Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2406/2023 22.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Məhkəmənin sorğusu əsasında əldə edilmiş arxiv məlumatlarına əsasən, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 71 nömrəli əmrində sürücü-çilingər İddiaçı 1-ci taburun şəxsi heyətinin siyahısından çıxarılaraq təmir bölüyünün şəxsi heyətinin siyahısına daxil edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 49 nömrəli əmrilə sıravi İddiaçı Cəmal oğlu təmir bölüyünün şəxsi heyətinin siyahısından çıxarılaraq Artilleriya Divizionunda hesab nömrəsi vəzifəsinə təyin olunmuşdur. Xidmət yerini icazəsiz tərk etdiyinə görə, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 177 nömrəli əmrilə bütün təminatlardan çıxarılaraq ştatdan kənar kimi qeydə alınmışdır. Komandirin raportuna əsasən, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 1 nömrəli əmrilə Artilleriya Divizionunda ştatdan kənar kimi qeydə alınmışdır. N nömrəli hərbi hissə komandirinin fevral-dekabr 1994-cü il, yanvar 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komadirinin yanvar-dekabr 1994-cü il, noyabr 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar olunmamışdır.
2. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2020-ci il tarixli imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyinə görə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. II. Məhkəmədə icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 1992-ci ilin iyul ayında Şəmkir rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və N () nömrəli hərbi hissəyə göndərilmişdir. Gədəbəy rayonunda gedən döyüşlədə, o cümlədən «Başkənd əməliyyatı»nda iştirak etmiş, daha sonra N nömrəli hərbi hissəyə göndərilmişdir. 1993-cü ilin iyun ayında Artilleriya divizionuna göndərilmiş və həmin divizionda xidmət edərkən ştatdan kənar kimi qeydə alındığı ona məlum olmuşdur. 1994-cü ilin iyul ayında xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş, 1996-cı ildə tərxis olunduğu bildirilmiş və o, Şəmkir rayon Hərbi Komissarlığında qeydiyyata alınmışdır. O, müharibə veteranı vəsiqəsi almaq üçün cavabdeh orqana müraciət etsə də, əsassız olaraq onun müraciətindən imtina edilmişdir.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
6. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
7. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
8. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
9. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Şəmkir rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
10. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
11. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
12. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
13. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
14. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
15. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmiş və məhkəmənin həmin tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
16. İddiaçı şifahi məhkəmə baxış iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
17. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, 1992-ci ilin iyul ayında Şəmkir rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 1993-cü ilin iyun ayında Artilleriya divizionuna göndərilmiş və həmin divizionda xidmət edərkən ştatdan kənar kimi qeydə alındığı ona məlum olmuşdur.1996-cı ilin sonlarında ona tərxis olunduğu bildirilmiş, daha sonra Şəmkir rayon Hərbi Komissarlığında qeydiyyat alınmışdır.
18. Cavabdeh iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
19. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - iddiaçıya məxsus NZ ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli imtina məktubu; - Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli, 9/2-692 nömrəli məktubu; - Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 4/2-2072 nömrəli məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
21. İş materiallarından müəyyən olur ki, İddiaçı tələbi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlıdır, hansı ki, döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyindən cavabdeh orqan tərəfindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
22. Məhkəmə bununla bağlı qeyd edir ki, İddiaçı N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi, Artilleriya Divizionunda vəzifəyə təyin olunması barədə məlumat mövcud olsa da, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 177 nömrəli əmrilə bütün təminatlardan çıxarılaraq ştatdan kənar kimi, N nömrəli hərbi hissə komandirinin isə xx.xx.1994-cü il tarixli 1 nömrəli əmrilə Artilleriya Divizionunda ştatdan kənar kimi qeydə alınmışdır. N nömrəli hərbi hissə komandirinin fevral-dekabr 1994-cü il, yanvar 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komadirinin yanvar-dekabr 1994-cü il, noyabr 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında onun barəsində məlumat aşkar olunmamışdır.
23. Yəni, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair mötəbər sübutlar mövcud deyildir.
24. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
25. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
28. Göründüyü kimi, əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və həmin sənədlərin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsidir.
29. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimata görə: Bənd 1.6. 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir.
30. Göründüyü kimi, cavabdeh inzibati orqanın İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etməməsidir ki, aparılmış məhkəmə araşdırmaları ilə də həmin hal öz təsdiqini tapmışdır.
31. Belə olan halda məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslı və qanuni olmuşdur.
32. Belə ki, Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi bileti ilə yanaşı, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da vacib şərtdir, hansı ki, heç iddiaçının hərbi bileti və hərbi xidmətin başa çatması ilə hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması barədə sənədlər mövcud deyildir.
33. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.
34. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
35. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva