Məhkəmə qərarları › İş №2-1(114)-2397/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2397/2022

07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2397/2022 07.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçının vəkili X10, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir rayonu Keçili Bələdiyyəsinə qarşı (üçüncü şəxs X8) qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Şəmkir rayonu, Keçili bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu, Keçili Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli qərarının və iclas protokolunun etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh 31 iyul 2003-cü il tarixli, 09 nömrəli qərarına və 24 dekabr 2003-cü il tarixli alğı-satqı aktına əsasən Şəmkir rayonu Keçili bələdiyyəsi ərazisindən 0,08 ha torpaq sahəsini 37.600 manata almışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Cavabdeh tərtib etdiyi Şəmkir rayonu Keçili bələdiyyəsinin yerquruluşu planından çıxarışa əsasən torpaq sahəsinin koordinatları ona tanıdılmış və həmin vaxtdan da torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Bələdiyyə həmin vaxt torpaqlara çıxarış almadığından o da torpaq sahəsinə dair çıxarış əldə edə bilməmişdir. Lakin üçüncü şəxs İməddin Məmmədov çıxarış təqdim edərək həmin torpaq sahəsinin ona məxsus olmasını iddia edir. Sorğu əsasında əldə edilmiş məktubla müəyyən olunmuşdur ki, cavabdeh Şəmkir rayonu Keçili bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 19 saylı qərarına və iclas protokoluna əsasən həmin torpaq sahəsinin bələdiyyə tərəfindən İməddin Məmmədova satılması qərara alınmış və xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən sonuncuya satılmışdır. Bələdiyyə 2019-cu ildə torpaqlara mülkiyyət sənədini əldə etmiş və 2003-cü ildən iddiaçının aldığı mübahisəli torpaq sahəsini 2019-cu ildə İməddin Məmmədova satmışdır. Sonuncu isə adına çıxarış almışdır. Bundan məlum olur ki, Şəmkir rayonu Keçili bələdiyyəsi bir torpaq sahəsini ilk öncə iddiaçıya satmış, 16 il sonra isə İməddin Məmmədova satmışdır. Bələdiyyə bir torpaq sahəsinə görə 2 dəfə pul almışdır. Nəticədə iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnu əldə etməsinə süni maneələr törətmişdir. İddiaçının vəkili X13 məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Şəmkir rayonu, Keçili bələdiyyəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir. İddiaçının vəkili X12 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, sözügedən sahə 19 ildir iddiaçının istifadəsindədir və orada istixana inşa etmişdir. Üçüncü şəxs X8 iddianı qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, bələdiyyə ona torpağı 2019-cu il tarixdə satmış, lakin satılmış sahəni ona göstərməmişdir. O, dəfələrlə bələdiyyədən sahənin yerini soruşsa da bələdiyyə sahəni göstərməmiş, həmçinin sahəyə dair çıxarışın alınmasını da bələdiyyə sədri özü təşkil etmiş və çıxarışı ona təqdim etmiş, sonradan ona məlum olmuşdur ki, ona satılmış sahə iddiaçının istifadəsində olan sahədir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş Şəmkir rayonu, Keçili bələdiyyəsinin yerquruluşu planından çıxarışda Keçili kənd sakini İddiaçı satılması nəzərdə tutulan 0.08 ha torpaq sahəsinin yeri qeyd edilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş torpaqların alğı-satqısına dair aktdan görünür ki, Şəmkir rayonu, Keçili kəndində yaşayan İddiaçı Şəmkir rayonu, Keçili bələdiyyəsi tərəfindən Keçili bələdiyyəsi ərazisində 0.08 ha torpaq sahəsinin satılması barədə xx.xx.2003-cü il tarixli, 09 nömrəli qərar qəbul edilmiş və İddiaçı həmin torpaq sahəsi müqabilində 37.600 manat ödəmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş Cavabdeh xx.xx.2003-cü il tarixli, 9 nömrəli qərarından görünür ki, İddiaçı bələdiyyə ehtiyat fondunun alğı-satqı predmeti olan torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.08 ha torpaq sahəsi satılması qərara alınmışdır. -********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.074 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X4 adına dövlət qeydiyyatına alınmışdır. -AN-İ ******* nömrəli xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəmkir rayonu Keçili bələdiyyəsi xx.xx.2019-cu il tarixli **********59 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus 0.074 ha torpaq sahəsini X1. -surəti işə əlavə edilmiş Şəmkir rayon, Keçili bələdiyyəsinin iclasının xx.xx.2019-cu il tarixli, 19 nömrəli protokolundan görünür ki, Keçili kəndi ərazisində yerləşən Dövlət Reyestrində Keçili bələdiyyəsinin adına xx.xx.2019-cu il tarixli **********59 reyestr nömrəsi ilə qeydiyyata alnmış 740 kv.m torpaq sahəsi 2400 manata Xuluf kənd sakini X2 qərara alınmışdır. -işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X9 xx.xx.2021-ci il tarixli, k-1-142 nömrəli arxiv arayışından görünür ki, Keçili bələdiyyəsinin xx.xx.2003-cü il tarixli iclas protokolu ilə İddiaçı adına 0.08 ha həyətyanı torpaq sahəsi ayrılması qeyd edilmişdir. -X7 tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli, 136 nömrəli məhkəmə tikinti-texniki ekspertizası rəyində göstərilmişdir ki, Şəmkir rayonu, Keçili kənd bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 09 saylı qərarı ilə İddiaçı ayrılmış 0.08 hektar torpaq sahəsinin naturada 0.074 ha təşkil etdiyi və sənəd üzrə koordinatları ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının üst-üstə düşdüyü müəyyən olunur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.1 və 32.1-ci maddələri) aid olan hazırki iddianın müddətlə bağlı ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar cavabdeh orqan tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilsə də, sözügedən qərarda şikayət vermə qaydası və müddəti nəzərdə tutulmadığından “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən (inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər) iddiaçının həmin qərardan 6 ay müddətində şikayət vermək hüququ olmuş və iddiaçı sözügedən qərarla xx.xx.2021-ci il tarixdə tanış olaraq hazırki tələb üzrə iddia ərizəsini xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Deməli iddia qanunvericiliklə müəyyən olunmuş müddət ərzində verilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 31 iyul 2003-cü il tarixli, 09 nömrəli qərarı ilə iddiaçıya satılmış 0.08 ha torpaq sahəsi sonradan, yəni bələdiyyənin xx.xx.2019-cu il tarixli, 19 saylı protokol qərarına əsasən üçüncü şəxs X3 və həmin şəxsin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıraraq müvafiq çıxarış verilmişdir İddiaçı hazırda bələdiyyənin xx.xx.2019-cu il tarixli qərarını mübahisələndirir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun:- -6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -4-cü bəndində qeyd olunmuşdur ki, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -11.1 maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -21.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2 maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1 maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2 maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -61.4 maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -62.1 maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1 maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2 maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. maddəsinə əsasən Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İşin faktiki hallarından, eləcə də mübahisələndirilən qərarın məzmunundan görünür ki, sözügedən qərar qəbul edilərkən iddiaçının iştirakı təmin edilməmiş, sahənin yenidən digər şəxsə satılması ilə bağlı ona məlumat verilməmiş, eyni zamanda faktiki olaraq eyni torpaq sahəsinin təkrar olaraq alqı-satqısı həyata keçirilmişdir. Bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan tələbləri pozulmuşdur. Həmçinin qeyd edilməlidir ki, bələdiyyənin üçüncü şəxsə satılması nəzərdə tutulan torpaq sahəsini sonuncuya təqdim etmədən (faktiki yerləşmə yerini göstərmədən) xx.xx.2019-cu il tarixdə satması və qısa müddət (8 gün) ərzində, yəni xx.xx.2019-cu il tarixdə çıxarışla sahənin rəsmiləşdirilməsində maraqlı olması onu deməyə əsas verir ki, bələdiyyənin məqsədi mübahisəli torpaq sahəsini qərəzli və qanunsuz yolla iddiaçının əlindən almaq olmuş və buna da qismən nail olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Şəmkir rayonu, Keçili Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 19 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar