Məhkəmə qərarları › İş №2-1(114)-241/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-241/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-241/2024 23.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinə qarşı “X5 şəhid statusunun verilməsi üçün müvafiq arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: Süleymanova (nikahdan sonra Sayadova) Rayyə Əli qızı (bundan sonra mətndə iddiaçı) xx.xx.1963-cü il tarixdə Daşkəsən rayonun Almalı kəndində anadan olmuş, hazırda Daşkəsən rayonun Quşçu kəndində qeydiyyatda olmaqla, Samux rayonun Tatlı kəndində yaşayır. İddiaçı ilə X6 xx.xx.1988-ci il tarixdə nikah bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Sayadov, arvada Sayadova soyadı verilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissə xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, N nömrəli hərbi hissə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı etmişdir. xx.xx.1992-ci il tarixdə tərtib edilmiş 11 nömrəli akt qeydinə əsasən milli orduda sürücü vəzifəsində işləmiş X6 xx.xx.1992-ci il tarixdə Daşkəsən rayonun Xoşbulaq kəndində baş beynin tam əzilməsi səbəbindən ölmüşdür. Ölüm faktını Daşkəsən rayon mərkəzi xəstəxanasının xx.xx.1992-ci il tarixli arayışı olmuşdur. N nömrəli hərbi hissənin xx.xx.1993-cü il tarixli, 15-98 nömrəli arayışına əsasən mrəhum X7 N nömrəli hərbi hissənin İİİ taburunda xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək hərbi xidmətdə olmuş, xidməti borcunu yerinə yetirərkən avtomobil qəzasında həlak olmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 1126 nömrəli, xx.xx.2023-cü il tarixli, 2683 nömrəli, xx.xx.2024-cü il tarixli, 883 nömrəli məktublarına əsasən N () N-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında:

1. xx.xx.1992-ci il tarixdə Daşkəsən RHK-dan çağırılmış, xx.xx.1966-cı il təvəllüdlü X3 hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N No-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və xx.xx.1992-ci il tarixdə güllə yarasından həlak olması, Daşkəsən rayonun Qabaqtəpə kəndində dəfn olunması və komandirin xx.xx.1992-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə;

2. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 14 №-li əmrində (əsas: §-1, səh-3, sıra-4, əmrdə atasının adı "Rəcəb" yazılmışdır) sıravi X4 rabitə tağımının tərkibində telefonçu vəzifəsinə təyin olunması;

3. 861 №o-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 117 №-li əmrində (əsas: §-1, səh-16, əmrdə atasının adı "Rəcəb", hərbi rütbəsi "çavuş" yazılmışdır) çavuş X4 xx.xx.1992-ci il tarixdən rabitə tağımından 1-ci bölüyün 1-ci tağımının 1-ci bölməsinə komandir təyin olunması;

4. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 217 №-li əmrində (əsas: §-1, səh-30, sıra-8, əmrdə atasının adı yazılmamışdır) tabor komandirindən narazı olduğuna görə, sıravi Vaqif Sayadovun azad edilməsi;

5. 861 №o-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 244 №o-li əmrində (əsas: §-1, səh-34, sıra-26, əmrdə atasının adı yazılmamışdır, taborun tərkibindən azad edilmə səbəbi yazılmamışdır, əmr olduğu kimi köçürülmüşdür) könüllü, sıravi Vaqif Sayadovun xx.xx.1992-ci il tarixdən taborun tərkibindən azad edilməsi barədə məlumat vardır.

6. Qeyd edirik ki, N () №-li hərbi hissə komandirinin mart-oktyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində X3 həlak olması barədə malumat Azərbaycan Respublikası aşkar olunmamışdır.

7. Təşkilat Səfərbərlik İdarəsindən daxil olmuş xx.xx.1994-xx.xx.1994-cü il tarixli qovluğunda qeyd edilmiş "171 №-li hərbi hissənin 1992-1994-cü il tarixdə həlak olan zabit, gizir, çavuş və əsgərlərin siyahısında" (əsas: sıra-84, məlumatda həlak olma şəraiti göstərilməmişdir) xx.xx.1966-ci ildə Daşkəsən rayonunun Təzə kənd kəndində anadan olmuş, xx.xx.1992-ci il tarixdə Daşkəsən RHK-dan çağırılmış, 3cu taborun bölmə komandiri, kiçik çavuş X3 xx.xx.1992-ci il tarixdə Xoşbulaqda güllə yarası alaraq həlak olması və hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 244 N-li əmrilə ("4" rəqəmi qaralanıb) hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması və xx.xx.1992-ci il tarixdə Daşkəsən rayonunun Qabaqtəpə kəndində dəfn olunması barədə məlumat qeyd olunmuşdur. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 3-3-6/2- 30-11811/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, X3 ölməsi faktı ilə bağlı Respublika Hərbi Prokurorluğunda və ərazi hərbi prokurorluqlarında cinayət işinin və ya materialın araşdırılması mövcud qeydiyyat kitablarına və sənədlərə əsasən müəyyən olunmamışdır. Həmçinin bildirilir ki, əvvəlki dövrlərə aid bir sıra sənədlər və qeydiyyat kitabları saxlanma müddəti başa çatdığına görə məhv edildiyindən sorğu etdiyiniz məsələ ilə bağlı tam və dəqiq məlumat verilməsi mümkün deyildir.. İddiaçı mərhum həyat yoldaşı X5 "şəhid", özünə isə "şəhid ailəsi" statusunun verilməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Xidmətin Daşkəsən rayon şöbəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 34310/2- 454/2023 nömrəli məktubda bildirilmişdir ki, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji iş və mənəvi- psixoloji təminat idarəsinin xx.xx.2022-ci il tarixli 1/S-8862 nömrəli məktubunda V.N.Sayadov, N saylı hərbi hissənin uçot sənədlərinə əsasən xx.xx.1992-ci il tarixdə Xoşbulaqda güllə yarasından həlak olmuşdur (ölümünün şəraiti barədə məlumat olmadığı bildirilmişdir). Həmçinin, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda və tabe hərbi prokurorluqlarda mərhumun ölümü ilə əlaqədar cinayət işinin aşkar olunmadığı da məktubda qeyd olunmuşdur. Nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994- cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın 1.2.5-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Bu Qaydanın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Qeyd olunanların, eləcə də mövcud sənədlərdə ziddiyyətli məqamların olduğunu (Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2007-ci il tarixli 26/2-6029 nömrəli məktubuna əlavə edilmiş N saylı hərbi hissənin arayışına əsasən, V.N.Sayadov N saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında həlak olmuşdur) nəzərə alaraq, Xidmətin Daşkəsən rayon bölməsi tərəfindən mərhum V.N.Sayadovun şəhid kimi uçotunun aparılması və ailəsinə şəhid ailəsi statusu haqqında müvafiq arayışın verilməsi hazırda mümkün deyil. Odur ki, V.N.Sayadovun hərbi əməliyyatlar zamanı ölməsi faktına dair məhkəmə qərarı olduğu təqdirdə qeyd olunan məsələyə yenidən baxılacaqdır. İddiaçı “Vaqif Sayadova şəhidlik statusunun verilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Daha sonra iddiaçı ərizə ilə müraciət edərək “X5 şəhid statusunun verilməsi üçün müvafiq arayış verilməsi öhdəliyinin cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2975/2023 nömrəli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini bildirməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi).

Əsaslandırma hissəsi:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunun: 1-ci maddəsinə əsasən şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 2-ci maddəsinə əsasən Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”n: 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab olunur. 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X2 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Şəxsin şəhid hesab olunması üçün o, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmalı və ya itkin düşməli, yaxud da Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmalı, itkin düşməli və yaxud məhkəmənin qərarına əsasən ölmüş hesab edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçının mərhum əri X6 xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmiş N nömrəli hərbi hissədə xidmət etmiş və xidmət etdiyi dövrdə - xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. Mərhum barəsində tərtib edilmiş ölüm akt qeydində ölüm səbəbi başın tam əzilməsi qeyd edilmiş, ölüm şəraiti göstərilməmişdir. N nömrəli hərbi hissənin arayışında mərhumun xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında, Təşkilat Səfərbərlik İdarəsindən daxil olmuş qovluqda və N () nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında isə güllə yarası alaraq həlak olması barədə məlumat vardır. Cavabdeh mövcud sənədlərdəki həmin ziddiyətli məqamları əsas gətirərək Vaqif Sayadovun şəhid kimi uçotunun aparılmasından imtina etmişdir. Məhkəmə cavabdehin imtina əsası razılaşmayaraq qeyd edir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə mövcud olmalıdır. İddiaçının mərhum ərinə münasibətdə isə həmin əlaqə mövcuddur. Belə ki, mərhumun döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissədə xidmət etdiyi dövrdə ölməsi, onun ölüm faktı ilə bağlı hər hansı cinayət işinin istintaq edilməməsi, material araşdırılmaması X3 döyüş şəraitində olan hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən vəfat etməsini təsdiq edir. Bütün bunlar isə onu deməyə əsas verir ki, Vaqif Sayadov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, X3 şəhid olması ilə bağlı arayışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. İddiaçı mərhum əri X3 oğlunun şəhid hesab edilməsi üçün müvafiq arayışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar