Məhkəmə qərarları › İş №2-1(114)-241/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-241/2023

17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-241/2023 17.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “ünvan 3, mənzil 15 üzərində hüquqların qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Daşkəsən rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 498 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanda yerləşən 2 otaqlı, yaşayış sahəsi 31,36 kv.m, ümumi sahəsi 60,46 kv.m olan 15 nömrəli mənzil Daşkəsən Rayon İHB-nin 1-41 nömrəli, xx.xx.2001-ci il tarixli sərəncamı əsasında xüsusi mülkiyyət hüququ ilə X2 adına 2-498 nömrə (altda 3-498 göstərilib) qeydiyyata alınmışdır. xx.xx.2001-ci il tarixdə tərtib edilmiş Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, 498 inventar nömrəli, qeyd nömrəsi 2-498 olan ünvan 2 ünvanı X5 məxsusdur. X8 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 102 nömrə ilə qeydiyyat aparılmışdır. X2 vərəsəsi İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət edərək ünvan 3, mənzil 15 üzərində hüquqların qeydə alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********43 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərmişdir ki, aparılan araşdırma zamanı, mənzilə dair arxiv qovluğunda ilkin hüquqmüəyyənedici sənədlərin əsillərinin olmadığı və təqdim edilmiş 2-498 nömrəli qeydiyyat vəsiqəsi ilə başqa şəxsin hüquqlarının qeydiyyata alındığı müəyyən edilmişdir. 3 saylı Gəncə Ərazi İdarəsinin elektron baza məlumatlarına və Daşınmaz əmlakla bağlı “Qeydiyyat vəsiqələrinin qeydiyyatı kitabı”na əsasən, ünvan 3 ünvanında yerləşən 15 saylı mənzilə dair Daşkəsən Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 141 nömrəli qərarı əsasında Məmmədov Səftər S. oğlunun adına qeydiyyata alınaraq xx.xx.1993-cü il tarixli, 3-498 reyestr nömrəli qeydiyyat vəsiqəsinin verildiyi müəyyən edilmişdir. Lakin arxiv qovluğunda sözügedən əmlaka dair hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. İmtina ilə razılaşmayan iddiaçı tərəf xx.xx.2022-ci il tarixdə iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 3, mənzil 15 üzərində mərhum X2 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu haqda hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 mənzil 15 ünvanında yerləşən mənzil mərhum xx.xx.2021-ci il tarixdə vəfat etmiş iddiaçının atası X8 tərəfindən əldə edilmiş və bu haqda Daşkəsən rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin reyestr kitabında 2-498 nömrə ilə qeydə alınaraq qeydiyyat vəsiqəsi və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu verilmişdir. Həmin vaxtdan ailə üzvləri ilə birgə həmin mənzilə köçüb yaşamağa başlamışlar. xx.xx.2021-ci il tarixdə atası vəfat etdikdən sonra vərəsəlik qaydasında miras mənzili qəbul etmək məqsədi ilə çıxarış verilməsi üçün Gəncə regional "ASAN Xidmət" Mərkəzinin notariat ofisinin xx.xx.2022-ci il atrixli 185 nömrəli məktubu ilə cavabdehə müraciət edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə ərizənin icrasından imtina edərək göstərmişdir ki, aparılan araşdırma zamanı mənzilə dair arxiv qovluğunda ilkin hüquqmüəyyənedici sənədlərin əsillərin olmadığı və təqdim edilmiş 2-498 nömrəli qeydiyyat vəsiqəsi ilə başqa şəxsin hüquqlarının qeydiyyata alındığı müəyyən edilmişdir. İddiaçı hesab edir ki, həmin imtina əsassızdır və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, dövlət orqanı olan notariat orqanının qanuni qüvvədə olan müqaviləsinin qanuniliyinin digər dövlət orqanı tərəfindən şübhə altına alınması tam əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatının 37.1.4-cü bəndinə görə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibati orqanlar siyahısına daxildir. Hesab edirəm ki, inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə ərizəmin icrasından əsassız olaraq imtina etmişdir. Mən qanunun bütün tələblərinə əməl etdiyim üçün inzibati orqan ərizəmi mütləq şəkildə müsbət həll etməli idi. İnzibati icraat haqqında qanunun 11.1-ci maddəsinin tələbinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Yuxarıda qeyd olunanları nəzərə alaraq İnzibati Prosessual Məcəllənin tələblərini rəhbər tutaraq, məhkəmədən xahiş edir ki, Daşkəsən rayonu, İ.Qayıbov üçəsi yerləşən ünvan 1, mənzil 15 üzərində hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb çıxarışın verilməsi vəzifəsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilsin. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı mübahisəli mənzili alqı-satqı müqaviləsi ilə 1998-ci ildə Səftərdən almışdır. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli, **********22 nömrəli etirazını məhkəməyə təqdim etmişdir. Etirazında qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı müraciətə əlavə olunmuş sənədlər mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmədiyi müəyyən edilmişdir. Belə ki, mənzilə dair arxiv qovluğunda ilkin hüquqmüəyyənedici sənədlərin əsillərinin olmadığı və təqdim edilmiş 2-498 nömrəli qeydiyyat vəsiqəsi ilə başqa şəxsin (lmanov Telman Yusif oğlu) hüquqlarının qeydiyyata alındığı müəyyən edilmişdir. Daha sonra cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-798/2023 nömrəli etiraza əlavə təqdim edərək bildirmişdir ki, mübahisəli mənzilə dair arxiv qovluğunda ilkin hüquqmüəyyənedici sənədlərin əsillərinin olmadığı müəyyən edilmişdir. Təqdim edilmiş 2- 498 nömrəli qeydiyyat vəsiqəsi əsasında Milli Qeydiyyat Sistemində başqa şəxsin - X3 hüquqlarının qeydiyyata alındığı göstərir. Qeydiyyat vəsiqələrinin kitabında 2-498 nömrəli qeydiyyat vəsiqəsi isə Məmmədov Səftər S oğlunun adına olduğu qeyd olunmuşdur. X2 vərəsəsi İddiaçı ünvan 3 ünvanında yerləşən 15 saylı mənzilə dair hüquqmüəyyənedici sənədlər qismində X5 Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının 17 aprel 1995-ci il tarixli, 184 nömrəli "vətəndaş X2 istifadəsində olan l.Qayıbov küçəsi 4 nömrəli binanın 15 nömrəli mənzilinin pulsuz olaraq onun şəxsi mülkiyyətinə verilməsi barədə" Sərəncamı və "AR mənzil özəlləşdirilməsi haqqında AR 26 yanvar 1993-cü il tarixli qanuna əsasən mənzillərin pulsuz olaraq şəxsi mülkiyyətə verilməsi" ilə bağlı 18 aprel 1995-ci il tarixli müqaviləsi əsasında l.Qayıbov küçəsi, 4 nömrəli binanın 15 nömrəli mənzilində iki otaqlı yaşayış sahəsi 31 kv.m, mətbəx 7.1 kv.m, hamam və tualet 3.1 kv.m-də ibarət olan yaşayış evi vətəndaş X2 şəxsi mülkiyyətinə verildiyi qeyd olunmuşdur. Lakin həm Sərəncamda, həm də müqavilədə mənzilin nömrəsinə, otağının sayına və otağın sahəsinə (kv.m) dair həqiqiliyi təsdiqlənməmiş düzəlişlər edilmişdir. Həmçinin, X5 Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının 17 aprel 1995-ci il tarixli, 184 nömrəli "vətəndaş X2 istifadəsində olan l.Qayıbov küçəsi 4 nömrəli binanın 7 nömrəli mənzilinin pulsuz olaraq onun şəxsi mülkiyyətinə verilməsi barədə" Sərəncamı və "AR mənzil özəlləşdirilməsi haqqında AR 26 yanvar 1993-cü il tarixli qanuna əsasən mənzillərin pulsuz olaraq şəxsi mülkiyyətə verilməsi" ilə bağlı 18 aprel 1995-ci il tarixli müqaviləsi əsasında l.Qayıbov küçəsi, 4 nömrəli binanın 7 nömrəli mənzilində bir otaqlı yaşayış sahəsi 17 kv.m, mətbəx 7.1 kv.m, hamam və tualet 3.1 kv.m-də ibarət olan yaşayış evi vətəndaş X2 şəxsi mülkiyyətinə verildiyi qeyd olunmuşdur. 17 aprel 1995-ci il tarixli, 184 nömrəli Sərəncam əsasında l.Qayıbov küçəsi, 4 nömrəli binanın bir otaqlı yaşayış sahəsi 17 kv.m, ümumi sahəsi 29.17 kv.m ibarət olan 7 nömrəli yaşayış evinə dair X5 3-941 reyestr kitablı, 941 inventar nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. İ.Qayıbov küçəsi, 4 nömrəli binanın 7 nömrəli mənzilinə dair X2 adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********42-05101-093026 reyestr nömrəli Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış olaraq bildirik ki, eyni tarixli və eyni nömrəli Sərəncam və müqavilə ilə 4 nömrəli binanın 7 nömrəli mənzilə dair X2 Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi, eyni əsaslarla iki fərqli mənzilin qeydiyyata alınması özü-özülüyündə ziddiyyət kəsb edir. Habelə, sərəncamda, həm də müqavilədə mənzilin nömrəsi, otağının sayına və otağın sahəsinə dair qeyrihüquqi düzəlişlərin olması təqdim olunmuş sənədlərin mötəbərliyinə cidddi şübhə yaratmaqla, həmin sənədlərin saxtalaşdırıldığını göstərir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 etirazda qeyd olunanları müdafiə edərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2719/2022 nömrəli qərardadı ilə X6, X1 və X9 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, iddiaya dair münasibət bildirməmişlər. Cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1 və 8.0.5-ci maddələri 06 iyul 2006-cı il tarixədək verilmiş hüquqları təsdiq edən qeydiyyat vəsiqələrinin daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas olduğunu təsbit edir. Belə olan halda, sözügedən qeydiyyat vəsiqəsinin Ərazi İdarəsinin elektron məlumat bazasında olmaması, ümumiyyətlə arxiv qovluğunda hüquqmüəyyənedici sənədlərin aşkar edilməməsi və qeydiyyat kitablarında isə yalnız keçmiş mülkiyyət barədə qeydiyyat aparılması iddiaçının təqsiri hesab edilə bilməz, həmin hallar onun təqsirindən baş verməmiş və başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüquq olan mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Belə ki, iddiaçının atasının həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi mövcuddur. Həmin qeydiyyat vəsiqəsi hal-hazırda da qüvvədə olmaqla, hər hansı bir qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Digər tərəfdən, qeyd olunan Qanunun 22.2-ci maddəsinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir (7.1ci bənd). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir (7.2-ci bənd). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada elektron çıxarış verildikdə, notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3-cü bənd). Göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında hüquqmüəyyənedici sənəd olaraq çıxarış və ya qeydiyyat vəsiqəsi verilməsi barədə fərqli tənzimləmə mövcuddur. Başqa sözlə, eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktlar ziddiyyətli olmaqla, normativ hüquqi aktların kolliziyası vardır və bu kolliziya, “Normativ hüquqi aktlar haqqında” Qanunun 2.6-cı maddəsinə əsasən, təlimata nisbətdə qanuna üstünlük verilməsi yolu ilə həll edilməlidir. Yəni iddia tələbi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinin müddəaları əsasında həll olunmalıdır. Başqa sözlə, hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. ünvan 3, mənzil 15 üzrə mülkiyyət hüququn mərhum X5 məxsus olmaqla bu barədə İddiaçı arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar