Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2427/2024 05.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı Xaliqverdi oğlunun və üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Xaliqverdi oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məlumat vərəqəsinin təqdim olunması tələbinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilməklə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: xx.xx.2023-cü il tarixli N nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən İddiaçı Xaliqverdi oğlu xx.xx.2023-cü il tarixli 3591 nömrəli göndəriş ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir və "Xəstəliklər cədvəli"nin 13b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edilmişdir. xx.xx.2023-cü il tarixində İddiaçı Xaliqverdi oğlu tərəfindən raport təqdim olunaraq "Hərbi Xidmətkeçmə Haqqında' əsasnamənin 156-cı maddəsinin V' bəndinə (xəstəliyə görə) əsasən Azərbaycan Ordusundan ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2024-cü il tarixli 073 nömrəli əmrindən çıxarışa əsasən “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "v" bəndinə (xəstəliyə görə) müvafiq olaraq, Kəlbəcər Hərbi Hospitalının (250 çarpayılıq) (N nömrəli hərbi hissə) Cərrahiyyə bölməsinin rəisi tibb xidməti polkovnikleytenantı İddiaçı Xaliqverdi oğlu həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 37 nömrəli əmrinə əsasən cərrahiyyə bölməsinin rəisi tibb xidməti polkovnik-leytenantı İddiaçı, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "v" bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, ehtiyata buraxılması ilə əlaqədar 4 fevral 2024-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinə göndərilsin. Tibb xidməti polkovnik-leytenantı İddiaçı, Müdafiə nazirinin müavini-X3 30 yanvar 2023-cü il tarixli 020 nömrəli əmri ilə "1-ci məharət dərəcəsi" verilmişdir. Tibb xidməti polkovnikleytenantı İddiaçı, Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"yə müvafiq olaraq 2024-cü ildə nəzərdə tutulmuş maddi yardım ödənilməyib. Cavabdeh orqan iddiaçının müraciətinə xx.xx.2024-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, onun xidmət illəri kifayət qədər, 15 il təqvimi həqiqi hərbi xidmət ili olmadığı səbəbindən, o, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.3-cü maddəsinin müddəalarına əsasən hərbi qulluqçu kimi yaşa (xidmət illərinə) görə əmək pensiyası hüququna malik deyildir və bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarına müvafiq olaraq onun hərbi xidmət müddəti və təminat xərcliyinə dair məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Elektron məlumatlar bazası”na tərəfimizdən daxil edilməsi qanuna müvafiq deyildir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xidmət illərinə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1996-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək və xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək Azərbaycan Respublikası Silahlı qüvvələrinədə həkim (cərrah) vəzifəsində işləmişdir. Xidmət etdiyi dövrdə Tibbi xidməti Polkovnik-leytenantı vəzifəsinədək yüksəlmişdir. Hərbi xidmət üzrə stajı 13 il, güzəştlə 27 il, ümumi əmək stajı 48 il təşkil edir. Azəbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə xəstəliyinə görə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Həmin qərar qəbul edildikdən sonra xx.xx.2023-cü il tarixində xəstəliklə bağlı (Xidmət keçmə haqqında əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən) ordu sıralarından ehtiyata buraxılmağı üçün komandanlığa yazılı raport vermişdir. Raport qəbul olunmağına baxmayaraq onun təxrisi qəsdlə gecidirilərək xx.xx.2024-cü il tarixində həyata keçirildi və onun pensiya hüquqnun təmin olunmasından imtina edilmişdir. Bunun əsas səbəbi kimi 2024-cü il tarixində qanuni qüvvəsini almış Əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanunun 9-cu maddəsinə istinad edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, onun pensiya hüququ qanun qanuni qüvvəsini aldıqdan əvvəl yaranmışdır. Köhnə qanunvericiliklə 12 il 6 ay staj kifayət edir ki, onun pensiya hüququ yaransın. Onun Azərbaycan Respublikası Müdafiə Nazirliyimdə olan ümümi iş stajı 2023-cü il tarxinə 13 il olmuşdur. Onun pensiya hüququnun bərpa edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi xidməti ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məlumat vərəqəsinin təqdim olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2024-cü il tarixli yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsində olan dəyişikliklərə müvafiq olaraq, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa (xidmət illərinə) görə əmək pensiyası hüququ vardır:-9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;- 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər;-9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilni hərbi xidmətdə keçirmiş şəxslər; -9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına təqdim olunur.İddiaçı, Kəlbəcər Hərbi Hospitalının sabiq Cərrahiyyə bölməsinin rəisi ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 23 yanvar 2024-cü il tarixli 073 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq hospital komandirinin 04 fevral 2024-cı il tarixli 37 nömrəli əmri ilə şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq ehtiyata buraxılmışdir.Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin Sosial təminat və pensiya şöbəsinin arxivində saxlanılan İddiaçı şəxsi (pensiya) işinin araşdırılması zamanı məlum olmuşdur ki, onun xidmət illəri: təqvimlə - 12 il 10 ay 13 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 13 il 05 ay 17 gün, mülki əmək stajı - 21 il 06 ay 22 gün, ümumi xidmət illəri isə 47 il 10 ay 22 gün təşkil etmişdir.Yuxarıda qeyd olunanlara istinad edərək bildirilir ki, iddiaçı ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı İddiaçı xidmət illəri kifayət qədər, yəni 15 il təqvimi həqiqi hərbi xidmət ili olmadığı səbəbindən, o, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.3-cü maddəsinin müddəalarına əsasən hərbi qulluqçu kimi yaşa (xidmət illərinə) görə əmək pensiyası hüququna malik deyildir və bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarına müvafiq olaraq iddiaçının hərbi xidmət müddəti və təminat xərcliyinə dair məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Elektron məlumatlar bazası”na tərəfimizdən daxil edilməsi qanuna müvafiq deyildir. Daha sonra iddiaçı 02 dekabr 2024-cü il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək İddiaçı Xaliqverdi oğluna yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi hərbi xidmət müddəti və təminat xərcliyinə dair məlumatlar ( məlumat vərəqəsinin) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən vətəndaş İddiaçı Xaliqverdi oğlu barəsində tərtib edilmiş 20 noyabr 2023-cü il tarixli N nömrəli xəstəlik haqqında şəhadətnamə Müdafiə Nazirliiyinin Mərkəzi Hərbi Poliklinikası rəisinin 11 dekabr 2023-cü il tarixdə 11864 nömrəli xaric olunma məktubu ilə N nömrəli hərbi hissəyə göndərilmişdir . Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin sorğuya cavab məktubuna əsasən N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu tibb xidməti polkovnik-leytenantı İddiaçı adına tərdib edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında tibbi müayinədən keçmiş və şəhadətləndirilmiş xx.xx.2023-cü il tarixli müşayiət məktubu və N nömrəli xəstəlik haqqında şəhadətnamə hərbi hissəyə N dekabr 2023-cü il tarixdə daxil olmuş, 3005 nömrəli qeydlə daxil olma kitabında qeydiyyata alınmışdır. İddiaçı Xaliqverdi oğlu və üçüncü şəxsin nümayəndəsi X7 məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinə dair qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Əsaslandırma hissəsi: Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının: - 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. - 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.1-ci maddəsinə əsasən hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir. - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. - 2.0.9-cu maddəsinə əsasən hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslərdir. - 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür. 24-cü maddəsinə əsasən hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. - 25-ci maddəsinə əsasən hərbi xidmətin üstünlüyü hərbi qulluqçulara və onların ailə üzvlərinə dövlət qayğısının göstərilməsi, bu şəxslərə layiqli həyat şəraitinin yaradılması məqsədilə müvafiq hüquqi aktların qəbul edilməsi və bununla bağlı zəruri tədbirlərin görülməsi, eləcə də təşkilatların üzərinə qanunvericiliklə müəyyən edilmiş öhdəliklərin qoyulmasından ibarətdir. - 27.1.1-ci maddəsinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər döyüş əməliyyatlarında iştirak edərkən hərbi xidmət vəzifələrinin icrasında sayılırlar. - 37.1.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün həqiqi hərbi xidmətin başlanğıcı sayılır. - 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Azərbaycan Respublikasının 1997-ci il tarixli 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 155-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. - 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: - 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular -Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində,Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir - 2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. - 3-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Bu Qaydalara əlavədə təminat xərcliyinə dair sənədin forma və məzmunu müəyyən olunmuşdur və həmin sənəd “məlumat vərəqi” adlandırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən vətəndaş İddiaçı Xaliqverdi oğlu barəsində tərtib edilmiş 20 noyabr 2023-cü il tarixli N nömrəli xəstəlik haqqında şəhadətnamə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası rəisinin 11 dekabr 2023-cü il tarixdə 11864 nömrəli xaric olunma məktubu ilə N nömrəli hərbi hissəyə göndərilmişdir . Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin sorğuya cavab məktubuna əsasən N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu tibb xidməti polkovnik-leytenantı İddiaçı adına tərdib edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında tibbi müayinədən keçmiş və şəhadətləndirilmiş xx.xx.2023-cü il tarixli müşayiət məktubu və N nömrəli xəstəlik haqqında şəhadətnamə hərbi hissəyə N dekabr 2023-cü il tarixdə daxil olmuş, 3005 nömrəli qeydlə daxil olma kitabında qeydiyyata alınmışdır. İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 23 yanvar 2024-cü il tarixli 073 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq hospital komandirinin 04 fevral 2024-cı il tarixli 37 nömrəli əmri ilə şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq ehtiyata buraxılmışdir. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi etiraz məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5.3-cü maddəsinə istinad edərək iddiaçının tələbinin təmin olunmasına etiraz edərkən iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə 20 noyabr 2023-cü il tarixində şəhadətləndirildiyini, 20 noyabr 2023-cü il tarixli N nömrəli xəstəlik haqqında şəhadətnamənin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası rəisinin 11 dekabr 2023cü il tarixdə 11864 nömrəli xaric olunma məktubu ilə N nömrəli hərbi hissəyə göndərildiyini, N nömrəli xəstəlik haqqında şəhadətnamənin hərbi hissəyə N dekabr 2023-cü il tarixdə daxil olmasını yəni ki, həmin dövrdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5.3-cü maddəsindəki dəyişikliyin 22 dekabr 2023-cü il tarixdə qəbul olunduğu və 2024-cü ilin yanvarın 1-dən hüquqi qüvvəyə minməsindən əvvəl şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ nəzərə alınmamışdır.İddaçının Azərbaycan Respublikası Müdafiə nazirinin 23 yanvar 2024-cü il tarixli 073 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı zaman «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5.3-cü maddəsinə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 27 mart 2014cü il tarixli Qərarında qeyd edilmişdir ki: Şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik prinsipinin və onun mühüm elementi olan vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar İnsan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin əvvəlcədən gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsi və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməməzliyində əminlik yaratmaqla, dövlətin hüquq siyasətinə etibarını artırır. Konstitusiya Məhkəməsi bu nəticəyə gəlmişdir ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X6 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X4-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). Beləliklə, adları çəkilən Plenum Qərarlarındakı hüquqi mövqedən çıxış edərək məhkəmə hesab edir ki, iddiaçının yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanıldığından iddiaçının məhz yeni dəyişikliyə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi xidmət illəri təqvimlə - 12 il 10 ay 13 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 13 il 05 ay 17 gün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən hərbi qulluqçu kimi yaşa (xidmət illərinə) görə əmək pensiyası hüququna malikdir və bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarına müvafiq olaraq iddiaçının hərbi xidmət müddəti və təminat xərcliyinə dair məlumatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı Xaliqverdi oğluna yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi hərbi xidmət müddəti və təminat xərcliyinə dair məlumatlar ( məlumat vərəqəsi) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim təqdim edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2427/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2427/2024
05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver