Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2425/2023 16.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1977-ci il tarixdə Ermənistan, Vardenis rayonunda anadan olmuş, hazırda Şəmkir rayonu, Yeni Göyçə kəndində qeydiyyatda olmaqla yaşayır. xx.xx.2013-cü il tarixdə verilmiş, 16138 nömrə ilə qeydiyyata alınmış KE 50933 nömrəli diplomun təsdiqlənmiş surətindən görünür ki, Dövlət Attestasiya Komissiyasının xx.xx.2013-cü il tarixli qərarı ilə iddiaçıya “Maliyyə və kredit” istiqaməti üzrə “İqtisadçı” ixtisası verilmişdir. Diploma əlavənin azərbaycana dilinə tərcüməsindən görünür ki, iddiaçı 2007-ci ildə Maliyyə və Hüquq İnstitutuna qəbul olunmuş, 2013-cü ildə qiyabi forma üzrə bitirmişdir. Əyani forma üzrə normativ təhsil dövrü 5 il; “Bank menecmenti” mövzusunda diplom işi, 16 həftə, yaxşı. Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, NA00007577 nömrəli qərarına əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasında imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. İnzibati icraat aparılan zaman verilən rəyə (Afaq Rəhmanova tərəfindən verilmiş) əsasən ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Rusiya Federasiyasının Mahaçqala şəhər Maliyyə və Hüquq İnstitutunun “İqtisadçı” ixtisası üzrə bakalavr səviyyəsində qiyabi ali təhsil dərəcəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli, KE 50933 nömrəli diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh orqana həvalə edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-2013-cü illər ərzində, yəni 6 il müddətində Rusiya Federasiyasının Mahaçqala şəhərində Maliyyə və Hüquq İnstitutunda qiyabi təhsil alaraq maliyyə və kredit istiqaməti üzrə bakalavr səviyyəsində iqtisadçı ixtisası üzrə bitirmişdir. Təhsili başa vurduqdan sonra iddiaçıya xx.xx.2013-cü il tarixli, KE 50933 nömrəli diplom verilmişdir. İddiaçı aldığı ixtisasa uyğun işlə məşğul olmaq üçün diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixli qərarı ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və səbəb kimi göstərmişdir ki, guya iddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmadığı müəyyən edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, ərizəyə əlavə edilmiş institut tərəfindən verilmiş və Rusiya Federasiyası Dağıstan Respublikası Təhsil və Elm Təhsil Nazirliyi tərəfindən apostille edilmiş təhsil zamanı keçirilmiş fənlərdə iştirak etdiyi saatların ümumi sayı və yekun qiymətlərin göstərilmişdir. Qiymət cədvəlində də iddiaçının təhsil alarkən aldığı ixtisas üzrə normativ göstəriciləri tam yerinə yetirməyi və imtahanlardan da təhsil səviyyəsinə uyğun və qənaətbəxş şəkildə qiymətləndirilməsi göstərilmişdir. Cavabdeh qərar qəbul edərkən AR Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq olunmuş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları'nın tələblərini əsas götürmüşdür. İddiaçı isə bu qərardan xeyli əvvəl, yəni 2007-2013-cü illərdə təhsil almışdır. Həmin illərdə isə xarici diplomların tanınması AR Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli "Xarici dövlətlərin ali təhsil sahəsi ixtisaslarının tanınması və ekvivalantliyinin müəyyən edilməsi Qaydaları" ilə tənzimlənirdi. Cavabdeh orqan imtina verməklə eyni zamanda bir çox həm yerli, həm də beynəlxalq hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, xx.xx.1997-ci il tarixli Avropa sazişinin 165 saylı Bildirişinə əsasən Lissabonda qəbul edilmiş və "Avropa reqionunda ali təhsillə əlaqədar kvalikivasiyaların tanınması üzrə Konvensiyası ilə razılaşdırılmış "Avropa reqionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya"nın İİİ fəslinin 3-cü bəndinin İ hissəsində göstərilir ki, iştirakçı dövlətdə verilmiş ixtisas sahibləri bu ixtisasların qiymətləndirilməsi ilə bağlı təşkilatların xahişi ilə müvafiq yol tapacaqdır. Bu hüququn təmin edilməsi üçün hər bir dövlət ixtisasların tanınmasının rəsmi olaraq bilik və bacarıqlar əsasında aparılması üçün qiymətləndirmənin tətbiq edilməsində müvafiq razılaşmalar həyata keçiriləcəkdir. "Təhsil haqqında" AR qanununun 44.1 və 44.2ci maddələrinə əsasən AR vətəndaşlarının xarici ölkələrdə əcnəbiləri və vətəndaşlığı olmayanların AR-da təhsilin hər hansı pilləsində təhsil alması və ixtisas artırması AR-nın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq dövlət tərəfindən kvota və təhsil müəssisəsinin hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. İddiaçının ərizəsinə əlavə etdiyi apostillə olunmuş sənədlərdən aydın olur ki, təhsil müddətində aldığı ixtisas üzrə təhsilin normativ göstəricilərini tam yerinə yetirmişdir. Əgər belə olmasaydı təhsil müəssisəsi iddiaçıya müvafiq diplomu verməzdi. Beləliklə, cavabdeh təşkilatın hərəkətsizliyi nəticəsində iddiaçının hüququ pozulmuşdur, onun diplomum ölkə ərazisində tanınmalıdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2007/2008-ci tədris ili üzrə - getməyib, 2008/2009-cu tədris ili üzrə - getməyib, 2009/2010-cu tədris ili üzrə - getməyib, 2010/2011ci tədris ili üzrə - getməyib, 2011/2012-ci tədris ili üzrə - getməyib, 2012/2013- cü tədris ili üzrə - 1 gün. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2023-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Hesab olunur ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Daxilolma Na203 cild vərəq iddia tələbi aşağıdakı əsasa görə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)- 265/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, 2-1(102)- 251/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 34 nömrəli ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları" na uyğun olaraq həyata keçirilir. Sözügedən qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, "Təhsil haqqında" Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli, 34 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.1- ci bəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi" üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.1ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından da göründüyü kimi, iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd olunmalıdır. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı 2007-2013-cü illərdə Rusiya Federasiyasının Mahaçqala şəhər Maliyyə və Hüquq İnstitutunun “İqtisadçı” ixtisası üzrə bakalavr səviyyəsində qiyabi formada ali təhsil almış və bu barədə iddiaçıya xx.xx.2013-cü il tarixli, KE 50933 nömrəli diplom verilmişdir. İddiaçı həmin diplomun tanınması məqsədilə cavabdehə müraciət etsə də, inzibati orqan ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir əsas gətirməklə, xarici dövlətin ali təhsilə aid kvlaifikasiyasının tanınmasında imtina edilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə görə, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Həmin Qaydaların 2.8-ci bəndinə əsasən, qiyabi təhsil forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən, qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. İddiaçının sərhədkeçmə məlumatlarına əsasən müəyyən olunur ki, onun təhsil aldığı 2002-2008-ci illərdə Rusiya Federasiyasında olma müddəti tədris illəri üzrə 2007/2008 - 0 gün, 2008/2009 - 0 gün, 2009/2010 - 0 gün, 2010/2011 - 0 gün, 2012-ci ildə 1 gün, 2013cü ildə Dövlət Attestasiya Komissiyasının qərarına qədər 0 gün, ondan sonra 03 gün olmuşdur. İddiaçı Azərbaycan Respublikasının qeyd olunan təhsil standartlarından fərqli olaraq, qiyabi təhsilalma formasında təhsil aldığı 6 il ərzində ümumilikdə 01 gün təhsil aldığı ölkədə olmuşdur. Halbuki, işə əlavə olunmuş diploma əlavədə fənlər (53) üzrə 8208 saat, eləcə də 4803 auditor saat mənimsənilməli olduğu nəzərdə tutulur. İddiaçının həmin ölkədə 01 gün, yəni 24 saat ərzində olduğu halda həmin tədris yükünü mənimsəməsinin ağlabatan olmadığı aydın görünür. Beləliklə, iddiaçının təhsil aldığı ölkədə olduğu müddət qiyabi təhsilalma formasında 6 il tədris ilində, cəmi 01 gün həmin ölkədə olması nəzərə alındıqda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8 və 2.9-cu bəndlərinin tələbləri təmin olunmur. Cavabdeh isə haqlı olaraq hesab etmişdir ki, iddiaçıya verilmiş diplomun əlavəsində qeyd edilən tədris yükü yerinə yetirilməmişdir. İddiaçı təhsil aldığı ölkədə qısa müddət ərzində olduğundan onun həmin müddət ərzində tədris normativini yerinə yetirməsi inandırıcı hesab edilə bilməz Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “Rusiya Federasiyasının Mahaçqala şəhər Maliyyə və Hüquq İnstitutunun “İqtisadçı” ixtisası üzrə bakalavr səviyyəsində qiyabi ali təhsil dərəcəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli, KE 50933 nömrəli diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2425/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2425/2023
16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver