Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2407/2025 24.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5916 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2024-cü il tarixli, **********4452 nömrəli qərarına əsasən fərdi sahibkar İddiaçı məxsus Gəncə şəhəri, Əziz Əliyev küçəsi, “NEON” un dəyirmanının yanında yerləşən “Aysel” gözəllik salonunda operativ vergi nəzarəti tədbiri keçirilmişdir.
2. Həyata keçirilmiş operativ vergi nəzarəti nəticəsində 2 nəfər fiziki şəxsin – X2 və X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunmuş, bu barədə xx.xx.2024-cü il tarixli DVX seriyalı 004225 nömrəli akt tərtib edilmişdir.
3. X9 xx.xx.2024-cü il tarixli yazılı izahatında xx.xx.2024-cü il tarixdən işə başladığını, dırnaq ustası işlədiyini, gördüyü işə müqabil günlük aldığını, işə qəbul edilmək üçün Şəfəq xanıma müraciət etdiyini, lakin heç bir əmək müqaviləsinin bağlanmadığını bildirmişdir.
4. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5916 nömrəli qərarı ilə vergi ödəyicisi İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir.
5. “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********5917 nömrəli tələbnaməyə əsasən büdcəyə ödənilməli olan 4000 manat vəsaitin xx.xx.2024-cü il tarixədək büdcəyə ödənilməsi tələb edilmişdir.
6. Məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-36208/2024 nömrəli məktuba əsasən 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli DVX seriyalı 04225 nömrəli akta əsasən vergi qanunvericiliyinin pozulması haqqında çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5916 nömrəli qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********5917 nömrəli tələbnamə ona göndərilmişdir. II. Məhkəmədə icraat
7. İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli **********5916 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini baş vergi xidməti müşaviri X13 tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul olunmuş **********5916 saylı qərara əsasən ona Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Lakin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********5916 saylı qərarından narazı olduğu üçün müvafiq məhkəməyə müraciət etdi. Hesab edir ki, mübahisəli qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, mübahisəli qərarda qeyd olunan fiziki şəxsləri xidmətlərin yerinə yetirilməsinə cəlb etməmişdir. İlk növbədə onu qeyd etmək istəyir ki, onun adına olan VÖEN çoxdan bağlanmışdır. Qeyd olunan şəxslərdən biri həmin ərazidə yaşayan qonşudur və heç bir işə cəlb olunmamışdır. Digəri isə qohumudur və həmin gün onun yanına gəlmişdir. Hər iki şəxsin heç biri orada işləmir və işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Onların orada işləməsini təsdiq edən heç bir əsaslı sübut yoxdur. Yuxarıda sadalanan bu hallar 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul olunmuş **********5916 saylı qərarın qanunsuz və əsasız olduğunu bir daha sübut edir. III. İddianın növü və mümkünlüyü
9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.
10. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.
11. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).
12. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır.
13. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilib-verilməməsi yoxlanılmalıdır.
14. İddiaçı məsuliyyətə cəlb edilməsi barədə **********5916 saylı qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, həmin qərarın rəsmi qaydada iddiaçıya təqdim edilməsi müəyyən edilməmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hazırkı işdə iddia müddətinin ötürülmədiyini hesab edir.
15. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etmədiyi üçün hazırkı işə inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yer üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
16. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
19. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
20. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan olan 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları vergi qanunvericiliyində əks olunmuş və vergi orqanlarına verilmiş hüquqi səlahiyyət çərçivəsində hazırkı iş üzrə iddiaçının Gəncə şəhəri, Əziz Əliyev küçəsi, “Neon” un dəyirmanının yanında fəaliyyət göstərdiyi təsərrüfat subyektində (gözəllik salonu) operativ vergi nəzarəti tədbiri həyata keçirmişdir. xx.xx.2024-cü il tarixli **********4452 nömrəli qərar Vergi Məcəlləsinin 50.1.7-ci maddəsində əks olunmuş Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi və Vergi Məcəlləsinin 50.1.3-cü maddəsində əks olunmuş pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə operativ vergi nəzarətini əhatə etmişdir. Operativ vergi nəzarəti tədbiri KY242254915 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri” ndə qeydiyyata alınmışdır. Operativ vergi nəzarətinin həyata keçirilməsi həvalə olunmuş Baş İdarənin (cavabdeh inzibati orqan) əməkdaşları Mehman İsmayılov və Abbas Rəhimov barədə məlumatlar müvafiq reyestrə daxil edilmişdir.. Həyata keçirilmiş yoxlama nəticəsində 2 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərə cəlb edilməsi faktı aşkar edilmiş və yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli DVX seriyalı 004225 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti bilavasitə vergi ödəyicisi İddiaçı iştirakı ilə aparılmışdır. Operativ vergi nəzarətinin nəticəsi bilavasitə iddiaçı tərəfindən qəbul edilərək xx.xx.2024-cü il tarixli DVX seriyalı 004225 nömrəli akt imzalanmışdır. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillərin heç birinin mötəbərliyi təsdiqlənmədiyindən cavabdeh inzibati orqan hesab edir ki, qəbul etdiyi qərarın ləğvi üçün əsaslar mövcud deyildir. Ərizədə aktda göstərilmiş işçilərin hər hansı xidmətə cəlb etmədiyini, işçi kimi göstərilmiş şəxslərdən birinin qonşusu, digərinin isə qohumu olduğunu, adına olan VÖEN-in çoxdan bağlandığını iddiaçı qeyd etmişdir. Lakin iddiaçının mövqeyi əsassızdır. İlk növbədə qeyd olunur ki, operativ vergi nəzarəti şəxsən iddiaçının iştirakı ilə aparılmış, habelə onun tərəfindən yol verilmiş vergi hüquq pozuntusunu xx.xx.2024-cü il tarixli DVX seriyalı 004225 nömrəli aktı imzalamaqla etiraf etmişdir. Həmçinin operativ vergi nəzarəti nəticəsində işçi kimi aşkar edilmiş şəxslərdən olan X9 izahat təqdim etmişdir. xx.xx.2024cü il tarixli izahatdan görünür ki, X9 bilavasitə işə İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdən dırnaq ustası kimi cəlb edilmiş, onunla iddiaçı arasında əmək müqaviləsi bağlanmamış və əmək haqqının məbləğinin gündəlik görülmüş işlərin müqabilində müəyyən edilmişdir. Operativ vergi nəzarətinin həyata keçirildiyi vaxta, yəni xx.xx.2024-cü il tarixə aid olan müvafiq əmək müqavilərinin elektron informasiya sistemində olan məlumata görə adları qeyd olunan şəxslərin iddiaçı cəmiyyətlə əmək müqaviləsi mövcud olmamışdır. xx.xx.2024-cü il tarixli DVX seriyalı 004225 nömrəli aktdan, fotodan, video çəkilişdən və izahatdan göründüyü kimi, operativ vergi nəzarəti tədbiri zamanı aşkar olunmuş işçilər iddiaçının fəaliyyət göstərdiyi obyektdə müxtəlif işlərin yerinə yetirilməsinə iddiaçı tərəfindən cəlb edilmişlər. İddiaçı ərizədə ziddiyyətli fikirlər qeyd etmişdir. Belə ki, bir tərəfdən işləmədiyini göstərmiş, digər tərəfdən isə aşkar edilmiş işçilərin onun yanına qonşu və qohum olaraq gəlməsini bildirmişdir. İşin bu xüsusatlarından belə əsaslı qənaət formalaşır ki, iddiaçı tərəfindən yol vermiş olduğu vergi qanunvericiliyinin pozulması faktını gizlətməyə çalışmışdır. Həmçinin aşkar edilmiş işçilərin fotoları və video çəkilişin nəticəsi iş materiallarına əlavə edilmişdir. Fotolar və video çəkiliş əsasında bildirirlər ki, operativ vergi nəzarətini həyata keçirdikləri zaman iddiaçı fəaliyyət göstərmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillərin heç birinin mötəbərliyi təsdiqlənmədiyindən cavabdeh inzibati orqan hesab edir ki, qəbul etdiyi qərarın ləğvi üçün əsaslar mövcud deyildir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə görə, Məcəllədə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Vergi qanunvericiliyi vergi nəzarətinin forma və metodlarını, habelə qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən etmişdir ki, belə tədbirlərdən biri də operativ vergi nəzarət tədbiridir. Operativ vergi nəzarəti – Vergi Məcəlləsinin 50.1-ci maddəsində müəyyən edilən məsələlər üzrə vergi orqanı tərəfindən bilavasitə vergi ödəyicisinin fəaliyyətini həyata keçirdiyi ərazidə keçirilən yoxlama tədbirlərinin kompleksidir. Həmin maddənin tələbinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir (Vergi Məcəlləsi 50.6). Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti tədbirlərinə aiddir. Yuxarıda göstərdikləri hallar və istinad etdikləri sübutlar, eləcə qanunvericilikdə əks olunmuş hüquqi nizamasalma vasitələri xx.xx.2024-cü il tarixli **********5916 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın kifayət qədər əsaslı və qanuni olmasını göstərir. Qeyd edilənlərə əsasən İddiaçı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********5916 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsinə dair iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş edir.
21. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, X6 həmin salonda heç bir gözəllik xidməti ilə məşğul olmur. Həmin şəxs onun tanışı olmaqla, hərdən müştəri qismində, bəzən isə qonşuluqda yaşadığı üçün sadəcə xidmətdən istifadə üçün gəlmişdir. Yoxlama zamanı isə sadəcə əlində saç dəsmalını görüb onu da adını akta salmışlar. Həmin şəxs heç vaxt salonda nə xadimə, nə də usta kimi fəaliyyət göstərməmişdir. X9 isə dırnaq ustası kimi yeni fəaliyyətə başlamışdı. O, yoxlamadan qısa müddət əvvəl Özünəməşğulluq proqramı çərçivəsində salon xidməti üzrə özünəməşğulluğa kömək göstərilməsi məqsədilə X10 müraciət etməklə, onun nəticəsini gözlədiyindən X9 ilə müqavilə bağlamamışdır.
23. Cavabdehin nümayəndəsi X15 şifahi məhkəmə baxışı iclasında iddia tələbinə etiraz edərək, onun təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
24. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, vergi orqanının praktikasına əsasən gözəllik salonlarına daxil olmaqla orada çəkiliş aparılmasına yol verilmir. Ona görə də, yalnız salonun giriş hissəsində (qapısında) çəkiliş aparılmışdır. Yoxlama zamanı X1 əlində saç dəsmalı olduğu və izahat verməkdən də imtina etdiyi üçün yoxlayıcı həmin şəxsin müqavilə bağlamadan xadimə kimi işə cəlb olunması qənaətinə gəlmişdir. Digər şəxs isə özü izahatında dırnaq ustası kimi fəaliyyət göstərdiyini və gündəlik pul aldığını etiraf etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2024-cü il tarixli, **********4452 nömrəli qərar; - xx.xx.2024-cü il tarixli DVX seriyalı 004225 nömrəli akt; - X5 xx.xx.2024-cü il tarixli yazılı izahatı; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5916 nömrəli qərarı; - “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********5917 nömrəli tələbnamə; - Məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-36208/2024 nömrəli məktub; - Yoxlama zamanı aparılmış çəkilişə dair disk.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.
27. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2024-cü il tarixli, **********4452 nömrəli qərarına əsasən fərdi sahibkar İddiaçı məxsus Gəncə şəhəri, Əziz Əliyev küçəsi, “NEON”un dəyirmanının yanında yerləşən “Aysel” gözəllik salonunda operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti nəticəsində 2 nəfər fiziki şəxsin – X2 və X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunmuş, bu barədə xx.xx.2024-cü il tarixli DVX seriyalı 004225 nömrəli akt tərtib edilmişdir. X9 xx.xx.2024-cü il tarixli yazılı izahatında, onun əmək müqavilələri hüquqi qüvvəyə minmədən işəgötürən İddiaçı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin izahatla təsdiq edilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5916 nömrəli qərarı ilə, vergi ödəyicisi İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir.
28. İddiaçı hazırkı iddia tələbində həmin qərarı mübahisələndirərək, ləğv olunmasını xahiş edir.
29. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, cavabdeh orqan tərəfindən iddiaçıya məxsus sahibkarlıq subyektində xx.xx.2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi (X3 xadimə, X7 dırnaq ustası kimi) işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar etmişdir.
30. Məhkəmə vergi orqanının qərarını X8 münasibətdə əsaslı sayaraq, qeyd edir ki, operativ vergi nəzarəti keçirilən zaman vergi orqanının əməkdaşları tərəfindən çəkiliş həyata keçirilmişdir.
31. Çəkilişin videodiskinə baxış zamanı müəyyən edilmişdir ki, yoxlayıcının “içəridə neçə işçi var” sualına İddiaçı “mən və dırnaq ustası” olaraq cavab vermişdir.
32. Qeyd edilənlərlə yanaşı vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri zamanı X5 izahatı alınaraq məhkəməyə təqdim edilmişdir. Həmin şəxs izahatında xx.xx.2024-cü il tarixdən işə başladığını, dırnaq ustası işlədiyini, gördüyü işə müqabil günlük aldığını, işə qəbul edilmək üçün Şəfəq xanıma müraciət etdiyini, lakin heç bir əmək müqaviləsinin bağlanmadığını bildirmişdir.
33. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
34. Həmin normada işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş işçi ilə əmək müqaviləsi bağlanmalı olması, Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyət göstərən şəxslər isə "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə etdikdən sonra işlərin yerinə yetirilməsinə cəlb edilməli olduğu açıq-aydın göstərilmişdir.
35. Vergi Məcəlləsinin 58.10-cu maddəsində Məcəllənin tələblərinə əməl olunmadıqda əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildikdə işəgötürənə, digər halda isə Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyət göstərən şəxsləri işlərin yerinə yetirilməsinə cəlb edən sifarişçiyə maliyyə sanksiyasının tətbiq edilməsi qeyd olunmuşdur.
36. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. - 2-1-ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. - 2-2-ci maddəsinə əsasən "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. - 49-cu maddəsinin 1-ci hissəsinə əsasən Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.
37. Məhkəmə vergi orqanının mübahisələndirilən qərarının X4 görə iddiaçının məsuliyyətə cəlb edilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, cavabdeh vergi orqanı həmin şəxsin həqiqətən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini sübuta yetirə bilməmişdir.
38. Vergi orqanının yeganə sübut qismində təqdim etdiyi diskə baxış zamanı müəyyən edilmişdir ki, yoxlayıcının “digər xanım da burda işləyir” sualına İddiaçı “yox, burda işləmir” cavabını vermişdir.
39. Həmin şəxsin əlində dəsmal olması isə mütləq qaydada xadimə qismində fəaliyyət göstərməsini təsdiq edən hal kimi qəbul edilə bilməz. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.
40. Beləliklə məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən iddiaçıya məxsus sahibkarlıq subyektində operativ vergi nəzarəti həyata keçirilərkən və bunun nəticəsində mübahisələndirilən qərar qəbul edilərkən vergi qanunvericiliyinin tələblərinə qismən əməl edilməklə, cavabdehin hərəkətləri qismən qanuni və əsaslı olmuşdur. Bu zaman cavabdeh inzibati orqan X4 münasibətdə qanun pozuntusuna yol versə də, X8 münasibətdə hər hansı qanun pozuntusuna yol verməmişdir.
41. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda ləğv edilə bilər.
42. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir.
43. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5916 nömrəli qərarı qismən – İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi (X3) işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva