Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-24/2020 23.01.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair inzibati işə şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M üə y y ə n etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, o, 2017-ci ilin iyun ayından “müddətdən artıq xidmət edən əsgər” kimi hərbi xidmətini daxili nizam intizam qaydalarına uyğun şəkildə Azərbaycan Respublikasının N saylı hərbi hissəsində aparırdı. Xidmətdə olarkən 2018-ci ilin oktyabr ayında mayor Baloğlanov tərəfindən çağırılmış və təlim kursunda iştirak etmək üçün Bakı şəhərinə ezam olunacağı barədə məlumat almışdır. O, əmrə tabe olaraq Bakı şəhərinə ezam olunmuş və ezamiyyətdə Bakı şəhərində olduğu zaman kurs rəhbərliyi tərəfindən ona bildirildi ki, o, müddətdən artıq xidmət edən digər bir şəxsin əvəzinə göndərilmişdir. Həmçinin daha sonra onlar bildirmişlər ki, iştirak etdiyi kurs könüllülük xarakteri daşıyır. Bu məlumatı aldıqdan sonra kurs rəhbərliyinə raport yazaraq əvvəlki xidmət yerinə qaytarılmaq istədiyini bildirmişdir. Ərizəsinə əsasən onu xidmət yerinə geri qaytardılar. Bir müddət xidmətini əvvəlki qaydada davam etdirmiş və qazan təminatına daxil edilmişdir. Xidmət etdiyi dövr ərzində xidmətdə hər hansı qüsur və nöqsanı olmamışdır. Lakin bir müddət sonra qulluq etdiyi hərbi hissənin Kadrlar şöbəsindən çağırılaraq hərbi xidmət keçmə yerinə qayıtmağının səbəbini soruşmuşlar. O, bütün olanları izah etmiş və bir neçə gündən sonra N saylı Hərbi hissənin qərargah rəisi polkovnik Polad Həşimov tərəfindən qəbul edilmiş, polkovnik Həşimovun qəbulunda olarkən o, onun könüllü olaraq ezam olunduğunu bildirmiş, iddiaçı isə etiraz etmiş və bildirmişdir ki, ezam olunduğu gün o, karaul növbətçiliyə daxil olurmuş, onu karaul növbətçiliyindən kənarlaşdırıb başqa bir MAXE-nin yerinə ezam göndərdilər. Lakin verdiyi cavab N nömrəli hərbi hissənin rəhbərliyini qane etməmiş və o, daxili hərbi məhkəmənin qərarına əsasən hərbi xidmət müddətindən artıq xidmət keçən hərbi qulluqçu kimi AR “Hərbi xidmətkeçmə” haqqında əsasnamənin 156-cı maddəsinin (e) bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyyata buraxılmışdır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(104)-564/2019 nömrəli qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(83)- 646/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-nin 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinin tələblərinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın elan olunduğu vaxtdan, şikayət intansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qərarın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından göründüyü kimi, iddiaçı N saylı hərbi hissəyə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etməmiş və bununla da həmin inzibati aktın mübahisələndirmə müddəti heç bir üzürlü səbəb olmadan ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3 maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə, Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-24/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-24/2020
23.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver