Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2390/2023 09.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Ağstafa şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 24 saylı binanın 21 saylı mənzili üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Ağstafa şəhəri, Ş.Qurbanov küçəsi 24 saylı binanın 21 saylı mənzilini 2005-ci il tarixli Dövlət Notariat Kontorunda bağlanmış 4-Ə- 241 saylı alqı-satqı müqaviləsi əsasında X2 almış, daha sonra mülkiyyət hüququ Dövlət Tikinti Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 15 noyabr 2005-ci il tarixdə 2 №-li reyestr kitabında 824 reyestr nömrəsi ilə qeydə alınmış və ona 2005-ci il tarixli 824 saylı Qeydiyyat Vəsiqəsi, 22 noyabr 2006-cı il tarixdə mənzilin texniki pasportu verilmişdir. Həmin sənədlər əsli olmaqla heç bir kənar müdaxilə, qaralama olmadan səlahiyyətli şəxslər tərəfindən imzalanmaqla dövlət qurumlarının möhürü ilə möhürlənmiş və imzalanmışdır. İddiaçının həmin sənədlərin təqdim edilməklə yeni çıxarışın əldə edilməsi üçün cavabdehə etmiş olduğu müraciəti əsassız olaraq rədd edilməklə ona müvafiq çıxarışın verilməsindən imtina edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas kimi ərizəyə əlavə edilmiş xx.xx.2005-ci il tarixli, 824 nömrəli qeydiyyat vəsiqəsi (kserosurət) və vətəndaşın müraciətində qeyd etdiyi alqı-satqı müqaviləsinə dair məlumatlar Ərazi İdarəsinin arxivində öz əksini tapmamışdır. Ona görə də yuxarıda qeyd olunan hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini nəzərə alaraq qeyd olunan mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2005-ci il tarixli, 824 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, Ağstafa şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 24 saylı binanın 21 saylı mənzili xx.xx.2005-ci il tarixli, 4-Ə-241 nömrəli müqaviləyə əsasən İddiaçı adına qeydə alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2006-cı il tarixli Texniki pasportdan görünür ki, Ağstafa şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 24 saylı binanın 21 saylı mənzilinə dair tərtib edilmiş texniki pasportda mənzilin sahibi İddiaçı qeyd edilmişdir. -işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubundan görünür ki, İddiaçı müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. -işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-37/2-4836/2023 nömrəli məktubundan görünür ki, Ağstafa şəhəri, Ş.Qurbanov küçəsi 24 də yerləşən 21 nömrəli məzil üzərində X4 mülkiyyət hüququ xx.xx.1993-cü il tarixdə Ağstafa rayon X1 və Mülkiyyət Hüququnun Qeydiyyatı idarəsi tərəfindən 2 nömrəli qeydiyyat kitabının 8-ci vərəqində 824 nömrə ilə qeydiyyata alınmışdır. -işə əlavə edilmiş Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli, 3165/6-11- 3040/23 nömrəli məktubunda bildirilir ki, Ağstafa rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2005-ci ilə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı notariat hərəkətlərinin qeydə alındığı 40 indeksli reyestrlərə baxış keçirilərkən, İddiaçı adına notariat hərəkətinin rəsmiləşdirilməsi barədə qeydiyyatın aparılmadığı müəyyən edilmiş, həmçinin sözügedən notariat reyestrində xx.xx.2005-ci il tarixdə rəsmiləşdirilmiş sonuncu müqavilə 227 nömrəsi ilə qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Ağstafa şəhəri, Ş.Qurbanov küçəsi 24 saylı binanın 21 saylı mənzilini xx.xx.2005-ci il tarixli, 4-Ə-241 nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 aldığını, daha sonra həmin mənzilə dair müvafiq orqan tərəfindən xx.xx.2005-ci il tarixli, 824 nömrəli Qeydiyyat vəsiqəsinin və xx.xx.2006-cı il tarixli Texniki pasportun verildiyini bildirərək, həmin mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -8.0-cı maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. -9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X3 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 9-1.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər (o cümlədən müqavilə, ər-arvadın ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə, qanun və ya vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi, bölgü planı, nisyə alqısatqı müqaviləsi üzrə son ödəniş barədə bildiriş və s.) əsasında hüquqlarının “bir pəncərə” prinsipi əsasında dövlət qeydiyyatı aşağıdakıları nəzərdə tutur: 9-1.1.1. informasiya sistemində avtomatlaşdırılmış qaydada əks olunan hüquqların dövlət qeydiyyatı barədə elektron sənədlərdən notarius tərəfindən istifadə edilməsi; 9-1.1.2. hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin elektron nüsxələrinin notarius tərəfindən informasiya sistemləri vasitəsilə ötürülməsi; 9-1.1.3. hüquqların dövlət qeydiyyatı üçün tələb olunan ödənişlərin notarius tərəfindən aidiyyəti üzrə köçürülməsi. -10.1-1 ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9- 1-ci maddəsinin tələbləri tətbiq olunur. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. 10.3-1. Hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının adına olan qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş xx.xx.2005-ci il tarixli, 4-Ə-241 nömrəli alqı-satqı müqaviləsi nə 15 saylı Tovuz Ərazi İdarəsinin arxivində, nə də Dövlət Notariat arxivində aşkar edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, sözügedən notariat reyestrində xx.xx.2005-ci il tarixdə rəsmiləşdirilmiş sonuncu müqavilə 227 nömrəsi ilə qeydiyyata alınmışdır. Həmçinin 824 reyestr nömrəsi X4 mülkiyyət hüquqlarını qeydiyyatı ilə bağlıdır. Bu isə xx.xx.2005-ci il tarixli, 4-Ə-241 saylı alqı-satqı müqaviləsinin, eləcə də onun əsasında verilmiş xx.xx.2005-ci il tarixli, 824 nömrəli Qeydiyyat vəsiqəsinin mötəbər olmadığını deməyə əsas verir. Göründüyü kimi iddiaçı sözügedən mənzilə iddia etsə də, həmin mənzilin dövlət qeydiyyatına alınması üçün təqdim etdiyi sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2390/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2390/2023
09.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver