Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2400/2025 29.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial adaptasiya məqsədilə birdəfəlik müavinətin ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ona sosial adaptasiya üçün birdəfəlik müavinətin təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 163821 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə azadlıqdan məhrumetmə yerlərində cəza çəkmiş və Akmolı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının yerdə qalan 2 il 2 ay 26 gün müddətini çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir.
2. Şəxsin Azərbaycan Respublikasını vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli Qərarı ilə xx.xx.1975-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır.
3. İddiaçı birdəfəlik müavinətin təyin edilməsi barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2024-ci il tarixli 3-17-1/2-H-282145/2024 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Bidirilir ki, Qanunun 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosiai adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınırlar. Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Qanunun 8.2-ci maddəsinə əsasən sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. Təqdim etdiyi Qazaxstan Respublikası Daxili İşlər Nazirliyinin 163821 nömrəli arayışına əsasən xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək azadlıqdan məhrumetmə yerlərində caza çəkib və Akmolı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 il 2 ay 26 gün müddətini çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. Bildirilir ki, birdəfəlik müavinətin təyin olunması üçün xx.xx.2024-cü il tarixində 3 saylı Bakı DOST Mərkəzinə müraciət etmişdir. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, Qanunun 7.2 və 8.1-ci maddələri ilə müəyyən edilmiş sosial adaptasiya müddəti tərəfindən ötürüldüyündən ona sözügedən birdəfəlik müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
4. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli 3-38-33/2-299/25 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumat qeydə alınmışdır: xx.xx.2024 – Giriş.
5. Məhkəmənin sorğusuna Göygöl rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli 77/2-2841/25 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1975-ci il təvəllüdlü vətəndaş İddiaçı, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli qərar (Qərar 8374334) sənədi ilə Göygöl RPŞ-nin Q və ŞVQ-na yaxınlaşaraq Qanunvericilikdə nəzərdə tutulmuş sənədləri təqdim etməklə ilk dəfə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Seriya: AA*******, FİN: xxxxxxx şəxsiyyət vəsiqəsinin əldə edərək, Göygöl rayonu, Toğanalı kəndində daimi pasport qeydiyyatına alınmışdır.
6. İddiaçı Azərbaycan Respublikasına qayıdışı ilə bağlı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi verilmiş və xx.xx.2024-cü il tarixdə sərhədi keçmişdir. II. Məhkəmədə icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona sosial adaptasiya üçün birdəfəlik müavinətin təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikası, Basarkeçər Rayonunda (Qərbi Azərbaycan) anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır və azərbaycanlıdır. Ani bir səhv ucbatından xx.xx.2017-ci il tarixdə Qazaxstan Respublikasında azadlıqdan məhrum edilmişdir. Ancaq Qazaxstan Respublikasının Akmolı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarına əsasən, cəzasının çəkilməmiş qalan 2 il 2 ay 26 gün müddətini çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. Bu barədə Qazaxstan Respublikasının Daxili İşlər Nazirliyinin 163821 saylı arayışının notarial təsdiqli tərcüməsinin surətini də ərizəsinə əlavə edir. Daha sonra isə, Azərbaycan Respublikasına qayıtdıqdan sonra, xx.xx.2024-cü il tarixdə 3 saylı Bakı DOST Mərkəzinə sosial adaptasiya müavinətini ala bilmək üçün müraciət etmişdir. Ancaq, xx.xx.2024-cü il tarixd 3-17-1/2-71-282145/2024 sayılı məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı onun müraciətinə imtina cavabı verilmişdir. Hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır. Belə ki, onun özündən asılı olmayan səbəblərdən, Azərbaycan Respublikasında qeydiyyata düşməyi xeyli müddət gecikmişdir. Habelə, hüquqi savadsızlığı səbəbindən, sosial adaptasiya müavinətini ala bilmək üçün müvafiq orqanlara gec müraciət etmişdir. Hesab edir ki, onun sosial adaptasiya müavinətini almağı mümkündür. Belə ki, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun 14.1-maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Habelə, Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən, penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdan azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınırlar. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, sosial apaptasiya müddəti bir ildir. Qanunun 8.2-ci maddəsinə əsasən, sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. O, belə hesab edir ki, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanunununa uyğun olaraq, müəyyən edilmiş sosial adaptasiya müddəti ötürülmədiyindən, ona sözügedən birdəfəlik müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkündür.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III.İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Göygöl rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır
15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
17. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
18. Cavabdehin iddisaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh inzibati orqana müraciət edərək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin təyin edilməsini xahiş etmiş, Mərkəzi Filial tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. Hesab edirlər ki, cavabdeh inzibati orqan iddiaçının sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin təyin edilməsi ilə bağlı ərizəsini təmin etməkdən imtina etməkdə haqlı olmuşdur. Belə ki, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununa (bundan sonra - Qanun) asasən bu Qanun qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər - qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Sözügedən Qanunun 1.0.3-cü maddəsinə əsasən penitensiar müəssisələrdə cəza cəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası penitensiar müəssisələrdə cəza cəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, ganuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayələrin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosialpsixoloji tədbirlər sistemidir. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikası vətəndaşlarına birdəfəlik müavinət ödənilir. Qanunun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilir. Qanunun 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınırlar. Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. İddiaçının təqdim etdiyi Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin 163821 nömrəli arayışına əsasən iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək azadlıqdan məhrumetmə yerlərində cəza çəkib və Akmolı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 il 2 ay 26 gün müddətini çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. Bildirilir ki, iddiaçı birdəfəlik müavinətin təyin olunması üçün xx.xx.2024-cü il tarixdə 3 saylı Bakı DOST Mərkəzinə müraciət etmişdir. Göründüyü kimi, Qanunun 7.2 və 8.1-ci maddələri ilə müəyyən edilmiş sosial adaptasiya müddəti iddiaçı tərəfindən ötürüldüyündən ona sözügedən birdəfəlik müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı iddia ərizəsində hüquqi savadsızlığı səbəbindən müvafiq orqanlara gec müraciət etməsini qeyd etmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, İddiaçı "ödənilməmiş müavinətin ödənilməsi" barədə iddia tələbi təmin edilməməlidir.
19. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Cavabdehin nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, yazılı etirazda göstərilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 163821 nömrəli arayışı; - Şəxsin Azərbaycan Respublikasını vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli Qərarı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-ci il tarixli 3-17-1/2-H-282145/2024 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli 3-38-33/2-299/25 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Göygöl rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli 77/2-2841/25 nömrəli cavab məktubu; - 16.08.2024-cü il tarixli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
23. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə azadlıqdan məhrumetmə yerlərində cəza çəkmiş və Akmolı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının yerdə qalan 2 il 2 ay 26 gün müddətini çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. Şəxsin Azərbaycan Respublikasını vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli Qərarı ilə xx.xx.1975-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Həmin qərara əsasən o, ilk dəfə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini əldə edərək, Göygöl rayonu, Toğanalı kəndində daimi pasport qeydiyyatına alınmışdır.
24. İddiaçı birdəfəlik müavinətin təyin edilməsi barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2024-ci il tarixli 3-17-1/2-H-282145/2024 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Bidirilir ki, Qanunun 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosiai adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınırlar. Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Qanunun 8.2-ci maddəsinə əsasən sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. Təqdim etdiyi Qazaxstan Respublikası Daxili İşlər Nazirliyinin 163821 nömrəli arayışına əsasən xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək azadlıqdan məhrumetmə yerlərində caza çəkib və Akmolı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 il 2 ay 26 gün müddətini çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. Bildirilir ki, birdəfəlik müavinətin təyin olunması üçün xx.xx.2024-cü il tarixində 3 saylı Bakı DOST Mərkəzinə müraciət etmişdir. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, Qanunun 7.2 və 8.1-ci maddələri ilə müəyyən edilmiş sosial adaptasiya müddəti tərəfindən ötürüldüyündən ona sözügedən birdəfəlik müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
25. Məhkəmə aşağıdakılara əsasən cavabdeh orqanın hazırkı iddia tələbi ilə bağlı imtinasını əsassız sayır.
26. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən bu Qanun qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
27. Həmin Qanuna görə: Maddə 3.1. Bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Maddə 6.1. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər aşağıdakılardır: 6.1.7. cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək;... Maddə 7.2. Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. Maddə 8.1. Sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Maddə 8.2. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. Maddə 14.1. Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir.
28. Cavabdeh orqan imtinasının əsası kimi "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun 7.2 və 8.1-ci maddələri ilə müəyyən edilmiş sosial adaptasiya müddətinin iddiaçı tərəfindən ötürülməsi halına istinad etmişdir.
29. Halbuki, İddiaçı Akmolı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının yerdə qalan 2 il 2 ay 26 gün müddətini çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. Yəni, iddiaçı cəzadan azad edilsə də, bu, şərti azadetmə olmuş və Qazaxıstan ərazisini yalnız 2 il 2 ay 26 gün müddəti bitdikdən sonra tərk edə bilmişdir ki, bu da xx.xx.2024-cü il tarixə təsadüf edir. Bundan sonra iddiaçının şəxsiyyət vəsiqəsi olmadığından Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Konsulluğu vasitəsilə ölkəyə qayıtmaq üçün tədbirlər həyata keçirilmiş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi verilməklə, xx.xx.2024-cü il tarixdə sərhədi keçməklə ölkəyə giriş etmişdir. Bundan sonra isə iddiaçı ilk dəfə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini əldə edərək, yalnız bundan sonra sosial adaptasiya məqsədilə birdəfəlik müavinətin ödənilməsi üçün cavabdeh orqana müraciət etmişdir.
30. Göründüyü kimi, sosial adaptasiya müddəti iddiaçı tərəfindən ötürülməmişdir.
31. Odur ki, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən iddiaçının cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi birdəfəlik müavinəti tələb etmək hüququ vardır.
32. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
33. Buna görə də, iddiaçının iddiası təmin edilməli, İddiaçı cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi birdəfəlik müavinətin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
34. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
36. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi birdəfəlik müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva