Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2407/2023 07.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı Cavabdeh qarşı əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi tələbinə dair iş materiallarına Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Tovuz Regional Ərazi Şöbəsinə barəsində aktiv əmək müqaviləsinin mövcudluğu barədə müraciətinə xx.xx.2022-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, orqan tərəfindən zəruri sənədlərin təqdim edilməsi ilə bağlı işəgötürən Cavabdeh ünvanına rəsmi qaydada məktub göndərilmiş, lakin işəgötürən tərəfindən cavab verilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X1 Xidmətinin səlahiyyətləri xaricində olduğu üçün işəgötürənə müraciət edilməlidir. Bu vəzifənin işəgötürən tərəfindən icra edilmədiyi və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün olmadığı təqdirdə bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməlidir.
2. İddiaçı Cavabdeh (üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Tovuz Regional Ərazi Şöbəsinə) qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh fiziki şəxs Cavabdeh (VÖEN **********) ilə xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin Cavabdeh üzərinə öhdəlik olaraq qoyulması və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Tovuz Regional Ərazi Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh fiziki şəxs Cavabdeh ilə xx.xx.2020ci il tarixdə əmək müqaviləsi bağlamış və kargüzar vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə rəsmi şəkildə xitam verilməmiş, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməmişdir. Bu barədə dəfələrlə cavabdehə rəsmi şəkildə müraciət etsə də, cavabdeh onunla bağlanmış əmək müqaviləsinə xitam verməkdən imtina etmişdir. Əmək qanunvericiliyinin pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Tovuz Regional Ərazi Şöbəsinə müraciət etmişdir. Ona cavab olaraq bildirilmişdir ki, işəgötürən Cavabdeh ünvanına bu barədə rəsmi məktub göndərilsə də, məktuba rəsmi cavab verilməmişdir. Onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı müvafiq məhkəməyə müraciət etməsi və məhkəmə qərarı ilə bu hüququn X1 Xidmətinə həvalə edilməsi ona tövsiyyə edilmişdir. Hesab edir ki, cavabdehin bu hərəkəti qanunsuzdur və heç bir hüquqi əsası yoxdur. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsi səbəbindən yeni əmək müqaviləsi bağlaya bilmir. Bu isə onun qanunla qorunan hüquqlarının pozulması deməkdir.
4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Əsaslandırma hissəsi:
5. Məhkəmə iddia (şikayət) ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
6. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
7. İş materialları ilə müəyyən edilir ki, hazırkı mübahisə işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsi ilə bağlı yaranmışdır ki, bu da həmin mübahisənin işəgötürən-işçi arasında olan əmək münasibətləri ilə bağlı olduğunu deməyə əsas verir. Bu halda mübahisəli məsələnin həlli əmək qanunvericiliyi ilə tənzimləndiyindən ona mülki mühakimə icraatı qaydasında baxılmalıdır.
8. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanların publik (inzibati) sahədə fəaliyyəti (hərəkət və ya hərəkətsizliyi) ilə bağlı yaranan mübahisələrə baxılır. Başqa sözlə, inzibati orqan publik hüquq müstəvisində faəliyyət göstərdiyi və həmin hüquq normalarına əsasən şəxsə münasibətdə qərar qəbul etdiyi və ya ya belə qərarın qəbulundan imtin etdiyi və bunun şəxsin hüquqlarını pozduğu hallarda, belə mübahisələrə baxılması inzibati məhkəmələrin səlahiyyətinə aiddir.
9. Hazırkı işdə isə iddiaçı ilə cavabdeh arasında ümumi (publik) hüquq sahəsi ilə əhatə olunan inzibati hüquq münasibətlərinin mövcudluğu müəyyən edilmir.
10. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüququ, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüququ münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüququ şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra – inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.
11. Mübahisənin inzibati hüquq mübahisəsi olması iddianın əsas mümkünlük şərti hesab olunur. İnzibati hüquq münasibətlərindən yaranmayan və inzibati-hüquqi xarakter daşımayan mübahisəyə dair iddia inzibati məhkəmə tərəfindən mümkün sayıla bilməz. Hazırkı mübahisəyə münasibətdə cavabdeh fiziki şəxs olmaqla inzibati akt qəbul etmək səlahiyyətinə malik inzibati orqan deyil, eyni zamanda iddiaçının tələbi inzibati hüquqa aid deyil, işəgötürən-işçi münasibətlərini əhatə edir və əmək hüquq sahəsinə əsaslanır.
12. Bundan başqa, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Hazırkı iddia tələbi isə fiziki şəxsə qarşı yönəlmişdir ki, fiziki şəxslərə qarşı yönələn tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmır.
13. Sonda məhkəmə onu da qeyd edir ki, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
15. Beləliklə, hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün hesab olunmur.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
17. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
18. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva