədə arayışın verilməsi və onun qeydiyyatı ƏMDK tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2016-cı il tarixli 377 nömrəli qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə yeni məzmunda 6-1-ci hissə əlavə edilmiş və həmin normaya əsasən torpaq sahələrinin həmin Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qeyd edilən yeni norma 05.10.2016-cı il tarixdən sonra özəlləşdirilən bütün torpaq sahələrinə münasibətdə tətbiq olunur. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisələndirilən torpaq sahəsi bazar dəyəri ilə özəlləşdirilməsi üçün ilk növbədə iddiaçıya təklif olunmuşdur. Lakin iddiaçı həmin torpaq sahəsinin bazar dəyəri 563 400 manat ilə razılaşmayaraq mübahisəli torpaq sahəsinin normativ qiymətə ona satılmasını xahiş etmiş, lakin məhkəmə hesab edir ki, iddiaçının tələbi əssassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı torpaq sahəsinin özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı torpaq sahəsinin özəlləşdirilməsi qaydasında ona satılması barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-239/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-239/2022
02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver