Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2395/2025 03.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 06 noyabr 2024-cü il tarixində “ərizənin baxılmamış saxlanılması haqqında” ******* nömrəli Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi (tanınması) barədə müraciətinə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən baxılaraq xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı əsas gətirilməklə, N.Məmmədovun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti ilə bağlı məsələ xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarla baxılmamış saxlanmışdır. İddiaçı müraciətə baxılmasının nəticəsinə dair inzibati orqanın xx.xx.2024-cü il tarixli cavab məktubunda ifadə olunmuş imtinasını, xx.xx.2024-cü il tarixli ******* nömrəli baxılmamış saxlanması haqqında qərarının qanunsuz və əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən ona ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda vətəndaşlığın müəyyənləşdirilməsindən imtinaya xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar əsas kimi götürülmüş, müraciətdə göstərilən əsas və sübutlar nəzərə alınmadan Azərbaycan Respublikasına vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsinin imtinasına səbəb kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 18 mart qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirməsi Qaydası"nın 4.4-cü maddəsi göstərilmişdir. İddiaçı qeyd edir ki, o, Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alınmış, Azərbaycan Respublikası ərazisində doğulması ilə bağlı doğum haqqında şəhadətnamə təqdim olunmuşdur. İş üzrə məhkəmə iclası 03 fevral 2025-ci il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli etirazda bildirmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixli sorğusu əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmaması barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Belə ki, araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Cavabdeh orqan tərəfindən şəxsin təkrar xx.xx.2024-cü il tarixli müraciətinə yenidən baxılaraq ərizənin baxılmamış saxlanılması barədə xx.xx.2024-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-İİQ nömrəli Qanununun 34.1.1-ci maddəsinə əsasən bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizə vermiş şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə ərizə səlahiyyətli inzibati orqan tərəfindən baxılmamış saxlanıla bilər. Qeyd edək ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar sorğulara baxılarkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1-ci bəndində nəzərdə tutulan hallar mövcud olduğu təqdirdə sözügedən Qaydanın 4.4-cü bəndində göstərilmiş şərtlər yoxlanılır. Həmin bəndin tələbinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin birinci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Beləliklə müəyyən edilir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin əsas məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. İddiaçı isə vətəndaşsızlıq vəziyyətində olmayaraq hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Göründüyü kimi "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-İİQ nömrəli Qanununun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud deyildir. Belə ki, imtinaya əsas olmuş hal (digər ölkə vətəndaşlığına mənsubluq) aradan qaldırılmadığından təkrar müraciətin baxılmamış saxlanılması tam qanunauyğundur. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iş materiallarına əlavə edilmiş iddiaçının anasına məxsus AZE17096050 nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - iş materiallarına əlavə edilmiş iddiaçının atasına məxsus AA995333 nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus şəxsiyyətinin vəsiqəsinin surətindən görünür ki, iddiaçının doğum yeri Azərbaycan Respublikasıdır. - iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus № 021794 nömrəli doğum haqqında şəhadətnamədənin surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində doğulmuş, bu barədə Gəncə şəhəri Nizami rayonu Qeydiyyat şöbəsi tərəfindən 11.07.017-ci il tarixli doğum haqqında şəhadətnamə verilmişdir. - iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında qərarının surətindən görünür ki, iddiaçının digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edildiyindən vətəndaşlığıq mənsubiyyəti tanınmamışdır. - iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli ərizənin baxılmamış saxlanılması haqqında qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında 12 sentyabr 2023-cü il tarixli, ******* nömrəli Qərar qəbul edildiyindən, şəxsə dair 28 oktyabr 2024-cü il tarixli müraciət baxılmamış saxlanılmışdır. Əsaslandırıcı hissə: İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və iddianın qanunla müəyyən edilmiş müddətdə qaldırmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə iddaçı barəsində cavabdeh tərəfindən “şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” qərar qəbul olunmuşdur. İddiaçı vətəndaşlıq mənsubiyyətinin tanınmaması səbəbi kimi isə şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olması göstərilmişdir. Bundan sonra iddiaçı yenidən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərar ilə İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında 12 sentyabr 2023-cü il tarixli, ******* nömrəli Qərar qəbul edildiyindən, şəxsə dair 28 oktyabr 2024-cü il tarixli müraciət baxılmamış saxlanılması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın 3.11-ci bəndinə əsasən, Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən, Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na əsasən: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 4.3. Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir). Hazırkı iş üzrə iddiaçının hüquqi marağı iddia tələbi faktiki olaraq vətəndaşlıq mənsubiyyətinə müəyyən edilməsi ilə bağlıdır. Şəxsin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi zamanı inzibati orqan inzibati akt qəbul edir. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Başqa sözlə, cavabdeh inzibati orqan kimi iddiaçının müraciəti əsasında inzibati icraatı başlamalı, bu zaman “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan inzibati icraatın prinsiplərinə riayət etməklə inzibati icraat aparmalı, son nəticədə inzibati icraatın nəticəsində əsaslandırılmış inzibati akt qəbul etməlidir. Məhkəmə isə qəbul edilən qərarın qanuniliyinə qiymət verməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinin məzmununa əsasən, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1 və 24.2-ci maddələrində qeyd olunur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyündən bəhs edən 74-cü maddəsində qeyd edilir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə cavabdehin iddiaçıya münasibətdə diskresion səlahiyyətini düzgün həyata keçirmədiyi nəticəsinə gəlir. Belə ki, cavabdeh qurum da inzibati orqan kimi inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələblərinə uyğun aparılmış icraat nəticəsində qərar qəbul etməyə, həmin qərarın qəbul olunmasına dair əsaslar göstərilməyə və qərarı gücləndirilmiş elektron imza ilə imzalamağa borcludur. Lakin cavabdeh həmin normaların tələbinə əməl etməmiş, formal (məcburi) tələblər təmin olunmamış, sonda inzibati akt qəbul edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçı Gəncə şəhərində doğulmuş, Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alınmış, Azərbaycan Respublikası ərazisində doğulması ilə bağlı doğum haqqında şəhadətnamə təqdim olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 52ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçının Azərbaycan Respublikası ərazisində doğulması faktın dövlət orqanı tərəfindən təsdiqlənmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının anası X1 və atası X2 Azərbaycan Respublikası vətəndaşıdırlar və Azərbaycanda yaşayırlar. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Həmçinin valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının müraciətinə “İnzibati icraat haqqında” Qanunun və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq yenidən baxılması ilə bağlı öhdəlik cavabdehin üzərinə qoyulmalıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının müraciətinə “İnzibati icraat haqqında” Qanunun və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq zəruri inzibati icraatı aparılmaqla müvafiq inzibati aktın qəbul edilməsinə ilə bağlı öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2395/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2395/2025
03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver