Məhkəmə qərarları › İş №2-1(114)-2403/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2403/2023

20.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2403/2023 20.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Daşınmaz Xidməti Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülikiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 05 saylı qərarı ilə X10, X6, X7 və X1 təsərrüfatı təyinatlı məhsulların istehsalı məqsədiə 1.60 ha torpaq sahəsi ayrılmış və bu barədə Torpağa mülkiyyət hüququna dair JN-104 KOD 60922018 nömrəli dövlət aktı tərtib edilmişdir.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Ağdam rayonu, Çəmənli kəndində yerləşən 0.648 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı, X11, X9 və X5 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. İddiaçı yerdə qalan 0.94 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş və İdarə tərəfindən xx.xx.2023-cü il tarixdə imtina cavabı verilərək bildirilmişdir ki, araşdırma nəticəsində məlum olmuşdur ki, sənədləşdirmək istədiyi 0.94 ha torpaq sahəsi ilə X2 X3 göstərilmiş torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluq vardır. Belə ki, həmin məlumatlara əsasən torpaq sahəsinin miqdarı 0.68 ha-dır. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır.

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona və ailə üzvlərinə məxsus Ağdam rayonu, Ortaqışlaq kəndində yerləşən 0.94 ha torpaq sahəsi üzrində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X21 Komissiyasının 25 may 1999-ci il tarixli 05 saylı qərarı ilə Ağdam rayonu Ortaqışlaq kəndində yerləşən 1.60 hektar torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin 0.64 ha hissəsinə çıxarış almışdır. Qalan 0.94 ha hissəsinə çıxarış almamışdır. Hazırda qeyd edilən torpaq sahəsi onun və ailə üzvlərinin istifadəsindədir. Kiçik sahibkarlara torpaqdan səmərəli istifadənin təşkili və təmin edilməsi məqəsdilə dövlət tərəfindən maddi yardım göstərilir. Bununla bağlı onların torpaq sahəsinin sənədləri tələb edilərkən qeyd edilən Torpağa mülkiyyət hüququna dair dövlət aktını təqdim etmişdir. Bildirmişlər ki, yeni qaydalara görə torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış almalıdır. Belə olan halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək 0.94 ha torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması və buna dair çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli məktubu ilə ona məxsus torpaq sahəsinin daşınamz əmlakın dövlət reyestrində qeydiyyatına alınmasından və buna dair çıxarış verilməsindən imtina edilmişdir. Cavabdeh təşkilat torpaq sahəsinin “X2 X12”ndə ölçüsünün 0.68 ha olduğunu bildirərək, bu ölçüdə çıxarış verə biləcəklərini bildirmişdilər, ancaq onun hüquqları pozulduğu üçün bununla razılaşmamışdır. Belə ki, cavabdeh təşkilat Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli cavab məktubunda da qeyd edildiyi kimi ona və ailə üzvlərinə məxsus 0.94 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zamanı torpaq sahəsinin planı və ölçüsü “X2 X12”ndə olan məlumatlar əsasında tərtib oluna bilər. Həmin məktubun məzmunundan o da məlum olur ki, ona və ailə üzvlərinə məxsus 0.94 ha torpaq sahəsi “X2 X12”ndə yerləşdirilib. Sadəcə sistemdə yerləşdirilmiş torpaq sahəsi ilə dövlət aktında göstərilən torpaq sahəsinin koorddinatları ziddiyət təşkil edir. Araşdırma zamanı o çıxarışın “X2 X12”ndə olan məlumatlar əsasında verilməsinə etiraz etmədiyini bildirmişdir. Ancaq, mübahisə ilə bağlı məhkəmə qərar verdikdən sonra müvafiq çıxarışın veriləcəyini izah etdilər və məhkəməyə müraciət etməyini tövsiyyə etdilər. Göründüyü kimi, “X2 X12”ndə yerləşdirilmiş torpaq sahəsi ilə ona və ailə üzvlərinə məxsus torpağa müliyyət hüquqna dair dövlət aktında göstərilən torpaq sahəsinin döngə koordinatlarının ziddiyyət təşkil etməsi məsələsində onun heç bir təqsiri yoxdur. Hazırda mövcud olmayan Dövlət Torpaq Komitəsinin və Aqrar İslahat Komissiyasının, habelə həmin təşkilatların hüquqi varisi sayılan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrının hər hansı birinin səhvləri ucbatından o mülkiyyət hüququ üzrə ona məxsus torpaq sahəsindən sərbəst istifadə edə və onun üzərində sərbəst sərəncam verə bilmir. Cavabdeh təşkilatın bu əsassız imtinası onun konstitusion mülkiyyət hüququnun pozulması deməkdir. Ona görə də hesab edir ki, Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona və ailə üzvlərinə məxsus Ağdam rayonu Ortaqışlaq kəndində yerləşən 0.94 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əməlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bərdə rayon Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İİ. Prosessual məsələlər

7. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəməyə teleqram göndərərək hazırda obyektiv səbəblərə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

8. Məhkəmə hazırlıq iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İİİ. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

10. Cavabdehin nümayəndəsi X13 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir.

Əsaslandırma hissəsi:

11. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

12. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

13. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 05 saylı qərarı ilə X10, X6, X7 və X1 təsərrüfatı təyinatlı məhsulların istehsalı məqsədiə 1.60 ha torpaq sahəsi ayrılmış və bu barədə Torpağa mülkiyyət hüququna dair JN-104 KOD 60922018 nömrəli dövlət aktı tərtib edilmişdir.

14. Göründüyü kimi, sözügedən 0.94 ha torpaq sahəsi iddiaçı ilə yanaşı ailə üzvləri – X11, X9 və X5 da mülkiyyətinə verilmişdir. Belə olan halda iddiaçı hazırkı iddianı təkbaşına deyil, digər mülkiyyətçilərlə birgə qaldırmalı idi.

15. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30.1-ci maddəsinə görə, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.

16. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçının sərəncam göndərilərək iddia ərizəsində yol verilmiş xətalar (bu Qərarın 14-cü bəndində qeyd edilənlər) ətraflı şəkildə izah edilmiş və yol verilən xətanın aradan qaldırılması üçün iclas tarixinədək müddət verilmişdir.

17. Lakin iddiaçı sərəncamda göstərilən xətaları aradan qaldırmamış və məhkəmə iclasına gəlməmişdir.

18. Belə olan halda isə məhkəmə hesab edir ki, X10 hazırkı iddianı təkbaşına qaldırmaqda subyektiv hüquqa malik olmadığından hazırkı iddia mümkün sayılmamalıdır.

19. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar