Məhkəmə qərarları › İş №2-1(114)-2425/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2425/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2425/2025 15.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə-iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə - cavabdeh) qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı xx.xx.N62-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, hazırda Goranboy rayonu, Xoylu kəndində qeydiyyatda olmaqla yaşayır. İddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletdəki məlumata əsasən iddiaçı xx.xx.N81-xx.xx.N83-cü il tarixlərdə hərbi xidmətdə olmuş, xx.xx.N92-xx.xx.N92-ci il tarixlərdə N nömrəli hərbi hissədə xidmət etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2017-ci il tarixli, 9/2-22898 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 17 nömrəli əmrində (əsas: səh.-24, sıra-175, adı və atasının adı tam yazılmamışdır, vəzifəsi yazılmamışdır) Gəncə şəhərindən ezam edilmiş Artilleriya batareyasının sıravisı iddiaçının şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, komandirin iyunoktyabr N92-ci il tarixli nizami hissə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçıya xx.xx.2020-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı “müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədləri ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə-cavabdeh) müraciət etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli, 2457 nömrəli məktubunda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə komandirinin may-iyun N92-ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti və döyüşlərdə iştirak etməsi barədə məlumat aşkar olunmamışdır. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 2/2-12804 nömrəli məktubla göndərilən sənədlərə xx.xx.2024-cü il tarixli iclasda baxılmış, Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli, 2457 nömrəli arayışına əsasən iddiaçının N nömrəli hərbi hissədə xidməti təsdiqlənmədiyinə görə müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh xx.xx.2025-ci tarixli, 11 nömrəli məktubunda bildirmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N N-li hərbi hissə komandirinin mart-dekabr N92-ci il, yanvar-dekabr N93-cü il, yanvar-dekabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və hərbi hissənin "Yaralıların qeydiyyatı" kitablarında İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh xx.xx.2025-ci tarixli, 3-25-29/2- 586/2025 nömrəli məktubunda bildirmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 46 No-li nizami hissə üzrə əmrində və xx.xx.N92-ci il tarixli 41 №-li şəxsi heyət üzrə əmrində İddiaçı lqab oğlu barəsində məlumat aşkar olunmamışdır. İddiaçı tərəfin dəlilləri: İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ilin sentyabr ayından üçüncü dərəcə ömürlük əlilldir. N92-ci ilin aprel ayından Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində Qarabağ uğrunda gedən döyüşlərin ən qaynar əraziləri olan Ağdam və Ağdərə rayonlarının erməni qəsibkarlarından təmizlənməsi uğrunda gedən döyüşlərdə 90 gün iştirak etmişdir. Sonradan onları Müdafiə nazirinin müvafiq əmri ilə hərbidən təxris etdilər. İddiaçının hərbi biletində N nömrəli hərbi hissənin tərkibinə qəbul edilərək girişi və hərbi hissədən təxris olunması ilə bağlı çıxışı yazılaraq möhür də vurulmuşdur. Hərbi hissədən təxris olunduqdan bir müddət sonra müharibədə iştirak etməsi ilə bağlı Goranboy rayon Hərbi Komissarlığından yazılı arayış təlb etsə də, müharibə bitməmiş heç kimə jeç bir arayış verilməsi mümkün deyil deyərək cavab vermişlər. Atəşkəs elan olunduqdan sonra, N96-N97-ci ildə təkrar Goranboy rayon Hərbi Komissarlığa veteran vəsiqəsinin verilməsi ilə bağlı müraciət etmiş, komisarlıqdan tələb etdikləri sənədləri toplayıb versə də, iddiaçıya veteran vəsiqəsi verilmədi. Bir neçə il işləmək üçün iddiaçı Rusiya Federasiyasına getmiş, Rusiya Federasiyasından qayıdandan sonra yenidən Goranboy rayon Hərbi Komisarlığına getmiş. Komisarlıqdan bildirmişdirlər ki, artıq veteran vəsiqələrinin verilməsi üçün cavabdehə müraciət edilməlidir. İddiaçı 2017-ci ildən cavabdehə ərizə ilə müraciət etmiş, ancaq imtina cavabı vermişlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə etmiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, müharibə zamanı yaralanmamış, ona müharibədən sonra əlillik təyin edilmişdir. Əlilliyin təyini üçün əsas olan xəstəlik müharibə dövründə yaranmamışdır. O, hərbi-həkim komissiyasında şəhadətləndirilməmişdir. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə xx.xx.2024-cü il tarixli, 3-25-4/2-8343/2024 nömrəli məktubla məhkəməyə etirazını təqdim etmiş və etirazında imtina əsaslarını təkrarlayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinə istinad etmişdir. Cavabdeh etirazında nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qanunun 3-cü maddəsinin qeydinə əsasən bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsidir. Hazırkı iş üzrə isə iddiaçının döyüş əməliyyatlarında iştirakını, qanuni əsaslarla təxris olunmasını təsdiq edən sənəd mövcud deyildir. Eyni zamanda, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs hesab olunmamışdır. İddiaçıya məxsus hərbi biletin 6-cı səhifəsində isə onun yalnız xx.xx.N92-xx.xx.N92ci il tarixlərdə N nömrəli hərbi hissədə xidmət etməsi barədə qeyd vardır. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı, hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Ona görə də Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar