Məhkəmə qərarları › İş №2-1(114)-2422/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2422/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2422/2023 09.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi və vergi borcunun silinməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********808500 nömrəli qərarı ilə İddiaçı 101.666,04 manat vergi məbləği hesablanmışdır.

2. Həmin qərardan iddiaçının verdiyi inzibati şikayət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********499200 nömrəli qərarı ilə qismən təmin edilmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********808500 nömrəli qərarın 49.906,9 manat hissədə azaldılması, 51.759,14 manat hissədə dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmış və bu barədə İddiaçı şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsini təmin etmək 12 saylı Ərazi Vergilər Baş İdarəsinə tapşırılmışdır.

3. İddiaçı şəxsihesab vərəqəsindən görünür ki, vergi ödəyicisinin 24.660,09 manat qalıq borcu olmuş, xx.xx.2023-cü il tarixdə 51.759,14 manat məbləğində vergi borcu hesablanmış, həmin tarixə faiz borcu 6.070,42 manat olmaqla, cəmi borcu 82.489,65 manat təşkil etmişdir. II. Məhkəmədə icraat

4. İddiaçı cavabdeh 12 saylı Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********499200 nömrəli qərarının ləğv edilərək Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən ona hesablanmış 82.489,65 manat məbləğində vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, fərdi sahibkar kimi «ixtisaslaşdırılmış mağazalarda mebellərin, işıqlandırıcı avadanlıqların və digər məişət cihazlarının pərakəndə satşı» fəaliyyəti ilə məşğuldur. 2022-ci ildə cavabdeh orqan tərəfindən kameral yoxlama apaıılaıaq mağazada və anbarda mal qalığı yoxlanılmışdır. Yoxlamanın nəticəsinə dair tərtib olunmuş aktda qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixə 1.321.685 manat mal qalığı olmuşdur. xx.xx.2022-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı aşkar edilmiş alış sənədi təsdiq edilən mal qalığının 862.053 manat olması, operativ vergi nəzarəti tarixinədək 48.423 manat dəyərində mal alışı olması, operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların satışına 21.95% ticarət əlavəsi tətbiq edildiyi və vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci ilin yanvar-mart ƏDV bəyannamaləri üzrə cəmi 51762 manat dövriyyə göstərildiyi nəzərə alınaraq 567.811 manat dəyərində kənarlaşmanın olması müəyyən olunmuşdur. O, qeyd olunan yoxlamanın nəticəsi ilə razılaşmadığına görə həmin qərardan şikayət vermiş və araşdırma aparılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********99200 saylı qərarı ilə inzibati şikayəti qismən təmin edilmiş, Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin «Vegilərin. sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2023-cü İl tarixli **********808500 nömrəli qərarı 49.906,9 manat hissədə azaldılmış, 51.759,14 manat hissədə dəyişdirilmədən qüvvədə saxlanmışdır. Həmin qərara əsasən şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmiş, vergi borcu 82.489,65 manat vergi borcunun olması qeyd olunmuşdur. Yəni, şikayət əsasında vergi borcu müəyyən qədər azaldılmışdır. Lakin o, bu qərarla tam razı deyildir və hesab edir ki, həmin qərar ləğv olunmalı, vergi borcu tam silinməlidir. Buna görə də vergi borcunun silinməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

7. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

8. Məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizədə İddiaçı nümayəndəsi Fuad İskəndərov göstərmişdir ki, o, iddiaçı ilə müqavilə bağlamışdır. İşlə tanış olmaq məqsədi ilə işin baxılmasının təxirə salınmasını xahiş edir. Büroda marka bitdiyinə görə vəkil orderi təqdim edə bilmir (ərizəyə etibarnamə əlavə edilmiş, vəkil orderi əlavə edilməmişdir).

9. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında cavabdehin nümayəndəsi iddianın mümkün hesab edilməməsinə dair yazılı vəsatət təqdim etmişdir.

10. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının ərizəsinin nəticə hissəsindən görünür ki, iddia predmetini Dövlət Vergi Xidmətinin 20 fevral 2023-cü il tarixli **********99200 nömrəli qərarının ləğv edilməsi təşkil edir. Sözügedən qərar inzibati icraatda maraqlı şəxs olan iddiaçının şikayət instansiyası olan Dövlət Vergi Xidmətinə müraciəti nəticəsində qəbul edilmiş inzibati aktdır. İddiaçının inzibati şikayəti əsasında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli **********499200 nömrəli "İnzibati şikayətin qismən təmin edilməsi haqqında" qərar qəbul edilmişdir. Həmin qərarla İddiaçı inzibati şikayəti qismən təmin edilmiş, "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********808500 nömrəli qərarla hesablanmış 49.906,9 manat vergi məbləği azaldılmışdır. Belə olduğu halda, İPM-nin 32.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli qərarın ləğvi ilə bağlı iddia tələbi mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. Sözügedən normanın hüquqi mahiyyətindən görsəndiyi kimi, şikayət instansiyanın qərarı o halda mübahisələndirmə haqqında iddianın predmeti ola bilər ki, üçüncü şəxslər, eləcədə şəxsin özü üçün əlavə öhdəlik yaratmış olsun. Lakin xx.xx.2023-cü il tarixli **********499200 nömrəli qərar iddiaçı üçün əlavə öhdəlik yaratmamış, əksinə onun vergi öhdəliyi azaldılaraq şəxsi hesab vərəqəsindən 49.906,9 manat borcun silinməsi qərara alınmışdır. Qeyd edilən bu səbəblərə görə iddiaçının iddia tələbi mümkünsüz sayılmalıdır. Bundan başqa, İddiaçı iddia ərizəsində cavabdeh kimi 12 saylı Ərazi Vergilər Departamentini qeyd etmişdir. Bildirilir ki, Dövlət Vergi Xidmətinin tərkibində ərazi strukturu kimi 12 saylı Ərazi Vergilər Departamenti adlı qurum fəaliyyət göstərmir. Yuxarıda qeyd edilənlərə görə iddiaçının şəxsi hesab vərəqəsindən 49.906,9 manat məbləğində vergi borcu silinmişdir. lddiaçı isə məhkəmədən 82.489,65 manat vergi borcunun silinmməsini tələb etmişdir. Bu səbəbdən iddiaçının tələbində yanlışlığa yol verdiyi açıq-aydın formada görsənir. Həmçinin bildirilir ki, İddiaçı şəxsi hesab vərəqəsindəki öhdəlik inzibati orqanın qərarı əsasında formalaşdığından o, şəxsi hesab vərəqəsindəki vergi borcunun silinməsini deyil, inzibati aktın ləğv edilməsini məhkəmədən xahiş edə bilər. Eləcə də iddiaçı tələbində növbəti yanlışlığa yol verərək ləğvini istədiyi qərarın məhz İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilməsi xüsusatına əhəmiyyət verməyərək cavabdeh inzibati orqan kimi 12 saylı ƏVD-ni göstərmişdir. Sözügedən iddia ərizəsində inzibati aktın nömrəsi də səhv qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı qərarın ləğvi tələbinə dair iddia tələbi qeyri-dəqiq, aydın olmayan təlblərdən ibarət olmaqla mahiyyəti üzrə məhkəmə icraatı daxilində baxılması mümkün deyildir. Göstərdiyimiz işin dəlillərinə görə hazırkı iddia tələbi mümkün sayılmamalıdır.

11. Həmin tarixli məhkəmə iclası iddiaçı tərəfin iştirakının təmin edilməsi üçün xx.xx.2023-cü il tarixə təxirə salınmış və iddiaçıya hüquqi yardım göstərilməsi üçün qanunauyğunluq sərəncamı göndərilmişdir.

12. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir.

13. Məhkəmə hazırlıq iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

14. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, onun mümkün sayılmamasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

15. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

16. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

17. Məhkəmə qeyd edir ki, iddiaçı Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********99200 saylı qərarının ləğvini və 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən hesablanmış 82489.65 manat vergi borcunun silinməsi tələbini irəli sürmüşdür.

18. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********99200 saylı qərarı iddiaçının yuxarı şikayət instansiyasına müraciəti nəticəsində qəbul edilmiş inzibati aktdır.

19. Belə ki, 12 saylı Ərazi Vergilər İdarəsinin qəbul etdiyi “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********808500 nömrəli Qərarı ilə iddiaçıya 101.666,04 manat vergi məbləği hesablanmış və Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********99200 saylı qərarına əsasən həmin qərar 49.906,9 manat hissədə azaldılmış, 51.759,14 manat hissədə isə dəyişdirilmədən saxlanılmış və 12 saylı Ərazi Vergilər İdarəsinə bununla bağlı şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsi tapşırılmışdır.

20. Yəni, iddiaçının vergi öhdəliyi ləğvini tələb etdiyi Qərarla deyil, 12 saylı Ərazi Vergilər İdarəsinin “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********808500 nömrəli Qərarı ilə yaranmışdır. Ona görə də, həmin qərar mübahisələndirməlidir.

21. Eyni zamanda, iddiaçı ərizəsində cavabdeh qismində 12 saylı Ərazi Vergilər Departamentini göstərmişdir. Halbuki, Dövlət Vergi Xidmətinin struktur vahidində artıq həmin adlı qurum mövcud deyil. Cavabdeh kimi 12 saylı Ərazi Vergilər İdarəsi göstərilməlidir.

22. Bundan başqa, qaldırılmış iddia mübahisələndirmə haqqında iddia növünə aid olmaqla həmin növ iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməlidir.

23. Həmin maddəyə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

24. Göründüyü kimi, iddiaçının inzibati şikayəti əsasında Dövlət Vergi Xidməti tərəfindən **********499200 nömrəli qərar xx.xx.2023-cü il tarixdə qəbul edilməsinə və həmin qərardan 30 gün müddətində məhkəməyə şikayət verilməsinin göstərilməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin iddia xx.xx.2023-cü il tarixdə qaldırılmışdır. Zərfin üzərindəki möhürlə iddia ərizəsinin poçt rabitəsi orqanına xx.xx.2023-cü il tarixdə verildiyi müəyyən edilir.

25. Bu halda isə iddia qaldırmaq üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülmüş olur ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası İPMin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair sərəncam göndərilərək, yuxarıda qeyd edilən məsələlər iddiaçının nəzərinə çatdrılmış, habelə hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinin aydınlaşdırılması üçün həmin məsələyə növbəti hazırlıq iclasınadək münasibət bildirilməsi tələb olunmuş, eyni zamanda buraxılmış müddətin bərpa edilməsinə dair ərizə vermək hüququnuz mövcudluğu bildirilmiş və tələbin düzgün ifadə edildiyi dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi, iddia müddətinin ötürülüb-ötürülməməsi ilə bağlı məsələyə münasibət bildirilməsi və müddəti ötürdüyünü hesab etdiyin təqdirdə, buraxılmış müddətin bərpa edilməsinə dair ərizənin də iddia ərizəsinə əlavə edilməsi təklif olunmuşdur.

26. İddiaçı isə hazırlq iclasına gəlməmiş və sərəncama əməl etməmişdir.

27. İPM-ə görə : Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 32.3. İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir.

28. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qərara gəlir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

29. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar