Məhkəmə qərarları › İş №2-1(114)-2406/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2406/2025

07.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2406/2025 07.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi və Təsərrüfat sutyeki (obyekti) vergi orqanlarında uçotda olmayan və (və ya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə vergi ödəyieilərinin aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2024-cü il tarixli, **********4452 nömrəli qərarına əsasən fərdi sahibkar İddiaçı məxsus ünvan 1, NEON Un dəyirmanın yanında yerləşən “Aysel” gözəllik salonunda operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti nəticəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı qəbul edilmiş nağd pul vəsaitinin nəzarətkassa aparatına daxil edilməməsi müəyyən olunmuş, bu barədə xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********5920 nömrəli qərarı ilə, vergi ödəyicisi İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixdə qəbul olunmuş, **********6920 saylı qərarın ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini baş vergi xidməti müşaviri X5 tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul olunmuş **********5920 saylı qərara əsasən ona Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1 -ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Lakin, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini baş vergi xidməti müşaviri X5 tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1 -ci maddəsinə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********5920 saylı qərarından narazı olduğu üçün müvafiq məhkəməyə müraciət edir. Hesab edir ki, mübahisəli qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, ilk növbədə onun adına olan VÖEN çoxdan bağlanmışdır və o, heç bir fəaliyyət növü ilə məşğul olmur. O, Özünəməşğulluq İdarəsində qeydiyyata düşmüş və oradan ona veriləcək olan avadanlıqlarla fəaliyyətini rəsmiləşdirməlidir. Həmin avadanlıqlar hələ ona təqdim olunmadığından o, əhaliyə heç bir xidmət göstərmir və bu səbəbdəndə əhali ilə pul hesablaşmalarının aparılması qaydasını pozmamışdır. Yuxarıda sadalanan bu hallar 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini baş vergi xidməti müşaviri X5 tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul olunmuş **********5920 saylı qərarın qanunsuz və əsasız olduğunu bir daha sübut edir. Cavabdeh iddiaya dair etiraz təqdim etmişdir. Etirazda bildirilir ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddianın predmetini təşkil edir. xx.xx.2024-cü il tarixli **********5920 nömrəli qərar Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulduğuna görə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmişdir. Sözügedən qərarla 1000 manat maliyyə sanksiyası olmaqla İddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt əsaslı və qanuni formada qəbul edilmişdir. Həm işin faktiki halları, həm də hüquqi əsaslarına görə qeyd edilməlidir ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. İşin faktiki halları ilə bağlı qeyd edilir ki, cavabdeh inzibati orqan olan 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları vergi qanunvericiliyində əks olunmuş və vergi orqanlarına verilmiş hüquqi səlahiyyət çərçivəsində hazırkı iş üzrə iddiaçının ünvan 1, “Neon” un dəyirmanının yanında əaliyyət göstərdiyi təsərrüfat subyektində (gözəllik salonu) operativ vergi nəzarəti tədbiri həyata keçirmişdir. xx.xx.2024-cü il tarixli **********4452 nömrəli qərar Vergi Məcəlləsinin 50.1.7-ci maddəsində əks olunmuş Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi və Vergi Məcəlləsinin 50.1.3-cü maddəsində əks olunmuş pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə operativ vergi nəzarətini əhatə etmişdir. Operativ vergi nəzarəti tədbiri KY242254915 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmışdır. Operativ vergi nəzarətinin həyata keçirilməsi həvalə olunmuş Baş İdarənin (cavabdeh inzibati orqan) əməkdaşları Mehman İsmayılov və Abbas Rəhimov barədə məlumatlar müvafiq reyestrə daxil edilmişdir.. Yoxlama tədbiri zamanı vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması müəyyən olunmuş və yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli DVX seriyalı 039142 nömrəli aktla rəsmiləşdirilmişdir Operativ vergi nəzarəti bilavasitə vergi ödəyicisi İddiaçı iştirakı ilə aparılmışdır. Operativ vergi nəzarətinin nəticəsi bilavasitə iddiaçı tərəfindən qəbul edilərək xx.xx.2024-cü il tarixli DVX seriyalı 039142 nömrəli akt imzalanmışdır. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillərin heç birinin mötəbərliyi təsdiqlənmədiyindən cavabdeh inzibati orqan hesab edir ki, qəbul etdiyi qərarın ləğvi üçün əsaslar mövcud deyildir. Ərizədə adına olan VÖEN-in çoxdan bağlandığını, fəaliyyət göstərmədiyini, özünəməşğulluq idarəsində qeydiyyatda düşdüyünü, oradan veriləcək avadanlıqlarla fəaliyyətini rəsmiləşdirəcəyəni iddiaçı qeyd etmişdir. Aşağıdakı göstərilmiş dəlillər əsasında bildiririk ki, iddiaçının mövqeyi əsassızdır. İlk növbədə qeyd olunur ki, operativ vergi nəzarəti şəxsən iddiaçının iştirakı ilə aparılmış, habelə onun tərəfindən yol verilmiş vergi hüquq pozuntusunu xx.xx.2024-cü il tarixli DVX seriyalı 039412 nömrəli aktı imzalamaqla etiraf etmişdir. Vergi qanunvericiliyi vergi nəzarətinin forma və metodlarını, habelə qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən etmişdir ki, belə tədbirlərdən biri də operativ vergi nəzarət tədbiridir. Operativ vergi nəzarəti - Vergi Məcəlləsinin 50.1-ci maddəsində müəyyən edilən məsələlər üzrə vergi orqanı tərəfindən bilavasitə vergi ödəyicisinin fəaliyyətini həyata keçirdiyi ərazidə keçirilən yoxlama tədbirlərinin kompleksidir. Həmin maddənin tələbinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Operativ vergi nəzarət tədbiri vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir (Vergi Məcəlləsi 50.3). Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir (Vergi Məcəlləsi 50.6). Vergi Məcəlləsinin 50.1.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri operativ vergi nəzarəti tədbirlərinə aiddir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat maliyyə sanksiyası tətbiq edilir. . (Vergi Məcəlləsinin 58.7, 58.7.1-ci maddələri). xx.xx.2024-cü il tarixli DVX seriyalı 039412 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən gözəllik salonunda müştəriyə göstərilmiş xidmətə görə 3 manat nağd ödəniş edildi və həmin ödəniş müqabilində müştəriyə NKA-dan çek təqdim edilmədi. Operativ vergi nəzarəti zamanı həmçinin o hal da müəyyən edildi ki, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə nəzarət kassa aparatı quraşdırılmamışdır. VM-nin 58.7-ci maddəsindəki məsuliyyət tədbirinin görülməsi üçün əsas nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən) əhali ilə pul hesablaşmalarının aparılmasıdır. Aktdan görünür ki, iddiaçı NKA tətbiq etməədn fəaliyyət göstərmişdir. Hər hansı hüquq pozuntusuna görə şəxs o halda məsuliyyətə cəlb edilir ki, həmin əməl hüquq pozuntusunun subyekti olan şəxs tərəfindən hüquq normasının dispozisiyasında əks olunmuş şərtlərin pozulması nəticəsində baş vermiş olsun. Vergi qanunvericiliyinin pozulmasına görə şəxs vergi məsuliyyətinə cəlb edilir və buna görə vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq edilir. Yoxlamanın nəticəsi olaraq xx.xx.2024-cü il tarixli DVX seriyalı 039412 nömrəli aktdan görsənir ki, iddiaçı tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydası pozularaq NKA olmadan fəaliyyətini həyata keçirmişdir. VM-nin 16.1.8-ci maddəsinin dispozisiyasında nağd pul hesablaşmalarının aparılmasında (NKA tətbiq edilməli olmayan sahələri istisna olmaqla) NKA-dan vergi ödəyicisinin istifadə etməsi imperativ olaraq göstərilmişdir. Yəni vergi ödəyicisinin fəaliyyət sahəsi nəzarət kassa aparatı tətbiq edilməli olan sahədirsə, v\ö NKA tətbiq edərək fəaliyyət göstərməlidir. Belə olan halda iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə vergi nəzarəti zamanı NKA-nın olmadığı xüsusatının mövcudluğu onun barəsində VM-nin 58.7-ci maddəsindəki məsuliyyət tədbirinin görülməsi üçün əsas yaratmışdır. İddiaçı ərizdə fəaliyyət göstərmədiyini iddia etsə də iş materiallarındakı fotolarda və video-görüntülərdə müştərilərə xidmət göstərməsi açıq aydın görsənir. Bu hal onu deməyə əsas verir ki, iddiaçı vergi məsuliyyətindən yayınmaq məqsədi ilə cavabdehin qanuni formada qəbul etdiyi inzibati aktı mübahisələndirmişdir. İddia ərizəsində mübahisələndirilmiş qərarın nömrəsi səhv qeyd edilmişdir. Bildiririk ki, ərizədə göstərilmiş nömrədə qərar tərəfmizdən qəbul edilməmişdir. Bu mənada iddianın mümkünlük şərtləri də yoxlanılmalıdır. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillərin heç birinin mötəbərliyi təsdiqlənmədiyindən cavabdeh inzibati orqan hesab edir ki, qəbul etdiyi qərarın ləğvi üçün əsaslar mövcud deyildir. Yuxarıda göstərdiyimiz hallar və istinad etdiyimiz sübutlar, eləcə qanunvericilikdə əks olunmuş hüquqi nizamasalma vasitələri xx.xx.2024-cü il tarixli **********5920 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın kifayət qədər əsaslı və qanuni olmasını göstərir. Qeyd edilənlərə əsasən İddiaçı iddia tələbinin mümkün hesab edilməməsinə, mümkün hesab edildiyi halda təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş olunur. Məhkəmənin sorğusuna cavabdeh orqan tərərfindən verilmiş xx.xx.2024-cü il tarixli,3-21-2-18/2-52194/2024 saylı cavab məktubuna əsasən vergi ödəyicisi xx.xx.2019cu il tarixli **********530900 nömrəli məktubla xx.xx.2020-ci il tarxidən xx.xx.2025-ci il tarixədək fəaliyyətini dayandırmışdır. Lakin xx.xx.2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin fəaliyyəti aktivləşmişdir və hal hazırda fəaliyyəti aktivdir. Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X2 X1 Filialının 7 yanvar 2025-ci il tarixli, 3-17-2/2-222/2025 nömrəli sorğuya cavab məktubuna əsasən vətəndaşın Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) xx.xx.2024-cü il tarixdə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 5.11.1. maddəsinə (Məşğulluq haqqında Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə (4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri)) əsasən işsiz kimi qeydiyyatı ləğv edildiyindən onun özünüməşğulluğa cəlb edilməsi üçün müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. İddiaçı və cavabdehin nümayəndəsi X6 məhkəmə iclasına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. İş materiallarına mübahisələndirilən qərar və onun qəbul edilməsi ilə bağlı aparılmış icraat materiallarının təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə iclası zamanı cavabdeh orqanın nümayəndəsi iddiaçı tərəfindən müddətin ötürülmədiyini qeyd etmişdir.Məhkəmə araşdırması zamanı qərararın iddiaçıya çatdırılması müəyyən olunmadığından məhkəmə iddiaçı tərəfindən iddia müddətinin buraxılmadığını hesab edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi və Təsərrüfat sutyeki (obyekti) vergi orqanlarında uçotda olmayan və (və ya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə vergi ödəyieilərinin aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2024-cü il tarixli, **********4452 nömrəli qərarına əsasən fərdi sahibkar İddiaçı məxsus ünvan 1, NEON Un dəyirmanın yanında yerləşən “Aysel” gözəllik salonunda operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti nəticəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı qəbul edilmiş nağd pul vəsaitinin nəzarətkassa aparatına daxil edilməməsi müəyyən olunmuş, bu barədə xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********5920 nömrəli qərarı ilə, vergi ödəyicisi İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı hazırkı iddia tələbində həmin qərarı mübahisələndirərək, ləğv olunmasını xahiş edir. İddiaçı cavabdehin qərarı ilə razılaşmamasını ilk növbədə onun adına olan VÖEN çoxdan bağlanmasına, heç bir fəaliyyət növü ilə məşğul olmamasına istinad etsə də, məhkəmə tərərfindən verilmiş sorğuya cavab məktubu ilə müəyyən edilir ki, vergi ödəyicisi xx.xx.2019-cu il tarixli **********530900 nömrəli məktubla xx.xx.2020-ci il tarxidən xx.xx.2025-ci il tarixədək fəaliyyətini dayandırmışdır. Lakin xx.xx.2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin fəaliyyəti aktivləşmişdir və hal hazırda fəaliyyəti aktivdir. Həmçinin iddiaçı özünəməşğulluq idarəsində qeydiyyata düşdüyündən, oradan ona veriləcək olan avadanlıqlarla fəaliyyətini rəsmiləşdirməli olduğundan və həmin avadanlıqlar hələ ona təqdim olunmadığından o, əhaliyə heç bir xidmət göstərmədiyini və bu səbəbdəndə əhali ilə pul hesablaşmalarının aparılması qaydasını pozmamasını bildirsə də, məhkəmə tərərfindən verilmiş sorğuya cavab məktubu ilə müəyyən edilir ki,iddiaçının işsiz kimi qeydiyyatı ləğv edildiyindən onun özünüməşğulluğa cəlb edilməsi üçün müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, cavabdeh orqan tərəfindən iddiaçıya məxsus sahibkarlıq subyektində xx.xx.2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verilməsi hal aşkar olunmuşdur. Məhkəmə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına münasibətdə qeyd edir ki, xx.xx.2024-cü il tarixdə keçirilən nəzarət tədbiri zamanı saat 14:05-də ünvan 2 ünvanında yerləşən “Aysel” gözəllik salonunda müştəriyə göstərilmiş üz təmizləmə xidmətinə görə 3 (üç) manat nağd pul vəsaiti ödənilmiş, lakin ödənilmiş pulun müqabilində NKA-da çek vurulmamış və təqdim edilməmişdir. Uçotdan yayındırılmış məbləğği NKA-da olmadığına görə bərpa etmək mümkün olmamışdır.Təsərrüfat subyektinə NKA quraşdırılması tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə: Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.9. lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək; 16.1.11-1. nağdsız ödənişlərin aparılması üçün "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS- terminalların quraşdırılmasını və (və ya) "Elektron ticarət haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək; Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: - 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki səxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə- material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.7 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. Maddə 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Maddə 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Maddə 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Maddə 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət- kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət- kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat maliyyə sanksiyası tətbiq edilir. Maddə 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71- 1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında. Maddə 150.1. Aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: ... 150.1.7. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar. Maddə 150.2 Bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş Nəzarət-kassa aparatlarının istismarı Qaydalarının 1.4.6 və 8.3.16-cı maddələrinə əsasən malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları müvafiq qanunvericiliyə əsasən qeydiyyatdan keçirmiş nəzarət kassa aparatı vasitəsilə həyata keçirməli olan vergi ödəyicisinin pul hesablaşmaları aparılan zaman alıcıya cek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vəzifəsidir. Qeyd olunanlardan da göründüyü kimi vergi ödəyicisi tərəfindən əhali ilə pul hesablaşmalarının aparılmasına əməl olunmamışdır. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar