Məhkəmə qərarları › İş №2-1(114)-24/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-24/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-24/2022 28.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi (qanuni təmsilçi) X5, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə 26.01.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 14 saylı Ərazi Vergilər İdarəsinin 04.11.2020-ci il tarixli **********140483 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın və 22.12.2020-ci il tarixli **********142866 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 14 saylı Ərazi Vergilər İdarəsinin 20 may 2020-ci il tarixli, **********200002 nömrəli qərarına əsasən İddiaçı MMC yaranan gündən, yəni İyul 2017- Mart 2020 hesabat dövrləri üçün növbədənkənar səyyar vergi yoxlamasının aparılması haqqında qərar qəbul edilmişdir. Müsəsisənin rəsmi hüququ ünvanı qeydiyyata alındığı zaman Şəmkir rayonu Dəllər cəyir qəsəbəsi ərazisində olmuşdur. Sözügedən ünvanda müəssiənin 1.8 ha ərazidə istehsalat sahəsi, asfalt beton zavodu və nəqliyyat qarajı mövcuddur. Müəssisə müvəqqəti olaraq podrat müqaviləsi əsasında 2018-2019-cu illərdə bir sıra rayonlarda subpodrat tikinti işlərini asfalt-beton qurğularının inşası, torpaq dolğu hamarlama işlərini və digər tikinti quraşdırma işlərini həyata keçirtmişdir. 2020-ci ilin yanvar ayında inşa etdiyi layihələr qərb regionunda bitdikdən sonra əsas fəaliyyəti Bakı şəhərinə istiqamətləndirmişdir. Ümumiyyətlə, müəssisənin bütün maddi texniki bazası Şəmkir rayonunda istifadəsində olan Dəllər Cəyir ərazi vahidliyində yerləşir. 2020-ci ilin may ayından müəssisənin rəhbəri ağır infeksion xəstəliyə tutulduğundan uzun müddət əmək qabiliyyətini itirmişdir. Onun nəyinki işə çıxma, hətta ölkə ərazisində hökm sürən COVİD-19 infeksiyası ilə bağlı yaradılmış Operativ Qərargahın qərarına əsasən bu təbəqədə olan xəstələrin küçəyə çıxması belə qadağan edildiyi bir halda vergi orqanı tərəfindən əsassız olaraq başlanmış vergi yoxlaması hər hansı bir mühasibatlıq sənədlərini araşdırmadan, müəssisənin mövcud istehsalat sahələrinə baxış keçirtmədən vergi yoxlaması nəticələrinə dair iftira ilə dolu akt tərtib etmişdir. 6 noyabr 2020-ci il tarixdə vergi yoxlamasına dair akt elektron formada onlayn kargüzarlığa daxil olduqda müəssisə rəhbərinin işə davamlılıq qabiliyyəti olmadığından təsisçi tərəfindən qəbul edilmiş qərara əsasən müəssisənin direktoru Samir Muxtarlı tutduğu vəzifəsindən səhhəti ilə bağlı azad edilərək X6 təyin edilmişdir. Aktda yazılanların faktiki müəssisənin fəaliyyətini əks etdirmədiyini görərək aktın nəticələrindən narazı olmasına dair və aktda yazılan hüquq pozmalara dair 23 noyabr 2020-ci il tarixdə 14 saylı Ərazi vergi idarəsinin rəisi Səməd Vəliyevin adına şikayət yazılaraq aktın ləğv edilməsinə və yoxlamanın obyektiv keçirilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. 14 saylı Ərazi vergilər idarəsinin rəisi qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq verilmiş şikayətə hər hansı bir münasibət bildirməmişdir. Dekabr ayının 14 də ölkədə elan edilmiş sərt karantin rejimi haqqında operativ tərargahm qərarından iki gün sonra yəni 16 dekabr 2020-ci il tarixdə müssisənin rəhbəri Kamran Məmmədovun vəziyyəti qəflətən pisləşərək Qazax rayon tibb mərkəzinə çatdırılmış və daha sonra stassionar müalicə qəbul etmək məqsədi ilə ev şəratində müalicə edilməsi üçün “əmək qabiliyyətinin olmaması” vərəqəsi açılmışdır. 14 saylı Ərazi Vergilər İdarəsi müəssisə rəhbəri xəstəlik keçirtdiyi vaxtda prosessual hüquq normalarını və o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarları kobud şəkildə pozmaqla 22 dekabr 2020-ci il yoxlama aktının nəticələrinə dair Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsulliyətə cəlb edilməsi haqqında qərar qəbul etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər idarəsi tərəfindən tərtib edilmiş 04.11.2020-ci il tarixli **********140483 nömrəli səyyar vergi yoxlaması aktı və 22 dekabr 2020-ci il tarixli, 200014702:3142866 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasma görə məsuliyyətə cəlb edilməsi haqqında qərar aşağıdakı göstərilən səbəblərdən ləğv edilməlidir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının aparılması haqqında qərar qəbul ediildikdən sonra vergi orqanı tərəfindən hər hansı vergi yoxlamasının aparılması 2020-ci ilin may ayından 14 oktyabr 2020 ci il tarixədək bir neçə müvafiq qərarlara dayandırlmışdır. Daha sonra 14 oktyabr 2020 ci il tarixində vergi yoxlaması bərpa edilmiş, yəni müharibə ilə bağlı ölkədə fövqaladə vəziyyət elan olunduğu dövrdə insanların ölkə ərazisində hərəkəti məhdud olduğu bır halda vergi orqanı 14 oktyabrdan 4 noyabra qədər “virtual” yoxlama aparmışdır. Sözügedən dövrdə yəni 14 oktyabr-4 noyabr 2020 ci il dövründə vergi orqanı tərəfindən səyyar vergi yoxlamasına dair aktın yazılması üçün sənədlərin hansı mənbədən əldə edilməsi və onun əsasında hüquqi qiymət verilməsi məlum deyil. Yoxlama materiallarına əlavə edilmiş sənədlərdən açıq aşkar sübuta yetirilir ki, vergi orqanı tərəfindən vergi yoxlamasının təxirə salınması haqqında may-oktyabr aylarında qəbul edilmiş qərarlar mövcud olsa da vergi orqanı may-iyun iyul- avqust- sentyabr- oktyabr aylarında faktiki olaraq vergi yoxlaması ilə bağlı hərəkətlər həyata keçirtmişdir. Belə olan halda vergi yoxlamasını dayandırılması haqqında vergi orqanının qərarı yalnız prosessual müddətin, yəni yoxlama üçün müəyyən edilmiş müddətin axınını süni şəkildə dayandırmaq məqsədi daşımışdır. Belə ki, qərara əsasən yoxlama müddəti 30 gün təyin olunsa da vergi orqanı tərəfindən təqdim edilmiş sənədlərdən açıq-aşkar görünür ki, faktiki olaraq vergi yoxlaması 170 gün və ya 134 iş günü davam etmişdir. Vergi orqanı əməkdaşları bununla Azərbaycan Respublikası Vergi Məcələsinin yoxlama müddəti ilə bağlı 38-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Vergi orqanı tərəfindən növbədənkənar səyyar vergi yoxlamasının başlanması üçün vergi məcəlləsinin 38.3.5-ci maddəsi göstərməklə növbədənkənar yoxlamanın başlanması haqqında qərarın qəbul edilməsi üçün hər hansı bir əsas göstərilməmişdir. Belə bir yoxlamanın başlanması üçün qanunvericliyin tələblərinə əsasən əsaslandırılmış qərar tələb olunur. Vergi yoxlaması materiallarının baxılması barədə qərar qəbul edilməsi üçün 22 dekabr 2020-ci il tarixin müəyyən edilməsi və müəssisə rəhbəri Kamran Məmmədovun iştirak etməsinə dair vergi orqanı tərəfindən göndərilmiş müraciətə cavab olaraq 21 dekabr 2020-ci il tarixdə onlayn kargüzarlıq bölməsində Kamran Məmmədovun 16 dekabr tarixindən xəstə olması və müvafiq xəstəlik vərəqəsi ilə ev şəraitində müalicə olunmasına dair vergi orqanı rəsmi məlumatlandırılmışdır. Xəstəlik vərəqəsi də qarşı tərəfə göndərilmiş və məktubla müraciət edilərək bildirilmişdir ki, əmək qabiliyyəti tam bərpa edildikdən sonra və o cümlədən ölkədə hökm sürən COVİD 19 infeksiyası ilə bağlı operativ qərargahın qəbul etidiyi sərtləşdirilimiş karantin rejimi 18 yanvar 2021 ci il tarixdə yumşaldıqdan sonra yoxlama materiallarına baxılması xahiş edilmişdir. 14 saylı Ərazi Vergilər İdarəsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.7-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq yoxlama materiallarına iddiaçı müəssisənin əməkdaşının iştirakı olmadan baxaraq qərar qəbul etmişdir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi yoxlamasının aparılması müəssisə tərəfindən təqdim edilmiş ilkin mühasibatllıq sənədləri əsasında həyata keçirilməlidir. İlkin sənədlər əsasında aparılan yoxlama ilə bağlı zəruriyyət yarandığı halda qarşılıqlı əlaqələrin təhlili aparılması nəzərdə tutulub. Müəssisənin hər hansı bir ilkin mühasibat sənədləri yoxlamaya təqdim olunmadığı bir halda müəssisədə olan mal qalıqlarına və ya aparılan tikinti işləri ilə bağlı silgilərin hər hansı bir sənədə əsaslanmadan vergi orqanı tərəfindən qərar qəbul edilməsi tamamilə qanunsuzdur. Müəssisə asfalt-beton zavoduna malik olmaqla əldə etdiyi xammalı asfaltbeton məhsullarına çevirməklə layihələrin icrası vaxtı sərf etmiş və bunun əsasında sifarişçidən pul vəsaiti əldə etmişdir. Vergi orqanı əldə edilmiş məhsulları saxlama anbarlarının olmamasını əsas gətirərək həmin mal qalığını satış kimi qiymətləndirərək 603027,37 manat ƏDV məbləği hesablamışdır. Eyni zamanda həmin məbləğə də 50% maliyyə sanksiyası tətbiq etmişdir. Doğrudur, müəssisənin anbarında sözügedən məhsul yoxdur, ola da bilməz. Çünki əldə edilmiş məhsuldan iddiaçı tərəfindən icra olunmuş bir sıra layihələrdə istifadə edilmiş tikinti materiallarıdır. O ki qaldı müəssisənin anbarının olmaması, bu tamamilə yanlışdır. Müəssisənin istehsalat sahəsində min tonlarla tikinti materialları iş icrası vaxtı yığılırdı, hətta indi də istifadəsində olan ərazidə tikinti materialları mövcuddur. Səyyar vergi yoxlaması aktında qeyd olunanlara əsasən müəssisəyə şərti rentabellik göstəricisi tərtib edilməklə hesablama apararaq 2017-ci il üzrə 1383,64 manat, 2018-ci il üzrə 147148,89 manat, 2019-cu il üzrə 61690,38 manat, ümumilikdə 242222,91 manat mənfəət vergisinin azaldığı qənaətinə gəlmişdir. Eyni zamanda həmin məbləğə də 50% maliyyə sanksiyası tətbiq etmişdir. Müəssisənin malik olduğu əsas vəsaitlərin yüksək dəyərdə olması hesablanmış amortizasiya xərcləri hesabına və digər xərclər hesabına müəssisə qeyd olunan hesabat dövrlərində mənfəət əldə edə bilməmişdir. Vergi yoxlamasına dair tərtib edilmiş aktda əlavə dəyər vergisi üzrə vergi yoxlayıcısının əks etdiyi cədvəllərdən ƏDV ödənişləri ilə əsas ödənişlər arasında ziddiyətin təşkil etdiyi göstərilərək hesabat dövrü üzrə təqdim edilmiş bir çox ƏDV əvəzləşdirilmələrini aylar üzrə ləğv edərək digər ayların əvəzləşməsinə və ya ümumiyyətlə əvəzləşməyə cəlb edilməməsinə dair gəldiyi nəticə əsassızdır. Vergi orqanı tərəfindən bu kimi halların düzgün təsbit edilməməsi yolverilməzdir. Eyni zamanda vergi orqanının ödənişlər üzrə ƏDV məbləğinin ödənilərək əsas məbləğin ödənilməməsinə dair gəldiyi qənaət də əsassızdır. Belə bir hal yoxdur. Bütün ödənişlər üzrə həm əsas həm ƏDV məbləğləri ödənilmişdir. Məhkəmənin 17.03.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “22.12.2020-ci il tarixli **********142866 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmənin 26.04.2022-ci il tarixli qərardadı ilə İddiaçı əsl iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilmişdir. İddiaçının qanuni təmsilçisi X8 və onun vəkili X7 məhkəmə iclasında iddianı müdafiə etmişlər. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, 14 saylı Ərazi Vergilər İdarəsinin 20 may 2020-ci il tarixli, Ï **********0002 nömrəli Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərarı ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətdə 26 iyul 2017-ci il tarixdən 01 aprel 2020-ci il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və 21 may 2020-ci il tarixdə səyyar vergi yoxlamasının başlanılması nəzərdə tutulmuşdur. Səyyar vergi yoxlamasının başlaması ilə əlaqədar veri orqanı tərəfindən 22 may 2020-ci il tarixdə vergi ödəyicisinin hüquqi ünvanına - Ağstafa rayonu, Vurğun qəsəbəsinə gedilmiş və İddiaçın həmin ünvanda olmadığı və fəaliyyət göstərmədiyi müəyyən müəyyən edilmişdir. Bu barədə Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Vurğun qəsəbə İnzibati Dairəsi üzrə nümayəndəsindən 22 may 2020-ci il tarixli, 280/g nömrəli arayış alınmışdır. Növbədənkənar səyyar vergi yoxlamasının təyin olunmasını cəmiyyətin rəhbərinə bildirmək üçün 22 may 2020-ci il tarixli, **********448100 nömrəli məktubla 20 may 2020-ci il tarixli, **********200002 nömrəli Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın surəti, təyin edilmiş səyyar vergi yoxlamasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınması barədə 20 may 2020-ci il tarixli, KY ********* nömrəli Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış və 21 may 2020-ci il tarixli, **********200040 nömrəli Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə sifarişli məktubla vergi ödəyicisinin təsərrüfat subyektinin (ofisin) məlumat bazasında olan ünvan 3 ünvana göndərilmiş, lakin “ünvan tapılmadı” qeydi ilə 03 iyun 2020-ci il tarixdə poçtdan geri qaytarılmışdır. 14 saylı Ərazi Vergilər İdarəsinin 16.06.2020-ci il tarixli **********137277 nömrəli, 16.07.2020-ci il tarixli **********138177 nömrəli, 17.08.2020-ci il tarixli **********139057 nömrəli, 14.09.2020-ci il tarixli **********139902 nömrəli “Səyyar vergi yoxlamasının müvəqqəti dayandırılması haqqında Qərarlarla VM-nin 38.7.1-ci maddəsinin tələbinə uyğun olaraq təyin edilmiş səyyar vergi yoxlaması müvəqqəti dayandırılmışdır. İdarə tərəfindən 14.12.2020-ci il tarixli **********553000 nömrəli, **********552300 nömrəli və **********548800 nömrəli məktublarla cəmiyyətin hüquqi ünvanına, ofisinin yerləşdiyi ünvana, cəmiyyətin rəhbərinin ünvanına, həmçinin elektron kabinetinə məktub ünvanlanaraq 18.12.2020-ci il tarixdə saat 11:00-da yoxlamanın nəticələrinə dair materiallara baxılacağı, eyni zamanda üzrsüz səbəbdən iştirak etməyəcəyi halda iştirakı olmadan baxılacağı qeyd olunmuşdur. Daha sonra 18.12.2020-ci il tarixdə cəmiyyətin rəhbəri tərəfindən vergi orqanına məktub ünvanlanaraq səhhətində yaranmış problemə görə materiallara baxılmada iştirak edə bilməyəcəyini bildirərək “Əmək qabiliyyətinin olmaması vərəqəsi”ni təqdim etmiş, həmin sənəddə işdən azad edilməsi günləri 16 dekabr 2020-ci il-21 dekabr 2020-ci il tarixləri əhatə etmişdir. Bundan sonra yoxlamanın nəticələrinə dair materiallara baxılması 22 dekabr 2020-ci il tarixə saat 11:00-a təyin edilmiş, cəmiyyətin rəhbərinin təkrar müraciəti üzrlü səbəb kimi qəbul edilməmiş və materiallara cəmiyyətin rəhbərinin iştirakı olmadan baxılaraq 22.12.2020-ci il tarixli **********142866 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması nəticəsində aşağıda qeyd olunan hesablamalar həyata keçirilmişdir: Belə ki, səyyar vergi yoxlaması zamanı 2017-ci il üzrə müəyyən edilmiş 6918,19 manat mənfəət məbləğinə 20,0 % vergi dərəcəsi ilə 1383,64 manat (6918,19 x 20,0 % = 1383.64) mənfəət vergisi hesablanmış və nəticədə cəmiyyət tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində 1383,64 manat büdcəyə çatacaq mənfəət vergisinin azaldıldığı, 2018-ci il üzrə müəyyən edilmiş 895744,47 manat mənfəət məbləğinə 20,0 % vergi dərəcəsi ilə 179148,89 manat (895744,47 x 20,0 % = 179148,89) mənfəət vergisi hesablanmış və nəticədə cəmiyyət tərəfindən 2018-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində 179148,89 manat büdcəyə çatacaq mənfəət vergisinin azaldıldığı və 2019-cu il üzrə müəyyən edilmiş 692213,40 manat mənfəət məbləğinə 20,0 % vergi dərəcəsi ilə 138442,68 manat (692213,40 x 20,0 % = 138442,68) mənfəət vergisi hesablanmış və nəticədə cəmiyyət tərəfindən 2019-cu il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində 61690,38 (138442,68 - 76752,30 = 61690,38) manat büdcəyə çatacaq mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən yoxlama ilə əhatə olunan dövrün müvafiq ayları üzrə təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrinin düzgünlüyünü yoxlayarkən cəmiyyət tərəfindən təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrində 2018-ci ilin avqust ayı üzrə 556952,60 manat, oktyabr ayı üzrə 54,00 manat, 2019-cu ilin yanvar ayı üzrə 611,50 manat, mart ayı üzrə 28099,95 manat, may ayı üzrə 272160,04 manat, iyun ayı üzrə 69108,32 manat, iyul ayı üzrə 10656,04 manat, avqust ayı 5309,99 manat, sentyabr ayı üzrə 9300,00 manat, oktyabr ayı üzrə 15085,51 manat, noyabr ayı üzrə 52553,61 manat, dekabr ayı üzrə 83250,00 manat, 2020-ci ilin mart ayı üzrə 603027,37 manat, cəmi 1716168,93 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı və 2018-ci ilin iyun ayı üzrə 54,00 manat, dekabr ayı üzrə 164,68 manat cəmi 218,68 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin artıq hesablandığı müəyyən edilmişdir. Beləliklə aparılmış səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən 2018-ci il ərzində 557006,6 manat, 2019-cu il ərzində 556134,96 manat və 2020-ci ilin ilk 3 ayı ərzində 533027,37 manat, cəmi 1716168,93 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı və 2018-ci il ərzində 218,68 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin artıq hesablandığı, nəticədə yoxlama ilə əhatə olunan dövrdə 1715950,25 manat (1716168,93 - 218,68 = 1715950,25) büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı müəyyən edilmişdir. Odur ki, iddia tələbi əsassız və vergi qanunvericiliyinin tələblərinə zidd olduğundan rədd edilməlidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Surəti işə əlavə edilmiş 14 saylı Ərazi Vergilər İdarəsinin 04.11.2020-ci il tarixli **********140483 nömrəli aktından görünür ki, səyyar vergi yoxlaması zamanı İddiaçı MMC tərəfindən gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsi (azaldılması) nəticəsində 242222.91 manat məbləğində mənfəət vergisinin, 1716168.93 manat məbləğində əlavə dəyər vergisinin və 9.57 manat məbləğində əmlak vergisinin, ümumilikdə 1958401.41 manat vergilərin azaldılması və 218.68 manat vergilərin artıq hesablanması müəyyən edilmişdir. -Surəti işə əlavə edilmiş 14 saylı Ərazi Vergilər İdarəsinin 22.12.2020-ci il tarixli **********142866 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, İddiaçı MMC əlavə hesablanmış vergilər üzrə 1958182.73 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 979200.72 manat olmaqla ümumilikdə 2937383.45 manat (iki milyon doqquz yüz otuz yeddi min üç yüz səksən üç manat, qırx beş qəpik) manat məbləğində məsuliyyətə cəlb edilmişdir. -Məhkəmə Ekspertizası Mərkəzinin 01.04.2022-ci il tarixli, 9/2002 nömrəli ekspert rəyindən görünür ki, 04.11.2020-ci il tarixli, **********140483 saylı səyyar vergi yoxlaması aktının əhatə etidyi dövr ərzində İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilərin əlavə dəyər vergisi üzrə 83085.17 manat, mənfəət vergisi üzrə 180532.53 manat, əmlak vergisi üzrə 9.57 manat olmaqla ümumilikdə 263627.27 manat az hesablanması müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh orqan tərəfindən İddiaçı MMC-nin (indiki "xxxx" MMC-nin) fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, müəssisə tərəfindən gəlirlərinin və ya vergitutma obyektinin azaldılması nəticəsində 242222.91 manat məbləğində mənfəət vergisinin, 1716168.93 manat məbləğində əlavə dəyər vergisinin və 9.57 manat məbləğində əmlak vergisinin, ümumilikdə 1958401.41 manat vergilərin azaldılması və 218.68 manat vergilərin artıq hesablanması müəyyən edilmiş, həmin yoxlamanın nəticələrinə əsasən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 22.12.2020-ci il tarixli **********142866 nömrəli qərara əsasən iddiaçı müəssisənin 1958182.73 manat vergidən yayınması müəyyən edilmiş və müvafiq olaraq 979200.72 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə qeyd olunan qərarı mübahisələndirir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materialları ilə müəyyən olunur ki, səyyar vergi yoxlaması zamanı vergi orqanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş müvafiq vergi bəyannamələrin düzgünlüyünü yoxlayarkən cəmiyyət tərəfindən 2017-2019-cu il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 2017-ci il üzrə 41509.60 manat, 2018-ci il üzrə 5374467.66 manat, 2019-cu il üzrə 4153280.48 manat gəlir əldə edildiyi, malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclərin isə 2018-ci il üzrə 5341915.56 manat təşkil edərək hesabat ilini 32552,10 manat mənfəətlə başa vurduğu göstərilmiş və 2017-ci ilin 52499.0 manat gəlirdən çıxılası zərəri göstərərək mənfəət vergisi hesablamamış, eyni zamanda 2019-cu il üzrə xərclərin 3769518,44 manat təşkil edərək hesabat ilini 383762.04 manat mənfəətlə başa vurduğu göstərilmiş və 2017-ci ilin 0.55 manat zərəri nəzərə alınaraq 76752.30 mənfəət vergisi hesablanmış, lakin aktda qeyd edildiyi kimi qeyd olunan illər üzrə gəlirin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilməmişdir. Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli və 04 aprel 2003-cü il tarixli, 42 nömrəli Qərarlarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin 2017-2019-cu illər üzrə gəlirinə şərti rentabellik göstəricisi tətbiq edilməklə 2017-ci il üzrə 1383.64 manat, 2018-ci il üzrə 179148.89 manat və 2019-cu il üzrə 61690.38 manat vergi ödəyicisinin mənfəəti hesablanmışdır. Qeyd edilməlidir ki, mövcud vergi qanunvericiliyinin tələblərinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Bunun üçün Azərbaycan Respublikası Vergi Məcəllənin 67.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: Vergi Məcəlləsinin 67.14-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır, yəni yalnız bu halda yoxlanılan dövr üçün mənfəətin (gəlirin) hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. İş üzrə ekspert rəyindən görünür ki, İddiaçı MMC ("xxxx" MMC) tərəfindən aparılmış əməliyyatlara görə təqdim edilmiş iş materiallarında 2019-cu ilə dair alınmış mallar və digər xərc sənədləri (e-qaimə fakturalar, ödəniş sənədləri, depozit hesabından çıxarışlar, sosial ayırmaların və əmək haqqının hesablanmasına dair sənədlər və s.) öz əksini tapmışdır ki, həmin sənədlər nəzərə alınmaqla müəssisə tərəfindən 2019-cu il üzrə aparılmış əməliyyatlara görə kənarlaşma müəyyən olunmamışdır, yalnız 2017-2018-ci illər üzrə 180532,53 (2017-ci il üzrə 1383,64 manat, 2018-ci il üzrə 179148,89 manat) manat məbləğində mənfəət vergisinin az hesablanması müəyyən olunmuşdur. Məhkəmə ekspertin rəyi ilə razılaşır və bu yanaşmanı onunla əsaslandırır ki, vergi yoxlaması zamanı vergi ödəyicisinin müvafiq mühasibatlıq sənədləri üzrlü səbəblərdən yoxlayıcıya təqdim edilməmiş, nəticədə vergi borcu yuxarıda qeyd edilmiş qaydada hesablanmışdır. Məhkəmə araşdırması zamanı isə qeyd edilən sənədlər məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilərək ekspertə təqdim edilmişdir. Nəticə etibarilə ekspert tərəfindən aparılmış tədqiqat və hesablama lazımi sənədlər əsasında həyata keçirildiyindən həmin nəticə vergi yoxlamasının nəticəsindən daha əsaslı və mötəbər hesab edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, vergi orqanının mübahisələndirilən qərarında mənfəət vergisi 242222.91 manat hesablanmış, eləcə də həmin məbləğin 50%-i həcmində, yəni 121111,46 manat maliyyə sanksiyası tətbiq edilmiş, eyni zamanda mübahisələndirilən qərarda ƏDV 1716168.93 manat hesablanmış, eləcə də həmin məbləğin 50%-i həcmində, yəni 858084.47 manat maliyyə sanksiyası tətbiq edilmiş, ekspert tərəfindən isə vergi ödəyicisinin mənfəət vergisi üzrə dövlət büdcəsinə yaranmış öhdəliyinin ümumi məbləği 180532.53 manat, ƏDV üzrə isə 83085.17 manat müəyyən edilmişdir. Odur ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 22.12.2020-ci il tarixli **********142866 nömrəli qərarı mənfəət vergisinə münasibətdə qismən, yəni 61690.38 manat əsas borc, 30845.19 manat maliyyə sanksiyası hissəsində, eyni zamanda ƏDV-yə münasibətdə də qismən, yəni 1633083.76 manat əsas, 816541.88 manat maliyyə sanksiyası hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, 150 (bir yüz əlli) manat dəyərində məhkəmə xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 22.12.2020-ci il tarixli **********142866 nömrəli qərarı qismən, mənfəət vergisinə münasibətdə 61690.38 manat əsas borc, 30845.19 manat maliyyə sanksiyası, eyni zamanda əlavə dəyər vergisinə münasibətdə 1633083.76 manat əsas, 816541.88 manat maliyyə sanksiyası hissəsində qismən ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. 01.04.2022-ci il tarixli, 9/2002 nömrəli ekspert rəyi üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərci cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsindən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar