Məhkəmə qərarları › İş №2-1(114)-2420/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2420/2024

15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2420/2024 15.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə şəhəri Nizami bələdiyyəsi) qarşı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1963 nömrəli sərəncamına əsasən ona bağçılıq sahəsi kimi ayrılan 31 il onun istifadəsində olan 400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1963 nömrəli sərəncamı ilə Yeni Gəncə yaşayış sahəsi, 57 nömrəli binanın 80 nömrəli mənzilində yaşayan Əfqanıstan müharibəsi iştirakçısı, İİİ qrup əlil təqaüdçü İddiaçı bağ yeri üçün həftə bazarı ərazisindən sahəsi 400.0 kv.m olan 24 nömrəli torpaq sahəsinin ayrılması, yer üzərində torpaq sahəsinin ayrılması və vətəndaşın lazımi sənədlərlə təmin edilməsinin şəhərin baş memarı Ə.Məmmədova yoldaşa tapşırılması qərara alınmışdır.

2. Gəncə şəhəri Nizami bələdiyyəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli 45 nömrəli məktubunda bildirilmişdir ki, Nizami bələdiyyəsi ərazisində həyətyanı məqsədi ilə Qarabağ qazisi İddiaçı istifadəsində olan torpaq sahəsi Nizami bələdiyyəsinin xəritəsində texniki səhv olaraq ümumi istifadədə olan torpaq yol kimi göstərilmişdir. Faktiki olaraq həmin ərazi yol deyil yaşayış məntəqələrinin torpaq sahəsidir. Yerində baxış keçirməklə texniki səhvin aradan qaldırılmasına köməklik göstərilməsi xahiş olunur.

3. İddiaçı həmin sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 2855/2023 nömrəli məktubla müraciəti təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənədin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, faktiki torpaq sahəsinin bələdiyyə xəritəsinə əsasən yaşayış məntəqəsi torpağında bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan (infrastruktur) əraziyə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

4. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Daxil olmuş mülki iş materiallarında və idarənin elektron arxiv baza məlumatlarında, İddiaçı Gəncə şəhər İcra Hakimiyyətinin Baççısının xx.xx.1992-ci il tarixli 1963 saylı sərəncamı ilə bağçılıq sahəsi kimi ayrılan 400.0 kv.m torpaq sahəsinin məkan göstəricilərini (koordinatları və yerləşmə mövqeyi) əks etdirən hər hansı cizgi planı mövcud deyildir. Bu səbəbdən də, aparılan araşdırma zamanı, İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 700.0 kv.m torpaq sahəsinə istinad edilmişdir. İddiaçının faktiki istifadəsində olan 700.0 kv.m torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış Gəncə şəhəri Nizami Bələdiyyəsinin elektron xəritə materiallarına istinadən, Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir. 2) İddiaçının faktiki istifadəsində olan 700.0 kv.m torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış Gəncə şəhəri Nizami Bələdiyyəsinin elektron xəritə materiallarına istinadən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla İnfrastruktur (yollar və küçələr) sahəsidir və üzərində tikili və qurğu mövcud deyildir. 3) İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 700.0 kv.m torpaq sahəsi üzərində, digər hər hansı üçüncü şəxsə verilmiş daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən qeydə alınmış hüquqmüəyyənedici (Çıxarış) sənədi ilə üst-üstə düşmə halı aşkarlanmadı.

5. Mübahisəli torpaq sahəsinin məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi İddiaçı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışla mülkiyyətində olan 0.08 ha torpaq sahəsi ilə paralel xətt üzrə qonşuluqda yerləşir. Belə ki, həmin 0.08 ha torpaq sahəsində iddiaçıya məxsus fərdi yaşayış evi yerləşir. Həmin evin arxa tərəfi ön tərəfindən nisbətdə daha hündürlükdə yerləşir. Evin arxası yol tərəfdədir, həyət darvazası isə mübahisəli torpaq sahəsinə açılır. İddiaçının evinin daxilinə (həyətə deyil, birbaşa evin içinə) yol tərəfdən kiçik qapı olsa da, evin yerləşdiyi həyətə daxil olmaq yalnız mübahisəli torpaq sahəsindən istifadə etməklə mümkündür. Həmçinin müəyyən edilir ki, mübahisəli torpaq sahəsi yuxarı tərəfdən yol ilə, sol tərəfdən iddiaçıya məxsus fərdi yaşayış evi ilə, sağ tərəfdən qonşu torpaq sahəsinin mişar daşı ilə hasarlanmış hasarı ilə, aşağı tərəfdən isə kiçik ölçüdə kol-kos basmış dərə ilə əhatələnmişdir. Yol kimi qeyd edilən torpaq sahəsi yalnız iddiaçıya məxsus evə gedir, ordan başqa torpaq sahəsinə və ya yola çıxış yoxdur.

6. Məhkəmənin sorğusuna Gəncə şəhəri Nizami bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 1176 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı fərdi yaşayış evinin inşa edilməsi və mübahisəli torpaq sahəsinin nə vaxtdan istifadə etdiyi barədə Gəncə şəhəri Nizami bələdiyyəsində heç bir məlumat qeydə alınmamışdır. II. Məhkəmədə icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Gəncə şəhər Nizami bələdiyyəsi) iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhər İcra Hakimiyyətinin Baççısının xx.xx.1992-ci il tarixli 1963 saylı sərəncamına əsasən ona bağçılıq sahəsi kimi ayrılan 400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısının 1963 saylı xx.xx.1992-ci il tarixli sərəncamına əsasən Gəncə şəhəri keçmiş həftəbazarı ərazisində ona bağçılıq üçün 400 kv.m torpaq sahəsi ayrılaraq verilmişdir. Göstərilən torpaq sahəsi 31 ildirki onun sahibliyində və istifadəsindədir. Torpaq sahəsi ayrılandan sonra o, orada müvəqqəti yaşamaq üçün İcra Hakimiyyətinin köməkliyi ilə iki otaqlı vaqon ev qoymuş, bundan sonra həmin torpaqdan normal istifadə üçün İcra Hakimiyyətinin köməkliyi ilə işıq və su xətti çəkilmişdir. Sonrakı illərdə o, həmin torpaq sahəsi dərədə yerləşdiyi üçün 40 maşından artıq torpaq gətizdirərək oranı səhmana salıb abadlaşdırmış və ağaclar əkmişdir. Sonradan həmin əraziyə gələn əsas yolu düzəldirmiş, ayrılmış torpaq sahəsi çökəklik olduğuna görə əsas yoldan həyətə giriş üçün dalan yolu çəkdirmişdir. Bundan sonra uzun müddət həmin vaqon evdə yaşamışdır. 2000-ci ilin əvvəllərində bağ sahəsinin ətrafındakı torpaqlar həyətyanı torpaq sahələri kimi paylanmağa başlanmışdır. Bundan sonra ona həmin torpaq sahəsinə bitişik 800 kv.m torpaq sahəsini Xanlar rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2001-ci il tarixli 17 nömrəli qərarı əsasında fərdi yaşayış evi tikdirmək üçün verilmişdir. O, həmin torpaq sahəsinə plan və ölçü sənədi aldıqdan sonra həmin sahədə ev tikdirib 2000-ci ilin əvvəllərindən orada yaşayır. Qanuna əsasən bağçılıq üçün ayrılmış torpaq sahələri vətəndaşların mülkiyyətinə verilmişdir. Həmin qanuna əsasən həmin torpaq sahəsinin mülkiyyətçisi sayılır, ona görə də mülkiyyət hüququ cavabdeh orqan tərəfindən qeydə alınmalıdır. Həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün aidiyyatı üzrə cavabdehə müraciət edilsə də, müraciətindən imtina edilmişdir. Cavabdehin imtinası qanunsuzdur. Birincisi, həmin torpaq sahəsi ona bələdiyyələr yaranmamışdan əvvəl verilmişdir. Bu o deməkdir ki, həmin torpaq bələdiyyənin mülkiyyətinə aid edilə bilməz. Guya onun torpağı ümumi istifadədə olan əraziyə düşmüşdür. Torpağı yaşayış məntəqəsi torpağı əhatəsində yerləşməklə, yalnız həmin ərazidə yerləşən yollar və digər gediş-gəliş yerləri bələdiyyə aid ümumi istifadədə olan torpaq sahələrinə aid edilə bilər. İkincisi, Gəncə şəhər Nizami Bələdiyyəsindən verilmiş arayışdan görünür ki, onun torpaq sahəsi bələdiyyə xəritəsində texniki səhv olaraq ümumi istifadədə olan yol kimi göstərilmişdir. Faktiki olaraq onun sonradan alıb ev tikib hazırda yaşadığı həmin evlə, 1992-ci ildən bağçılıq sahəsi kimi istifadə etdiyi 400 kv.m torpaq sahəsinin arasında özü tərəfindən salınmış dalan yolu vardır. Həmin dalan yolu ümumi istifadədə deyildir, çünki həmin dalandan yalnız o öz evinə və bağçılıq sahəsinə gediş-gəliş üçün istifadə edir. Həmin dalan yolunun yerləşdiyi torpaq sahəsi onun 400 kv.m bağçılıq sahəsinin hüdudları daxilində deyildir. Göstərilənlərə əsasən hesab edir ki, 1992ci ildə ona bağçılıq kimi ayrılmış, 31 il faktiki sahibliyində və istifadəsində olan və mülkiyyətinə aid edilən 400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması barədə tələbi əsaslı olduğundan təmin edilməlidir.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-170/2024 nömrəli qərardadı ilə (hakim Emin Axundov) iddia tələbi mümkün sayılmamışdır.

10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(104)-349/2024 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-170/2024 nömrəli qərardadı ləğv edilmiş və iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. III. İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

14. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Gəncə şəhəri Nizami bələdiyyəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.

19. İddiaçı, onun vəkil olan nümayəndəsi, cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 6-cı bəndi).

21. İddiaçı və onun vəkil olan nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin oluinması barədə qərar çıxarılmasını xahiş etmişlər.

22. Cavabdehin nümayəndəsi X1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Üçüncü şəxsin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz etmədiyini bildirmiş və qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir.

24. Yekun məhkəmə aktının elan edilməsi xx.xx.2024-cü il tarixə təyin edilmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 17 nömrəli qərarı; - 14.04.2001-ci il tarixli A 107504 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1963 nömrəli sərəncamı; - Gəncə şəhəri Nizami bələdiyyəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli 45 nömrəli məktub; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-2855/2023 nömrəli imtina məktubu; - Mütəxəssis rəyi; - Məhkəmənin sorğusuna Gəncə şəhəri Nizami bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 1176 nömrəli cavab məktubu; - Ortofotogörüntülər.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

27. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1963 nömrəli sərəncamı ilə Yeni Gəncə yaşayış sahəsi, 57 nömrəli binanın 80 nömrəli mənzilində yaşayan Əfqanıstan müharibəsi iştirakçısı, İİİ qrup əlil təqaüdçü İddiaçı bağ yeri üçün həftə bazarı ərazisindən sahəsi 400.0 kv.m olan 24 nömrəli torpaq sahəsinin ayrılması, yer üzərində torpaq sahəsinin ayrılması və vətəndaşın lazımi sənədlərlə təmin edilməsinin şəhərin baş memarı Ə.Məmmədova yoldaşa tapşırılması qərara alınmışdır. İddiaçı həmin tarixdən torpaq sahəsini mübahisəsiz olaraq istifadə etmiş və üzərində fərdi yaşayış evi tikmişdir.

28. İddiaçı həmin sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 2855/2023 nömrəli məktubla müraciəti təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənədin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, faktiki torpaq sahəsinin bələdiyyə xəritəsinə əsasən yaşayış məntəqəsi torpağında bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan (infrastruktur) əraziyə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

29. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdehin imtinası qanunsuz və əsassız hesab edir.

30. Belə ki, cavabdeh inzibati orqan imtinasını faktiki torpaq sahəsinin bələdiyyə xəritəsinə əsasən yaşayış məntəqəsi torpağında bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan (infrastruktur) əraziyə düşməsi ilə əsaslandırmışdır.

31. Məhkəmə həmin halın aydınlaşdırılması məqsədilə mütəxəssis rəyi təyin etmiş və əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Daxil olmuş mülki iş materiallarında və idarəmizin elektron arxiv baza məlumatlarında, İddiaçı Gəncə şəhər İcra Hakimiyyətinin Baççısının xx.xx.1992-ci il tarixli 1963 saylı sərəncamı ilə bağçılıq sahəsi kimi ayrılan 400.0 kv.m torpaq sahəsinin məkan göstəricilərini (koordinatları və yerləşmə mövqeyi) əks etdirən hər hansı cizgi planı mövcud deyildir. Bu səbəbdən də, tərəfimizdən aparılan araşdırma zamanı, İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 700.0 kv.m torpaq sahəsinə istinad edilmişdir. İddiaçının faktiki istifadəsində olan 700.0 kv.m torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış Gəncə şəhəri Nizami Bələdiyyəsinin elektron xəritə materiallarına istinadən, Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir. İddiaçının faktiki istifadəsində olan 700.0 kv.m torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış Gəncə şəhəri Nizami Bələdiyyəsinin elektron xəritə materiallarına istinadən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla ifrastruktur (yollar və küçələr) sahəsidir və üzərində tikili və qurğu mövcud deyildir. İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 700.0 kv.m torpaq sahəsi üzərində, digər hər hansı üçüncü şəxsə verilmiş daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən qeydə alınmış hüquqmüəyyənedici (Çıxarış) sənədi ilə üst-üstə düşmə halı aşkarlanmadı.

32. Digər tərəfdən mübahisəli torpaq sahəsinə xx.xx.2024-cü il tarixdə yerində baxış zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi İddiaçı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışla mülkiyyətində olan 0.08 ha torpaq sahəsi ilə paralel xətt üzrə qonşuluqda yerləşir. Belə ki, həmin 0.08 ha torpaq sahəsində iddiaçıya məxsus fərdi yaşayış evi yerləşir. Həmin evin arxa tərəfi ön tərəfindən nisbətdə daha hündürlükdə yerləşir. Evin arxası yol tərəfdədir, həyət darvazası isə mübahisəli torpaq sahəsinə açılır. İddiaçının evinin daxilinə (həyətə deyil, birbaşa evin içinə) yol tərəfdən kiçik qapı olsa da, evin yerləşdiyi həyətə daxil olmaq yalnız mübahisəli torpaq sahəsindən istifadə etməklə mümkündür. Həmçinin müəyyən edilir ki, mübahisəli torpaq sahəsi yuxarı tərəfdən yol ilə, sol tərəfdən iddiaçıya məxsus fərdi yaşayış evi ilə, sağ tərəfdən qonşu torpaq sahəsinin mişar daşı ilə hasarlanmış hasarı ilə, aşağı tərəfdən isə kiçik ölçüdə kol-kos basmış dərə ilə əhatələnmişdir. Yol kimi qeyd edilən torpaq sahəsi yalnız iddiaçıya məxsus evə gedir, ordan başqa torpaq sahəsinə və ya yola çıxış yoxdur.

33. Yerli baxış zamanı mütəxəssis Elmar Aslanov sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, həm Gəncə şəhəri Nizami rayon bələdiyyəsinin xəritəsi, həm də TEKİUS (AzCad) xəritəsinə əsasən mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid yol (infrastruktur) ərazisinə düşdüyü müəyyən edilmişdir. Bələdiyyələrin xəritəsi TEKİUS baza materialları əsasında işlənilmiş, TEKİUS isə fakriki istifadə vəziyyətinə uyğun işlənilmişdir. Belə ki, Gəncə şəhərində islahat getmədiyindən həmin torpaq sahəsinin TEKUİS-dan əvvəl kateqoriyası, təyinatı və hüquqi rejimi barədə məlumatın əldə edilməsi mümkün deyildir. TEKİUS-dakı məlumatlar isə 2016-cı ildə faktiki istifadə vəziyyətinə uyğun qeyd edilmişdir. Yəni, həmin xəritə tərtib edilərkən mütəxəssislər hazırkı torpaq sahəsini yol ərazisi kimi görərək, elə də qeyd etmişlər. Ona görə də, hazırkı halda mübahisəli torpaq sahəsi yol ərazisi kimi müəyyən edilir.

34. Yerli baxış zamanı İddiaçı sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, həm sözügedən torpaq sahəsi, həm də evin yerləşdiyi torpaq sahəsi 1992-ci ildən onun istifadəsindədir. Yaşayış evini isə 2000-ci illərdən etibarən inşa etdirməyə başlamış, bu zaman mübahisəli torpaq sahəsində vaqon olduğundan darvazanı məcburən aşağı hissədən qoydurmaq məcburiyyətində qalmışdır. Qeyd edilən torpaq sahəsindən yalnız onun evinin darvazasına, həyətinə getmək üçün o və ailə üzvləri istifadə edir.

35. Yəni, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinə yerində baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçının adına qeydə alınmasını tələb etdiyi 400 kv.m torpaq sahəsi ümumi istifadədə olan (infrastruktur) əraziyə və heç bir subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Həmin torpaq sahəsindən qonşu küçəyə və yaxud hər hansısa torpaq sahəsinə yol getmir.

36. Həmçinin, Gəncə şəhəri Nizami bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 45 nömrəli məktubda da Nizami bələdiyyəsinin ərazisində həyətyanı məqsədi ilə Qarabağ qazisi İddiaçı istifadəsində olan torpaq sahəsinin Nizami bələdiyyəsinin xəritəsində texniki səhv olaraq ümumi istifadədə olan torpaq yol kimi göstərildiyi, faktiki olaraq həmin ərazinin yol deyil, yaşayış məntəqələrinin torpaq sahəsi olması qeyd edilmişdir.

37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

38. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na görə:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.

39. Göründüyü kimi, yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar hüququn qeydə alınması üçün əsas hesab edilir və iddiaçıya da hazırkı torpaq sahəsi Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1963 nömrəli sərəncamı ilə ayrılmışdır.

40. Həmin torpaq sahəsinin yerini göstərən hər hansı texniki sənədin vətəndaşda yaxud arxivdə olmaması vətəndaşın məsuliyyət sferasına aid olan məsələ deyil. Sözügedən torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsində olmuşdur (həmin torpaq sahəsinə iddiaçının ilk vaxtlar vaqon qoyması və istifadə etməsi ortofogörüntülərlə təsdiq olunur).

41. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1963 nömrəli sərəncamı ilə ayrılmış 400.0 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

42. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

43. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1963 nömrəli sərəncamı ilə ayrılmış 400.0 kv.m olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar