Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-241/2022 24.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 11.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onun 12.10.1985-ci il tarixdə Bərdə rayonu, Qaradağlı kəndində anadan olması, atası X1, anası X4 olması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 12.10.1985-ci il tarixdə Bərdə rayonu, Qaradağlı kəndində anadan olmuşdur, atası X1, anası X2r. İddiaçı anadan olduğu zaman valideynləri ona SSRİ vaxtında doğum haqqında şəhadətnamə almış, iddiaçı həmin şəhadətnamə əsasında orta məktəbə getmişdir, lakin şəxsiyyət vəsiqəsi almamışdır. Sonradan iddiaçı Rusiyaya getmiş və orada Rusiya vətəndaşlığı almışdır. Azərbaycan Respublikasına qayıtdığı üçün iddiaçı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almaq qərarına gəlmiş, bununla bağlı aidiyyəti orqana müraciət etdikdə ondan doğum haqqında şəhadətnamə tələb edilmiş, doğum haqqında şəhadətnamə SSRİ vaxtında verildiyi üçün ona şəxsiyyət vəsiqəsi verilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı azərbaycan dilində olan doğum haqqında şəhadətnamə almaq üçün Cavabdehnə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmənin 21.12.2021-ci il tarixli qərardadı ilə iddiaçının Cavabdehnə qarşı “12 oktyabr 1985-ci il tarixdə Azərbaycan SSR X7 Vilayətinin Martunqi rayonu, Qaradağlı kəndində anadan olması, atası X1, anası isə X4 olması” barədə iddia tələbinin dəyişdirilməsinə dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin 24.01.2022-ci il tarixli qərardadı ilə iddiaçının Cavabdehnə qarşı “Azərbaycan SSR X7 Vilayətinin Martunqi rayonu, Qaradağlı kənd soveti tərəfindən aparılmış doğum akt qeydinin bərpa edilməsi” barədə iddia tələbinin dəyişdirilməsinə dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 10.11.1985-ci il tarixli Xİ-ЖГ 272966 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı 12.10.1985-ci il tarixdə Azərbaycan SSR, DQMV, Martuni rayonu Qaradağlı kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 12.10.1985-ci il tarixdə 28 nömrə ilə qeyd edilmiş, ata qrafasında X1, ana qrafasında X4 göstərilmişdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 15.10.2021-ci il tarixli, ******* nömrəli qərarından görünür ki, 12.10.1985-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. -Cavabdeh 03.11.2021-ci il tarixli, 703-05/15 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı Rusiya Federasiyasının vətəndaşı olduğu üçün doğum akt qeydinin bərpa edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı 12.10.1985-ci il tarixdə Azərbaycan SSR, DQMV, Martuni rayonu Qaradağlı kəndində anadan olmuşdur. Qeyd olunan fakt Azərbaycan SSR, DQMV, Martuni rayonu Qaradağlı kənd soveti tərəfindən verilmiş 10.11.1985-ci il tarixli Xİ-ЖГ 272966 nömrəli doğum haqqında şəhadətnamə ilə təsdiq olunur. Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin müvafiq qərarına əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İddiaçı doğum haqqında şəhadətnamə almaq üçün Cavabdehnə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçının hazırki hüquqi marağı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etməkdir, bu səbəbdən də doğum akt qeydinin bərpa edilməsi zərurəti yaranmışdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin:- -2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. -2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: -şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); -vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı; -Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); -vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; -dövlət rüsumunun ödənilməsi barədə sənəd; -ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Göründüyü kimi şəxsiyyət vəsiqəsinin alınması üçün doğum haqqında şəhadətnamənin təqdim edilməsi müvafiq qanunvericiliyin tələblərindən irəli gəlir. Cavabdehin imtina aktı ilə müəyyən olunur ki, Dağlıq Qarabağda tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydləri həmin ərazidə fəaliyyət göstərmiş qeydiyyat şöbələrinin arxivində saxlanıldığından, eləcə də Dağlıq Qarabağ uzun müddət Ermənistan Respublikasının silahlı qüvvələrinin işğalı altında olduğundan iddiaçının doğum haqqında akt qeydinin əldə edilməsi mümkün deyildir. Qeyd edilməlidir ki, iddiaçının doğum haqqında akt qeydinin əldə edilməsinin mümkün olmaması onun tərəfindən təqdim olunan doğum haqqında şəhadətnamədəki məlumatların doğruluğunu şübhə altına almağa əsas vermir. Başqa sözlə, arxiv məlumatlarının olmaması, iddiaçının ziyanına şərh olunmamalıdır, çünki iddiaçının doğumu haqqında qeydlər doğum haqqında şəhadətnamədə mövcuddur və bu qeydlər hər hansı şübhə doğurmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hazırki halda iddiaçının doğum akt qeydinin bərpa edilməsi üçün yetərli əsasın olduğu qənaətinə gələrək cavabdeh orqanın imtinasını əsassız hesab edir və bunu aşağıdakı normalarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının:- -1.4-cü bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -2.1-ci bəndində qeyd olunmuşdur ki, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- 13-cü bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. -14-cü bəndində qeyd olunmuşdur ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. -15-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydləri qeydiyyat şöbələrində və konsulluq idarələrində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin arxivi və ya vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivi tərəfindən təsdiq edilir. -16-cı bəndində qeyd olunmuşdur ki, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. -18-ci bəndində qeyd olunmuşdur ki, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. -22-ci bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası məsələsi bu əsas müddəaların 10-cu, 11-ci və 12-ci bəndində nəzərdə tutulmuş qaydada həll edilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının doğum akt qeydinin 10.11.1985-ci il tarixli Xİ- ЖГ 272966 nömrəli doğum haqqında şəhadətnaməyə uyğun bərpa edilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı doğum akt qeydinin bərpa edilərək doğum tarixinin “12.10.1985-ci il”, doğum yerinin “Azərbaycan SSR, DQMV, Martuni rayonu Qaradağlı kəndi”, ata qrafasında “X1”, ana qrafasında “X4” yazılması öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-241/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-241/2022
24.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver