Məhkəmə qərarları › İş №2-1(114)-2416/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2416/2024

29.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2416/2024 29.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı “şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, şəhid ailəsi kimi onun yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi ilə bağlı sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Vətən müharibəsi başladıqdan sonra Ermənistan silahlı qüvvələri döyüş meydanında aldıqları məğlubiyyətin əvəzini mülki əhalidən və döyüş əməliyyatlarının aparıldığı ərazidən xeyli uzaqda olan şəhər və kəndləri raket atəşinə tutmaqla çıxmışlar. Gəncə şəhəri də, 44 günlük Vətən Müharibəsi zamanı bir neçə dəfə raket atəşinə tutulmuşdur. xx.xx.2020 il tarixdə Gəncə şəhəri raket atəşinə tutulmuş və iddiaçının övladı X7 şəhid olmuşdur. Bu itki onun ailəsinə mənəvi sarsıntı verməklə yanaşı, həyat yoldaşı ilə münasibətlərin kəskinləşməsinə səbəb olmuşdur. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)- 2326/2021 saylı qətnaməsi ilə İddiaçı ilə X2 nikahı pozulmuşdur. Bundan sonra X5 ona qarşı birgə nikah dövründə əldə edilmiş ünvan 1 saylı fərdi yaşayış evinin bölünməsi tələbinə dair Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində iddia qaldırılmışdır. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(043)-183/2022 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən X2 ½ hissədə və İddiaçı ½ hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ½ hissədə payını xx.xx.2022-ci il tarixdə qızı X3 bağışlamışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə bağışlama müqaviləsini rəsmiləşdirən notariusa müraciət edərək daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsini istəmişdir. xx.xx.2023-cü il tarixli, 1045 saylı məktubla daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsindən imtina edilmiş və bununla bağlı məhkəməyə müraciət edilməsi təklif olunmuşdur. İddiaçı cavabdeh X3 qarşı daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldırmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(125)-7362/2023 saylı qətnaməsi ilə daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsinə dair iddia tələbi təmin edilməmişdir. İddiaçı şəhid ailəsi olaraq cavabdeh orqana qarşı yaşayış yeri üzrə yazılı müraciət etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq hər hansı məlumat verilməmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, lakin cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları xx.xx.2020-ci il tarixli 000024 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsi İddiaçı məxsusdur. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-2326/2021 nömrəli qətnaməsi ilə İddiaçı ilə cavabdeh X5 arasında bağlanmış və 22 oktyabr 1986-cı il tarixdə 309 nömrə ilə Kirovabad şəhər Nikah evində qeydə alınmış nikah pozulmuşdur. xx.xx.2021-ci il tarixli, AZ-İ 394077 nömrəli nikahın pozulması haqqında Şəhadətnaməyə əsasən X5 və İddiaçı arasında olan nikaha Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-2326/2021 nömrəli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********24-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında İddiaçı və X2 adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 106 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəncə şəhər 6 saylı notariat ofisinin xüsusi notarisu tərəfindən 4Ə-853 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 52.8 kv.m olan fərdi yaşayış evinin və yerləşdiyi mülkiyyətdə olan 0.0446 ha torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus hissədə İddiaçı tərəfindən X3 bağışlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, İddiaçı adına respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. Gəncə şəhər 6 saylı notariat ofisinin xüsusi notarisu tərəfindən 3M-1044 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, kirayə müqaviləsinə əsasən Şahid ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 34.97 kv.m olan mənzili İddiaçı kirayəyə vermişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-7362/2023 nömrəli qətnaməsi ilə, İddiaçı cavabdehlər X3 və Gəncə şəhəri 6 saylı notariat ofisinin notariusu X1 qarşı daşınmaz əmlakın bağışlanma müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, İddiaçı həqiqətən ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba göstərilmişdir ki, İddiaçı müraciətində şəhid ailəsi olduğunu nəzərə alaraq mənzil növbəsinə alınmasını xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissədə payı müraciət müəllifinin adına olmuş, Gəncə şəhər 6 nömrəli notariat kontorunun xx.xx.2022-ci il tarixli, 4Ə-853 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu əmlak onun qızı X3 bağışlanmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Odur ki, iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Gəncə Dövlət Universitetinin məzunudur. O, Gəncə Dövlət Universitetinin nəzdində regional kollecdə 18 ildir ki, ingilis dili müəllimi işləyir. ünvan 5 ünvanında yerləşən mənzil onun mülkiyyətində olsa da, hal-hazırda faktiki olaraq orda yaşamır. Həmin ünvanda yerləşən mənzil onun qardaşı tərəfindən İddiaçı kirayəyə verilmiş, daha sonra onunla İddiaçı arasında 06 noyabr 2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən mənzilin kirayəyə verilməsinə dair müqavilə bağlanmışdır. Hazırda İddiaçı həmin mənzildə yaşayır və mənzilin kommunal ödənişlərini ödəyir. Sonuncu evin aylıq kirayə ödənişini ona məxsus kart hesabına köçürməklə həyata keçirir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43. Mənzil hüququ İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 1. Mənzil qanunvericiliyinin əsasları 1.1. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra - yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: Ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”

1. Şəhid anlayışı 1.1. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

3. Şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hüquqları 3.2. Şəhid ailəsi statusunu almış ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş təminatlar (güzəştlər) aşağıdakı qaydada verilir; 3.2.16. mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar;

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 38. İddia müddəti 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması müəyyən edilmişdir. Məhkəmə cavabdehin imtinasının olması və iddia müddəti ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsi barədə cavabdeh orqana yazılı şəkildə müraciət edilmiş, lakin cavabdeh tərəfindən iddiaçıya müraciətin icra edilməsindən imtina olunması barədə şifahi qaydada məlumat verilməsinə baxmayaraq yazılı cavab verilməmişdir. Məhkəmə tərəfindən cavabdeh orqana bir neçə dəfə iddiaçının müraciətinə əsasən inzibati icraat materiallarının, həmçinin müraciətin təmin edilməsindən imtina barədə qərarın məhkəmə göndərilməsi barədə sorğu verilsə də, cavabdeh tərəfindən məhkəməyə məktub göndərilmiş və İddiaçı müraciətinin icra edilməsindən səbəbləri göstərilməklə imtina edildiyi qeyd edilmiş, lakin inzibati icraat materiallarına aid olan hər hansı sənəd göndərilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə tərəfi dinləyərək, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı şəhid ailəsi kimi onun yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi ilə bağlı sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsidir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Cavabdeh orqan imtinasını belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissədə payı İddiaçı adına olmuş, Gəncə şəhər 6 nömrəli notariat kontorunun xx.xx.2022-ci il tarixli, 4Ə-853 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən o, əmlakdan payını qızı X3 bağışlamışdır. Cavabdehin fikrinə görə, iddiaçı özünü bilərəkdən yaşayış sahəsinə ehtiyacı olan şəxs vəziyyətinə salmışdır. Ona görə də Mənzil Məcəlləsinin 52-ci maddəsinə istinad edərək tələbin təmin edilməsindən imtina etmişdir. Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. İddiaçı isə iddiasının əsası kimi qeyd etmişdir ki, oğlu şəhid olduqdan sonra əri ilə arasında münasibətlər pisləşmiş və onlar arasında olan nikah pozulmuşdur. Bundan sonra keçmiş əri ona qarşı məhkəmədə iddia qaldıraraq birgə nikah dövründə əldə etdikləri ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin ½ hissədə bölünməsinə nail olmuşdur. Onun keçmiş əri ilə yaşaması mümkün olmadığından həmin daşınmaz əmlakda olan öz payını qızına bağışlamış, qızı və onun ailəsi ilə birlikdə yaşamağa başlamışdır. Bir müddət sonra qızı ilə onun əri arasında iddiaçıya görə problemlər yarandığı üçün o, kirayədə yaşamağa başlamışdır. Sonra isə qızına qarşı bağışlama müqaviləsinin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmış, lakin iddiası təmin edilməmişdir. Ona şikayət verməyin mənasız olduğu, iddiası yuxarı instansiya məhkəmələrində də təmin edilməyəcəyi bildirildiyindən o, qətnamədən şikayət verməmişdir. Eşitdiyinə görə keçmiş əri və qızı ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı satmışlar. İddiaçı hazırda kirayədə yaşayır və yaşamağa başqa yeri yoxdur. Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı şəhid ailəsidir və onun mülkiyyətində hazırda hər hansı daşınmaz əmlak yoxdur. İş materialları ilə həqiqətən də müəyyən olunur ki, İddiaçı ilə X5 arasında bağlanmış nikah Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-2326/2021 nömrəli qətnaməsi ilə pozulmuş, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında İddiaçı və X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi paylı mülkiyyət üzrə ona məxsus hissədə İddiaçı tərəfindən X3 bağışlanmış, İddiaçı X3 qarşı olan daşınmaz əmlakın bağışlanma müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-7362/2023 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Şahid ilə İddiaçı arasında ünvan 3 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsi bağlanmış və iddiaçı hazırda həmin ünvanda yaşayır. Məhkəmə hesab edir ki, iddiaçı özünü bilərəkdən yaşayış sahəsinə ehtiyacı olan şəxs vəziyyətinə salmamışdır. Belə ki, o, qeyd olunan daşınmaz əmlakdan özünə məxsus olan payını qızına bağışlasa da, sonradan yaşamağa yeri olmadığı üçün bağışlama müqaviləsinin ləğv edilməsinə çalışmış, lakin buna nail ola bilməmişdir. Ona görə də məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 33.1, 33.2, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar