Məhkəmə qərarları › İş №2-1(114)-2395/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2395/2023

16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2395/2023 16.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı Yusib oğlunun, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Yusib oğlunun Cavabdehnə qarşı təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Yusib oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının xx xxxx 1982-ci ildə Tərtər rayonunun Qazyan kəndində anadan olduğuna dair Tərtər rayon Qaynaq kənd icra nümayəndəliyinin 30 iyun 1982-ci il tarixli 37 nömrəli qeydinə əsasən Doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı həmin şəhadətnaməni 10 ildən artıqdır ki, itirmişdir. Doğum haqqında şəhadətnamə olmadığından Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsini də ala bilmir. Hazırda o, tam hüquqlu şəxs kimi şəxsiyyət vəsiqəsi əldə etmək istəyir. Şəxsiyyət vəsiqəsinin alınması üçün isə doğum haqqında şəhadətnamənin olması vacib olduğundan, bununla bağlı Cavabdehnə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı Yusib oğlu məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, şəxsiyyət vəsiqəsini və doğum haqqında şəhadətnaməni 44 günlük vətən müharibəsi zamanı itirmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının şəxsiyyət vəsiqəsi olmadığına görə onun doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.1982-ci il tarixli, 37 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı Yusib oğlu xx.xx.1982-ci il tarixdə Tərtər rayonunun Qazyan kəndində anadan olmuş, ata qrafasında « X4 », ana qrafasında isə « X3 » qeyd olunmuşdur. -işə əlavə edilmiş Cavabdeh xx.xx.2022-ci il tarixli, 3-16-5/7-M-15/2-182/23 nömrəli məktubundan görünür ki, İddiaçı Yusib oğlu şəxsiyyətini təsdiq edən sənədi olmadığına görə ona təkrar doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının doğum haqqında şəhadətnaməsi itdiyinə görə cavabdehdən ona doğum haqqında şəhadətnamənin təkrar verilməsini xahiş etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının şəxsiyyət vəsiqəsi yoxdur və sonuncu tərəfindən həmin sənəd təqdim edilmədiyindən cavabdeh orqan ona təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İddiaçının qeyd olunan şəhadətnamənin verilməsini tələb etməkdə hüquqi marağı şəxsiyyət vəsiqəsi almaqdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş doğum haqqında akt qeydindən də görünür ki, iddiaçı barəsində həqiqətən də doğum haqqında akt qeydi tərtib edilmiş və doğum haqqında şəhadətnamə verilmiş, lakin sözügedən sənəd müəyyən səbəblərdən itirilmişdir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin:- -2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. -2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: -şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); -vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı; -Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); -vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; -dövlət rüsumunun ödənilməsi barədə sənəd; -ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Göründüyü kimi şəxsiyyət vəsiqəsinin alınması üçün doğum haqqında şəhadətnamənin təqdim edilməsi müvafiq qanunvericiliyin tələblərindən irəli gəlir. Məhkəmə iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün yetərli əsasın olduğu qənaətinə gələrək cavabdeh orqanın imtinasını əsassız hesab edir və bunu aşağıdakı normalarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının:- -1.4-cü bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. -9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. -9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1982-ci il təvəllüdlü İddiaçı Yusib oğluna təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar