Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-243/2021 20.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı dövlət aktında ayrılmış torpaq sahəsinin ölçüsünün yeni veriləcək çıxarışda dəyişdirilməsi və elektron baza məlumatlarında düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 05.11.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə mərhum X2 və ailə üzvlərinin adına verilmiş JN-249 KOD 50200068 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında ayrılmış torpaq sahəsinin ölçüsünün yeni veriləcək çıxarışda 0.36 ha kimi deyil, 1.69 ha kimi yazılması və elektron baza məlumatlarında düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə mərhum X5 və ailə üzvləri İddiaçı, X8, X6 və X3 Qırlı kəndi ərazisindən JN-249 KOD 50200068 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında faktiki olaraq 1.69 ha torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan onlar həmin torpaq sahəsindən istifadə edirlər. Lakin qeyd edilən Dövlət aktında torpaq sahəsinin ölçüsü səhvən 0.36 ha kimi qeyd edilmişdir. İddiaçıya və onun ailə üzvlərinə ayrılmış torpaq sahəsi 1.69 ha deyil, 0.36 ha kimi qeyd edildiyindən onlara 0.36 ha sahə üçün subsidiya verilir, halbuki həmin ərazidə hər bir şəxsə 0.33 ha sahə üçün subsidiya verilir. İddiaçı qeyd olunan dövlət aktında düzəliş aparılması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, faktiki olaraq 1.69 ha torpaq sahəsindən istifadə edir. Cavabdehin nümayəndəsi X13 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Ağstafa rayonu Qırlı kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN-249 nömrəli dövlət aktı Ağstafa rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 12 nömrəli qərarına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş və həmin komitə tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, eləcə də 15 saylı Tovuz Ərazi İdarəsinin arxivində torpağa mülkiyyət hüququna dair JN-249 nömrəli dövlət aktına əsasən iddiaçıya və ailə üzvlərinə məxsus olan 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ölçüsünün texniki səhv yazılması ilə bağlı heç bir məlumat aşkarlanmamışdır. Bu səbəbdən də iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Surəti işə əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-249 KOD 50200068 nömrəli Dövlət aktından görünür ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə 0.36 ha torpaq sahəsi X2 və onun ailə üzvləri İddiaçı, X7, X4 və X1 mülkiyyətinə verilmişdir. -Ağstafa RİHB-nin Qırılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 22.11.2020-ci il tarixli 61/g nömrəli arayışında bildirilmişdir ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə Qırılı kəndində adambaşına 0.33 ha torpaq sahəsi verilmişdir. - Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 12.08.2021-ci il tarixli **********95 nömrəli məktubunda bildirilir ki, JN-249 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən X2 və ailə üzvlərinin adına 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin 18.03.2020-ci il tarixli, **********40 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” JN-249 KOD 50200068 nömrəli Dövlət aktında Ağstafa rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə X5 və ailə üzvlərinə 0.36 ha torpaq sahəsi verilsə də, iddiaçı faktiki istifadəsində 1.69 ha torpaq sahəsinin olduğunu, Dövlət aktında sahənin səhvən 0.36 ha yazıldığını iddia edərək, Aktda 1.69 ha torpaq sahəsi yazılmasını tələb etmiş, cavabdeh orqan isə bundan imtina etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-249 KOD 50200068 nömrəli Dövlət aktına və məhkəmənin müvafiq sorğusuna əsasən əldə edilmiş məlumata əsasən Ağstafa rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə X5 və ailə üzvlərinə 1.69 ha torpaq sahəsi deyil 0.36 ha torpaq sahəsi verildiyi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının iddia etdiyi həcmdə torpaq sahəsinin ona və ailə üzvlərinə verilməsi iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı dövlət aktında ayrılmış torpaq sahəsinin ölçüsünün yeni veriləcək çıxarışda dəyişdirilməsi və elektron baza məlumatlarında düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-243/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-243/2021
20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver