Məhkəmə qərarları › İş №2-1(114)-2391/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2391/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2391/2023 28.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X15 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X24) torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 saylı qərarı ilə JN 1453A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Tovuz rayonu Əyyublu kəndində yerləşən, ailə üzvülərinin ümumi paylı mülkiyyətinə verilmiş 0,26 ha həyətyanı torpaq sahəsinin payına düşən hissəsinin düzgün müəyən edilərək həmin pay üzərində mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 saylı qərarı ilə JN 1453A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Tovuz rayonun keçmiş Aşağı Ayıblı, indiki Əyyublu kəndinin ərazisində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsi X3, Qurbanova (İsmayılova) Zenfira Rza qızının, X12, X5, X2 və X6 mülkiyyətlərinə verilmişdir. X1 vəfatından sonra Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(62)-209/2019 saylı qətnaməsi əsasında həmin 0,26 ha həyətyanı torpaq sahəsinin analarının payına düşən hissəsinin yəni, 0,0433 ha hissəsinin 1/12 hissəsinə iddiaçının, 1/12 hissəsinə X12, 1/12 hissəsinə X13, X8, 1/12 hissəsinə X14, 7/12 hissəsinə isə X15 payları müəyyən edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(62)-20912019 saylı qətnaməsindən apellyasiya şikayəti verilməmiş, artıq qanuni qüvvəsini almışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(62)-209/2019 saylı qətnaməsi üzrə payları müəyyən edilmiş X25, X26, X23, həmçinin JN 1453A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə payları müəyyən edilmiş X25, X16, X9 və X17 müvafiq paylarını notariat qaydasında təsdiq edilmiş müqavilələr əsasında 3-cü şəxsə- X18 bağışlamışlar. Bundan sonra üçüncü şəxs X24 cavabdehə müraciət edərək həmin həyətyanı torpaq sahəsi üzrə payların müəyyən edilərək həmin paylar üzərində mülkiyyət hüquqlarına dair çıxarş tərtib etdirmişdir. Ancaq, həmin çıxarışda üçüncü şəxsin ümumi 0,26 ha torpaq sahəsinin 7/9 hissəsi, iddiaçının payı 1/9 hissəsi, Sakit Qurbanovun payı 1/9 hissəsi qeyd edilmişdir. Həmin bölgü üzrə iddiaçının payına 0,26 ha torpaq sahəsinin 0,0288 ha hissəsi qeyd edilmişdir, halbuki anasının payına vərəsəlik müəyyən edilmədən, iddiaçının payı 0,0433 ha olmuş, anasından qalmış mirasa paydan isə 1/12 hissə əlavə edilməklə payı 0,04373 ha olmalı idi. Cavabdehə ərizə ilə müraciət edərək tərtib etdikləri çıxarış üzrə payının düzgün müəyyən edilməməsini, həmin payların şəhadətnamə və qətnamə üzrə düzgün müəyyən edilməsini tələb etdikdə cavabdeh məhkəməyə müraciət etmək hüququnun olmasını bildirmişdir. İddiaçının nümayəndəsinin müvafiq ərizəsi əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “Tovuz rayonu Əyyublu kəndində yerləşən 0,26 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2023-cü il tarixli, **********78 reyestr nömrəli qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçının nümayəndəsi X29 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, çıxarışda qeyd edilmiş pay bölgüsündən narazıdır, əslində təmsil etdiyi İddiaçı payı 1/6 olmalı idi. Cavabdehin nümayəndəsi X30 əvvəlki məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirmişdir. Üçüncü şəxs X18 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş **********78-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.26 ha torpaq sahəsi üzərində X25, X11, X19, X20, X9 və X7 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reystrində qeydə alınmışdır. -surəti işə əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(62)- 20912019 saylı qətnaməsindən görünür ki, X4 miras qalmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışda göstərilən 0,26 ha həyətyanı torpaq sahəsinin mərhum X3 payına düşən 0,0433 ha hissəsindən ibarət miras əmlakdan X12 on ikidə bir (1/12) hissədən ibarət payı, X13 on ikidə bir (1/12) hissədən ibarət payı, İddiaçı on ikidə bir (1/12) hissədən ibarət payı, X8 on ikidə bir (1/12) hissədən ibarət payı, X14 on ikidə bir (1/12) hissədən ibarət payı və X15 on ikidə yeddi (7/12) hissədən ibarət payı müəyyən edilmişdir. -surəti işə əlavə edilmiş **********78 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.26 ha torpaq sahəsi üzərində X25, İddiaçı, X20, X9, X21, X24, X23, X29 və X13 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reystrində qeydə alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, X20 **********78 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Tovuz rayonu, Əyyublu kəndində yerləşən, ümumi sahəsi 0.26 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə ona məxsus hissəsini əri X22 bağışlamışdır. -surəti işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, X25, X26, X23, X21 və X10 **********78 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Tovuz rayonu, Əyyublu kəndində yerləşən, ümumi sahəsi 0.26 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsini X18 bağışlamışdır. -surəti işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, X25 **********78 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Tovuz rayonu, Əyyublu kəndində yerləşən, ümumi sahəsi 0.26 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus 1/9 hissəsini qardaşı oğlu X18 bağışlamışdır. -surəti işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********78 reyestr nömrəli çıxarışdan görünür ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.26 ha torpaq sahəsi üzərində 1/9 hissədə İddiaçı, 1/9 hissədə X15 və 7/9 hissədə X14 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reystrində qeydə alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-37/2-İ-00xx-xx/2023 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.26 ha torpaq sahəsi üzərində X25, X11, X19, X20, X9 və X7 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reystrində qeydə alınmış, daha sonra X3 vəfatından sonra Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(62)-20912019 saylı qətnaməsinə əsasən qeyd olunan çıxarışda göstərilən 0,26 ha həyətyanı torpaq sahəsinin mərhum X3 payına düşən 0,0433 ha hissəsindən ibarət miras əmlakdan çıxarışda adları olan şəxslərin payı müəyyən edilmişdir. Bundan sonra həmin çıxarışda adları olan şəxslərdən bəziləri (X20, X25, X26, X23, X21 və X10) həmin torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsini X18 bağışlamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixli, **********78 reyestr nömrəli çıxarışa əsasən 0.26 ha torpaq sahəsi üzərində 1/9 hissədə İddiaçı, 1/9 hissədə X15 və 7/9 hissədə X14 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reystrində qeydə alınmışdır. İddiaçı hazırki tələblə daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydi mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. -71-ci maddəsinin İ hissəsində qeyd olunmuşdur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. -71-ci maddəsinin İİ hissəsində qeyd olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Göründüyü kimi dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ hissəsi sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, dövlətin üzərinə mülkiyyət hüququnun təmini məqsədilə həm neqativ, həm də pozitiv öhdəliklər qoyulub. Pozitiv öhdəliklər bir sıra tədbirlərin həyata keçirilməsini, o cümlədən mülkiyyət hüququnun effektiv reallaşdırılmasını təmin edən hüquqi rejimin müəyyən edilməsini əhatə edir. Qeyd edilməlidir ki, ümumi mülkiyyət hüququ və həmin hüquqdan irəli gələn məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:- -144.5 maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır -213.1 maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. -213.5. maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Beləliklə, mülki qanunvericiliyin müddəalarından da göründüyü kimi, ümumi əşyaya mülkiyyətçilərin paylı mülkiyyəti o halda müəyyənləşdirilə bilər ki, bu barədə birgə mülkiyyət iştirakçılarının razılaşması olsun və yaxud razılaşma əldə edilmədikdə isə bu barədə məhkəmənin qərarı olsun. Məhkəmə qeyd olunan normaları hazırki işin faktiki hallarına tətbiq edərək qeyd edir ki, müvafiq sorğu nəticəsində əldə edilmiş, mübahisələndirilən qeydin verilməsinə əsas olmuş sənədlərdən də görünür ki, sözügedən torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmasına baxmayaraq, həmin birgə mülkiyyətin paylara bölünməsi ilə bağlı mülkiyyət iştirakçıların razılaşması və yaxud bu barədə məhkəmənin qərarı olmadığı halda cavabdeh orqan mülkiyyətçilərin paylarını müəyyən edərək, daşınmaz əmlakın dövlət reyestrində bu barədə qeydiyyat aparmışdır. Göründüyü kimi, cavabdeh orqan tərəfindən sözügedən əmlakla bağlı şəxslərin payının müəyyən edilməsi qanunsuz olmuşdur. Bu baxımdan da məhkəmə hesab edir ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.26 ha torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2023cü il qeydiyyat tarixli, **********78 reyestr nömrəli qeydiyyat qanunsuz olduğundan həmin qeydin ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Tovuz rayonu Əyyublu kəndində yerləşən 0,26 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2023-cü il tarixli, **********78 reyestr nömrəli qeydin ləğv edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar