Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-240/2021 02.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı xx xxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(043)-1375/2010 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, X5 ilə iddiaçı «xxxx» ASC arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 08051179 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, ondan və digər cavabdehlər X1 və X2 müştərək qaydada 26.805.69 manat əsas kredit borcu, 605.52 manat kreditdən istifadəyə görə vaxtı keçməmiş faiz borcu, 4155.74 manat kreditdən istifadəyə görə vaxtı keçmiş faiz borcu, 743,39 manat hesablanmış penya və 1292,41 manat nümayəndəyə ödənilməli məbləğ, cəmi 33.602 manat 75 qəpik həmçinin 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya qaytarılması, borc ipoteka ilə təmin edildiyindən ipoteka ilə yüklü edilmiş cavabdeh X4 məxsus «Subaru Legacy» markalı ** CN *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, ipoteka predmetinin açıq hərraca çıxarılaraq realizə edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə edilən vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması, iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun qaytarılması üçün kifayət etmədikdə, məbləğin qalan hissəsinin ümumi qaydada icra edilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən onun və digər cavabdeh X5 tərəfindən apelyasiya şikayəti verilmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(104)-271/2011 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən və iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(043)-1375/2010 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Qətnamədən kassasiva şikayəti verilməmişdir. «xxxx» ASC-nin İdarə Heyətinin sədr müavininin xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, onun banka kredit öhdəliyi üzrə borcu yoxdur. Başqa kredit müqaviləsi üzrə ona məxsus əmlaklar hərracda satılıb banka borc bağlandıqdan sonra o, banka əlavə ödənişlər etdiyi üçün bankdan əlavə ödədiyi 20.000 manatı tələb etmiş və bank həmin məbləği qaytarmadığı üçün o, məcbur olub pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-1550/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, «xxxx» ASC-dən onun xeyrinə 20.000 manat pulun tutulması qət edilmişdir. Həmin qətnamədən «xxxx» ASC tərəfindən verilmiş apelyasiya şikayətinə baxılmış və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-1550/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qətnamədən «xxxx» ASC tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-788/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini alıb icraya yönəldildikdən sonra «xxxx» ASC yuxarıda qeyd edilən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(043)-1375/2010 saylı qətnaməsi ilə nəzərdə tutulan icra işi və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)- 1550/2019 saylı qətnaməsi ilə bağlı icra işinin bir icraatda birləşdirilməsi ilə bağlı Gəncə şəhəri üzrə İcra İdarəsinə müraciət etmiş və qeyd edilən icra işi icra idarəsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1375/2010 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi icra olunması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-1550/2019 saylı icra sənədi üzrə Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsi xx.xx.2020-ci il tarixdə iş üzrə icraata başlama haqqında qərar qəbul etmişdir. O, xx.xx.2020-ci il tarixdə ərizə ilə banka müraciət edərək banka borcunun olmadığını və ona verilməli olan 20.000 manat pulun ödənilməsini tələb etmiş, lakin müraciətinə verilən cavabdan sonra ona aydın olmuşdur ki, Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsi xx.xx.2020-ci il tarixli məktub ilə «xxxx» ASC-yə müraciət edərək Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1375/2010 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqəsi ilə ondan və qeyrilərindən tutulmalı olan 33602,75 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun Səbail Rayon Məhkəməsinin 2(009)-1550/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə onun «xxxx» ASC-dən almalı olduğu 20.000 manat vəsaitin hesabına əvəzləşdirilməsini xahiş etmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1375/2010 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsinin icra olunması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə göndərilməsi barədə qərarı qanunsuzdur. Belə ki, bank özü verdiyi məktubla onun banka heç bir kredit öhdəliyinin olmamasını təsdiq etməklə yanaşı, bu hal qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə də öz təsdiqini tapmışdır. Digər tərəfdən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi icraya yönəldilmədiyi halda, Gəncə şəhəri üzrə İcra İdarəsinin bankın nümayəndəsinin ərizəsinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1375/2010 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsinin icra olunması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə göndərməsi barədə qərarı qanunsuz və əsassızdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin hazırda mübahisələndirilən qərarının mövcudluğundan bu yaxınlarda xəbər tutmuş və həmin qərarı təxminən bir həftə öncə Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsindən əldə etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə yazılı izahat verərək bildirmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1375/2010 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi üzrə İddiaçı və digərlərindən 33602.75 manat pul və 30 manat dövlət rüsumu alınaraq «xxxx» ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2014-cü il tarixdə icra olunması üçün yenidən icraya yönəldilmiş, xx.xx.2014-cü il tarixdə icraata daxil olan iş üzrə xx.xx.2014-cü il tarixdə icraata başlanılmışdır. İcra sənədi üzrə müvafiq tədbirlər görülmüş, 2019-cu ilin noyabr ayından icra sənədi icraatına daxil olmuşdur. Tələbkar «xxxx» ASC xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin icraatında tərəflərin mövcud olduğu icra sənədinin olduğunu bildirərək icra sənədinin icra olunması üçün Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə göndərilməsini xahiş etmişdir. İcra sənədi üzrə xx.xx.2020-ci il tarixdə qərar qəbul olunaraq icra olunması üçün Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixli qərar qanuna uyğun şəkildə tərtib olunaraq aidiyyəti üzrə göndərilmiş və həmin qərardan şikayət verilməsi müddəti 10 gün olmaqla göndərilmiş qurumda icraata qəbul olunmuşdur. Həmin qərardan şikayət inzibati mübahisələrin məhkəmə aidiyyatına aid deyil, iddiaçı həmçinin qərardan şikayət verilməsi müddətini də ötürmüşdür. Ona görədə iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 yazılı izahatında qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə araşdırmasının predmetini Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1375/2010 nömrəli xx.xx.2010-cu il tarixli qətnaməsi, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-271/2011 nömrəli xx.xx.2011-ci il tarixli qətnaməsi, «xxxx» ASC-nin xx.xx.2016-cı il tarixli 2974/03 nömrəli məktubu, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-1550/2019 nömrəli qətnaməsi, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-10125/2019 nömrəli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-788/2020 nömrəli qərarı, Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı və Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları, habelə iş materiallarına əlavə edilmiş icra işi ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, həmçinin iddia müddəti buraxılmamışdır. Belə ki, iddiaçı mübahisələndirilən qərarı təxminən məhkəməyə müraciət etdiyi vaxtdan bir həftə öncə Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsindən əldə etdiyini bildirmiş, cavabdeh tərəf həmin qərarı iddiaçıya təqdim etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. «İnzibati İcraat haqqında» Azərbaycan Respublikası Qanunun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1375/2010 nömrəli xx.xx.2010-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı «xxxx» ASCnin iddia tələbi qismən təmin edilərək, X5 ilə iddiaçı «xxxx» ASC arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 08051179 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər İddiaçı, X1 və X2 müştərək qaydada 26.805.69 manat əsas kredit borcun, 605.52 manat kreditdən istifadəyə görə vaxtı keçməmiş faiz borcun, 4155.74 manat kreditdən istifadəyə görə vaxtı keçmiş faiz borcun, 743,39 manat hesablanmış penyanın və 1292,41 manat nümayəndəyə ödənilməli məbləğin, cəmi 33.602 manat 75 qəpiyin həmçinin 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya qaytarılması, borc ipoteka ilə təmin edildiyindən ipoteka ilə yüklü edilmiş cavabdeh X4 məxsus «Subaru Legacy» markalı ** CN *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, ipoteka predmetinin açıq hərraca çıxarılaraq realizə edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə edilən vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması, iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun qaytarılması üçün kifayət etmədikdə, məbləğin qalan hissəsinin ümumi qaydada icra edilməsi hissəsində rədd edilməsi qət edilmişdir. İcra sənədinin yenidən icraya yönəldilməsinə dair Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(043)-1375/2010 nömrəli qərardadından görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(043)-1375/2010 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin 33602.75 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması hissəsində icra edilməsi üçün yenidən icraya yönəldilməsinə dair tələbkar «xxxx» ASC-nin ərizəsi təmin edilərək, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(043)-1375/2010 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi X5, İddiaçı və X2 müştərək qaydada 26805.69 manat əsas kredit borcu, 605.62 manat kreditdən istifadəyə görə vaxtı keçmiş faiz borcu, 743.39 manat hesablanmış penya və 20 manat dövlət rüsumunun tutulması hissəsində icra edilməsi üçün yenidən icraya yönəldilmişdir. Göründüyü kimi Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(043)-1375/2010 nömrəli qərardadı ilə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(043)-1375/2010 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icra üsulu dəyişdirilərək cavabdehlərdən müvafiq qərarla iddiaçının xeyrinə yalnız pul tutulması tələb olunmuş, lakin həmin icra vərəqəsi xx.xx.2020-ci ilədək icra olunmamışdır. Məhkəmə iddiaçının «xxxx» ASC-nin xx.xx.2016-cı il tarixli 2974/03 nömrəli məktubuna istinad edərək banka kredit öhdəliyi üzrə heç bir borcu olmaması barədə dəlili ilə razılaşmayaraq qeyd edir ki, «xxxx» ASC-nin xx.xx.2016-cı il tarixli 2974/03 nömrəli məktubunda müştəri xxxx MMC-nin direktoru İddiaçı kredit öhdəlikləri üzrə ödənişləri vaxtında icra etmədiyi üçün qüvvəyə minmiş qətnaməyə əsasən girovda olan əmlakları hərrac vasitəsilə satılaraq banka olan öhdəliyinin tam ödənilməsi və hal-hazırda müştərinin heç bir kredit öhdəliyinin mövcud olmaması göstərilmişdir ki, həmin məktubun da mübahisələndirilən icra işi ilə əlaqədar olmayıb, iddiaçının «xxxx» MMC-nin direktoru olduğu müəssisənin kredit mübahisələri ilə bağlı olması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(009)-1550/2019 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilərək «xxxx» Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə 20000 (iyirmi min) manat məbləğində pulun tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-10125/2019 nömrəli qətnaməsindən görünür ki, cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1550/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-788/2020 nömrəli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, borclu İddiaçı barəsində olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1375/2010 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi icra olunması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1550/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı borclu «xxxx» ASC-nə qarşı kredit müqavilələri üzrə mübahisələrə dair icra vərəqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1550/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Cavabdehin sözügedən qərardan şikayəti İnzibati Prosessual Məcəlləyə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilməməsi ilə bağlı dəlili ilə əlaqədar məhkəmə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli (İş № 2-1(102)- 2042/2017) qərarında göstərilənlərə diqqət yetirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli (İş № 2-1(102)-2042/2017) qərarında qeyd edilmişdir ki, «İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Hazırki işdə iddiaçı cavabdehin mübahisələndirilən qərarı qəbul etməklə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətə yol verdiyini qanunsuz hesab edərək inzibati məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2014-cü il tarixli icra vərəqəsini icra olunması üçün Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə göndərən vaxt sonuncunun icraatına Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(009)-1550/2019 saylı icra sənədi daxil olmamışdır. Belə ki, Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin sözügedən qətnamə üzrə (xx.xx.2019-cu il tarixli) verilmiş icra sənədini xx.xx.2020-ci il tarixli qərarı ilə icraata qəbul edərək icraata başlamışdır. Cavabdehin qanunsuz qərarı əsasında ona ziyan dəydiyindən (qətnamə əsasında ona verilməli olan 20000 manatdan məhrum olması) Gəncə İnzibati Məhkəməsində ayrıca inzibati iddia qaldırmışdır. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarını nəzərə alıb mübahisəyə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olması nəticəsinə gəlmişdir. Lakin iddia aşağıda göstərilənlərə əsasən əsassızdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunu:- Borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir (Qanunun 10.1-ci maddəsi). İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir (Qanunun 23.3-cü maddəsi). İcra sənədi bir icra qurumundan müvafiq ərazi üzrə digər quruma göndərildikdə aidiyyəti üzrə göndərilmiş hesab edilir (Qanunun 24.1.2-ci maddəsi): Eyni borclu barəsində ayrı-ayrı icra qurumunda bir neçə icra sənədi olduqda, bu Qanunun 54-cü maddəsinin müddəalarının yerinə yetirilməsini icra xidmətinin rəhbəri təmin edir (Qanunun 54.3-cü maddəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:- Əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər (Mülki Məcəlləsinin 453.2-ci maddəsi). Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır (Mülki Məcəlləsinin 500.1-ci maddəsi). Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir (Mülki Məcəlləsinin 500.2-ci maddəsi). Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır (Mülki Məcəlləsinin 501-ci maddəsi). Beləliklə iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının tələbi ilə bağlı cavabdeh tərəfindən həyata keçirilən tədbirlər «İcra haqqında» Azərbaycan Respublikası Qanununun və Mülki Məcəllənin tələblərinə uyğun olmuşdur. Ona görə də məhkəmə iddia tələbinin rədd olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsigöstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı xx xxxx 2020-ci il tarixli qərarın ləğv ediləsi tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov Azərbaycan Respublikası adından QƏRARDAN ÇİXARİŞ xx xxxx 2021-ci il iş № 2-1(114)-240/2021 Gəncə şəhəri Gəncə İnzibati Məhkəməsi Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı xx xxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı xx xxxx 2020-ci il tarixli qərarın ləğv ediləsi tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-240/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-240/2021
02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver